Məhkəmə qərarları › İş №e-2(006)-210/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-210/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-210/2023 11.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsinin ləğvi, borcun tutulması və ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsinin ləğvi, borcun tutulması və ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 10/İK-11 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 8% olmaqla 300 ay müddətinə 36.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh və X2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37,4 kv.m. olan mənzil yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 45.000 manat məbləğində qiymətləndirilmişdir. Belə ki, Cavabdeh xx.xx.2022-ci il tarixədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. Cavabdeh 28.991,35 manat əsas, 999,13 manat faiz, 11,80 manat cərimə borcu olmaqla, cəmi 30.002,28 manat ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, bank tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 10/İK -11 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən illik 16% olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbləri üzrə təhlükə yaradarsa, bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-ci bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalanlar kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə sonrakı ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən sonrakı ipoteka predmetinə yönəldə bilər. 5.2-ci bəndə əsasən sonrakı ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması, borcalanlar və ya sonrakı ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyəti pisləşdikdə, kredit müqaviləsində və həmçinin bu müqavilədə nəzərdə tutulmuş digər hallarda yaranır. Göstərilənlərə əsasən İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin Müştəri Xidmətiləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsi üzrə banka olan 28.991,35 manat əsas, 999,13 manat faiz, 11,80 manat cərimə borcu olmaqla, cəmi 30.002,28 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun və ödənilən 180,01 manat məbləğində dövlət rüsumunun, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37,4 kv.m. olan mənzilə yönəldərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,4 kv.m. olan mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh istifadə hüququna xitam verilməsi, həmin şəxsin mənzildən çıxarılması və mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etməkdikdə qalan borc məbləğinin cavabdehdən (borcalan, ipotekaqoyan - Cavabdeh) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən banka olan 28.991,35 manat əsas, 1530,21 manat faiz, 33,10 manat cərimə borcu olmaqla, cəmi 30.554,66 manat kredit borcu və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun və ödənilən 180,01 manat məbləğində dövlət rüsumunun, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37,4 kv.m. olan mənzilə yönəldərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,4 kv.m. olan mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh istifadə hüququna xitam verilməsi, həmin şəxsin mənzildən çıxarılması və mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etməkdikdə qalan borc məbləğinin cavabdehdən (borcalan, ipotekaqoyan - Cavabdeh) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsi üzrə banka olan 28.991,35 manat əsas, 1.906,93 manat faiz, 11,80 manat cərimə borcu olmaqla, cəmi 30.910,08 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun və ödənilən 180,01 manat məbləğində dövlət rüsumunun, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37,4 kv.m. olan mənzilə yönəldərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etməkdikdə qalan borc məbləğinin cavabdeh borcalan, ipotekaqoyan - Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə «Borcalan» qismində Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 300 ay müddətinə, illik 8% olmaqla, 36.000 manat məbləğində kredit verilmişdir. Kredit borcalana ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün verilmişdir.

8. İş materiallarında olan «Kreditor-İpoteka saxlayan» qismində İddiaçı ASC ilə «Alıcı-İpoteka qoyan» qismində Cavabdeh və «Satıcı» qismində X3 arasında bağlanılmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən “Satıcı” daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestri tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 11/38524 nömrəli arayışa əsasən ümumi sahəsi 37,4 kv.m., yaşayış sahəsi 23,9 kv.m. olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 5 mərtəbəli 42 saylı evin 38 saylı mənzilini «Alıcı-İpoteka qoyan»ın mülkiyyətinə vermiş, mənzilin satış qiyməti 45.000 manat təşkil etmiş, mənzilin dəyərinin 9.000 manatı «Alıcı-İpoteka qoyan»ın özü tərəfindən, 36.000 manatı isə «Kreditor-İpoteka saxlayan» tərəfindən xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsinə əsasən «Alıcı-İpoteka qoyan»a verilmiş kredit vəsaiti hesabına ödənilir, «Alıcı-İpoteka qoyan» satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla «Kreditor-İpoteka saxlayan» arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi «Kreditor- İpoteka saxlayan»a ipotekaya vermişdir. İpoteka müqaviləsinin 1.8-ci bəndinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən ipoteka predmeti 45.000 manat dəyərində qiymətləndirilmişdir.

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 42 saylı evin 38 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 42 saylı evin 38 nömrəli mənzili xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsinə əsasən 25 il müddətinə ipoteka müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

11. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli pretenziya məktubların surətlərindən görünür ki, kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 37,4 kv.m. ümumi, 23,9 kv.m. yaşayış, 13,5 kv.m. yardımçı sahədən ibarət olan 2 otaqlı 38 saylı mənzilə yönəldilməsi, borc məbləğinin həmin əmlak hesabına banka ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir.

12. İş materiallarında olan İddiaçı ASC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, surəti ipoteka qoyan Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 42 ünvanında yerləşən 37,4 kv.m. ümumi, 23,9 kv.m. yaşayış, 13,5 kv.m. yardımçı sahədən ibarət olan 2 otaqlı 38 saylı mənzili tutmanın yönəldilməsi haqqında borcalana kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutlma yönəldilməsinə dair pretenziya məktubunun göndərilməsini nəzərə alaraq tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuşdur.

13. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 42 saylı evin 38 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

14. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 28.991,35 manat əsas borcu, 999,13 manat faiz borcu, 11,80 manat cərimə borcu vardır.

15. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 28.991,35 manat əsas borcu, 1530,21 manat faiz borcu, 33,10 manat cərimə borcu vardır.

16. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 28.991,35 manat əsas borcu, 1.903,93 manat faiz borcu, 11,80 manat cərimə borcu vardır.

17. "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 003 nömrəli hesabata əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 42 saylı evin 38 saylı mənzilin likvid dəyəri 63.000 manat, bazar dəyəri 67.000 manat təşkil etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona xx.xx.2011-ci il tarixdə 300 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə 36.000 manat məbləğində kredit verilmiş, həmin kredit müqavilənin təminatı tərəflər arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 42 saylı evin 38 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. Hazırda bank kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehdən borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

22. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

24. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 300 ay müddətinə, illik 8% dərəcəsi ilə 36.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi tərəflər arasında xx.xx.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 42 saylı evin 38 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

25. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır.

26. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehdən kredit müqaviləsi üzrə yaranmış 28.991,35 manat əsas, 1.906,93 manat faiz, 11,80 manat cərimə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən мüqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

28. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən тərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

29. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, bu hal müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətlənir. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsinin ləğv edilməsi, yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

30. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi, 29.991,35 manat əsas, 1.906,93 manat faiz borcu və 11,80 manat cərimə, cəmi 30.910,08 manat borcun tutulması hissələrində təmin edilməlidir.

31. Məhkəmə iddia tələbinin tutulacaq borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

33. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

35. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

36. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri.

37. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

38. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

39. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

40. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

41. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.

42. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, cavabdehdən tutulmalı olan borc məbləği ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır.

43. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür.

44. Konkret hazırki işdə ipoteka müqaviləsi 2011-ci ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınmaz əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz.

45. Bu səbəbdən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilərkən ipoteka müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz.

46. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir.

47. İşdə olan "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi haqqında hesabata əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 42 saylı evin 38 saylı mənzilin hazırki bazar qiyməti 67.000 manat, likvid dəyəri 62.000 manat təşkil etmişdir.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

49. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin ekspertiza vasitəsilə müəyyən edilmiş likvid qiymətinə və bazar qiymətinə tənasüb surətdə nəzərə alınmasını qanuni, əsaslı və ədalətlidir.

50. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.

51. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsin əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.

52. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehlərdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 180,01 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 31 manat rüsum da tutulmalıdır.

55. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2011-ci il tarixli, 10/İK-11 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 28.991,35 (iyirmi səkkiz min doqquz yüz doxsan bir manat, otuz beş qəpik) manat əsas borcu, 1.906,93 (bir min doqquz yüz altı manat, doxsan üç qəpik) manat faiz borcu, 11,80 (on bir manat, səksən qəpik) manat cərimə, həmçinin 180,01 (bir yüz səksən manat, bir qəpik) manat məbləğində dövlət rüsumu, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsumu, cəmi 31.121,09 (otuz bir min yüz iyirmi bir manat, doqquz qəpik) manat məbləğində pul tutulmalı, tutma Cavabdeh mülkiyyətində olan, ilkin satış qiyməti (likvid dəyər) 62.000 (altmış iki min) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 42 saylı evin 37,4 kv.m. ümumi, 23,9 kv.m. yaşayış, 13,5 kv.m. yardımçı sahədən ibarət olan 2 otaqlı 38 saylı mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.

56. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh tutulub "xxxx" MMC-nin (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, bina 7, mənzil 194, VÖEN: **********, H/h: AZ13ACAB********************, "xxxx" QSC-nin Azadlıq filialı, M/H: AZ10NABZ**********000056944, Kod: 504788, Bankın VÖENi: **********, SWİFT: AİİBAZ2X, Bankın ünvanı: Bakı şəhəri, Tbilisi prospekti, 3, AZ1065) hesabına köçürülməlidir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

59. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2011-ci il tarixli, 10/İK- 11 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 28.991,35 (iyirmi səkkiz min doqquz yüz doxsan bir manat, otuz beş qəpik) manat əsas borcu, 1.906,93 (bir min doqquz yüz altı manat, doxsan üç qəpik) manat faiz borcu, 11,80 (on bir manat, səksən qəpik) manat cərimə, həmçinin 180,01 (bir yüz səksən manat, bir qəpik) manat məbləğində dövlət rüsumu, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsumu, cəmi 31.121,09 (otuz bir min yüz iyirmi bir manat, doqquz qəpik) manat məbləğində pul tutulsun. Tutma Cavabdeh mülkiyyətində olan, ilkin satış qiyməti (likvid dəyər) 62.000 (altmış iki min) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 42 saylı evin 37,4 kv.m. ümumi, 23,9 kv.m. yaşayış, 13,5 kv.m. yardımçı sahədən ibarət olan 2 otaqlı 38 saylı mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh tutulub "xxxx" MMC-nin (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, bina 7, mənzil 194, VÖEN: **********, H/h: AZ13ACAB********************, "xxxx" QSC-nin Azadlıq filialı, M/H: AZ10NABZ**********000056944, Kod: 504788, Bankın VÖENi: **********, SWİFT: AİİBAZ2X, Bankın ünvanı: Bakı şəhəri, Tbilisi prospekti, 3, AZ1065) hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar