Məhkəmə qərarları › İş №e-2(006)-2148/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2148/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2148/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 280 (iki yüz səksən) manat əsas, 28 (iyirmi səkkiz) manat cərimə üzrə borc qalığı olmaqla, cəmi 308 (üç yüz səkkiz) məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh ilə arasında 08 dekabr 2016-cı il tarixli 01-AGT000009501 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 532 (beş yüz otuz iki) manat olan Samsung A310 ds 16 black (İMEİ: **********43245) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq, alıcı Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq hər ayın 08-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 76 (yetmiş altı) manat ödəniş etməli olduğu halda aylıq ödənişləri etməmiş, aldığı malın qalıq pulunu – 280 (iki yüz səksən) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən, bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, o, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi, şirkət olaraq cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2148/2024 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, ərizələr göndərərək, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə işə onun iştirakı olmadan baxılaraq məhkəmə qətnaməsinin çıxarılmasını; Cavabdeh isə iddianı qəbul etdiyini və təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizələri nəzərdən keçirib, iddia ərizəsini və iş üzrə toplanmış materialları tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əşyanın 08 dekabr 2016-cı il tarixli 01- AGT000009501 nömrəli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, 532 (beş yüz otuz iki) manat dəyərində 1 ədəd “Samsung A310 ds 16 Black” markalı mobil telefon (əmtəə) Cavabdeh satılmış, Cavabdeh əmtəəni qəbul edib, satılmış mala görə ilkin ödəniş etmədən əmtəənin dəyərini hər ay 76 manat ödəmək şərtilə 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2016-cı il tarixli 01- AGT000009501 nömrəli girov müqaviləsindən görünür ki, girov saxlayanla girov qoyan arasında bağlanmış 08 dekabr 2016-cı il tarixli 01-AGT000009501 nömrəli hissə-hissə şərtləri ilə mal alqısatqısı haqqında müqaviləyə əsasən əmlak – “Samsung A310 ds 16 Black” markalı mobil telefon 532 AZN məbləğində avadanlığın dəyərinin ödənilməsini təmin etmək məqsədilə girov qoyan ona təhvil verilmiş həmin əmlakı özündə saxlamaq şərtilə girov qoyur. "xxxx" MMC (müştəri) ilə İddiaçı MMC (faktor) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001 nömrəli faktorinq müqaviləsindən görünür ki, müştəri siyahısı və ümumi dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 1 №-li Əlavədə göstərilən üçüncü şəxslərə qarşı əşyanın nisyə alqı-satqı müqavilələrindən və (və ya) həmin müqavilələr üzrə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından irəli gələn pul tələblərini faktora güzəştə getməyi, faktor isə bunun müqabilində müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada pul vəsaitini müştəriyə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 102558 nömrəli bildirişdən görünür ki, Cavabdeh 08 dekabr 2016-cı il tarixli 01-AGT000009501 nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısının İddiaçı MMC-yə güzəşt edilməsi və həmin nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdar edilmişdir. 01-AGT000009501 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli 00000501/23 nömrəli Əlavə № 1-dən görünür ki, "xxxx" MMC 08 dekabr 2016-cı il tarixli 01-AGT000009501 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh olan tələb hüququnu İddiaçı MMC-yə güzəşt etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08 dekabr 2016-cı il tarixli 01-AGT000009501 saylı kredit (nisyə alqı-satqı) müqaviləsi üzrə İddiaçı MMC-yə həmin tarixə 280 manat əsas məbləğ, 28 manat cərimə borcu olmaqla, cəmi 308 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, "xxxx" MMC ilə cavabdeh ACavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh "xxxx" MMCdən dəyəri 532 manat olan “Samsung A310” markalı telefonu hissə-hissə ödəmək şərtilə almış, lakin müqavilə üzrə ödənişləri ona edilən xəbərdarlığa baxmayaraq, vaxtlı-vaxtında həyata keçirməmiş, nəticədə borcu yaranmışdır. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001 №-li faktorinq müqaviləsinə əsasən "xxxx" MMC-nin cavabdehə olan tələb hüququ iddiaçıya güzəşt edilmiş və cavabdeh bu barədə xəbərdar edilmişdir. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir, cavabdeh də öz növbəsində iddianı qəbul edir. Göründüyü kimi, "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, "xxxx" MMC tərəfindən müqavilə ilə öz üzərinə götürdüyü öhdəlik yerinə yetirilmiş, lakin cavabdeh öhdəliyini icra etməmişdir. İddiaçı MMC "xxxx" MMC-ni maliyyələşdirmiş, buna görə də "xxxx" cavabdehə qarşı olan pul tələbini iddiaçıya güzəşt etmişdir. Bu barədə bildiriş cavabdehə təqdim edilmişdir. Deməli, iddiaçının cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmək hüququ olmuşdur. Məhkəmə mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirir və hesab edir ki, cavabdehin etirafı qanuna müvafiq olduğundan, məhkəmə tərəfindən qəbul edilməli, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-194.2-ci maddələrinə görə, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 574-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1-655.2-ci maddələrinə görə, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 657.4-cü maddəsinə əsasən, əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh iddianı etiraf etmişdir. Onun iddianı etiraf etməsi qanunazidd deyildir və hər hansı şəxsin maraqlarına və ya mənafelərinə toxunmur. Buna görə də məhkəmə tərəfindən qəbul edilir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 280 (iki yüz səksən) manat əsas, 28 (iyirmi səkkiz) manat cərimə borcu olmaqla, cəmi 308 (üç yüz səkkiz) məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 280 (iki yüz səksən) manat əsas, 28 (iyirmi səkkiz) manat cərimə borcu olmaqla, cəmi 308 (üç yüz səkkiz) məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar