Məhkəmə qərarları › İş №e-2(006)-2092/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2092/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2092/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı ”Yelo Bank” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ”Yelo Bank” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 11 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 6000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə 11 oktyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. 01 may 2020-ci il tarixli Əlavə sazişə əsasən kreditin müddəti 01 yanvar 2020-ci il tarixədək, 30 oktyabr 2020-ci il tarixli Əlavə sazişə əsasən kreditin müddəti 30 aprel 2022-ci il tarixədək, 31 mart 2021-ci il tarixli Əlavə sazişə əsasən kreditin müddəti 30 iyul 2022-ci il tarixədək uzadılmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il fevralın 25-dək Cavabdeh2 banka 11 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3750.12 manat əsas borc, 203.82 manat faiz borcu və 32.37 manat cərimə borcu olmaqla, cəmi 3986,31 manat borcu vardır. Cavabdeh2 11 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 32.37 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 16.19 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 11 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3750 (üç min yeddi yüz əlli) manat 12 (on iki) qəpik əsas borc, 203 (iki yüz üç) manat 82 (səksən iki) qəpik faiz borcu və 16 (on altı manat) manat 19 (on doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 3970 (üç min doqquz yüz yetmiş) manat 13 (on üç) qəpik borc və 59 (əlli doqquz) manat 70 (yetmiş) qəpik ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23- 1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki- Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 11.10.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən illik 25 faizlə 24 ay müddətinə 6000 manat kredit verilmişdir. İş materiallarında olan 11.10.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, 11.10.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmış və bu müqavilələr üzrə cavabdehlər digər Cavabdeh2 götürdüyü kredit məbləğinin ödənilməsi ilə bağlı üzərlərinə öhdəlik götürmüşlər. İş materiallarında olan 25.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, əsas borcdan ödənilən cəmi məbləğ 3027.07 manat, faizdən ödənilən cəmi məbləğ isə 2053.43 manat təşkil edir. İş materiallarında olan 01 may 2020-ci il tarixli Əlavə sazişə əsasən kreditin müddəti 01 yanvar 2020-ci il tarixədək, 30 oktyabr 2020-ci il tarixli Əlavə sazişə əsasən kreditin müddəti 30 aprel 2022-ci il tarixədək, 31 mart 2021-ci il tarixli Əlavə sazişə əsasən kreditin müddəti 30 iyul 2022-ci il tarixədək uzadılmışdır. 2022-ci il fevralın 25-dək Cavabdeh2 banka 11 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3750.12 manat əsas borc, 203.82 manat faiz borcu və 32.37 manat cərimə borcu olmaqla, cəmi 3986,31 manat borcu vardır. Xəbədarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən icranı gecikdirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 11 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3750 (üç min yeddi yüz əlli) manat 12 (on iki) qəpik əsas borc, 203 (iki yüz üç) manat 82 (səksən iki) qəpik faiz borcu və 16 (on altı manat) manat 19 (on doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 3970 (üç min doqquz yüz yetmiş) manat 13 (on üç) qəpik borc və 59 (əlli doqquz) manat 70 (yetmiş) qəpik ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 59.70 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + iddia qiymətinin 1000 manatdan yuxarı olan məbləğinin 1%-i həcmində hesablanır. Ona görə məhkəmə hesab edir ki, ödənilən 59 (əlli doqquz) manat 70 (yetmiş) qəpik məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 11 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3750 (üç min yeddi yüz əlli) manat 12 (on iki) qəpik əsas borc, 203 (iki yüz üç) manat 82 (səksən iki) qəpik faiz borcu və 16 (on altı manat) manat 19 (on doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 3970 (üç min doqquz yüz yetmiş) manat 13 (on üç) qəpik borc və 59 (əlli doqquz) manat 70 (yetmiş) qəpik ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar