Məhkəmə qərarları › İş №e-2(006)-2101/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2101/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2101/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı ASCnin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.12.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh 1 (bir) il güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 (bir) faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 2339,15 AZN məbləğində kredit verilmişdir. Lakin, Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh İddiaçı ASC-yə 23.02.2022-ci il tarixinə 2339,15 AZN əsas, 12,77 AZN faiz, cəmi 2351,92 AZN borcu yaranmışdır. Bank cavabdehdən 11.12.2019-cu il tarixli Güzəştli kredit müqaviləsi üzrə 2339,15 manat əsas borc, 12,77 manat faiz borcu olmaqla cəmi 2351,92 manat borc və 43,52 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən, cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.12.2019-cu il tarixli güzəştli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən Bank Müştəriyə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 2339,15 manat məbləğində kredit verir, müştəri isə bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürür. Kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsidir. Müqavilənin 2.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit Banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1 faiz olmaqla hesablanır. Kreditin verildiyi tarixdən sonrakı 1 il güzəşt müddəti hesab olunur. Müqavilənin 2.5-ci bəndinə əsasən bu Müqavilənin 2.4-cü bəndinə uyğun olaraq müştəri güzəşt müddəti ərzində bu müqavilənin imzalandığı tarixdən 30 gündən gec olmayaraq (bu şərt qeyd edilən müddət nəzərə alınmaqla hər növbəti ay üçün tətbiq edilir) hər ay 1.95 manat məbləğində Banka ödəniş edir. Bu müqavilənin 2.4-cü bəndində qeyd edilmiş müddət tamam olduqdan sonra isə aylıq ödəniş müddətinə riayət etməklə hər ay 49,73 manat məbləğində Banka ödəniş edir. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş 23.02.2022-ci il tarixli kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 11.12.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə 2339,15 AZN əsas borc, 12,77 AZN faiz borc, cəmi 2351,92 AZN borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 16.02.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İddiaçı ASC tərəfindən təqdim edilmiş 10.03.2022-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 43,52 (qırx altı manat əlli iki qəpik) manat rüsum ödənilmiş, 0,40 manat isə xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.12.2019-cu il güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh 1 (bir) il güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 (bir) faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 2339,15 AZN məbləğində kredit verilmişdir. Lakin, Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh İddiaçı ASC-yə 23.02.2022-ci il tarixinə 2339,15 AZN əsas, 12,77 AZN faiz, cəmi 2351,92 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 11.12.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə 2339,15 manat əsas borc, 12,77 manat faiz borcu olmaqla, cəmi 2351,92 manat borc və 43,52 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 2395,44 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11.12.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə 2339,15 manat əsas borc, 12,77 manat faiz borcu olmaqla cəmi 2351,92 manat borc və 43,52 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 2395,44 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar