Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2091/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «yüksək gərginlikli elektrik hava xəttinin ərazidən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC “Şimal-Qərb” RETSİ Qəbələ Elektrik şəbəkəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan və Qəbələ rayonu, Zarağan kəndində, Qəbələ-Şəki yol ayrıcında yerləşən 1,23495 ha torpaq sahəsində yerləşən, ona məxsus qeyri-yaşayış obyektlərinin ərazisindən 10 m məsafədən yaxın keçən, 10 kv-luq elektrik xəttinin götürülərək 10 m məsafədən kənara çəkilməsi barədə cavabdeh X1 Şəbəkəsinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-155/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC “Şimal-Qərb” RETSİ Qəbələ Elektrik şəbəkəsinə «yüksək gərginlikli elektrik hava xəttinin ərazidən çıxarılması» tələbi barədə iddiasına dair iş üzrə cavabdeh "xxxx" ASC “Şimal-Qərb” RETSİ Qəbələ Elektrik şəbəkəsi cavabdeh "xxxx" ASC ilə əvəz edilmiş və İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «yüksək gərginlikli elektrik hava xəttinin ərazidən çıxarılması» tələbi barədə iddiasına dair mülki işin materialları aidiyyət üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında məhkəmə aidiyyəti ilə bağlı mübahisə olduğundan işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi məsələsi müzakirə edilmiş, iddiaçı tərəf işin aidiyyət məsələsinin həll edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin mövqeyini dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Qəbələ Rayon Məhkəməsi tərəfindən göndərilmiş mülki işin ərazi aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işin aidiyyəti üzrə göndərilməsinə dair Qəbələ Rayon Məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, iddiaçının ərizəsi əsasında cavabdeh Azərişıq” ASC “Şimal-Qərb” RETSİ Qəbələ Elektrik şəbəkəsi əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilmişdir. Cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1 ki, mülki iş aidiyyətı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd edilənlərlə razılaşmır və hesab edir ki, mülki işə Qəbələ Rayon Məhkəməsində baxılmalıdır Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İş materialları ilə müəyyən olunur ki, iddia ərizəsi Qəbələ Rayon Məhkəməsinə daxil olduğu zaman iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məhkəmə tərəfindən yoxlanılaraq məhkəmənin e-2(025)-1853/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmənin icraatına qəbul edilmiş və qəbul edildiyi an iddaçı ərazi aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu ünvan üzrə düzgün qaydada müraciət etmişdir. Bundan sonra cavabdeh əsl cavabdeh ilə əvəz edildikdən sonra mülki iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir ki, bu halda ərazi aidiyyətinin dəyişdirilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilən normaların tələbləri baxımından iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilməklə məhkəmənin icraatına qəbul edildiyindən, sonradan cavabdehin əsl cavabdehlə əvəz edilməsi mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi üçün əsas ola bilməz. Şərh olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı olduğundan, yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «yüksək gərginlikli elektrik hava xəttinin ərazidən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə e-2(006)- 2091/2025 saylı mülki iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(006)-2091/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2091/2025
14.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver