Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2141/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 120759-CNS-8929 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə yaranmış 483,53 rubl əsas borc, 8.269,61 rubl faiz, 16.619,95 rubl cərimə olmaqla, ümumilikdə 25.373,09 rubl pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinə etiraz etdiyini bildirmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2141/2024 saylı qərardadı ilə mübahisəyə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışlar ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 120759-CNS-8929 saylı «nağd pul krediti müqaviləsi»nə əsasən Cavabdeh istehlak məqsədilə illik 20 faiz hesablanması şərti ilə 36 ay müddətinə 253.500 rubl məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2017-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 25.373,09 rubl məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bank tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. Cavabdeh məhkəməyə iddiaya etiraz və iddia müddətinin təbiq edilməsi barədə ərizə göndərərək bildirmişdir ki, onun həmin banka heç bir borcu qalmamışdır. Bunu bankın əməkdaşları özləri də şifahi danışıqlar zamanı təsdiq edirlər və bildirirlər ki, öz işçilərinin səhlənkarlığı nəticəsində bu borc sistemdə qalmışdır. Bu səbəbdən də ona qarşı indiyədək heç bir tələbləri olmamışdır. Hazırda üzərlərində bu məbləğ açıq qaldığından məhkəməyə müraciət etməli olmuşlar. Bundan başqa, onun ümumiyyətlə İddiaçı ASC-yə borcu qalmamışdır. Bunu hazırkı müraciətinə əlavə etdiyi problemli kreditlərin kompensasiyası adlı sənəddən də görmək mümkündür. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı onun bu kredit öhdəliyinə də şamil olunmuşdur. Bundan sonra ona 2.260,97 manat kompensasiya hesablanmış, «borcların ödənilməsinə yönələn hissə» adlı punktdan göründüyü kimi 508,59 manat öhdəliyə yönəlməklə ona 1.752,38 manat pul («vətəndaşa çatan hissə» adlı punkt) ödənilmişdir. Əgər onun banka daha çox borcu olmuş olsaydı, məbləğin qalan hissəsi də tutulardı və ona pul qaytarılmazdı. Əlavə olaraq bildirir ki, müqavilə üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün Mülki Məcəllə ilə nəzərdə tutulmuş müddət başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd olunanlara əsasən İddiaçı ASC-nin ona qarşı hazırki iddia tələbinə iddia müddətini tətbiq etməklə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasına üzürlü səbəbdən gələ bilmədiyini, iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmədən mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 120759-CNS-8929 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 253.500 rubl məbləğində kredit verilmişdir. 31 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 483,53 rubl əsas borc, 8.269,61 rubl faiz, 16.619,95 rubl cərimə olmaqla, ümumilikdə 25.373,09 rubl borcunun olduğu qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə 20 fevral 2024-cü il tarixdə pretenziya məktubu göndərmiş və iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2014-cü il tarixində “nağd pul krediti müqaviləsi” bağlanmışdır. İş materiallarında olan məhkəməyə təqdim edilmiş problemli kreditlərin kompensasiyasına dair hesabatdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 120759-CNS-8929 saylı kredit müqaviləsinə əsasən 2260,97 manat kompensasiya məbləği hesablanmışdır. Həmin məbləğdən 508,59 manat borcun ödənilməsinə yönələn hissə, 1752,38 manat isə borcalana çatası hissə təşkil etmişdir. Həmin Müqavilənin 7.1-ci maddəsindən görünür ki, kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin Banka tam icra olunduğu andan qüvvədən düşür. Göründüyü kimi, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı onun bu kredit öhdəliyinə də şamil olunmuşdur. Bundan sonra cavabdehin Banka olan borcu hesabata əsasən 508,59 manat borcun ödənilməsinə yönəlmiş, qalan 1752,38 manat məbləğ borcluya ödənilmişdir. Öhdəlik icra edilmiş və Cavabdeh İddiaçı ASC qarşısında hazırki müqavilə üzrə hər hansı icra edilməmiş öhdəliyi qalmamışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh iddia ərizəsinə etirazla birlikdə eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Ərizədə iddia tələbinin əsassız olması ilə yanaşı iddia müddətinin ötürüldüyü qeyd edilmişdir. Məhkəmə iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsassız olmaqla yanaşı iddia müddəti də ötürülmüşdür. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə 36 ay müddətinə bağlanılmış və beləliklə müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. İddia ərizəsindən də göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən hər hansı ödəniş edilməmişdir. Beləliklə, iddiaçının hazırki müqavilə üzrə tələb etmə müddəti (Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il) xx.xx.2020-ci ildə bitmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı cavabdehə 20 fevral 2024-cü il tarixdə pretenziya məktubu göndərmiş və iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, iddia tələbi özlüyündə əsassız olduğundan iddia müddətinə dair ərizəyə münasibət bildirilmədən iddia tələbi rədd edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2141/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2141/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver