Məhkəmə qərarları › İş №e-2(006)-2204/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2204/2023

12.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2204/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X3 və cavabdeh Bakı şəhəri Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhəri Cavabdeh2 və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı “qanunsuz hərəkətlərə son qoyulması və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən 2 mərtəbədən ibarət olan fərdi yaşayış evində və ona bitişik Sübhi Salayev küçəsi 31 saylı ünvanda yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsində hazırda və gələcəkdə təmir-bərpa işlərinin aparılmasına maneə törətməməsi, ona məxsus həmin sahələrdə qanunsuz hərəkətlərə son qoyulması vəzifəsinin cavabdehlər Bakı şəhəri Cavabdeh2, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzərinə qoyulması və dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən 2 mərtəbədən ibarət olan fərdi yaşayış evi və ona bitişik Sübhi Salayev küçəsi 31 saylı ünvanda yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur (xüsusi mülkiyyətindədir) və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar mövcuddur. Qeyd olunan ünvanlarda uzun illər bundan öncə baş vermiş yanğın nəticəsində iddiaçıya məxsus yaşayış və qeyri-yaşayış sahələri yaşayışa və istifadəyə tamamilə yararsız vəziyyətə düşmüşdür. Həmin yerlərin qəzalı vəziyyətdə olması ilə əlaqədar iddiaçı Bakı şəhəri Cavabdeh2nə müraciət ünvanlamış və həmin yerlərin öz vəsaiti hesabına əsaslı təmir edilməsinə, yaşayış üçün yararlı hala gətirilməsinə icazə verilməsi istəmişdir. Bakı şəhəri Cavabdeh2 9/8-84-069 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ilə iddiaçıya bildirilmişdir ki, iddiaya məxsus fərdi yaşayış evinin və qeyri-yaşayış sahəsinin yararsız halda olması, texniki vəziyyətinin qeyri-qənaətbəxş olması müəyyən edilmiş, iddiaçının mülkiyyətində olan sahələrdə mövcud ölçülərdən, qabaritlərdən kənara çıxılmaması şərti ilə iddiaçının öz vəsaiti hesabına təmir-bərpa işlərinin aparılmasına etiraz edilmir. Bundan sonra iddiaçı xüsusi mülkiyyətində olan həmin sahələrdə təmir-bərpa işlərini aparmaq məqsədilə müvafiq tikinti materialları alıb və təmir-bərpa işləri aparmağa başlamışdır. Lakin, cavabdehin əməkdaşları tərəfindən iddiaçının həmin sahələrdə apardığı təmir-bərpa işləri heç bir qanuni əsas gətirilmədən sökülmüşdür. Sökülmə nəticəsində iddiaçıya külli miqdar ziyan dəymişdir. İddiaçı qanuni ona verdiyi hüquqdan istifadə edərək yenidən həmin sahələrdə təmir-bərpa işlərini davam etdirir. Çünki, həmin sahələrdə təmir-bərpa işlərini davam etdirmədiyi təqdirdə həm həmin qeyd olunan sahələrə əhəmiyyətli dərəcədə ziyan dəyəcək, həm də iddiaçı külli miqdarda ziyana məruz qalacadırdır. Lakin, cavabdehlər bu halları nəzərə almadan yenidən qanunsuz şəkildə təmir-bərpa işlərinə problem yaradır, müdaxilə edir və həmin sahələrdə aparılan təmirbərpa işlərini sökəcəyini bildirir. Qeyd edilən daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququ dövlət tərəfindən qeydə alınıb və cavabdehlər tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan hərəkətlər qanunsuzdur və mülkiyyətçinin qanuni mülkiyyət hüquqlarını pozur. Cavabdehlərə iddiaçı dəfərlərlə qanunsuz əməllər etdiyi, bunlara son qoymalarının vacib olduğu bildirilsə də, cavabdelər öz qanunsuz əməllərindən imtina etmir, daha da qəddar şəkildə davam etdirirlər. Cavabdehlər tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan hərəkətlər qanunsuz hesab edilməli, həmin maneələrə son qoyulmalı və qadağan edilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, komitənin əməkdaşları orada olduğu zaman müəyyən etmişlər ki, orada təmir işləri aparılmırdı, tikinti işləri həyata keçirilirdi. Söküntü işlərinə gəldikdə onunla bağlı komitənin səlahiyyəti olmadığından bununla bağlı söz deyə bilmir, onlar sadəcə göstəriş yazıb Fövqəladə Hallar Nazirliyinə göndərirlər. Orada aparılan tikinti işləri tikinti icazə icraatına düşür. Tikinti icazə icraatında da nəzərdə tutulub ki, tikinti həyata keçirilərkən icazə alınmalıdır. Digər tərəfdən, cavabdehlər inzibati orqan olduğundan hesab edilir ki, hazırki tələbə rayon məhkəməsində deyil, inzibati məhkəmədə baxılmalıdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh Bakı şəhəri Cavabdeh2 nümayəndəsi X2 hazırki mübahisənin inzibati xarakterli olması səbəbindən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhəri Cavabdeh2 və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı “qanunsuz hərəkətlərə son qoyulması və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 16.3-cü bəndində qeyd olunmuşdur ki, ümumi və ya inzibatiiqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hazırki iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı cavabdehlərdən maneələrin aradan qaldırılmasını və qanunsuz hərəkətlərə son qoyulması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, mübahisə inzibati xarakterli mübahisədir, odur ki, hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə görə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 261.0.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Cavabdeh2nə qarşı “qanunsuz hərəkətlərə son qoyulması və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı aidiyyatı üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar