Məhkəmə qərarları › İş №e-2(006)-2139/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2139/2025

24.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2139/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2220 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 42.40 manat dövlət rüsumu, ümumilikdə 2262.40 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" ASC-nın Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X13-Prado” markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində PME********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “X13-Prado” markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “Mercedes Benz” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunan qərara əsasən “X13 Prado” markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtobumobilin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı avtomobili etibarnamə olmadan idarə etmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 2220 manat məbləğində maddi zərər dəymişdir. 29 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X11 tərəfindən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə Qərar qəbul edilmişdir. Bu Qaydalara əsasən hesablaşma zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısının arasında həyata keçirilir. Bu hesablaşmaların həyata keçirilməsi məqsədilə İcbari Sığorta Bürosu tərəfindən hesablaşma bankında açılan və iştirakçılar tərəfindən vəsaitlərin ödənildiyi bank hesabı - xüsusi hesab mövcuddur. Beləliklə, "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərərçəkən tərəfin sığortaçısı olan "xxxx" ASC-nin hesabına 2220 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, avtomobili idarə etmək üçün ona 10 il müddətinə etibarnamə verilmişdir. Hadisə zamanı etibarnamə qüvvədə olmuşdur. Vurulmuş zərərin məbləği 150 manatdan artıq deyildir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Land-Cruiser Prado» minik markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan sığortaçı Meqa Sığorta ASC ilə sığortalı X8 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və xx.xx.2024-cü ilə qədər qüvvədə olan icbari sığorta müqaviləsinin surətindən görünür ki, ** ZM *** dövlət qeydiyyat nişanlı “Toyota Land- Cruiser Prado” markalı nəqliyyat vasitəsi 5000 manat məbləğində sığorta olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin sürücülük vəsiqəsi “B1, B” kateqoriyalı olmaqla, Cavabdeh xx.xx.2023cü il tarixdən xx.xx.2027-ci il tarixədək verilmişdir. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin Yol Patrul Xidməti tərəfindən xx.xx.2023cü il tarixdə tərtib edilmiş TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, həmin qərar Cavabdeh «Toyota Land-Cruiser Prado» minik markalı, ** ZM *** dövlət qeydiyyat nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi və 40 manat cərimə edilməsi haqqında tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmlaka dair yekun qüsur aktından görünür ki, «Mercedes E 300» minik markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin məbləği 2220 manat təşkil edir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes E 300» minik markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-V № 456335 saylı etibarnamənin surətindən görünür ki, həmin etibarnamə X9 tərəfindən «Mercedes E 300» minik markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilindən istifadə edilməsi üçün X1 verilmişdir. İş materiallarında olan sığorta aktından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində X5 2220 manat məbləğində dəymiş ziyanın ödənilməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci və 922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1–ci maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2- maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindəndir. Həmin qanunun 6.2-ci maddəsinin tələblərinə görə mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin qanunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında (bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır) sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin qanunun 53.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsi ilə hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəd qismində sürücülük vəsiqəsi müəyyən edilmişdir. Qeyd olunan hüquq normaların tətbiqi ilə yanaşı, iddia tələbində qoyulan məsələnin həllinə dair məhkəmə təcrübəsini formalaşdıran yuxarı və ali instansiya məhkəmələrinin mövqeləri mövcuddur (misal olaraq: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-5304/2022 nömrəli iş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024cü il tarixli 2(102)-3399/2024 nömrəli iş üzrə qərarları). Beləliklə, Məhkəmə qeyd edir ki, qanunun tələblərinə əsasən «Toyota Land-Cruiser Prado» minik markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari qaydada sığortlanmasına dair müqavilənin əsas məqsədi müqavilədə göstərilmiş əmlakın, yəni sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs tərəfindən istismarı nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi təşkil edir. Yalnız bu tələblərə riayət edilmədiyi halda zərəçəkmiş şəxsə ödənilmiş sığorta ödənişi reqres qaydada geri tələb edilə bilər. Yol nəqliyyat hadisəsi törədilən zaman cavabdehin müvafiq kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək səlahiyyətini müəyyən edən sürücülük vəsiqəsi olmaqla, avtomobili etibarnaməsi olmadan idarə etməsi işin halları ilə öz təsdiqini tapır. Bu hal isə, onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə etibarnamə olmadan avtomobili idarəetmə anlayışlarına qanunvericilikdə qoyulmuş fərqlərə diqqət yetirmək lazımdır. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, etibarnamənin olmamasının sığortaçıların mənafeyinin qorunması ilə bağlı əlaqəsi yoxdur. Belə olan halda, avtomobili idarə etmək üçün qanuni əsas qismində etibarlı sürücülük vəsiqəsinin olması yetərlidir, “etibarnamə olmadan” avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil. Nəqliyyat vasitəsini idarə etmək “hüququ olmayan şəxs” dedikdə isə, avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmayan şəxsdir. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, “hüququ olmayan şəxs” tərəfindən sığortalının və ya sığorta olunanın xəbəri olmadan nəqliyyat vasitəsini istismar etməsi halının sübutetmə yükü iddiaçının üzərindədir. Qeyd olunanlarla yanaşı, məhkəmə iclasında cavabdeh idarə etdiyi nəqliyyat vasitəsinin əvvəllər ona məxsus olduğunu, sonra isə nəqliyyat vasitəsini qızına, yəni hadisə zamanı mülkiyyətçi olan X6 ötürdüyünü bildirmişdir. Hadisə baş verdiyi anda nəqliyyat vasitəsinin mülkliyyətçinin iradəsi ziddinə götürülməsi və istismar edilməsi sübut edilməyənə qədər nəqliyyat vasitəsinin cavabdehin sahibliyinə və istifadəsinə verilməsi qanuni hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nın Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar