Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2105/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 18 avqust 2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı və müqavilənin cavabdeh tərəfindən icra edilməməsinə görə dəymiş maddi zərərin əvəzinə görə kompensasiya qismində 59.388 manat və 269 manat dövlət rüsumu olmaqla, cəmi 59.657 manat pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, X9 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 18 avqust 2023-cü il tarixdə qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmış və notarial qaydada təsdiqlənmişdir. Müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanda inşa edilən yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 393 m2 olan qeyri-yaşayış sahəsini bütünlüklə Cavabdeh MMC-yə verməyi, icarəçi isə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. Obyekt cavabdeh tərəfindən ticarət, kommersiya və ya hər hansı digər məqsədlə icarəyə götürülmüşdür. Bundan başqa, müqavilə üzrə iddiaçının icarə sahəsini 45 kvt./saat elektrik enerjisi ilə təchiz etmək öhdəliyi olsa da, cavabdehin müraciətinə əsasən icarə sahəsini 60 kvt./saat elektrik enerjisi ilə təchiz etmişdir. Cavabdehin müraciətinə əsasən icarə sahəsinə elektrik enerjisinin kilovatının artırılması üçün əlavə texniki şərtin alınması və elektrik enerjisinin çəkilməsi üçün iddiaçı 16.731,90 manat əlavə xərc çəkmişdir. Müvafiq qəbzlərin surətləri iddia ərizəsinə əlavə edilmişdir. Qeyd olunmalıdır ki, obyekt müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən qanunvericiliyə, o cümlədən yanğın təhlükəsizliyi, əmək təhlükəsizliyi, texniki təhlükəsizlik, sanitar-gigiyena və obyektin icarəçinin istifadə məqsədləri üçün tələb olunan standartlara, normalara və qaydalara, digər tələblərə və müqavilənin şərtlərinə uyğun olaraq təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə tərəflər arasında imzalanmış akt əsasında cavabdehin istifadəsinə verilmişdir. İcarə müqaviləsi üzrə icarə haqqı məbləğinin müəyyən edildiyi 2.1-ci bəndində ilk il üçün icarə məbləğinin aylıq ÖMV daxil 9.140 manat, bir ildən sonra 11.425 manat təşkil edəcəyi qeyd olunmuşdur. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icarə müddətinin bu müqavilə üzrə bitdiyi tarixə qədər qüvvədə qalır. Müqavilənin bitmə tarixi həmin müqavilənin 3.2-ci bəndində qeyd olunduğu kimi 16 avqust 2033-cü il müəyyən edilmişdir. Lakin buna baxmayaraq icarəçi müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək icarə haqqını ödəmir. Göründüyü kimi, iddiaçı icarə sahəsinin müqaviləyə uyğun şəkildə verilməsi və elektrik, su təchizatının təmin edilməsi ilə bağlı bütün müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Belə ki, cavabdeh müqaviləyə əsasən ödəməli olduğu icarə haqqını ödəmir. Halbuki, müqavilənin 5.3.1-ci bəndinə əsasən, icarə haqqını vaxtında və tam həcmdə ödəmək icarəçinin öhdəliyidir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmir və bunun nəticəsində iddiaçıya yüksək məbləğdə maddi ziyan dəyir. Beləliklə, cavabdehin müqaviləyə zidd qanunsuz hərəkətləri nəticəsində, iddiaçı üçün əlverişsiz şərait yaranmış, iddiaçı əsassız və qanunsuz olaraq vaxt və pul itkisinə məruz qalmışdır. Odur ki, müqavilənin 15.2-ci bəndini rəhbər tutaraq həmin müqavilələr üzrə ödənilməmiş icarə haqqının tələb edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icarə müddətinin bu müqavilə üzrə bitdiyi tarixə qədər qüvvədə qalır; 3.2ci bəndinə əsasən icarə müqaviləsi 16 avqust 2033-cü il tarixədək qüvvədədir. Müqavilənin 5.3.1-ci bəndinə əsasən, icarə haqqını vaxtında və tam həcmdə ödəmək icarəçinin öhdəliyidir. Müqavilənin 15.2-ci bəndinə əsasən bu müqavilədən irəli gələn və ya onunla bağlı bütün mübahisələr, danışıqlar yolu ilə həll oluna bilmədikdə, aidiyyəti üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məhkəmə qaydasında həll edilir. Cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində iddiaçının məruz qaldığı zərərə görə kompensasiya məbləği aşağıdakılara əsasən hesablanmalıdır: 1). "xxxx" Açıq Səhmdar Cəmiyyətinə elektrik enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün ödənilən 13.620,5 manat məbləğində qoşulma haqqı və 67.5 manat məbləğində yük hesabatının hazırlanması haqqının əvəzi olaraq cəmi 13.688 manat; 2). İcarə obyektinin aylıq icarə haqqı məbləği nəzərə alınmaqla 5 ay üçün ödənilməli olan icarə haqqı məbləğinin əvəzi kimi cəmi 45.700 manat. Cavabdehdən tələb olunan cəmi məbləğ 59.388 manat təşkil edir. İddianın məhkəməyə təqdim edilməsi ilə bağlı ödənilən 269 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, iddiaçının hazırki iddianı qaldırması üçün subyektiv hüququ yoxdur. Belə ki, obyektin dövlət reyestrindən qeydiyyatdan keçməsi barədə heç bir sənəd mövcud deyildir. Belə bir obyektin olub-olmaması ümumiyyətlə sual altındadır. Həmçinin hesab edir ki, bu müqavilə ilkin icarə müqaviləsidir. Bu müqavilənin özündə öz əksini tapmışdır. Qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakla bağlı bir ildən artıq müddətə bağlanan icarə müqavilələri notarial formada bağlanmalıdır. İddiaçının daşınmaz əmlakla bağlı çıxarışı olmadığı üçün bu müqavilə notarial qaydada bağlanmamışdır. Müqavilənin 1.3-cü bəndində qeyd edilmişdir ki, İddiaçı daşınmaz əmlakla bağlı mülkiyyət hüququnu qeydə aldıraraq, çıxarış əldə etməklə icarə müqaviləsi bağlanacaqdır. İlkin müqavilədə niyyət sazişi bağlanır. Niyyət baş tutarsa icarə müqaviləsi bağlanmış hesab edilir. Müqavilənin birinci maddəsindən də görünür ki, bu niyyət sazişidir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi akta münasibətdə onu deyə bilər ki, həmin aktın möhürü yoxdur. Aktda qeyd edilir ki, Qarabağ filialı üzrə təhvil-təslim aparılmışdır. Qeyd edir ki, həmin obyekt istifadəyə verilməmiş və ona filial adı verilməmişdir. Aktda elektrik xəttinin 45 kvdan 60 kv-a keçməsi barədə heç bir qeyd edilməmişdır. İddiaçı bildirir ki, guya şirkət iddiaçıdan tələb etmişdir ki, elektrik xətti dəyişdirilsin. Lakin bununla bağlı heç bir sənəd mövcud deyildir. İddianın elektriklə bağlı hissəsi tamamilə əsassızdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdehin irəli sürdüyü fikirlə arqumentlərə uyğun qeyd etdi ki, iddiaçının hazırki iddianı qaldırması üçün subyektiv hüququnun olması qeyd olunan əmlaka, yəni Qarabağ 36 ünvanında 1-ci mərtəbədə yerləşən, 393,00 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə dair mülkiyyətçi İddiaçı ilə "xxxx" MTK arasında bağlanılmış müqavilə və maliyyə arayışı ilə sübuta yetirilir. Əlavə olaraq da, sözügedən məsələ bu məhkəmə mübahisəsinin predmeti deyildir və “Müqavilənin etibarsızlığı” ilə bağlı yeni iddia olaraq məhkəmədə mübahisələndirmək hüququ vardır. Bundan başqa bütün müvafiq qanunvericiliyə uyğun olaraq notarial qaydada bağlanılmış müqavilə gələcək üçün icrası nəzərdə tutulan niyyətin icrası ilə bağlı deyil, real vaxt rejimində icra olunmasını nəzərdə tutan məsələlərin təmini ilə bağlıdır və müqavilə hər iki tərəf tərəfindən imzaları ilə təsdiqlənmiş, təsdiqləndiyi andan qüvvəyə minmiş və hər iki tərəf üçün müvafiq öhdəliklər yaratmışdır. Əlavə olaraq, notarial qaydada bağlanmış müqaviləni şübhə altına almaq, elə məhz dövlət orqanının fəaliyyətini də şübhə altına almaq deməkdir. Təhvil-təslim aktı ilə bağlı vurğulamaq lazımdır ki, akt Hüquqi şəxsin blankında tərtib edilmişdir və həm də Cavabdeh MMC-nin maddi vəsaitlər üzrə mütəxəssis vəzifəsində çalışan, hüquqi şəxsin maddi vəsaitlərinə məsul olan şəxs X9 tərəfindən imzalanmış və təsdiqlənmişdir. Bundan başqa "xxxx" Açıq Səhmdar Cəmiyyətinin aktlarının və İcarə müqaviləsinin, o cümlədən də təhvil-təslim aktının tarixindən də göründüyü kimi dəyişiklik icarə müqaviləsi bağlandıqdan sonra icarəçinin şifahi tapşırığı əsasında olmuşdur və obyekt elektrikin də iştirakı ilə təhvil-təslim edilən zaman artıq icarəçinin sahibkarlıq fəaliyyəti ilə bağlı olan istəyinə uyğun dəyişikliklər edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 18 avqust 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı (nümayəndəsi X1 vasitəsi ilə) ilə Cavabdeh MMC (nümayəndəsi X7 vasitəsi ilə) arasında ünvan 2 ünvanda inşa edilən yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 393 m2 olan qeyri-yaşayış sahəsinin bütünlüklə icarəyə verilməsi barədə icarə müqaviləsinin «İcarə haqqı və vergilər» adlanan 2-ci bəndinə əsasən 2.1-ci bəndində ilk il üçün icarə məbləğinin aylıq ÖMV daxil 9.140 manat, bir ildən sonra 11.425 manat təşkil edəcəyi qeyd olunmuşdur.; 18 avqust 2023-cü il tarixli icarə müqaviləsinin: - 1.1-ci bəndinə əsasən tərəflər razılığa gələrək qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilə (ilkin) bağladılar. İcarəyəverən - İ tərəf ünvan 3 ünvanında inşa edilən yaşayış binasının İ mərtəbəsində yerləşən ümumi sahəsi 393 kv.m qeyri-yaşayış sahəsini bütünlüklə (bundan sonra «icarə sahəsi» adlandırılacaq) İİ tərəf - «icarəçi»yə icarəyə verməyi, «icarəçi» isə obyekti qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən obyekt icarəçi tərəfindən ticarət, kommersiya və ya hər digər məqsədlə icarəyə götürülür və icarəçinin mülahizəsinə üyğun olaraq istifadə ediləcək. - 1.3-ci bəndinə əsasən icarəyə verən İ tərəf "xxxx" MTK ilə bağladığı xx.xx.2023-cü il tarixli 446-Q/N saylı müqaviləyə əsasən ünvan 3 ünvanında inşa edilən yaşayış binasının İ mərtəbəsində yerləşən ümumi sahəsi 393 kv.m qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu qeydə aldıraraq çıxarış əldə etməklə xx.xx.2033-cü ilədək icarəyə verdi. - 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı məbləği ilk bir ÖMV daxil 9.140 manat, bir ildən sonra ÖMV daxil 11.425 manat təşkil edəcəyi qeyd olunmuşdur. - 2.4-ci bəndinə əsasən icarə haqqı obyekt təhvil verildikdən 4 ay sonra, hər ayın 01-dən 10-dək icarəçi tərəfindən icarəyə verənin bank hesabına köçürmə yolu ilə ödəniləcəkdir. - 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icarə müddətinin bu müqavilə üzrə bitdiyi tarixə qədər qüvvədə qalır. - 3.2-ci bəndinə əsasən müqavilə üzrə müddətin axımı və icarə haqqının hesablanması obyekt təhvil verildikdən 4 ay sonra başlayır və 10 il müddətinə müəyyən edilir. Bu icarə müqaviləsi xx.xx.2033-cü il tarixinədək qüvvədədir. - 4.1-ci bəndinə əsasən icarəyə verən obyekti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı (bundan sonra “Akt”) əsasında icarəçiyə təqdim etməlidir. Hər tərtib edilmiş Akt bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. İcarə predmetinin təhviltəslimi hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiqlənən və müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əsasında həyata keçirilir. Təhviltəslim aktında təhvil verilərkən icarə predmetinin vəziyyəti, icarə predmetinin tərkibinə daxil olan tikililərdəki avadanlıqların adları, sayı, vəziyyəti, təhvil-təslim aktının tərtib olunma tarixi və digər zəruri məlumatlar əks olunmalıdır. - 4.2-ci bəndinə əsasən obyekt istismar və təyinatı üzrə istifadə üçün minimal standartlara və tələblərə uyğun olmadıqda icarəçi obyekti təhvil almamaq hüququna sahib olur. Uyğunlaşdırmaq üçün istifadə edilən müddət bu müqavilənin 4.5-ci bəndində qeyd olunan müddəti keçməməlidir. Bu müddət keçdikdə icarəçi bu müqaviləyə xitam vermək və\ və ya bununla bağlı ona dəymiş ziyanı (əldən çıxmış fayda daxil olmaqla) habelə bu müqavilənin 4.5-ci bəndində göstərilən cəriməni icarəyə verəndən tələb etmək hüququ əldə edəcək. - 5.1.10-cu bəndinə əsasən icarəyə verilmiş sahənin tələb olunan gücünə uyğun olaraq 45 kvt./saat elektrik enerjisi , elektrik enerjisi üçün texniki şərtin alınması, elektrik və su sayğacı ilə təmin olunma “icarəyə verən”ə aiddir və onun tərəfindən akt əsasında icarəçiyə təhvil veriləcək. - 8.1-ci bəndinə əsasən icarəçi əvvəlcədən icarəyə verənə məlumat verilməklə obyekti və ya onun müəyyən hissəsini dəyişiklik, təmir və abadlaşdırma işləri həyata keçirmək hüququna malikdir. - 8.5-ci bəndinə əsasən təmir müddəti 4 ay təşkil edəcək. - 13.3-cü bəndinə əsasən icarəçi 1 ay öncədən icarəyə verəni xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv edə bilər. - Cavabdeh MMC-nin idarə heyətinin sədri R.İbrahimovun İddiaçı ünvanladığı xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 1 (bir) ay sonra, yəni xx.xx.2024-cü il tarixindən xx.xx.2023-cü il tarixli, 3M-1295 reyestr saylı icarə müqaviləsinə xitam verilmiş və onun qüvvədən düşmüş hesab edilməsi xəbərdar edilmişdir. - "xxxx" MMM şirkətinin direktoru Şaiq Qəribzadənin imzaladığı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, A509799 saylı qaimənin üzərində qeyd edilmiş telefon nömrəsi ilə məktubun təhvil alınması üçün əlaqə saxlanmış, lakin şəxs tərəfindən söz verdiyi tarixdə məktub təhvil alınmamışdır. Daha sonra qaimə üzərindəki ünvanda şəxsin yaşamamasına görə məktub çatdırılmamışdır. Beləliklə də, müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 18 avqust 2023cü il tarixdə qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 11 saylı notariat ofisində təsdiqlənmiş 3M-1295 reyestr saylı icarə müqaviləsi bağlanmış və müqavilə İddiaçı ünvan 3 ünvanda inşa edilən yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 393 m2 olan qeyri-yaşayış sahəsini bütünlüklə Cavabdeh MMC-yə verməsi, icarəçinin isə obyekti ticarət, kommersiya və ya hər hansı digər məqsədlə icarəyə qəbul etməyi, müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürmələri ilə şərtləndirilmişdir. Müqaviləni iddiaçının adından 3 saylı notariat ofisində xx.xx.2023-cü ildə verilmiş 7E-3736 reyestr nömrəli etibarnaməyə əsasən nümayəndəsi X2, cavabdehin əvəzinə 6 saylı notariat ofisində xx.xx.2022-cü ildə verilmiş 7E-62183 reyestr nömrəli etibarnaməyə əsasən nümayəndəsi X7 imzalamışlar. Həmçinin, müəyyən edilmişdir ki, müqavilənin 1-ci bəndi «Müqavilənin predmeti», 2-ci bəndi «İcarə haqqı və vergilər», 3-cü bəndi «İcarə müddəti», 4-cü bəndi «Obyektin təhviltəslimi», 5-ci bəndi «Tərəflərin hüquq və öhdəlikləri», 6-cı bəndi «İcarəyə verənin zəmanəti», 7-ci bəndi «Daşınar əmlak və avadanlıqlar», 8-ci bəndi «Təmir və hazırlıq işləri», 9-cu bəndi «Tərəflərin məsuliyyəti» 10-cu bəndi «Konfidensiallıq», 11-ci bəndi «Qarşıalınmaz hallar (fors-major), 12-ci bəndi «Hüquqların ötürülməsi», 13-cü bəndi «Müqaviləyə xitam verilməsi», 14-cü bəndi «Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi», 15-ci bəndi «Tətbiq olunan hüquq və mübahisələrin həlli», 16-cı bəndi «Yekun müddəalar» adlanmaqla həmin bəndlərdə tənzimlənməsi zəruri olan digər məsələlər nəzərdə tutmaqla, tərəflər müqavilə şərtlərini qəbul etmiş və müqaviləni imzalamaqla təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktından, elektrik şəbəkəsinə qoşulma aktından, texniki şərtlərdən və s. sənədlərdən görünür ki, İddiaçı icarəyə verən şəxs kimi müqavilə öhdəliklərini tam şəkildə icra etmişdir. Belə ki, müqavilənin 5.1.10-cu bəndinə əsasən iddiaçının icarə sahəsini 45 kvt./saat elektrik enerjisi ilə təchiz etmək öhdəliyi olmuş, lakin icarə sahəsi 60 kvt./saat elektrik enerjisi ilə təchiz edilmişdir. İddiaçı bunu cavabdehin müraciətinə əsasən baş verməsini qeyd etmişdir. İş materiallarından görünür ki, icarə sahəsinə elektrik enerjisinin kilovatının artırılması üçün əlavə texniki şərtin alınması və elektrik enerjisinin çəkilməsi üçün iddiaçı tərəfindən 16.731 manat 90 qəpik vəsait xərclənmişdir. Məhkəmə ilk növbədə cavabdeh tərəfin iddianın əsassızlığı ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, bu dəlillər iddiaçı qarşısında götürülmüş öhdəliklərin icrasından yayınmaq məqsədi daşıyır. Məhkəmə bu qənaətə gələrkən cavabdehin müqavilə bağlandıqdan sonra iddiaçıya çatdırılması təsdiq olunmayan xx.xx.2023-cü il tarixli xəbərdarlığının məzmununu diqqətə alır. Belə ki, müqavilə bağlanandan qeyd edilən xəbərdarlıq imzalanana kimi cavabdeh iddiaçıya müqavilə öhdəliklərinin icrası ilə bağlı heç bir formada narazılıq (irad, pretenziya və ya şikayət) etməsinə dair sübutlar təqdim etməmiş və iddiaçı tərəf də bu halların mövcud olmamasını təsdiq etmişdir. Hətta xəbərdarlığın məzmunundan tərəflər arasında bağlanmış müqavilənin hansı səbəblərdən birtərəfli qaydada ləğv edilməli olmasına dair heçnə göstərilməmişdir. Bundan əlavə, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. İş materiallarından da göründüyü kimi cavabdehin müqavilənin ləğvi ilə bağlı heç bir məlumat əks olunmayan qəbzə istinad etməklə göndərdiyi bildiriş maraqlı tərəfə çatmamışdır. Cavabdeh tərəfin iddiaya etirazın dəlilləri kimi müqavilənin bu niyyət sazişi olmaqla obyekt istifadəyə verilməməsi və təqdim edilmiş akta həmin möhürün olmamasına istinad edilməsini məhkəmə əhəmiyyətsiz sayır. Belə ki, əvvəla qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakla bağlı bir ildən artıq müddətə bağlanan icarə müqavilələri notarial formada bağlanmalı olması müqavilə iştirakçıları tərəfindən qəbul edilərək bu müqaviləni notarial qaydada təsdiq etmişlər. Həmçinin, maddi vəsaitlərin təhvil təslim aktında isə möhürün olmaması həmin sənədin hüquqi əhəmiyyət kəsb etməməsini təsdiq etmir. Məhkəmə daha sonra qeyd edir ki, obyekt istifadə verilməməsi halında cavabdehin müqavilə bağlanandan az müddət sonra deyil, məhz 4 aydan sonra müqavilənin birtərəfli ləğv edilməsinə dair xəbərdarlıq etməsi göstərilən müddət ərzində obyektin ondan öz mülahizəsinə görə istifadə edib-etməməyindən asılı olmayaraq sahənin cavabdehdə olması faktını təsdiq edir. Məhkəmə cavabdeh tərəfin obyektin dövlət reyestrindən qeydiyyatdan keçməsi barədə heç bir sənəd mövcud olmaması və bununla da müqavilənin 1.3-cü bəndinin tələblərinə riayət edilməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, cavabdeh müqaviləni bağlayarkən ünvan 2 ünvanında inşa edilən yaşayış binasının İ mərtəbəsində yerləşən ümumi sahəsi 393 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olmasını, lakin dövlət reyestrindən qeydiyyatdan keçməsi barədə heç bir sənəd mövcud olmamasını bilsə də, həmin sahənin İddiaçı ilə "xxxx" MTK arasında bağlanılmış müqavilə və maliyyə arayışı ilə iddiaçıya məxsus olması təsdiqlənmişdir. İcarə müqaviləsində ünvan 2 ünvanında inşa edilən yaşayış binasının İ mərtəbəsində yerləşən ümumi sahəsi 393 kv.m qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu qeydə alınaraq çıxarış əldə etdikdən sonra icarə hüquq münasibətlərinin yaranması ilə bağlı cavabdeh tərəfin dəlillərinə məhkəmə qiymət verərək əsassız sayır. Belə ki, əvvəla ünvan 2 ünvanında inşa edilən yaşayış binasının İ mərtəbəsində yerləşən ümumi sahəsi 393 kv.m qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu qeydə aldıraraq çıxarış əldə etməsinin konkret tarixi göstərilməmiş və göstərilə də bilməzdi. Belə ki, tərəflər qeyriyaşayış sahəsinin yerləşdiyi binanın dövlət aktı əsasında təhvil alınmamasını təsdiq etmişlər və iddiaçı tərəfin izahatlarına əsasən bu təhvil almanın vaxtı dəqiq müəyyən deyil. Buna baxmayaraq həmin sahədən təyinatı üzrə istifadə edilməsinə də qadağa qoyulmamış, ora elektrik şəbəkəsinə qoşulmuş və texniki şərt verilmişdir. Cavabdeh həmin sahəni mövcud vəziyyətdə (yeni tikilmiş və təmir olunmamış) icarəyə götürmüş, lakin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin icarə sahəsini 45 kvt./saat elektrik enerjisi ilə təchiz etmək öhdəliyi olsa da cavabdehin müraciətinə əsasən icarə sahəsini 60 kvt./saat elektrik enerjisi ilə təchiz etməsinə dair cavabdehin etirazının dəlili ilə bağlı məhkəmə qeyd edir ki, icarə sahəsini elektrik enerjisi ilə təchiz etmək üçün müqavilədə göstərilən 45 kvt./saat deyil, 60 kvt./saat ilə təhciz etmək müqavilə şərtinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, bu qeyriyaşayış sahəsinin hər hansı təyinatla istifadəsi zamanı daha yaxşı istifadə edə bilməsi üçün texniki cəhətdən əlverişlidir. Qeyd etmək lazımdır ki, müqavilənin 3.2-ci bəndində qeyd olunan müddətin axımı və icarə haqqının hesablanmasının obyekt təhvil verildikdən 4 ay sonra başlaması müddəası, müqavilənin 8.5-ci bəndində qeyd olunan təmir müddətinin 4 ay təşkil edilməsi faktı ilə vəhdət təşkil edir. Belə ki, İcarə haqqının 4 ay sonra başlanması barədə razılığın əsas səbəbi İcarəyə verənin həmin aylarda icarə haqqından alacağı faydanı, obyektin təmiri zamanı alacağı fayda ilə əvəzləşdirməsi və qarşılıqlı şəkildə razılaşdırmasıdır. İcarəçi tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi, o cümlədən təmir-bərpa işləri icra edilmədiyi üçün qeyd olunan müddəalar öz qüvvəsini itirir və icarə haqqının hesablanması icarə müqaviləsi bağlandığı və qüvvəyə mindiyi andan başlayır. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən vəzifələri yerinə yetirdiyi halda Cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuş, icarə haqqını ödəməmiş və elektrik enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün ödənilən xərc də daxil olmaqla, cəmi 59.388 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 680.2-ci maddəsinə əsasən kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. - 684.2- ci maddəsinə əsasən kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. - 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. - 690.2-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmənin qənaətinə görə Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında icarə müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pul tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. MM-in 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. MM-in 386.2-ci maddəsinə görə bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. İstənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd olunan normaların müddəaları tətbiq edildiyi halda müqavilə üzrə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Plenum Qərarına əsasən Hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Belə ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Məhkəmə sadalanan hüquq normalarının tələblərinə və işin faktiki müəyyən edilmiş hallarına əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 18 avqust 2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı üzrə 45700 manat, bu müddət ərzində müqavilənin cavabdeh tərəfindən icra edilməməsinə görə dəymiş maddi zərəri 13688 manat təşkil edir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 268,16 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 18 avqust 2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqına 45700 manat, müqavilənin cavabdeh tərəfindən icra edilməməsinə görə dəymiş maddi zərərə görə 13688 manat, ümumilikdə 59388 manat məbləğində pul və ödənilmiş 268,16 manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 18 avqust 2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqına 45700 manat, müqavilənin cavabdeh tərəfindən icra edilməməsinə görə dəymiş maddi zərərə görə 13688 manat, ümumilikdə 59388 manat məbləğində pul və ödənilmiş 268,16 manat dövlət rüsumu Cavabdeh MMCdən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2105/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2105/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver