Məhkəmə qərarları › İş №e-2(006)-2141/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2141/2025

07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2141/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Qaralov İlqar Zahid oğlu, iddiaçı «****» Açıq Səhmdar Cəmiyyətinin cavabdeh AAA oğluna qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı «****» Açıq Səhmdar Cəmiyyəti cavabdeh AAA oğluna qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İsuzu NKR 55 LLCAJ Yük” markalı, 90NG433 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində PME********** saylı müqavilə ilə “****” ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində AAA oğlunun idarə etdiyi “İsuzu NKR 55 LLCAJ Yük” markalı, 90NG433 dövlət qeydiyyat nişanlı avtomobil Xırdalan şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “Mazda CX-5” markalı, 99RA515 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan hadisə ilə bağlı Abşeron rayon DYP tərəfindən tərtib olunan qərar əsasən “İsuzu NKR 55 LLCAJ Yük” markalı, 90NG433 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü cavabdeh AAA oğlu inzibati xətanı törətməkdə təqsirli bilinmiş, yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 666 (altı yüz altmış altı) manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Mərkəzi X6 tərəfindən “yol-nəqliyyat hadisəsində zərəçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”lara əsasən hesablaşma zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısının arasında həyata keçirilir. Bu hesablaşmaların həyata keçirilməsi məqsədilə İcbari Sığorta Bürosu tərəfindən hesablaşma bankında açılan və iştirakçılar tərəfindən vəsaitlərin ödənildiyi bank hesabı – xüsusi hesab mövcuddur. İddiaçı qeyd edilən yol-nəqliyyat hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərərçəkən tərəfin sığortaçısı "xxxx" ASC-nin hesabına 666 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə ilə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Buna görə də “İsuzu NKR 55 LLCAJ Yük” markalı, 90NG433 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü AAA oğlu bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Qeyd olunanlara əsasən cavabdeh AAA oğlundan 666 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 696.40 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi, bildiriş və işin icraata götürülməsi barədə qərardad cavabdeh AAA oğluna rəsmi qaydada poçt vasitəsilə göndərilmiş, lakin cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir.

4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. xx.xx.2022-ci il tarixli, PME********** №-li İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, Sığortaçı «****» Açıq Səhmdar Cəmiyyəti ilə sığortalı X1 arasında “İsuzu NKR 55 LLCAJ Yük” markalı, 90NG433 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sığortası barədə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədə olması razılaşdırılan İcbari Sığorta Müqaviləsi bağlanmışdır.

7. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, AAA oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində “100” manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

8. xx.xx.2023-cü il tarixli Sığorta Aktından görünür ki, xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində baş vermiş toqquşma zamanı zərərvuran “İsuzu NKR 55 LLCAJ Yük” markalı, 90NG433 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, zərərçəkən Mazda CX-5 markalı, 99RA433 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmuş, sığorta ödənişinin məbləği "xxxx" ASC tərəfindən 666 manat müəyyən edilmişdir.

9. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 xx.xx.2023-cü il tarixli sığorta aktına əsasən 666 manat məbləğində pul köçürülmüşdür.

10. Zərərin hesablanması aktından görünür ki, Mazda CX-5 markalı, 99RA433 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin yekun məbləği 666 manat müəyyən edilmişdir.

11. «****» Açıq Səhmdar Cəmiyyəti tərəfindən AAA oğluna göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, AAA oğlundan 10 gün müddətində 666 manat məbləğində sığorta ödənişi məbləğinin ödənilməsi xahiş edilmiş, ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

12. Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat komissiya ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə müəyyən etdi ki, Sığortaçı «****» Açıq Səhmdar Cəmiyyəti ilə sığortalı AAA oğlu arasında “İsuzu NKR 55 LLCAJ Yük” markalı, 90NG433 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sığortası barədə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədə olması razılaşdırılan İcbari Sığorta Müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə AAA oğlunun idarə etdiyi “İsuzu NKR 55 LLCAJ Yük” markalı, 90NG433 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə X2 idarə etdiyi Mazda CX-5 markalı, 99RA433 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərar ilə AAA oğlu Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə təqsirli bilinmişdir. xx.xx.2023cü il tarixli sığorta aktına əsasən 666 manat məbləğində pul "xxxx" ASC tərəfindən X3 ödənilmişdir. Cavabdehə xəbərdarlıq bildirişi göndərilməsinə baxmayaraq, 666 AZN məbləğində sığorta ödənişi iddiaçıya subroqasiya qaydasında ödənilməmişdir.

c) Məhkəmənin mövqeyi:

14. Məhkəmə qeyd edir ki, cavabdeh AAA oğlu tərəfindən idarə edilən “İsuzu NKR 55 LLCAJ Yük” markalı, 90NG433 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X2 idarə etdiyi Mazda CX-5 markalı, 99RA433 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və cavabdeh AAA oğlu təqsirli olmuşdur. Buna görə onun barəsində İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş tənbeh tədbirləri tətbiq edilmişdir. Yəni, cavabdeh tərəfindən Mazda CX-5 markalı, 99RA433 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisinə ziyan dəymişdir. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması sığorta ödənişini vermiş sığortaçıya münasibətdə hadisəni törədən şəxsə qarşı subroqasiya hüququnun yaranması üçün əsasdır.

15. Mazda CX-5 markalı, 99RA433 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər onun sığortaçısı olan "xxxx" ASC tərəfindən 666 manat məbləğində qiymətləndirilmiş və həmin məbləğ Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022ci il tarixli, 25/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qaydalar”a əsasən, "xxxx" ASC tərəfindən X2 hesabına köçürülmüşdür. Mərkəzi bankın qeyd olunan qərarına görə zərərçəkənin sığorta şirkəti zərərçəkənə müvafiq zərər məbləğini ödəyir, daha sonra zərərvuranın sığorta şirkəti həmin məbləği zərərçəkənin sığorta şirkətinə xüsusi hesab vasitəsilə ödəyir. Hazırkı mübahisə üzrə həmin məbləğ “****” ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “****” ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Buna görə də iddia tələbi təmin edilməli, cavabdehdən yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş 666 manat sığorta ödənişinin məbləği tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri 30,40 manat olmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25.1.8. bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Maddə 63.1. bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Maddə 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir.

20. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh AAA oğlundan 666 (altı yüz altmış altı) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 696,40 (altı yüz doxsan altı manat qırx qəpik) manat məbləğində pul tutulub iddiaçı “****” ASC-yə ödənilməlidir.

Nəticə:

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh AAA oğlundan 666 (altı yüz altmış altı) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 696,40 (altı yüz doxsan altı manat qırx qəpik) məbləğində pul tutulub iddiaçı “****” ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar