Məhkəmə qərarları › İş №e-2(006)-2138/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2138/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2138/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7.531 manat 26 qəpik əsas borc, 254 manat 24 qəpik faiz, 50 manat 14 qəpik cərimə olmaqla, cəmi 7.835 manat 64 qəpik borcun və ödənilmiş 98 manat 76 qəpik dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 7 % ödəmək şərti ilə 7.684 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci bəndinə əsasən bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borc alanın mülkiyyətinə verir və borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə "xxxx" KB ASC-yə 7.531 manat 26 qəpik əsas borc, 254 manat 24 qəpik faiz, 50 manat 14 qəpik cərimə olmaqla, cəmi 7.835 manat 64 qəpik borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi X1 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında banka borcu olduğunu qəbul etdiyini, bu borcu mərhum həyat yoldaşının xəstəliyi ilə bağlı götürdüyünü, evinin satılmasını gözlədiyini, satıldığı təqdirdə tez bir zamanda borcunu ödəyəcəyini qeyd edərək, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 4956nkADJ/21 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 7 % ödənilməsi şərti ilə 7.684 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixə 7.531 manat 26 qəpik əsas borc, 254 manat 24 qəpik faiz, 50 manat 14 qəpik cərimə olmaqla, cəmi 7.835 manat 64 qəpik borcunun olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə "xxxx" KB ASC-dən 7.684 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Məhkəmə işə obyektiv, hərtərəfli baxılması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspert qarşısında zəruri suallar qoymuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2022-ci il tarixli, 9/6388 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4956nkADJ/21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə: -əsas borc üzrə - 7.555 manat 02 qəpik; -faiz borcu üzrə - 235 manat 04 qəpik. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" KB ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 98 manat 36 qəpik məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsinə əsasən 7.531 manat 26 qəpik əsas borc, 22 sentyabr 2022-ci il tarixli, 9/6388 saylı ekspert rəyinə əsasən 235 manat 04 qəpik faiz borcu, 50 manat 14 qəpik cərimə olmaqla, cəmi 7.816 manat 44 qəpik məbləğində borc, ödənilmiş 98 manat 36 qəpik dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Ekspertiza xərci olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 7.531 manat 26 qəpik əsas borc, 235 manat 04 qəpik faiz, 50 manat 14 qəpik cərimə olmaqla, cəmi 7.816 manat 44 qəpik məbləğində borc, ödənilmiş 98 manat 36 qəpik dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Ekspertiza xərci olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar