Məhkəmə qərarları › İş №e-2(006)-2147/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2147/2022

19.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2147/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.512 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat xidmət haqqı olmaqla, cəmi 2.612 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə onun arasında bağlanmış 26 oktyabr 2017-ci il tarixli AL-1695 saylı daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş «Ravon Nexia R3» markalı ** PL *** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD110067 seriyalı, 2017-ci il buraxılışlı, XWBTF69V9HA039471 ban nömrəli, ağ rəngli) minik avtomobili idarə olunması üçün Cavabdeh2 istifadəsinə verilmişdir. Digər Cavabdeh1 həmin sürücünü onunla tanış etmiş və sonuncunun öhdəliklərini tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh2 hərəkətləri nəticəsində avtomobilə zərər dəymişdir. Belə ki, Cavabdeh2 15 sentyabr 2021ci il tarixdə ona heç bir məlumat vermədən avtomobili «RS Avtoservis»in həyətinə gətirərək orada saxlayıb getmişdir. O, həmin vaxt avtomobilə baxış keçirərkən apornu, ön şüşə, traves, disk, təkərlər və digər bir neçə detallarının yararsız vəziyyətdə olduğunu, bundan başqa avtomobildə dəmirçi, rəngsaz, çilingər, plasmasçı, balans, razval və elektrik işlərinin görülməli olduğunu aşkarlamışdır. Həmin vaxt avtomobili «RS Avtoservis»də təmir etdirmiş və avtomobilin təmir-bərpası üçün ümumilikdə 2.512 manat ödəmişdir. Göründüyü kimi, Cavabdeh2 hərəkətləri nəticəsində avtomobilə 2.512 manat zərər dəymişdir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Digər Cavabdeh1 şifahi öhdəliklərindən imtina edərək, bu məbləği ödəməkdən imtina etmişdir. Cavabdeh2 ilə onun arasında bağlanmış 10 avqust 2021-ci il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci və 4-cü bəndlərinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Bu səbəbdən, cavabdehlərdən maddi ziyan və hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı olmaqla, cəmi 2.612 manat pul vəsaiti tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 10 may 2022-ci il tarixdə ərizə göndərərək, ərizədə qeyd etmişdir ki, 10 avqust 2021-ci il tarixdə o, "xxxx" MMC-yə getmişdir. Orada onu İddiaçı və Cavabdeh1 qarşılamışlar. O, sonunculara demişdir ki, o, sonunculardan icarəyə avtomobil götürmək istəyir. Sonuncular one demişlər ki, əvvəlcədən sonunculara 1.000 manat pul verməlidir ki, o, avtomobili idarə edərkən cərimə edilə bilər və ya avtomobil nasaz olsa təmir etdirmək üçün. Təmir etdirməyə vəsaiti onlara verdiyi puldan çıxacaqlar. O, İddiaçı demişdir ki, onun 900 manat pulu vardır, verirsə avtomobili götürsün. Sonuncu onunla 1.000 manata razılaşıb, «Ravon Nexia R3» markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə ona təqdim etmişdir. O, bu avtomobili bir ay beş gün idarə etmişdir. Həftəlik pulu, yəni aylığı çox olduğu üçün gəlir əldə edə bilməmişdir. Ona çətin gəlmiş, bu səbəbdən 15 sentyabr 2021-ci il tarixdə avtomobili qaytarmışdır. Həftədə İddiaçı 105 manat pul vermişdir, yəni bir ay beş günə 500 manat pul vermişdir. Pulu ondan alanda ona qəbz verməmişlər. Vergidən yayınmaq üçün qeydiyyata düşməsin, vergiyə pul ödəməmişlər. 15 sentyabr 2021-ci il tarixdə avtomobili qaytararkən o, sonunculardan əvvəlcədən verdiyi pulu – 1.000 manatı istəmişdir. Sonuncular ona pulunu qaytarmamışlar, üstəlik ona böhtan ataraq avtomobilin ön şüşə, traves, disk, təkərlər və digər bir neçə detallarının yararsız vəziyyətdə olduğunu ona bəhanə gətirərək 2.512 manat pulu yalandan onun üzərinə yıxaraq, onu məhkəməyə vermişdir. Ona görə ki, gərək o, sonunculara qabaqcadan verdiyi 1.000 manat pulu istəməyib, tələb etməsin. Avtomobili mütəxəssislərindən xəbər öyrənmək olar ki, bir ay beş günə avtomobilin təkərləri, diskləri, traves və digər bir neçə detalları 35 gün müddətində sıradan çıxa bilərmi? Əgər İddiaçı düz insandırsa, düz danışırsa, 15 sentyabr 2021-ci il tarixdə avtomobili qaytarmışdır, nə üçün indi onu məhkəməyə verirlər? 7 ay üstündən keçəndən sonra, onu məhkəməyə verib, böhtan olaraq 2.512 manat pulu ondan qanunsuz olaraq tələb edirlər. O, əvvəlcədən verdiyi pulunu istəyir, sonuncular isə acığa düşüb ona böhtan atırlar. Məhkəmədən işə ədalətli baxılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixdə verilmiş AD seriyalı 110067 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Ravon Nexia R3» markalı ** PL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi "xxxx" MMC-dir. İş materiallarına əlavə olunmuş 26 okiyabr 2017-ci il tarixli AL-1695 saylı daxili lizinq müqaviləsindən görünür ki, həmin avtomobilə dair "xxxx" MMC ilə İddiaçı arasında daxili lizinq müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinin ümumi məbləği 13.800 manat təşkil edir. İş materiallarına əlavə olunmuş 26 oktyabr 2017-ci il tarixli AL-1695 saylı daxili lizinq müqaviləsinə 1 saylı Əlavədən görünür ki, əmlakın adı, komplektliyi və dəyəri təsbit edilmişdir. İş materiallarına əlavə olunmuş 26 oktyabr 2017-ci il tarixli razılaşmadan görünür ki, lizinq verən və lizinq alan tərəfindən yol-nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində lizinq obyektinin zədələnməsi ilə bağlı öhdəliklər müəyyən edilmiş və təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş 10 avqust 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı «Ravon Nexia R3» markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 icarəyə vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən müqavilə bağlanan zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 1.000 manat depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. Müqavilənin 5-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini üç aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır. İş materiallarına əlavə olunmuş 10 avqust 2021-ci il tarixli POA********** saylı etibarnamədən görünür ki, "xxxx" MMC tərəfindən icarəyə götürən Cavabdeh2 yuxarıda qeyd olunan avtomobilə dair etibarnamə verilmişdir. İş materiallarına əlavə olunmuş 10 sentyabr 2021-ci il tarixli POA********** saylı etibarnamədən görünür ki, "xxxx" MMC tərəfindən icarəyə götürən Cavabdeh2 yuxarıda qeyd olunan avtomobilə dair etibarnamə verilmişdir. İş materiallarına əlavə olunmuş 04 mart 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 14 saylı Vəkil Bürosuna hüquqi xidmətin (yardımın) göstərilməsi üçün 100 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş 15 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, 15 sentyabr 2021-ci il tarixdə saat 14:15 radələrində «Ravon Nexia R3» markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən «RS Avtoservis»in həyətinə gətirilmiş və heç bir məlumat verilmədən avtomobili saxlayaraq getmişdir. Həmin avtomobilə baxış zamanı aşağıda qeyd olunan maddi ziyanın dəydiyini aşkar etmişlər:

1. Traves. 2. Saffa L. 3. Arqon qaynaq. 4. Təkər. 5. Apornu. 6. Ön şüşə. 7. Disk vs. İş materiallarına əlavə olunmuş «RS Avtoservis» tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli dəymiş ziyanın hesablanmasına dair aktdan görünür ki, avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün işlərin görülməsi və ehtiyat hissələrinin alınmasına cəmi 2.512 manat pul vəsaiti lazımdır. İş materiallarına əlavə olunmuş pretenziya məktubundan görünür ki, İddiaçı avtomobilə dəymiş zərərin ödənilməsini Cavabdeh2 tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2022-ci il tarixli 9/4562-8/1613 saylı rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə «RS Avtoservis» tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı «Ravon Nexia R3» markalı ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2.300 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh2 tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri – ekspert rəyi ilə müəyyən olunmuş 2.300 manat pul vəsaitini ödəməyə borcludur. Digər cavabdehin iddiaçı qarşısında hər hansı vəzifə və öhdəliyi olmadığından, digər cavabdeh tərəfindən iddiaçıya hər hansı zərər vurulmadığından iddia Cavabdeh1 münasibətdə əsassızdır. Cavabdeh2 qeyd olunan avtomobilin təmir-bərpası üçün ekspert rəyində qeyd olunan məbləğdən daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddianı qəbul etməməsinin səbəbi kimi qeyd etmişdir ki, avtomobili cəmi 1 ay 5 gün idarə etmişdir və həmin dövrdə avtomobilə bu qədər zərər vurulması mümkün deyil. Digər tərəfdən, o, qoyduğu 1.000 manat depoziti geri tələb etdiyindən, iddiaçı tərəf ona qarşı əsassız iddia irəli sürmüşdür. Lakin yuxarıda qeyd olunan müqavilədən görünür ki, müqavilə şərtlərinə görə cavabdeh 3 aydan öncə avtomobili geri qaytardığından depozit məbləği ona qaytarılmalı deyil və cavabdehin iddiaçıdan depozit qoyduğu pulu geri tələb edə bilməz. Çünki o, avtomobili 3 aydan tez qaytarmışdır. Həmçinin, iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh avtomobili aparıb iddiaçıya müvafiq akt tərtib etməklə təhvil verməmiş, avtomobili servisin həyətinə qoyaraq heç kimə xəbər vermədən getmişdir. Əgər avtomobilə zərər vurulmamışdırsa, cavabdehin bu cür davranışı anlaşılan deyil. Nəzərə alınmalıdır ki, avtomobili təhvil alarkən “təhvil-təslim aktı”nda avtomobilin texniki baxımdan saz vəziyyətdə olduğu, heç bir qüsurunun olmadığı və bütün ləvazimatlarının yerində olduğu qeyd edilmiş və bu cavabdeh tərəfindən imzalanmışdır. Göründüyü kimi, cavabdehin iddiaya etirazı obyektiv deyil, subyektiv xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş 2.300 manat maddi ziyan və 100 manat hüquqi xidmət xərci Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Vurulmuş 2.300 manat maddi ziyan və 100 manat hüquqi xidmət xərci Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar