Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2145/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə X4 arasında bağlanmış BPM**********40 nömrəli xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən müştəriyə 36 ay müddətinə 500 manat məbləğində kredit kartı verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə olunan məlumata əsasən, X4 xx.xx.2023-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2V-115 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.31 kv.m. olan 2 otaqlı evdən ibarətdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2025ci ilədək Banka ödənilməmiş 500 manat əsas, 19.60 manat faiz borcu olmaqla, cəmi 519.60 manat borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixində 6-2-22/2- 1221/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini iddia ərizəsi verilən günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 500 manat əsas, 19.60 manat faiz borcu olmaqla, cəmi 519.60 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş cavabdeh X5 rəsmi qaydada poçt vasitəsilə göndərilmiş və xəbərnaməyə əsasən, xx.xx.2025-ci il tarixdə cavabdehin evinə çatdırılmış, bununla yanaşı, həmin sənədlər cavabdehə çatdırılması üçün onun iş yeri olan Maraqlı şəxs MMC-yə məxsus elektron kabinetə yerləşdirilmiş, lakin cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. İş materiallarına "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********40 nömrəli tam kart çərçivə müqaviləsi əlavə edilmişdir.
7. Bank kartına kredit limitinin təyin olunmasına dair xx.xx.2021-ci il tarixli razılaşmadan görünür ki, X3 verilmiş kredit kartına 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 500 manat limit təyin edilmişdir.
8. Ölüm haqqında AZ-İİ seriyalı 370899 nömrəli şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür.
9. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli, 2V-115 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41,31 kv.metr olan 2 otaqlı mənzildən ibarətdir.
10. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, X2 vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********40 nömrəli tam kart çərçivə müqaviləsi üzrə X2 banka yaranmış borcunun ödənilməsi barədə xəbərdar edilmişdir.
11. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan və kuryer xidmətləri üçün mədaxil qəbzinin talonundan görünür ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-dən qəbul edilmiş məktub Cavabdeh çatdırılmamışdır. Səbəb: şəxs ünvanda olmur, fərqli ünvan təqdim edir, daha sonra cavab vermir.
12. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir.
13. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X4 ilə bağlanmış kredit müqaviləsi üzrə həmin tarixə 500 manat əsas, 19,60 manat faiz borcu olmaqla, cəmi 519,60 manat məbləğində borc yaranmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********40 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, Məmmədov Məmmədəliyə verilmiş kredit kartına tərəflərin razılaşmasına müvafiq olaraq, 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 500 manat limit təyin edilərək kredit verilmişdir. Müqavilə qüvvədə olduğu müddətdə - xx.xx.2023-cü il tarixdə Məmmədov Məmmədəli vəfat etmiş, onun mirasını oğlu – hazırkı iş üzrə Cavabdeh qəbul etdiyindən, Cavabdeh qanun üzrə vərəsəlik haqqında müvafiq şəhadətnamə (mənzilə dair) verilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərərək, mərhum atasının banka olan borcunu ödəməsini tələb etmişdir. Lakin məktub cavabdehə çatdırılmamış və o, borcu ödəməmişdir.
15. Hazırda iddiaçı cavabdehin mərhum atası ilə aralarında olan müqavilə üzrə mərhumun banka yaranmış 500 manat əsas, 19,60 manat faiz borcu və məhkəmə xərclərinin mirası qəbul etmiş vərəsə kimi cavabdehdən tutulmasını xahiş edir.
c) Məhkəmənin mövqeyi:
16. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı ilə X4 arasında kredit müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək, Məmmədov Məmmədəliyə müəyyən müddətə qaytarılmaq və faiz ödəmək şərtilə müəyyən məbləğdə kredit verməsi, Məmmədov Məmmədəlinin borcunu tam ödəyə bilmədən müqavilə qüvvədə olduğu müddət ərzində vəfat etməsi, onun vəfatından sonra vərəsəliyi oğlu – hazırkı iş üzrə Cavabdeh qəbul etməsi və miras kütləsinə daxil olan əmlaka (mənzilə) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni almasına baxmayaraq, mərhum atasının banka olan qalıq borcunu ödəməməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallardır.
17. Cavabdehin qəbul etdiyi miras əmlakın (Nəsimi rayonu ərazisində 2 otaqlı mənzil) ondan tələb olunan borc məbləğindən (519,60 manat) əhəmiyyətli dərəcədə artıq olması iş üzrə sübut edilməsinə zərurət olmayan hal kimi qiymətləndirilir.
18. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 500 manat əsas, 19,60 manat faiz borcu olmaqla, cəmi 519,60 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir.
d) Tətbiq edilən hüquq və gəlinən nəticə:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı: Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mərkəzi X7 2008-ci il 18 noyabr tarixli 34 nömrəli Protokolu ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi” Qaydalarına uyğun olaraq hər bir bank kredit riski və kreditlərin verilməsi üzrə bankların daxili strategiya və qaydalarına dair minimum tələbləri müəyyən edən bankdaxili qaydalarında kreditlərin verilməsi meyarları, onların ödəniş müddətləri və şərtləri, borcun tutulması, ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrinin hesablanması, güzəştlər, kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçirilməsi halları və s. məsələləri tənzimləyən müddəalar nəzərdə tutmalıdır. Göründüyü kimi, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 500 (beş yüz) manat əsas, 19,60 (on doqquz manat altmış qəpik) manat faiz borcu olmaqla, cəmi 519,60 (beş yüz on doqquz manat altmış qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
23. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
Nəticə:
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat əsas, 19,60 (on doqquz manat altmış qəpik) manat faiz borcu olmaqla, cəmi 519,60 (beş yüz on doqquz manat altmış qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova