Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-219/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı «öhdəliyin icrası və maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı «öhdəliyin icrası və maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 166.000 manat pul ödənişinin gecikməsinə görə 12.712 manat, ödənilmiş 128 manat dövlət rüsumu olmaqla, cəmi 12.840 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 10 sentyabr 2008-ci il tarixli 1770 saylı «VİP Depozit» və 08 sentyabr 2009-cu il tarixli LD100604223 saylı «Standart Depozit» müqavilələri əsasında onun «Bank Standard» KB-də əmanətləri olmuşdur. Maliyyə Bazarlarına Nəzarət X1 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən «Bank Standard» KB-nın lisenziyası 01 oktyabr 2016-cı il tarixdə ləğv edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının qərarı ilə Bank müflis elan olunmuş və ləğvetmə proseduru çərçivəsində Banka ləğvedici təyin edilmişdir. Bankın müflis elan olunması əmanətçi kimi ona münasibətdə sığorta hadisənin baş verməsi ilə nəticələnmişdir. Sığorta hadisəsi baş verəndən sonra tələbin hüquqi əsasını sübut edən sənədləri və zəruri məlumatları təqdim etməklə 166.000 manat məbləğdə kompensasiya ödənilməsi barədə Ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət olunmuşdur. X4 Şurasında vaxtında baxılıb qanunvericilikdə nəzərdə tutulmuş 90 gün ərzində öz müsbət həllini tapmalıydı, ancaq Fond kompensasiya ödənilməsinə dair qanunun tələblərindən irəli gələn öhdəliyini icra etməmişdir. Əmanətlərin Sığortalanması Fondu (ƏSF) və ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiya ödənilməsi» tələbinə dair iddia ərizəsi əsasında, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli 2(006)-3263/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, 166.000 manat məbləğində kompensasiyanın ödənilməsinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi qət edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun həmin qətnamədən verdiyi apellyasiya şikayəti əsasında məsələyə 3 dəfə olmaqla apellyasiya və kassasiya icraatı qaydasında baxılmış, nəticədə Nəsimi rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmış, Ali Məhkəmənin 16 mart 2022-ci il tarixli 2(102)-1040/2022 saylı qərarı ilə qanuni qüvvəsini almışdır. Beləliklə, Əmanətlərin Sığortalanması Fondunun 166.000 manat komensasiya vermək öhdəliyi məhkəmə aktı ilə də təsdiq edilmiş və öhdəlyin məcburi icrası barədə 28 aprel 2022-ci tarixli icra vərəqəsi verilmişdir. Yuxarıdakılara əsasən Fond tərəfindən kompensasiyanın ödənilməsi sığorta hadisəsi baş verdikdən sonra ən geci 3 ay ərzində - 01 yanvar 2017-ci il tarixə kimi təmin edilməli idi, ancaq Fond kompensasiyanı vaxtında ödəməməklə əmanətçi qismində onu qanuni gözləntilərdən məhrum etmiş və əlavə zərərə məruz qoymuşdur. 28 aprel 2022-ci tarixli icra vərəqəsi veriləndən sonra, icra proseduru ilə əlaqədar 166.000 manat borcun ən tezi xx.xx.2022-ci tarixdə ödəniləcəyi təxmin edilərək Əmanətlərin Sığortalanması Fonduna qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsində 166.000 manat kompensasiyanın ödənilməli olduğu 01 yanvar 2017-ci il tarixdən ödəniləcəyi gözlənilən xx.xx.2022-ci il tarixə olan gecikmə müddətini 5 il 6 ay, başqa sözlə 2008 gün və iddianın verildiyi tarixə olan Mərkəzi bankın uçot dərəcəsi nəzərə alınmaqla 71.730 manat pulun və məhkəmə icraatının başlanması üçün çəkilmiş 305 manat xərcin, ümumilikdə 72.035 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-2509/2022 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi 3.216 manat məbləğdə qismən təmin edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti əsasında məsələyə 2 dəfə olmaqla apellyasiya və kassasiya icraatı qaydasında baxılmış, nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3182/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2509/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilən 3.216 manat nəzərə alınmaqla, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan maddi zərərin əvəzi kimi (71.730 - 3.216) 68.514 manat məbləğində pulun alınaraq ona ödəniməsi qət edilmişdir. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 976/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə qanuni qüvvəyə minmişdir. Mülki işə birinci instansiya məhkəməsində baxılarkən borclu ƏSF tərəfindən xx.xx.2018-ci il tarixli icra vərəqəsi icra edilməmişdi və Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi iddia tələbində qeyd edilən xx.xx.2022-ci il tarixi «gecikmənin son günü» kimi götürülməklə çıxarılmışdır. İşə apellyasiya icraatında baxılarkən, 18 avqust 2022-ci il tarixdə Fond məhkəmə qətnaməsini icra edərək 166.000 manat məbləğində pul vəsaitini iddiaçının hesabına köçürmüşdür. Bu halda Fond tərəfindən xx.xx.2022-ci il tarixdən 18 avqust 2022ci il tarixədək yol verilən ümumi gecikmə günlərinin sayı 2055 gün təşkil edir. Ona görə də, iddiaçıya ziyan vurmaqla nəticələnən təqsirli hərəkət başa çatdığından, 2055 gün gecikmə müddəti və həmin dövr ərzində bank ucot dərəcələri nəzrə alınmaqla vurulan ümumi zərərin yekun məbləğ yenidən hesablanmalıdır. Bu hal işə mahiyyəti üzrə baxmaq səlahiyyətində olan apellyasiya mərhələsində baş verdiyindən prosessual hüquq normalarının tələblərinə əsasən iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Apellyasiya məhkəməsi göstərilənlərə əsaslanaraq, iş üzrə düzgün nəticəyə nail olmaq məqsədilə iddianın dəlilləri üzrə maliyyə-mühasibat hesablalarının xüsusi biliyə malik olan şəxslər tərəfindən aparılmasının zəruriliyini nəzərə alıb 2(103)-3182/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadla aşağıdakı suallar üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir: iddia tələbi, apellyasiya şikayəti və mülki işin mübahisələndirilən xüsusatları üzrə zəruri araşdırma aparılaraq, a) gecikdirilmiş vaxt üçün illik beş faizlə, b) və bank uçot dərəcəsi ilə, 1). 2017-ci ilin yanvar ayının 1-dən başlayaraq 2022-ci ilin iyul ayının 1-nə kimi, 2). 2017-ci ilin yanvar ayının 1-dən başlayaraq 2022-ci ilin avqust ayının 18-nə kimi (icra edildiyi gün üçün), 3). 2017-ci ilin yanvar ayınının 1-dən başlayaraq 2023-cü ilin iyun ayının 5-nə (qərarın çıxarıldığı gün üçün): 166.000 manat pula münasibətdə tələb edilən məbləğlər ayrı-arılıqda illər üzrə hesablanaraq (cədvəl tərtib edilməklə) müəyyən edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq 2017-ci ilin yanvar ayının 1-dən başlayaraq 2022-ci ilin iyul ayının 1-nə kimi, yəni iddianın verilmə tarixinə hesablanan faiz məbləği 82.762,53 manat, 01 yanvar 2017-ci il - 18 avqust 2022-ci il dövrü üçün faiz məbləği 84.442,13 manat hesablanmışdır. Ekspertizanın nəticələri məlum olandan sonra, nəticələr nəzərə alınmaqla iddia tələbinin həcminin artırılması barədə ərizə ilə apellyasiya məhkəməsinə müraciət olunaraq Fond tərəfindən borcun qaytarılmasının gecikdirilməsinə görə vurulan zərərə görə yekun məbləğ olan 84.442,13 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş edilmişdir. Artırılmış iddia məbləğinə uyğun əlavə olaraq 38 manat rüsum ödənilmişdir. Məhkəmə kollegiyası MPM-nin 372.4-cü maddəsinə istinad olunmaqla ərizəni qəbul etməmiş, iddia tələbinin dəqiqiləşdirilməsi «yeni tələb» hesab edilərək baxılmamışdır. Məhkəmə kollegiyası bunu belə əsaslandırmışdır ki, «ekspertiza ilə iddianın verilmə tarixində hesablanan (2022-ci ilin iyul ayının 1-nə kimi) faiz məbləği 82.762,53 manat təşkil edərək 71.730 manat məbləğdə olan iddia tələbini əhatə edir və iddianın əsasının məhz tələbdə qeyd edilən müddəti əhatə etdiyindən sonradan apellyasiya icraatı zamanı verilən iddia həcminin artırılmasının nəzərə alınması üçün hüquqi əsaslar müəyyən edilmir.» Apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayət verərək qətnamənin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və cavabdeh Əmanətlərin Sığortalanması Fondundan maddi zərərin əvəzi kimi 12.712 manat məbləğin alınaraq iddiaçı ona verilməsinə dair yeni qərarın çıxarılması xahiş etmişdir. Kassasiya şikayəti təmin edilməmişdir. Yuxarıda sözügedən işin faktiki hallarına əsasən (mülki iş üzrə qəbul edilmiş məhkəmə aktları və məhkəmə ekspertiza rəyi) Əmanətlərin Sığortalanması Fondu 166.000 manat komensasiya vermək öhdəliyini 01 yanvar 2017-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək gecikdirməklə ona 84.442,13 manatın məbləğində zərər vurmuşdur. Birinci dəfə Əmanətlərin Sığortalanması Fondu tərəfindən davam edən hüquq pozuntusunun müddəti 01 yanvar 2017-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək götürülərək gecikməyə görə vurulan zərərin məbləği 71.730 manat hesablanmış və iddia tələbi məhkəmə aktı ilə təmin edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müyyən edilmiş faktllar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən subut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından Əmanətlərin Sığortalanması Fondu tərəfindən vurulmuş 84.442,13 manat yekun məbləğlə yuxarıda sözügedən mülki işdə təmin edilən 71.730 manat məbləğ arasındakı fərqi təşkil edən 84.442,13 manat – 71.730 manat = 12.712,13 manat cavabdedən tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı öz iddia ərizəsi ilə təsdiq edir ki, bir hüquq münasibəti ilə bağlı bir neçə dəfə vəsait əldə etmişdir. Həm 166.000 manat əmanət tələbi, həmçinin gecikdirilmiş vaxt üçün 68.514 manat vəsaiti iddiaçı ƏSF tərəfindən ödənilmişdir. Bununla da iddiaçı mülki hüquq münasibətləri üzrə bütün müdafiə və tələb hüququndan maksimum istifadə etmişdir. Hazırda isə iş üzrə cavabdeh ƏSF ilə iddiaçı arasında hər hansı hüquq münasibəti mövcud deyildir. Bu iddia birbaşa iddiaçının əsassız varlanma tələbinə dəlalət edir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli e-2(006)- 2509/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondundan maddi zərərin əvəzi kimi 3.216 manat və ödənilmiş 305 manat dövlət rüsumunun 30 manatının alınaraq İddiaçı ödənilməsi, ödənilmiş 305 manat dövlət rüsumunun qalan 275 manatı isə İddiaçı aid edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3182/2023 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin baxılan (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-383/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilən) hissədə təmin edilməsi, həmin hissədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2509/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamənin qəbul edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2509/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin qüvvədə olan hissəsi (qət edilən 3.216 manat məbləğində vəsait) nəzərə alınmaqla, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan maddi zərərin əvəzi kimi 68.514 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, ekspertiza xərci olan 100 manat məbləğində pul vəsaitinin – cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 976/2024 saylı qərarı ilə İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3182/2023 nömrəli mülki iş üzrə 30 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - 12 iyun 2024-cü il tarixli 296 saylı ödəniş tapşırığından görünür ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı 71.760 manat ödəniş icra edilmişdir. - Həmin məhkəmə icraatı zamanı təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli 9/4614 saylı rəyi daxil olmuşdur. Rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış müqavilələr üzrə olan depozit faiz məbləği 166.000 manat pula olan münasibətdə tələb edilən məbləğlər ayrıayrılıqda illər üzrə hesablanaraq aşağıdakı kimi müəyyən edilir: 2017-ci ilin yanvar ayının 1-dən başlayaraq 2022-ci ilin iyul ayının 1-nə kimi – 82.762,53 manat; 2017-ci ilin yanvar ayının 1-dən başlayaraq 2022-ci ilin avqust ayının 18-nə kimi (icra edildiyi gün üçün) – 84.442,13 manat; 2017-ci ilin yanvar ayının 1-dən başlayaraq 2023-cü ilin iyun ayının 5-nə kimi (qərarın çıxarıldığı gün üçün) – 95.690,93 manat; Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 944.1-ci maddəsinə görə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İddiaçı iddia edir ki, kompensasiyanın ödənilməsi sığorta hadisəsi baş verdikdən sonra 3 ay ərzində - xx.xx.2017-ci ilədək təmin etməli idi. Lakin cavabdeh 166.000 manat kompensasiyanı xx.xx.2022-ci ildə ödəyib. Kompensasiyanın gecikdirilməsinə görə pul tutulması barədə əvvəlki mülki işdə iddiaçı xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək olan gecikmə müddəti (2008 gün) üçün 71.730 manat tələb edilmişdir. Məhkəmə həmin tələbi təmin edərək xx.xx.2022-ci ilədək olan gecikmə dövrü üçün 71.730 manat tutulmasını qət etmişdir. Hazırkı mülki işdə isə iddiaçı xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan gecikmə dövrü üçün 12.712 manat tələb edir. Belə ki, mühasibatlıq ekspertizasının rəyinə görə, xx.xx.2017-ci ildən (sığorta hadisəsi baş verdikdən) xx.xx.2022-ci ilədək (kompensasiya ödənilənədək) olan gecikmə dövrü üçün gecikmə faizinin məbləği 84.442,13 manat təşkil edir. Bu məbləğin 71.730 manatı (xx.xx.2022-ci ilədək olan gecikmə dövrü üçün pul) əvvəlki mülki işdə tutulub, 12.712,13 manat qalıb (84.442,13 manat – 71.730 manat = 12.712,13 manat). İddiaçı hazırkı mülki işdə məhz həmin (qalan) məbləğin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya 166.000 manat kompensasiya vermək öhdəliyi məhkəmə qətnaməsi ilə təsdiq olunub. Lakin hazırkı mülki işdə tələb olunan 12.712 manatın (xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan gecikmə dövrü üçün pulun) tutulması barədə tələbə əvvəlki mülki işdə baxılmamışdır. Belə ki, iddiaçı əvvəlki mülki iş üzrə apellyasiya icraatı zamanı iddianın dəyişdirilməsi üçün ərizə verərək həmin məbləği tələb etsə də, məhkəmə ərizəni qəbul etməyərək mövqeyini belə əsaslandırmışdır ki, ərizədəki tələb yeni tələbdir, bu tələbə apellyasiya mərhələsində baxıla bilməz. Göründüyü kimi, hazırda İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiyanın vaxtında verilməməsi ilə əlaqədar müvafiq dövrə görə gecikmiş ödənişə görə 12.712 manatın (xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan gecikmə dövrü üçün pulun) ona ödənilməsini tələb edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müyyən edilmiş faktllar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən subut edilmir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçının qanunla icra edilməli olan pul öhdəliyin vaxtında icra edilməməsi üçün ziyan tələb etmək hüququ vardır və iddiaçı 166.000 manat kompensasiya məbləğinin ödənilməsinin 5 il, 6 ay gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinə istinad etməklə haqlı olaraq iddianı qaldırmışdır. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən vurulmuş 84.442,13 manat yekun məbləğlə yuxarıda sözügedən mülki işdə təmin edilən 71.730 manat məbləğ arasındakı fərqi təşkil edən 84.442,13 manat – 71.730 manat = 12.712,13 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbi əsaslıdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 128 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 166.000 manat pul ödənişinin gecikməsinə görə 12.712 manat və ödənilmiş 128 manat dövlət rüsumu olmaqla, cəmi 12.840 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 166.000 manat pul ödənişinin gecikməsinə görə 12.712 manat və ödənilmiş 128 manat dövlət rüsumu olmaqla, cəmi 12.840 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-219/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-219/2025
04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver