Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2149/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Qaralov İlqar Zahid oğlu, iddiaçı «****» Açıq Səhmdar Cəmiyyətinin cavabdeh A.S.A. oğluna qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «****» Açıq Səhmdar Cəmiyyəti cavabdeh A.S.A. oğluna qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «****» ASC ilə cavabdeh A.S.A. oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK4671960A102 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə «****» ASCyə 1134,88 manat əsas, 116,34 manat faiz borcu olmaqla cəmi 1251,22 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən cavabdeh A.S.A. oğlundan iddiaçı «****» ASCnin xeyrinə 1134,88 manat əsas, 116,34 manat faiz borcu olmaqla cəmi 1251,22 manat məbləğində vəsaitin və ödənilmiş 32,51 manat dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «****» Açıq Səhmdar Cəmiyyəti ilə A.S.A. oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK4671960A102 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən A.S.A. oğluna 40 (qırx) ay müddətinə, illik 20 (iyirmi) faiz dərəcəsi ilə, 1305,77 manat məbləğində kredit verilmişdir. «****» ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, A.S.A. oğlunun xx.xx.2022-ci il tarixli, RGTK4671960A102 saylı kredit müqaviləsi üzrə «****» Açıq Səhmdar Cəmiyyətinə 1134,88 (bir min yüz otuz dörd manat səksən səkkiz qəpik) manat əsas borc, 116,34 (bir yüz on altı manat otuz dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1251,22 (bir min iki yüz əlli bir manat iyirmi iki qəpik) manat borcu vardır. «****» ASC tərəfindən A.S.A. oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, «****» Açıq Səhmdar Cəmiyyəti ilə A.S.A. oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK4671960A102 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən A.S.A. oğluna 40 (qırx) ay müddətinə, illik 20 (iyirmi) faiz dərəcəsi ilə, 1305,77 (bir min üç yüz beş manat yetmiş yeddi qəpik) manat məbləğində kredit verilmiş, cavabdeh kreditdən istifadə nəticəsində üzərinə düşən öhdəlikləri tam icra etməmiş və yekunda onun banka 1134,88 (bir min yüz otuz dörd manat səksən səkkiz qəpik) manat əsas borc, 116,34 (bir yüz on altı manat otuz dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1251,22 (bir min iki yüz əlli bir manat iyirmi iki qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh A.S.A. oğlundan 1134,88 (bir min yüz otuz dörd manat səksən səkkiz qəpik) manat əsas borc, 116,34 (bir yüz on altı manat otuz dörd qəpik) manat faiz borcu və 32,51 (otuz iki manat əlli bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1283,73 (bir min iki yüz səksən üç manat yetmiş üç qəpik) manat məbləğində pul alınaraq iddiaçı «****» Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh A.S.A. oğlundan 1134,88 (bir min yüz otuz dörd manat səksən səkkiz qəpik) manat əsas borc, 116,34 (bir yüz on altı manat otuz dörd qəpik) manat faiz borcu və 32,51 (otuz iki manat əlli bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1283,73 (bir min iki yüz səksən üç manat yetmiş üç qəpik) manat məbləğində pul alınaraq iddiaçı «****» Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Qaralov
Məhkəmə qərarları › İş №e-2(006)-2149/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2149/2023
19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver