Məhkəmə qərarları › İş №e-2(006)-2194/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2194/2024

21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2194/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 cavabdeh "xxxx" QSC-yə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı1 cavabdeh "xxxx" QSC-yə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən reysin ləğvi ilə əlaqədar dəymiş zərərin yəni 396.06 ABŞ dollarının milli manatla, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Nəsimi Rayon Məhkəməsinin e-2(001)- 5203/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi İddiaçı2 aid hissədə təmin edilmiş və 396 ABŞ dollarının və 34 manat dövlət rüsumunun onun xeyrinə tutulması qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(001)-5203/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" QSC-yə qarşı reysin ləğvi ilə bağlı dəymiş zərərin ödənilməsi barədə iddia tələbi təmin edilməmiş, digər İddiaçı1 hissəsində isə iddia baxılmamış saxlanmışdır. xx.xx.2023cü il tarixində iddiaçı, həyat yoldaşı ilə X3 ziyarətindən Azərbaycana dönmək üçün aeroportda olarkən saat 15:35-ə olan ARRİYAD (RUH)-BAKİ (J2) reysinin ləğv olunduğu məlum oldu. Daşıyıcı AZAL ilə əlaqə saxlamaq istəsələr də, bu mümkün olmadı və onlara heç bir yardım göstərilmədi. Nəticədə onlar uzun müddət aeroportda qaldılar və ləğv olunmuş reysin yerinə öz vəsaitləri hesabına iki nəfərə görə əlavə 804 ABŞ dollar ödəməklə FlyNas aviaşirkətinə aviabiletlər əldə etmək məcburiyyətinə qaldılar. Qeyd edir ki, onlar aviabiletləri iki ay əvvəl KİWİ.com vasitəsi ilə əldə etmiş və həmin avia biletlərlə də Səudiyyə Ərəbistana getmişlər. Geri dönərkən AZAL QSC-nin tərkibində fəaliyyət göstərən BUTA Aviaşirkəti ilə gəlməli olsalar da, ARRİYAD (RUH)-BAKİ (J2) reysinin ləğv edildiyi məlum oldu. Lakin aviaşirkətdən bu barədə onlara hər hansı rəsmi və ya şifahi məlumat daxil olmamışdır. Cavabdeh onlara ən azı aviabiletlərin pulunu geri qaytaramalı olsa da, sonradan heç bir ödəniş edilməyəcəyini rəsmi məktubla bildirmişdir. Beləliklə sözügedən hadisə nəticəsində onlara maddi və mənəvi zərər dəymişdir. Beynəlxalq aviadaşıma qaydalarına müvafiq olaraq, avia bilet daşıyıcı ilə sərnişin arasındakı müqavilə hesab olunur və reys ləğv olunduğu halda müqavilə tərəfinə dəymiş zərər tam olaraq ödənilməli və ya ona hər aviabiletə görə 600 AVRO kompensasiya verilməlidir. Bu barədə AZAL və BUTA aviaşirkətinə e-mail vasitəsi ilə əlaqə saxlanılmış və Mehri Dünyamalıyeva məsələni araşdıracaqlarını bildirmişdir. Lakin sonradan heç bir cavab daxil olmamışdır. Bundan sonra dəfələrlə rəsmi müraciət olunsa da, müraciətə cavab verilməmişdir (Əlavə olunur). xx.xx.2023-cü il tarixli müraciətə cavabdeh AZAL QSC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, “Bununla, Sizin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığınız məktubunuza cavab olaraq nəzərinizə çatdırırıq ki, 07 yanvar 2023-cü il tarixli Ər-Riyad-Bakı reysinin ləğvi barədə məlumat 19 noyabr 2022-ci il tarixində çağrı mərkəzinin əməkdaşları tərəfindən reysin ləğvi barədə məlumat təxsis etmədə qeyd edilən elektron ünvanına göndərilmişdir, (Elektron ünvan ) Nəzərinizə çatdırırıq ki, "Buta Airways" Sərnişin Aviaşirkətinin "Sərnişinlərin və yüklərin daşınması qaydaları" nın 19.1.1-ci bəndinə müvafiq olaraq biletdə, hərəkət cədvəlində və Aviaşirkətin dərc olunmuş digər reys qrafiklərində göstərilən yola düşmə (gəlmə) vaxtına və hava gəmisinin tipinə zəmanət verilmir və daşıma müqaviləsinin zəruri şərtinə daxil deyildir. Aviaşirkət reysin yola salınması vaxtını dəyişə bilər və bu barədə vaxtında Sərnişini məlumatlandırmalıdır. Aviaşirkət Sərnişini əvvəlcədən məlumatlandırmadan hava gəmisinin tipini dəyişə bilər. Eləcə də 22.1.5-ci bəndinə əsasən məbləğin qaytarılması daşınmanın satıldığı ölkədə, yalnız biletin alındığı yerdə həyata keçirilir. Hazırkı qaydalarla Siz rəsmi elektron səhifəmizdə tanış ola bilərsiniz :https://www.butaairwavs.az/az/information/conditions-ofcarriage.Yuxarıda qeyd olunanlar nəzərə alınaraq tələbinizin təmin olunması imkan xaricindədir. Həmçinin bildirmək istərdik ki, “Buta Airways” Sərnişin aviaşirkətinin ən vacib vəzifəsi uçuşların və sərnişinlərin təhlükəsizliyinin təminatıdır. Bir daha baş vermiş narahatçılığa görə aviaşirkət adından Sizdən üzr istəyir və Sizin anlayışınıza ümid edirik.” Göründüyü kimi cavabdehin kompensasiyanın ödənilməsindən imtinasını özünü müdafiə xarakteri daşımaqla absurd, əsassız və qanunsuzdur. Belə ki, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, reysin ləğv olunması barədə hansısa saytda yerləşdirmişdir. Halbuki bu, sərnişinlərin lazımi qaydada məlumatlandırılması anlamına gəlmir. Cavabdeh həmçinin reysin ləğvini deyil, reysin təxirə salınması və ya vaxtının dəyişdirilməsinə istinad etməklə yanlışlığa yol vermişdir. Cavabehin imtinasından aydın olur ki, o, hətta aviabiletə görə ödənilmiş pulu belə qaytarmaqdan imtina edir. Qeyd edir ki, beynəlxalq sərnişin aviadaşınmaları cavabdehin də üzvü olduğu İCAO (X4 Agency) və İATA (X1 Agency) qaydalarına əsasən həyata keçirilir. Həmin qaydalara əsasən reysin ləğvi zamanı sərnişinə dəymiş zərər tam ödənilməli və ya adam başına aviabiletin qiymətindən asılı olmayaraq, 600 AVRO kompensasiya ödənilməlidir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 3687/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı2 cavabdeh "xxxx" QSC-yə qarşı zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1879/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı2 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3687/2023 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək 396,06 ABŞ dollarının (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə) və ödənilmiş 34 manat dövlət rüsumunun cavabdeh "xxxx" QSC-dən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 842.1-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 842.2-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlınməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mükün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki iş üzrə qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3687/2023 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1879/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı tərəfindən qeyd edilən biletlərin əldə edilməsi və uçuşun ləğv edilməsi işin mübahisəsiz hallarıdır və məhkəmə üçün preyudisial əhəmiyyətə malikdir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 15:35-ə olan ARRİYAD (RUH)-BAKİ (J2) reysinin ləğv olunması barədə cavabdeh tərəfindən ona məlumat verilməməsi nəticəsində ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" QSC-nin “Sərnişinlərin, baqajın və yüklərin daşınması” qaydalarının 17.1-ci bəndində qeyd edilir ki, biletdə, hərəkət cədvəlində və aviaşirkətin dərc olunmuş digər reys qrafiklərində göstərilən yola düşmə (gəlmə) vaxtına və hava gəmisinin tipinə zəmanət verilmir və daşıma müqaviləsinin zəruri şərtinə daxil deyildir. Aviaşirkət reysin yola salınması vaxtını dəyişə bilər və bu barədə vaxtında sərnişini məlumatlandırmalıdır. Aviaşirkət sərnişini əvvəlcədən məlumatlandırmadan hava gəmisinin tipini dəyişə bilər. Qaydaların 17.2-ci bəndində qeyd edilir ki, aviaşirkət sərnişinin və baqajın daşınmasını ləngitməmək üçün bütün zəruri tədbirləri görməlidir. Fors-major şəraitində (o cümlədən hava məkanında yaranan fövqəladə vəziyyət, tətillər, qiyamlar, ictimai iğtişaşlar, embarqo, müharibələr, düşməncəsinə hərəkətlər, sakitliyin pozulması, beynəlxalq münasibətlərin tənzimlənməməsi, texniki problemlər və ya uçuşun təhlükəsiz yerinə yetirilməsini qeyri mümkün edən digər çətinliklər) aviaşirkət sərnişini əvvəlcədən xəbərdar etmədən reysi gecikdirmək və ya ləğv etmək, əvvəl təsdiq olunmuş təxsisi ləğv etmək hüququna malikdir. Qaydaların 5.1.3-cü maddəsində qeyd edilir ki, sərnişin biletində hökmən sərnişinin adı, soyadı (tam şəkildə), sərnişinin şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, biletin verildiyi yer və tarix, yola düşmə və təyinat yeri, nəzərdə tutulmuş dayanacaqlar, aviabiletin dəyəri, aviaşirkətin adı və ünvanı göstərilməli, bu və ya digər beynəlxalq qanunvericilik və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət haqqında qaydaların bu daşımaya şamil edildiyi qeyd olunmalıdır. Hazırki halda isə dekabr ayının 31-dən yanvar ayının 15-dək olan dövrdə, sərnişin sayının olmadığı və iqtisadi baxımdan məqsədəuyğun olmadığını nəzərə alaraq 2022-ci il noyabrın 16-da Bakı Ər Riyad marşurutu üzrə bəzi reyslərə, o cümlədən iddiaçıların aldığı reysə aviabiletlərin satışının dayandırılması və reyslərin ləğv edilməsi barədə qərar qəbul olunmuşdur. Lakin bu barədə sərnişinlərlə müəyyən edilmiş qaydada məlumat verilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, 396 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı1 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən dəymiş zərərə görə 396,06 (üç yüz doxsan altı dollar altı sent) ABŞ dolları (ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) pul, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar