Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2142/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X5 və cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X7 iştirakları ilə İddiaçı "xxxx" X2 cavabdehlər ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" X8 cavabdehlər ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 idarə etdiyi **-EX-*** dövlət qeydiyyat nişanlı “X15” markalı avtomobil ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə, "xxxx" X4 məxsus 1 ədəd işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 1264.00 manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı Binəqədi RPİ-nin Təhqiqat Şöbəsində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Sözügedən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara, Binəqədi rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı X11 Protokola və xx.xx.2022-ci il tarixli TP5024208 X13 haqqında qərara əsəsən, qeyd edilən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-EX-*** dövlət qeydiyyat nişanlı “X15” markalı avtomobilin sürücüsü Cavabdeh2 tanınmışdır. Hadisə zamanı **-EX-*** dövlət qeydiyyat nişanlı “X15” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası, hal-hazırda ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X2 balansına verilmişdir. İddia qanuni və əsaslı sayılaraq hesab edilir ki, müəssisəyə vurulmuş 1264.00 manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlər Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və Cavabdeh2 tutularaq "xxxx" X4 ödənilməlidir. Tərəflərindən cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş, lakin onlar üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Qeyd edilir ki, Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvedicisinə də rəsmi qaydada müraciət edilmişdir. Göstərilənlərə əasən "xxxx" X4 vurulmuş 1264.00 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirmişdir ki, qeyd edilən iş ilə bağlı olaraq cinayət işinin başlanılmasının rədd qərarı vardır ki, orada bütün hadisələr təfsilatı ilə qeyd edilmişdir. Xəsarət olmayan işlərdə isə inspektor hadisə üzrə sxem hazırlayır və sxemdə toxunulan həmin hissələr şəkilləri ilə göstərilir. Həmçinin, bununla bağlı izahat da alınır. “Forma 4” arayışının olmaması sığorta ödənişinin edilməsindən imtina üçün əsas deyildir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq “Forma 4” arayışının sığorta şirkətinin özünə təqdim edildiyini bildirmişdir. 4.Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Mülki Məcəllənin 59-61-ci maddələri ilə ləğv prosesini həyata keçirən ləğv komissiyası kreditor tələbini irəli sürdükdən sonra sənədlər təqdim edilməlidir ki bunlardan da forma 4 arayışı təqdim edilməlidir. İddiaçı özü bununla bağlı səhlənkarlıq edərək sənədlərin alınması üçün cəhd göstərməmişdir. Analoji digər işdə də Bakı Apellyasiya Məhkəməsinin son qərarına əsasən forma 4 təqdim edilmədən iddianın təmin edilməsi mümkün olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, “Forma 4” arayışının yol nəqliyyat hadisəsinin iştirakçıları və ödəniş etmək səlahiyyəti olan sığorta şirkətinə təqdim edilməli olduğunu, “Forma 4” arayışının Mərkəzi Bank tərəfindən birbaşa təsdiqlənmiş nəzarətedici qurum olaraq sığorta hadisəsinin təfsilatı barədə ümumi məlumatların təqdim edildiyi sənəd olduğunu və bu arayışın mütləq qaydada olmalı olduğunu, hadisənin sığorta hadisəsi kimi təqdiq edilməsi üçün “Forma 4” arayışının olmalı olduğunu qeyd etmişdir. 5.Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında qeyd etmişdir ki, hadisə 22 aprel 2022-ci il tarixdə baş vermiş, onun avtomobili işıq dirəyinə dəymiş və avtomobilinə təxminən 4400 manat məbləğində maddi ziyan dəymişdir. Onun təxminən 3000 manatı sığorta şirkəti tərəfindən qarşılanmışdır. İddia tələbinin ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. 6.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X8 tərəfindən Binəqədi rayon Polis İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli, 01-04/285 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində "xxxx" EŞM-yə məxsus 1 ədəd Sink örtüklü 2 çıraqlı işıq dirəyi naməlum sürücünün idarə etdiyi Hyundai markalı, **- EX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulub sıradan çıxarılmış və nəticədə müəssisəyə 1264 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəməyə müraciət etmək və müəssisəyə dəymiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə qəzanı törədən şəxs barəsində ətraflı məlumatı və hadisə ilə bağlı toplanmış bütün materialların təsdiq edilmiş qaydada göndərilməsi xahiş edilmişdir. 9.Mülki işin materiallarında olan Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X6 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarına əsasən icraatında olan vətəndaş X3 yol-nəqliyyat hadisəsi nəticəsində bədən xəsarəti alması faktı əsasında Binəqədi RPİ-nin Təhqiqat şöbəsində toplanmış HK-1 296 saylı təhqiqat materialı üzrə cinayət hadisəsi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-yə göndərilmişdir. 10.Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli X11 protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə X15 markalı, 50EX396 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 11.Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, TP ******* saylı X13 haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də 60 manat məbləğində cərimə edilmişdir. 12.Mülki işin materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X8 tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbərliyinə ünvanlanan xx.xx.2022-ci il tarixli, 01-04/286 saylı məktuba əsasən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsindəki işıq dirəkləri "xxxx" EŞM-nin balansındadır. xx.xx.2022-ci il tarixində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində "xxxx" EŞM-ə məxsus 1 ədəd “Sink” örtüklü 2 çıraqlı işıq dirəyi naməlum sürücünün idarə etdiyi “Hyundai” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulub sıradan çıxarılmış və nəticədə, müəssisəyə 1264,00 manat maddi ziyan dəymişdir. Zərər vuran şəxsin avtomobili "xxxx" şirkətində icbari sığortalıdır. Müəssisəyə dəymiş ziyanın qeyd olunan bank hesabına köçürülməsi xahiş edilmişdir. 13.Mülki işin materiallarında olan "xxxx" X2 direktoru tərəfindən verilən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində naməlum sürücünün idarə etdiyi “Hyundai” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərclərin smetasına əsasən işıq dirəyinin bərpasına sərf olunan xərclərin cəmi 1264,00 manatdır. 14.Mülki işin materiallarında olan Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilən 2013-cü il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsinin işıqlandırılması "xxxx" EŞM-nin balansına təhvil verilmişdir. 15.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən "xxxx" X2 direktoruna ünvanlanan 22 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi "xxxx" X2 2025-ci il yerli xərclərinin, rüblük və aylıq bölgüsü barədə məlumatları göndərərək, 2024-cü il 27 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun imzalandığını rəhbər tutaraq əlavə olaraq bildirilir ki, məktubla göndərilən təsdiq edilmiş dövlət büdcəsinin göstəriciləri əsas götürülməklə, zərurət yaranarsa aparılmış satınalma planlarında bu göstəricilərə müvafiq dəqiqləşdirmələr edilməklə, 2025-ci ilin yanvar ayından başlayaraq satınalmaların maliyyələşdirilməsinin başlanılması ilə bağlı müvafiq sifarişlərin X1 idarələrinə təqdim olunmalıdır. Eyni zamanda bildirilir ki, idarənin xərc smetası, müəssisə və təşkilatların titul siyahısı qaydada tərtib edilməli və 2025-ci il 24 yanvar tarixinədək Baş Maliyyə idarəsinə təqdim edilməlidir. 16.Mülki işin materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X8 tərəfindən Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin ləğvetmə komissiyasının sədrinə ünvanlanan xx.xx.2024 tarixli, 3-52-5/2-199/2024 saylı məktubuna əsasən mülki məsuliyyətinin icbari sığortası ləğv prosesində olan "xxxx" şirkətində sığotalanmış dövlət qeydiyyat nişanları qeyd olunan avtomobillərin yol nəqliyyat hadisəsi törətməsi nəticəsində müəssisəyə ümumilikdə 102773,83 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunan yol nəqliyyat hadisələri ilə bağlı "xxxx" şirkətinə müraciət olunmuş və bütün lazımi sənədlər sığorta şirkətinə təhvil verilmişdir. Lakin qeyd olunan yol nəqliyyat hadisələri üzrə müəssisəyə dəymiş zərərə görə sığorta ödənişi edilməmiş və bununla bağlı yazılı imtina verilməmişdir. Zərər dəyən əmlak dövlət əmlakıdır, istismarı və texniki xidmətinin təşkili məqsədilə müəssisənin balansına verilmişdir. Dövlət əmlakına dəymiş zərərin bərpa edilməsi məqsədilə qeyd olun yol nəqliyyat hadisələri üzrə sığorta ödənişinlərinin müəssisənin bank hesabına ödənilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 17.Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, 22 aprel 2022-ci il tarixdə Cavabdeh2 idarə etdiyi “X15” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə, "xxxx" X4 məxsus 1 ədəd işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 1264 manat məbləğində maddi ziyan vurmuşdur. “X15” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. Hazırda iddiaçı dəymiş maddi ziyanın əvəzi kimi 1264 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. 18.Cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti isə iddiaçı tərəfindən onlara sığorta hadisəsinin təfsilatı barədə məlumatları özündə əks etdirən “Forma 4” arayışı təqdim edilmədiyinə görə iddia tələbinin ona münasibətdə təmin edilməməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 19.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 20.«İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 20.2-ci maddəsinə əsasən, bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 56-cı maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə, üçüncü şəxsə dəyə bilən zərərə görə sığorta məbləği 5000 manat müəyyən edilir. 21.Göründüyü kimi, hazırki iş üzrə Cavabdeh2 tərəfindən idarə edilən “X15” markalı, 50EX396 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onun tərəfindən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" X4 məxsus 1 ədəd işıq dirəyi və onun özül hissəsi sıradan çıxarılaraq müəssisəyə 1264 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş fotolar da işıq dirəyinə zərər vurulmasını bir daha sübut edir. 22.Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən iddiaçının Cavabdeh2 tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmuş və onun həmin tələbi əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən, "xxxx" EŞM tərəfindən tərtib olunmuş akt əsas götürülməklə 1264 manat olduğu təsdiq olunur. 23.İddiaçı tərəfindən vurulmuş olan zərərin əvəzi qismində 1264 manat tələb edilməklə, həmin zərərin hər iki cavabdehdən tərəfindən ödənilməsi xahiş edilmişdir. Lakin qeyd edilməlidir ki, yol-nəqliyyat hadisəsi Cavabdeh2 tərəfindən törədilmiş olsa da, sonuncunun mülki məsuliyyəti ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Bununla da, törədilmiş olan yolnəqliyyat hadisəsi nəticəsində əmələ gəlmiş zərərə görə məsuliyyət sığorta şirkətinin üzərinə qoyulmalı və iddia tələbi digər cavabdeh olan Cavabdeh2 münasibətdə təmin edilməməlidir. 24.Məhkəmə bu zaman cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin tələbin onlara münasibətdə təmin edilməməli olmasına dair dəlillərini əsassız hesab edir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı “İcbari Sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsinə istinad edərək bildirmişdir ki, iddiaçı tərəfindən şirkətə sığorta hadisəsinin təfsilatı barədə ümumi məlumatların əks olunduğu və hadisənin sığorta hadisəsi olduğunu təsdiq edən sənəd – “Forma 4” arayışı təqdim edilmədiyinə görə iddiaçıya şirkət tərəfindən sığorta ödənişinin verilməsi mümkünsüz olmuşdur. Lakin, məhkəmə cavabdehin nümayəndəsinin hazırki dəlilinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi cavabdehin sığorta ödənişinin verilməsi üçün zəruri hesab etdiyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 24 yanvar 2014-cü il tarixli, Q-03 nömrəli qərarı ilə təsdiq edilmiş “Forma 4” arayışı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdır. 25.Bununla bağlı, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 377.1 və 379-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 aprel 2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsində sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlər sırasında sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış qeyd olunmuşdur. Sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlər sırasında göstərilən arayış həmin maddə ilə nəzərdə tutulmuş müxtəlif hallar üzrə fərqli qurumlar tərəfindən verilir və sığorta hadisəsi hesab edilə bilən halın baş verməsini təsdiq edir, həmçinin dəymiş zərərin müəyyən edilməsinə imkan yaradır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş “arayış” səlahiyyətli orqanın həmin hadisə ilə əlaqəli inzibati xətalar və ya cinayət işi üzrə təqsiri müəyyən edən qərarını ehtiva etmir. 26.Göründüyü kimi sözügedən arayış sığorta hadisəsi hesab edilə bilən halın baş verməsini təsdiq edən sənəd kimi çıxış edir və həmin arayışda hadisənin baş vermə vaxtı, yeri, baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri, yəni sığorta hadisəsinin təfərrüatları orada öz əksini tapır. Qeyd edildiyi kimi arayış hadisəli ilə əlaqəli inzibati xəta və ya cinayət işi üzrə təqsiri müəyyən edən qərarı ehtiva etmir. Yəni, hadisə ilə əlaqəli olaraq hansısa bir inzibati xəta və ya cinayət işi ilə bağlı qərar qəbul edilibsə, artıq bu sığorta hadisəsinin baş verdiyini təsdiq edir. Hazırki iş üzrə də iş materiallarında olan İXP ******* nömrəli X11 protokol, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar və eləcə də xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar sığorta hadisəsinin baş verməsini təsdiq edir. Eləcə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda hadisənin törədilməsində təqsirli olan şəxs, hadisə nəticəsində zərər dəyən əmlak və yol-nəqliyyat hadisəsinin baş verməsinin təfərrüatları öz əksini tapmış və müvafiq ekspertiza keçirilmiş, həmin qərarda isə birbaşa 9-cu bəndində törədilmiş hərəkətin yolnəqliyyat hadisəsi olması müəyyən edilmişdir. 27.Məhkəmə qeyd edir ki, sözügedən sənədlər olmadığı təqdirdə cavabdehin də qeyd etdiyi kimi hadisənin sığorta hadisəsi olub-olmamasını təsdiq edən, eləcə də hadisənin təfərrüatları barədə məlumatın əks oldunduğu arayışın tələb edilməsi zəruri olardı. Bir halda ki, iddiaçı tərəfindən təqdim edilən sübutlarla iddia təsdiq edildiyi üçün yalnız “Forma 4” arayışının iddiaçı tərəfindən təqdim edilməməsi əsası ilə sığorta ödənişinin verilməsindən imtina edilməsi əsassız hesab olunur. 28.Qeyd edilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə dəymiş ziyanın əvəzi olaraq 1264 manat cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı "xxxx" X4 ödənilməli, iddia tələbi digər Cavabdeh2 aid hissədə təmin edilməməlidir. 29.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 30.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Dəymiş ziyanın əvəzi olaraq 1264 (min iki yüz altmış dörd) manat cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı "xxxx" X4 ödənilsin. İddia tələbi digər Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2142/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2142/2025
12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver