Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2165/2023 28.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18500 (on səkkiz min beş yüz) manat məbləğində borc və 147 (bir yüz qırx yeddi) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçındən 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul borc almışdır. Tərəflərin arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən cavabdeh 06 mart 2023-cü il tarixindən başlayaraq 6 (altı) ay ərzində aldığı borc məbləğini İddiaçı MMC-yə geri ödəməyi öhdəsinə götürmüşdü. Lakin cavabdeh aldığı borcun geri ödənilməsi ilə bağlı götürdüyü öhdəliyini icra etməmişdir. Bununla əlaqədar olaraq cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öhdəliyini icra etməmişdir və icra etməkdən yayınır. Bu isə İddiaçı MMC-nin hüquqlarını kobud şəkildə pozur. Qeyd olunanlara əsasən, öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün 18500 (on səkkiz min beş yüz) manat məbləğində borc və və 147 (bir yüz qırx yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2165/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh «mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair» vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, şikayətin təmin olunaraq işin baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmiş, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2165/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4240/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(006)-2165/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddia ərizəsinin əsassız hesab olunaraq rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır. İddiaçı MMC tələb etdiyi 18500 manat borcun əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə istinad etmişdir. Halbuki, sözügedən müqavilə başqa hüquq münasibətlərinin pərdələnməsi üçün bağlanmış müqavilədir. Belə ki, "xxxx" MMC-nin "xxxx" MMCyə olan borcu ilə bağlı Sumqayıt şəhər İcra İdarəsinin icraatında icra işi olmuşdur. Həmin icra işi cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Bununla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh 1500 manat məbləğində cərimə olunmuşdur. Həmin ərəfədə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə olan borc tam ödənilmişdir. Lakin icra işindən kənar tərəflər arasında 18500 manat həcmində əlavə dəyər vergisi borcu qaldığından, icra işi üzrə borcun tam ödənilməsi barədə arayışı vermək üçün həm "xxxx" MMC-nin rəhbəri belə bir addım atmağı tələb etmişdir. Arayışın verilməsi və icra işinin istintaqda xitam verilməsi üçün onu bu müqaviləni bağlamağa məcbur etmişlər. Həm "xxxx" MMC-nin, həm də İddiaçı MMC-nin rəhbəri eyni şəxsdir və hər iki şirkət eyni inzibati binada yerləşir. "xxxx" MMC ilə "xxxx" MMC arasında olan borcun tənzimlənməsi məqsədilə cavabdehlə iddiaçı arasında bağlanmış kredit müqaviləsinin heç bir hüquqi əsası yoxdur. Ümumiyyətlə İddiaçı MMC müxtəlif Çin istehsalı olan avtomobillərin satışı ilə məşğul olan şirkətdir. Bu cür fəaliyyət sahəsi olan bir şirkətin tanımadığı, əlaqəsi olmayan şəxsə kreditə pul verməsi heç bir məntiqə sığmır. Elə bu hal müqavilənin həqiqiliyini şübhə altına salır. Avtomobil satışı üzrə müqavilə bağlanılsa, başadüşüləndir, lakin bank fəaliyyəti olmayan bir şirkətin kreditə pul verməsi ilə bağlı müqavilə bağlaması müqavilənin yalançı əqd olduğunun, başqa hüquq münasibətlərini pərdələmək üçün bağlandığının aydın sübutudur. İddiaçı MMC kommersiya hüquqi şəxsidir, yəni fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarətdir. Belə olduğu halda onun pul vəsaitini əvəz almadan və ona aidiyyəti olmayan şəxsin mülkiyyətinə verməsinin ağlabatan səbəbi müəyyən olunmur. Məhkəmə hazırlıq iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 borcun mənbəyinin tərəflər arasında olan kredit müqaviləsi olduğunu bildirdi. Pulun cavabdehə nə məqsədlə verildiyindən məlumatlı olmadığını, yalnız rəhbərlik tərəfindən cavabdehə 18500 manat məbləğində pulun borc verildiyini qeyd edərək, cavabdehin etirazında göstərilmiş məsələlərlə razılaşmadığını əlavə etdi. İddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. İşin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, direktoru olduğu "xxxx" MMC ilə İddiaçı MMC arasında olan əməkdaşlıq münasibətləri zəminində "xxxx" MMC-nin iddiaçıya 18500 manat məbləğində ƏDV borcu qalmışdır. İş üzrə başlanılmış cinayət işinə xitam verilməsi məqsədilə iddiaçı tərəf onu xx.xx.2023-cü il tarixli kredit müqaviləsini imzalamağa məcbur etmişdir. Borcun yaranma əsasının kredit müqaviləsi deyil, iki şirkət arasında olan borc münasibətlərinin təşkil etməsinə istinad edərək, işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin materiallarında olan: Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-264/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh "xxxx" MMC-nin baş direktoru kimi vəzifəli şəxs qismində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı MMC ona məxsus olan 18500 manat məbləğində pulu borc məqsədilə borc alan Cavabdeh borc verməyi, borc alan həmin pul məbləğini qəbul edib 6 ay ərzində (xx.xx.2023-xx.xx.2023) hər ay 3000 manat olmaqla borc verənə geri ödəməyi öhdəsinə götürmüşdür. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh (VÖEN: **********) xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN statusu: aktiv). Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından və iş materiallarından müəyyən edildi ki, hazırki iş üzrə iddiaçının təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olmaqla, kommersiya hüquqi şəxsidir. Mülki qanunvericiliyə görə, kommersiya hüquqi şəxsləri həyata keçirdikləri fəaliyyətdən gəlir əldə etmək məqsədilə yaradılırlar. İş üzrə Cavabdeh (VÖEN: **********) isə müvafiq qaydada dövlət qeydiyyatına alınmış, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan fərdi sahibkardır. Beləliklə, iş üzrə tərəflərin sahibkarlıq subyektləri olması işin mübahisəsiz halıdır. İddiaçı ilə cavabdeh arasında olan münasibətlərə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh iddiaya etiraz təqdim edərək, hazırki məhkəmə mübahisəsinin yaranmasına əsas olmuş məsələnin kommersiya xarakterli münasibətlərdən irəli gəldiyini qeyd edir. Belə ki, direktoru olduğu "xxxx" MMC ilə İddiaçı MMC arasında olan əməkdaşlıq münasibətləri zəminində "xxxx" MMC-nin iddiaçıya 18500 manat məbləğində ƏDV borcu qalmışdır. İş üzrə başlanılmış cinayət işinə xitam verilməsi məqsədilə iddiaçı tərəf onu xx.xx.2023-cü il tarixli kredit müqaviləsini imzalamağa məcbur etmişdir. Borcun yaranma əsasını kredit müqaviləsi deyil, iki şirkət arasında olan ƏDV borcunun təşkil etməsinə istinad edərək, müqavilənin yalan əqd olmasını mübahisələndirir. Cavabdeh tərəfindən təqdim edilmiş məhkəmə qərarları ilə müəyyən edilir ki, o, həqiqətən də, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləyən zaman "xxxx" MMC adlı başqa bir şirkətlə əməkdaşlıq münasibətləri çərçivəsində məhkəmə mübahisələri mövcud olmuşdur. Cavabdeh tərəf bu şirkətlərin bir binada yerləşdiyini, əlaqəli şirkətlər olduğunu bildirir. Bundan başqa, o, həm də maşın satışı ilə məşğul olan iddiaçı şirkətin özlərinin qeyd etdiyi kimi, adi vətəndaşa borca pul verməsinin ağlabatan olmamasını mübahisələndirir. Çünki əsas məqsədi gəlir əldə etmək olan, lakin fəaliyyət istiqamətini borca pul vermək təşkil etməyən kommersiya hüquqi şəxsinin – iddiaçının onunla kredit müqaviləsi imzalayaraq borca pul verməsi məntiqsizdir. İddiaçı tərəf isə hazırda mübahisənin yaranmasının mənbəyini kredit müqaviləsinin təşkil etdiyini qeyd etsə də, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında bildirmişdir ki, Cavabdeh "xxxx" MMC-nin direktoru olmuşdur və İddiaçı MMC ilə "xxxx" MMC arasında əməkdaşlıq münasibətləri olmuşdur. Belə olan halda məhkəmə cavabdehin iddiaya etirazda göstərilmiş dəlillərini və iddiaçı tərəfin izahatlarını nəzərə alaraq, tərəflərin təqdim etdikləri sənədləri araşdıraraq hesab edir ki, hazırki mübahisənin predmetini təşkil edən münasibətlər tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər olduğundan hazırki mübahisəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2165/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2165/2023
28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver