Məhkəmə qərarları › İş №e-2(006)-2129/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2129/2025

17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2129/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçı "xxxx" X3 nümayəndəsi X2, cavabdeh LPO “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nin nümayəndəsi X6 iştirakları ilə, iddiaçı "xxxx" X3 cavabdehlər LPO “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" X7 cavabdehlər Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X4 vurulmuş 2.180 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 idarə etdiyi **-LF-*** dövlət qeydiyyat nişanlı “Daewoo BS090 Avtobus” markalı avtomobil ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Olimpia stadionu istiqamətindən Ak.Həsən Əliyev küçəsinə gedən avtomobil yolunda yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus 1 ədəd işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 2180 manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ-nin Təhqiqat Şöbəsində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Sözügedən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara, Sabunçu rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı X12 Protokola və xx.xx.2022-ci il tarixli TP5252363 İnzibati tənbeh vermə haqqında qərara əsəsən, qeyd edilən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-LF-*** dövlət qeydiyyat nişanlı “Daewoo BS090 Avtobus” markalı avtomobilin sürücüsü Cavabdeh2 tanınmışdır. Hadisə zamanı **-LF-*** dövlət qeydiyyat nişanlı “Daewoo BS090 Avtobus” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası, hal-hazırda ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. Qeyd edir ki, hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X3 balansına verilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddianı qanuni və əsaslı sayaraq hesab edir ki, müəssisəyə vurulmuş 2180 manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlər Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və Cavabdeh2 tutularaq "xxxx" X4 ödənilməlidir. Tərəfindən cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş lakin onlar üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Qeyd edir ki, Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvedicisinə də rəsmi qaydada müraciət edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nin nümayəndəsi X10 iddia tələbini qəbul etmədi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* saylı X12 protokoldan və xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə saat 01:00-da **-LF-*** dövlət qeydiyyat nişanlı “Daewoo BS090 Avtobus” markalı avtomobili idarə edərkən yol hərəkəti qaydalarının tələblərini pozmuş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə avtomobili yol kənarında olan işıq dirəyinə vuraraq, iddiaçıya maddi ziyan vurmuşdur. Bu səbəbdən, o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. "xxxx" X7 tərəfindən tərtib edilmiş smetadan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Olimipya Stadionu istiqamətindən Ak. Həsən Əliyev küçəsinə gedən avtomobil yolunda **- LF-*** dövlət qeydiyyat nişanlı “Daewoo BS090 Avtobus” markalı avtomobillə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərc 2.180 manat təşkil etmişdir. 14 mart 2024-cü il tarixli 3-52-5/2-500/2024 saylı məktubdan görünür ki, "xxxx" X7 Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, **-LF-*** dövlət qeydiyyat nişanlı “Daewoo BS090 Avtobus” markalı avtomobilin həmin sığorta şirkətində «nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə sığortalandığını, sığorta hadisəsi baş verdiyini, müəssisəyə 2.180 manat ziyan vurulduğu bildirilmiş, qeyd olunanların nəzərə alınaraq müəssisəyə dəymiş maddi ziyana görə ödənişin müvafiq bank hesabına köçürülməsini xahiş etmişdir. Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X9 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı Cavabdeh2 izahat verərək bildirmişdir ki, o, DCD dərəcəli sürücülük hüququna malikdir.xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində o “Salamov Rövşən" MMC-nə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi “Daewoo” markalı **-LF-*** d.q.n-lı 55 saylı sərnişin avtobusunda işini başa çatdırdıqdan sonra avtobusu qaraja aparılması üçün Sabunçu rayonu, Heydər Əliyev prospektində yerləşən Olimpiya stadionu yaxınlığında üzü Sabunçu qəsəbəsi istiqamətində təxminən 40-50 km saat sürətlə hərəkətdə olarkən anidən yuxulamağı ilə bağlı idarəetməni itirib idarə etdiyi avtobusun ön hissəsi ilə yaşıllıq ərazisində quraşdırılmış işiq dirəyinə dəyərək YNH-si baş vermişdi. Hadisə zamanı sol ayağından xəsarət almışdır.Aldığı xəsarətlə bağlı 3 saylı ŞKX-na gedərək müayinə olunmuşdur.Hadisədən bir qədər sonra baş vermiş YNH-si ilə bağlı kənarda olan şəxslər yaxınlaşaraq ona və avtobusa köməklik etmişlər.Həmin vaxtı orada olan şəxslər köməklik edib işiq dirəyini yolun hərəkət hissəsindən uzaqlaşdırarkən anidən işiq dirəyi ehtiyatsızlıqdan fırlanaraq adını sonradan bildiyi X1 dəyərək xəsarət yetirmişdir.Daha sonra Cavabdeh2 bildirmişdir ki, hadisə Sabunçu rayonu, Heydər Əliyev prospekti Olimpiya stadionun yaxınlığında olmuşdur. Hadisə zamanı avtobusda tək olmuşdu, ondan başqa heç kim olmamışdır. Sabunçu rayonu, Heydər Əliyev prospekti Olimpiya Stadionu 3 gediş və 3 gəliş olmalqa, iki istiqamətli, asfalt örtüklü, düz hamar yol nişanları və maksimum 60 km saat sürətlə tənzimlənən yoldur. Eyni zamanda hərəkət istiqamətləri yaşıllıq səkilər ayırır. Qeyd olunan yol ilə üzü Sabunçu qəsəbəsi istiqamətində 40-50 km saat sürətlə hərəkətdə olarkən anidən idraəetməni itirib avtobusun ön hissəsi ilə yaşıllıq ərazidə olan işiq dirəyinə dəyərək YNH-si baş vermişdi.İdarə etdiyi “Daewoo” markalı **- LF-*** d.q.n-lı avtobus texniki cəhətdən saz vəziyyətdə olmuşdur.Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Hadisə zamanı “Daewoo” markalı **-LF-*** d.q.n-lı avtobusun yük hisəsində hər hansı çəkidə yük olmamışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2025-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin TŞ tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Böyükşor ərazisində Cavabdeh2 idarə etdiyi “Daewoo” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtobusla törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər İşığı Müəssisəsinə məxsus bir ədəd işıq dirəyi zədələnmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 904.2-ci maddəsinə əsasən, sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və yə hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 20.2-ci maddəsinə əsasən, bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 56-cı maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə, üçüncü şəxsə dəyə bilən zərərə görə sığorta məbləği 5000 manat müəyyən edilir. «Yol hərəkət haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddia ərizəsində qeyd edilən tarixdə və vaxtda sığorta hadisəsi baş vermiş və nəticədə iddiaçıya 2.180 manat məbləğində maddi ziyan vurulmuşdur. Lakin, bununla bağlı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddiaçıya heç bir ödəniş etməmişdir. Məhkəmə diqqətə çatdırır ki, sığorta müqaviləsi üzrə Cavabdeh2 idarə etdiyi **-LF-*** dövlət qeydiyyat nişanlı “Daewoo BS090 Avtobus” markalı nəqliyyat vasitəsi üzrə mülki məsuliyyətin icbari sığortası 5.000 manatadək sığortalanmışdır. Hazırda da iddiaçıya dəymiş zərərin məbləği 5.000 manatdan az olduğundan, dəymiş zərərin əvəzi cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddia tələbi təqsirli olan, lakin mülki məsuliyyəti sığortalanmış sürücüyə münasibətdə əsaslı hesab edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən vurulmuş maddi ziyanın əvəzi 2.180 (iki min bir yüz səksən) manat iddiaçı "xxxx" X3 xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə əvəzi 2.180 (iki min bir yüz səksən) manat məbləğində pul vəsaiti cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı "xxxx" X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar