Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2147/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq tutulmuş pul məbləğinin qaytarılması və əmək pensiyasından tutulmanın həddinin məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq tutulmuş pul məbləğinin qaytarılması və əmək pensiyasından tutulmanın həddinin məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2021ci il tarixində BPM**********27 saylı X4 Müqaviləsi imzalanmışdır. Müqavilənin 4.1.1.1-ci maddəsinə müvafiq olaraq iddiaçıya nağd kredit verilməsi ilə bağlı annuitet ödəniş qrafiki (cədvəli) imzalanmış, iddiaçıya 48 ay müddətinə 9000 AZN məbləğində kredit verilmiş, kredit üzrə faizlərin ümumi məbləği 4610.44 AZN müəyyən edilmişdir. Həmin Müqavilənin 7.2.2-ci bəndində əsasən, “......o cümlədən, Kredit üzrə ödəniş müddəti çatmamış əsas borcun qaytarılmasını, faizlərin, eləcə də dəbbə pulunun ödənilməsini müvafiq məbləğdə pul vəsaitlərinin Borc alanın Bankdakı bütün bank hesablarından akseptsiz qaydada silməklə təmin etmək” Bankın hüququları sırasında nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunmuş bənd əsas götürülərək, 2022-ci ilin mart ayının 17-dən başlayaraq Müqavilə əsasında iddiaçının banka yaranmış borcu "xxxx" ASC-də olan və iddiaçıya ikinci qrup əlilliklə əlaqədar sosial müavinətin ödənildiyi bank hesabındakı məbləğdən akseptsiz qaydada bank tərəfindən silinir. Hər ay akseptsiz qaydada silinən məbləğ iddiaçıya ödənilən sosial müavinətin 100%-ni, yəni 2023-cü ilədək hər ay 180 AZN, 2023-cü ilin yanvar ayından başlayaraq isə hər ay 220 AZN təşkil edir. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək iddiaçıya məxsus sosial müavinət məbləğindən 1969.14 AZN akseptsiz qaydada silinmişdir. Tutulamaların məhdudlaşdırılması ilə bağlı cavabdehə müraciət edilsə də, cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktubla bundan imtina edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, iddiaçıya ödənilən sosial müavinətin 20%-dən artıq hissəsinin bank tərəfindən akseptsiz qaydada silinməsi qanunsuzdur. Göstərilənlərə əsasən iddiaçının bankda mövcud olan və iddiaçıya sosial müavinətin ödənildiyi hesabdan xx.xx.2021-ci il tarixli, BPM**********27 saylı X4 Müqaviləsi əsasında cavabdeh tərəfindən hər ay aparılacaq tutulmaların yuxarı həddinin 20% həddində məhdudlaşdırılması, xx.xx.2023-cü il tarixinədək iddiaçıdan artıq tutulmuş 1575.31 AZN-in cavabdeh tərəfindən iddiaçıya geri ödənilməsi, 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, BPM**********27№-li X4 müqaviləsinin və kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı və "xxxx" ASC arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana, yəni İddiaçı 48 ay müddətinə, aylıq 283.6 manat ödəniş etmək şərtilə, illik 22 faiz dərəcəsi ilə 9.000 manat məbləğində kredit verilmiş, həmin müqavilə üzrə ümumi faiz ödənişləri isə 4.610,44 manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında bağlanan xx.xx.2021-ci il tarixli, BPM**********27№-li X4 müqaviləsinin 7.2.2-ci maddəsinin tələbinə əsasən, müvafiq hesablardan və müştərinin bankdakı digər hesablarından tam kartdan istifadə edilməklə aparılmış əməliyyatların məbləğlərini, texniki overdraft məbləğlərini, bankın tariflərinə və/və ya müvafiq idarəetmə orqanının qərarına uyğun olaraq bank komissiyalarını, cərimə faizlərinin məbləğlərini, o cümlədən tam kartdan istifadə ilə bağlı bankın çəkdiyi faktiki xərclərin məbləğlərini, o cümlədən kredit üzrə ödəniş müddəti çatmamış əsas borcun qaytarılmasını, faizlərin, eləcə də dəbbə pulunun ödənilməsini müvafiq məbləğdə pul vəsaitlərinin borc alanın bankdakı bütün bank hesablarından akspetsiz qaydada silməklə təmin etmək bankın hüquqlarından biri kimi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Banka ünvanlanan xx.xx.2021-ci il tarixli razılıq ərizəsindən görünür ki, o, X4 müqaviləsinə əsasən ona ayrılan nağd kredit və kredit xəttlərinə görə aylıq ödəniş üzrə ödəmə vaxtı çatdıqda, eləcə də ödəniş məbləği gecikdirildikdə, ödənilməli olan aylıq ödəniş məbləğinin və gecikdirilmiş əsas borc, hesablanmıç faiz və cərimə məbləğlərinin onun bankda olan əmək haqqı, pensiya və digər hesablarından akseptsiz qaydada bloklaşdırılmaqla gecikdirilmiş öhdəlik həcmində silinməsinə razılıq vermişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanan məktubdan görünür ki, İddiaçı Banka müqavilə əsasında yaranmış borcu ona pensiyanın ödənildiyi və Bankın özünə məxsus hesabdan xx.xx.2022-ci il tarixdən başlayaraq akseptsiz qaydada bank tərəfindən silinir. Silinən məbləğ ona ödənilən pensiyanın 100%ni, yəni 180 manat təşkil edir. Bankdan hər ay tutulmaların məbləğinin 20% həddində məhdudlaşdırılması və artıq tutulmuş 1.575,31 manatın (ümumilikdə 1.969,14 manat tərəflərindən akseptsiz qaydada silinib) 5 gün ərzində geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən 10 mart 2023-cü il tarixli cavab məktubundan isə görünür ki, İddiaçılə "xxxx" ASC arasında 12 iyul 2021-ci il tarixdə 48 ay müddətinə 9.000 manat məbləğində kredit rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş kredit müqaviləsinin və təqdim edilmiş ödəniş cədvəlinin şərtləri borcalan tərəfindən razılaşdırılaraq imzası ilə təsdiqlənmişdir. "xxxx" ASC tərəfindən cari şərtlərə uyğun olaraq müvafiq kredit müqaviləsi üzrə güzəştlərin edilməsi məqsədəuyğun hesab edilmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin materiallarından da göründüyü kimi İddiaçı cavabdeh "xxxx" ASC ilə X4 müqaviləsi bağlamış, iddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə Bank X4 müqaviləsinin şərtlərini əsas götürərək iddiaçının həmin Banka məxsus pensiya hesabından müvafiq tutmalar aparmış və bu zaman Bank tərəfindən heç bir qanunun pozuntusuna yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı X4 müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə faizlə birgə borcun ödənilməsi üzrə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Göstərilən Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi borclu İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə Bank müqavilənin şərtlərini əsas götürərək iddiaçının pensiya kartından tutmalar aparmağa başlamış və bu zaman Bank tərəfindən heç bir qanunun pozuntusuna yol verilməmişdir. Belə ki, tərəflər arasında bağlanan müqavilənin müvafiq bəndində də borcun həmin banka məxsus bütün kart hesablarından akseptsiz qaydada tutulması Bankın hüquqları sırasında qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Məhkəmə qeyd edir ki, müştərinin Bank qarşısında öhdəliyinin icrasının təmin edilməsinin bir üsulu kimi müştərinin Bankda olan hesablarından pul vəsaitlərinin müştərinin sərəncamı olmadan, akseptsiz qaydada silinməsi hüququ mülki qanunvericiliyin tələblərinə tam cavab verir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Digər üsullar sırasında bəzi nəğdsiz ödəmə vasitələrini - akkredetiv, inkasso, akseptiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi hər ay aparılacaq tutulmaların yuxarı həddinin 20% həddində məhdudlaşdırılması hissəsində əsassız olduğundan təmin edilməməli, iddianın qalan hissələri də əsas hissə ilə bağlı olduğundan prosessual qənaət prinsipinə əsaslanaraq həmin hissələrdə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq tutulmuş pul məbləğinin qaytarılması və əmək pensiyasından tutulmanın həddinin məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2147/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2147/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver