Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2093/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdeh “X3” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər “X3” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər “X3” Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 sentyabr 2024-cü il tarixində İBAM mobile tətbiqi vasitəsi ilə 5167 5141 0286 0655 nömrəli bank kartından, iddiaçıya məxsus AZ90İBAZ******************** hesab nömrəsindən 440 manat məbləğində pul iddiaçıya məlum olmayan səbəblərdən çıxmışdır. Bununla bağlı növbəti gün iddiaçı Azərbaycan Beynəlxalq Banka yaxınlaşmış və bank kartından çıxan 440 manat məbləğində pulun hansı səbəbdən baş verməsini maraqlanmışdır. Həmçinin, bu barədə banka rəsmi müraciət ünvanlamışdır. Orada iddiaçının müraciətinə 3 gün ərzində cavab veriləcəyi bildirilmişdir. 3 gün sonra iddiaçı təkrarən Azərbaycan Beynəlxalq Bankının Yasamal filialına yaxınlaşmış, Bankda ona bildirmişlər ki, ona məxsus olan bank kartındakı 440 manat məbləğindəki pul vəsaiti “X3” ASC-yə məxsus Leo bank kartından istifadə edən müştərinin hesabına daxil olmuşdur. “X3” ASC-dən bildirilmişdir ki, bu barədə müştəri ilə əlaqə saxlanılmış, sonuncu bank kartına daxil olmuş 440 manat məbləğində pulu imtina etmişdir. İddiaçı öz hesabından digər hesaba pulun köçürülməsinə dair texniki əməliyyat keçirməmiş və bununla da pulun köçürülməsi barədə iradə ifadəsi olmayıb və bu əməliyyata razılıq verməmişdir. İddiaçının məlumatı olmadan pulun köçürülməsinin texniki olaraq mümkünlüyünü proqram təminatının zəifliyi ilə əlaqəndirir. Həmçinin, tərəfindən bank kartından qanunsuz pul çıxarılması ilə bağlı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə müraciət edilmiş, oradan müraciətindəki xüsusatların mülki xarakterli olduğundan müvafiq məhkəmə orqanlarına müraciət edilməyi tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən cavabdehlər “X3” Açıq Səhmdar Cəmiyyətindən və "xxxx" Açıq səhmdar cəmiyyətindən müştərək qaydada vurulmuş maddi zərərin əvəzi qismində 440 (dörd yüz qırx) manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra İddiaçı iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin iclas protokol-qərardadı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti əsl Cavabdeh2 ilə əvəz edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasında cavabdeh “X3” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini “X3” ASC-yə aid hissədə qəbul etməyərək həmin hissədə tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkƏməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddia tələbini tam həcmdə qəbul edərək, təmin edilməsinə etiraz etmədiyini bildirmiş, əlavə suallara cavab olaraq isə karta pul köçən zaman kartın qayınatasının babasında olduğunu, onda olmadığını, kartın ona məxsus olduğunu, sadəcə olaraq kartı başqa şəxsə dərman alınması üçün verdiyini, tələb olunan 440 manat məbləğində pulun hissə-hissə qaytara biləcəyini, karta pulun köçməsindən xəbəri olmadığını bildirmişdir. 8.Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli bank hesabından çıxarışdan görünür ki, 9/30/2024 tarixdə 5167______0655 nömrəli ABB Mobile kart hesabından **********370127 nömrəli Leobnak kart hesabına 440 manat məbləğində pul köçürülmüşdür. 10.Mülki işin materiallarında olan “X3” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “X3” Açıq Səhmdar Cəmiyyətində 409858****0127 nömrəli kart (hesab nömrəsi AZ91UBAZ**********010AZN001) xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh2 məxsusdur. 11.Mülki işin materiallarında olan “X3” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixində 440 manat vəsaitin köçürüldüyü 409858****0127 nömrəli kart Cavabdeh2 (Fin: xxxxxxx) məxsusdur. Köçürülən vəsait xx.xx.2024-cü il tarixdə “M10” vasitəsilə onlayn formada "xxxx" ASC-yə məxsus hesaba köçürülmüşdür. Həmin əməliyyatlar barədə məlumatlar disk daşıyıcıda təqdim olunmuşdur. 12.Mülki işin materiallarında olan cd-disk və “X3” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən Cavabdeh2 məxsus bank hesabında çıxarış. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus hesab nömrəsi AZ90İBAZ******************** olan 5167 5141 0286 0655 nömrəli ABB bank kartından hesab nömrəsi AZ91UBAZ**********010AZN001 olan 409858****0127 nömrəli karta iddiaçıya məlum olmayan səbəblərdən 440 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə araşdırması zamanı pulun köçürüldüyü 409858****0127 nömrəli kart hesabının Cavabdeh2 məxsus olması müəyyən edilmişdir. 14.Hazırda iddiaçı, Cavabdeh2 və ona məxsus kartın aid olduğu “X3” Açıq Səhmdar Cəmiyyətindən səhvən köçürülmüş 440 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsini tələb edir. 15.Cavabdeh “X3” ASC iddia tələbini ona aid hissədə qəbul etmir və rədd edilməsini tələb edir. Digər Cavabdeh2 isə iddia tələbini tam həcmdə qəbul edərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsassız varlanma halı qeyd edilmişdir; 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 18.Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. 19.Hazırki iş üzrə iddiaçıya məxsus kart hesabından Cavabdeh2 məxsus kart hesabına 28 sentyabr 2024-cü il tarixdə 440 manat məbləğində vəsaitin köçürülməsi işin mübahisəsiz halıdır. Hazırda tərəflər bu faktı mübahisələndirmirlər. Məhkəmə iddia tələbinin cavabdeh “X3” Açıq Səhmdar Cəmiyyətinə aid hissəsinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə Bank subyektiv cavabdehlik daşımır. Belə ki, köçürülən pul vəsaiti həmin Banka məxsus olsa da, Bankın iddiaçıya qarşı hansısa bir hüquq pozuntusu məhkəmə tərəfindən aşkar edilməmişdir. Bundan əlavə, digər Cavabdeh2 iddia tələbini tam həcmdə qəbul etmişdir. Odur ki, iddia tələbi cavabdeh Banka qarşı sözügedən Bank subyektiv cavabdehlik daşımaması səbəbindən əsassız hesab edilməklə təmin edilməməlidir. Digər Cavabdeh2 münasibətdə isə iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı həqiqətən də iddiaçıya münasibətdə kart hesabından pulun cavabdehə köçürülməsi işin sübuta yetirilmiş halıdır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini heç bir hüquqi əsas olmadan özündə saxlamaqla faydalanmışdır. Bununla da cavabdeh əsassız varlanmışdır. Hazırda cavabdehin həmin pul məbləğini əldə etməsi və özündə saxlaması üçün heç bir hüquqi əsas yoxdur. Belə olan halda tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Ona görə tərəflər arasında yaranmış münasibətlər əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. 20.Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən çıxış edərək hesab edir ki, iddiaçı hazırki tələblə bağlı Cavabdeh2 münasibətdə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və hazırkı vəziyyətdə cavabdeh iddiaçının hesabına əldə etdiyi pul vəsaitini ona qaytarmalıdır. 21.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 22.Beləliklə də məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh2 440 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. 23.Məhkəmə tələbin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə münasibətdə isə onu qeyd edir ki, iddia tələbi köçürülən pulun geri qaytarılması hissəsində tam təmin edildiyindən iddiaçı tərəfindən həmin tələbə münasibətdə ödənilən 30 manat məbləğində dövlət rüsumu da Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. 24.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 25.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər cavabdeh “X3” Açıq Səhmdar Cəmiyyətinə münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2093/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2093/2025
27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver