Məhkəmə qərarları › İş №e-2(006)-221/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-221/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-221/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4600 manat məbləğində borcunun silinməsi, əmək haqqı kartından silinmiş 390.13 manat pulun ona ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 66 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehə 2023-cü ildə onlayın qaydada müraciət edərək “Birkart” kredit kartı əldə etmişdir. Kredit kartı alarkən 3600 kredit məbləği ayırılmışdır. 2024-cü ildə cavabdeh tərəfindən qeyd edilən kart üzrə limit artırılaraq 4800 müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 02:32-də onun məlumatı olmadan Birkartda olan 4600 manat pul Cavabdehdan olan əmək haqqı kartına köçürülmüş və əmək haqqı kartında olan 441 manat pulla birlikdə ümumilikdə 5041 manat vəsaitdən 4990.13 manat “Tik-tok” adlanan sosial şəbəkəyə köçürülmüşdür. Köçürülmə onun icazəsi və xəbəri olmadan həyata keçirilib. O, cavabdehin 196 qaynar xəttinə müraciət etdikdə ona sms vasitəsilə gəlmiş OTP kodlarını təsdiq etdiyimi bildirdilər. O, həmin OTP kodlarını araşdırdıqda xx.xx.2024-cü il tarixdə 02:32 radələrində 3DS:7582 saylı kod üzrə 2473,20 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 02:34 radələrində 3DS:5725 saylı kod üzrə 2440.80 ABŞ dolları vəsaitin “Tik-tok” hesabına köçürülməsini müəyyən etmişdir. Yuxarıda qeyd etdiyi kimi onun Birbank kartında 4600 manat, əmək haqqı kartında 441 manat vəsait olmuş, Birbank kartında olan 4600 manat əmək haqqı kartına köçürüldükdə ümumilikdə 5041 manat təşkil edir. Bank tərəfindən təqdim edilmiş məlumatlardan müəyyən olunur ki, onun hesabından ümumilikdə 4917 ABŞ dolları vəsait çıxarılıb ki, bu da dolların məzənnəsinin Azərbaycan manatına nisbətdə 8353,80 manat təşkil edir. Əgər Birkartda olan 4600 manat vəsait tərəfindən əmək haqqı kartına köçürülmüşdürsə və əmək haqqı kartında 5041 manat olduğu halda onda 8353,80 manat pulun köçürülməsinə necə razılıq verə bilər. Bundan əlavə əgər o, hər hansı bir məhsula pul köçürmək istəyirdisə onda həmin pulu Birbank vasitəsilə köçürə bilərdi. Cavabdeh özünü məsuliyyətdən azad etmək üçün OTP kodlarının tərəfindən təsdiq edildiyini, pulların köçürülməsinə razılıq verdiyini bildirir. O, baş vermiş hadisə ilə bağlı Şirvan şəhər Polis şöbəsinə müraciət etmiş və müraciəti əsasında Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. Bildirmişdir ki, kart hesablarından pulun oğurlanması cavabdehin müştəri hesablarının təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməməsi səbəbindən baş vermişdir. Qeyd etdiyi kimi o, pulun digər karta köçürülməsi və sonra da hər hansı bir platformaya ödəniş edilməsinə heç bir razılıq verməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia ilə bağlı yazılı izahatını məhkəməyə təqdim etmişdir. Yazılı izahatda qeyd edilmişdir ki, iddia ərizəsində kart hesablarından pulların oğurlanmasının Bank tərəfindən təhlükəsizliyin təmin edilməməsi ilə əlaqədar baş verməsini bildirsə də, nəzərə almaq lazımdır ki, kart sahibi tərəfindən kart və digər şəxsi məlumatların üçüncü şəxsə ötürülmədiyi və ya üçüncü şəxslərə onlar tərəfindən həmin məlumatların və kodların əldə edilməsinə şəraitin yaradılmadığı və ya həmin şəraitin yaradılmasına imkan verilmədiyi təqdirdə kart ilə qeyd olunan əməliyyatların aparılması mümkün deyildir. Bu səbəbdən həmin əməliyyatların aparılmasına görə məsuliyyəti iddiaçının özü daşıyır və burada Bank tərəfindən təhlükəsizliyin təmin edilməməsi əsas gətirilə bilməz. İddiaçı həmin əməliyyatların onun xəbəri olmadan üçüncü şəxs tərəfindən aparılmasını, yəni oğurluq edilməsini bildirsə də, hal-hazırda bunu təsdiq edən hər hansı bir sübut mövcud deyil. Belə ki, İddiaçı kart hesabından oğurluq edilməsi ehtimalı öz təsdiqini tapsa belə həmin cinayət əməli nəticəsində zərər çəkmiş şəxs özü olduğundan Bankdan deyil, əməli törətmiş şəxsdən ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olacaqdır. Həmçinin, nəzərə alınmalıdır ki, bank qanunvericiliyinə, banklarla müştərilər arasında bağlanmış kart müqavilələrinə və işgüzar adətlərə görə banklar tərəfindən müştərilərə verilən istənilən növ kart, müştəri tərəfindən əldə edildikdən sonra həmin kart üzrə bütün məsuliyyət müştəriyə aid olur. Hazırki şikayətə əlavə edilmiş tərəflər arasında bağlanmış BRED4665274A141 nömrəli xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsinin 7.2.6-cı bəndinə əsasən kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır). Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçının kart hesabı ilə qeyd olunan əməliyyatların aparılmasına görə məsuliyyəti Bank deyil, iddiaçının özü daşıyır. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi və təqdim edilən sübutlardan da müəyyən edildiyi kimi iddiaçıya məxsus kart hesabından aparılan əməliyyat TikTok (Singapore)-a edilən ödəniş əməliyyatıdır. Məhz elə bu səbəbdən həmin əməliyyatların aparılması ilə əlaqədar 18 % ƏDV komissiyası tətbiq olunaraq tutulmuşdur (2440,80 ABŞ dolları (4,185.97 AZN) məbləğində aparılmış ödəniş əməliyyatına görə 753,47 AZN). Buna səbəb qeyri-rezident olan TikTok (Singapore) ilə elektron ticarətin aparılmasıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. "Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir. Qanunvericiliyin tələbinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyrirezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada qeyrirezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən qeyd olunan kartların vasitəsi ilə edilmiş ödəniş əməliyyatları sözügedən kartların məlumatları (nömrəsi, bitmə tarixi, security code/CVV kod) daxil edilməklə və iddiaçının qeydiyyatda olan mobil nömrəsinə birdəfəlik 3D Secure kodlarının göndərilməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparılmışdır (iş materiallarına birdəfəlik 3D Secure kodlarının göndərilməsini təsdiq edən çıxarış əlavə edilir). 523915******5032 nömrəli əmək haqqı kartı vasitəsi ilə əməliyyatın aparılması üçün xx.xx.2024-cü il tarixdə saat 02:32:57-də və elə həmin tarixdə saat 02:34:22-də birdəfəlik 3D Secure kodları göndərilmişdir. Cavabdeh ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cari iş üzrə təqdim edilmiş ekspert rəyində də Bank tərəfindən hər hansı pozuntu etməsi halı müşahidə edilmir. İş üzrə daha öncə xx.xx.2024-cü il tarixli izahatda qeyd etdiyi mövqeni qoruyurlar. Bundan başqa ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunun 25.7-ci maddəsində qeyd edilir ki, ödəniş xidməti istifadəçisi icra olunmuş ödəniş əməliyyatını avtorizə etdiyini inkar etdikdə, ödəniş alətinin istifadəsi faktı ödəniş xidməti istifadəçisinin ödəniş əməliyyatını avtorizə etməsini və ya onun dələduzluq məqsədilə hərəkət etməsinə şübhə olmasını və ya bu Qanunun 38-ci maddəsi ilə müəyyən edilmiş vəzifələri qəsdən və ya kobud ehtiyatsızlıqdan yerinə yetirmədiyini sübuta yetirmək üçün kifayət deyildir. Bu halda ödəniş xidməti təchizatçısı, zəruri olduqda isə vasitəçi fırıldaqçılıq əməliyyatının baş verdiyini və ya ödəniş xidməti istifadəçisi tərəfindən kobud ehtiyatsızlığın olunduğunu təsdiq edən aidiyyəti sübutları ödəniş xidməti istifadəçisinə təqdim etməlidir. Həmin qanunun 38-ci maddəsi aşağıdakı redaksiyadadır: Maddə 38. Ödəniş xidməti istifadəçisinin ödəniş alətinə və fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına münasibətdə vəzifələri 38.1. Ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə vəzifələri aşağıdakılardır: 38.1.1. ödəniş alətindən ödəniş alətinin emissiya və istifadəsi şərtlərinə uyğun olaraq istifadə etmək; 38.1.2. ödəniş alətini əldə etdikdən dərhal sonra onun fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsiz saxlanmasını təmin etmək; 38.1.3. ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi dərhal məlumatlandırmaq. Həmin qanunun 41.3-cü maddəsində isə deyilir ki, ödəyici bu Qanunun 38-ci maddəsinin tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozması halında, avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə yaranan itkilərə görə tam məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrində deyilir ki, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024cü il tarixli məktubda göstərilmişdir ki, plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. Dələduzluq hallarının qarşısının alınması üçün müştərilərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq sosial paylaşımlar edilir. 24 yanvar 2024-cü il tarixdə 416973******6908 saylı kredit kartının hesabından 4600 manat məbləğində vəsait 416973******5276 saylı plastik karta köçürülmüş və buna görə 23 manat məbləğində xidmət haqqı tutulmuşdur. Daha sonra 416973******5276 saylı plastik karta 4600 manat məbləğində vəsait 46 manat xidmət haqqı tutularaq mədaxil olunmuşdur və 2440.8 ABŞ dolları (ekvivalenti olaraq 4185.97 manat məbləğində əməliyyat icra olunmuşdur. İcra edilmiş əməliyyata görə 753.47 manat ƏDV məbləği tutulmuşdur. Əməliyyat müraciətdə qeyd edilən mobil nömrəyə bank tərəfindən göndərilmiş 3D secure kodun istifadə edilməsi ilə icra edilmişdir. Bank tərəfindən 3D secure kodu göndərilən zaman bu kodun digər şəxslərə paylaşılmaması üçün məlumat təqdim edilir. Kredit xətti müqaviləsinin sığortası ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsi tövsiyyə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, ekspertiza qarşısında qoyulmuş suallar Mərkəzi Bankdan tədqiqata cəlb edilən mütəxəssislər- İnformasiya və kibetəhlükəsizlik departamentinin Təhlükəsizlik əməliyyat mərkəzi şöbəsinin rəisi Timur Hüseynov və X2 Kommunikasiya departamentinin Təhlükəsizlik analitiki Fariz Pirmətov tərəfindən xx.xx.2025-ci il tarixli ekspert rəyində cavablandırılmışdır. İş materiallarında olan Mərkəzi Bank tərəfindən təqdim edilmiş ekspert rəyində göstərilmişdir ki, Kapital Bankın müvafiq sistemlərində, o cümlədən bank hesablarında və prosessinq sistemində kibermüdaxilə izlərinin olub-olmamasını müəyyən etmək üçün həm bankın infrastrukturunda, həm də ixtisaslaşmış laboratoriyada sistemlərin ətraflı təhlili aparılmalıdır. Bu təhlil müvafiq bacarıqlara, təcrübəyə və analiz alətlərinə malik olan əlavə ixtisaslaşmış mütəxəssislərin cəlb olunmasını tələb edir. Mərkəzi Bankda bu sahəyə aid laboratoriya və müvafiq ekspert qrupu olmadığı üçün yuxarıda qeyd olunan 2 sualın cavablandırılması mümkün olmamışdır. Belə bir tədqiqat kibertəhlükəsizlik üzrə ixtisaslaşmış təşkilatlar və ya şirkətlər tərəfindən həyata keçirilə bilər. Kapital Bankın FİMİ sistemindən əldə etdiyimiz məlumata əsasən TikTok platformasına 2440 dollar (4185 manat) ekvivalentində ödəniş həyata keçirilmişdir. TikTok ölkədə qeyri rezident platforma olduğuna görə bank tərəfindən ödənilən məbləğin 18%-i (753.47 manat) dəyərində ƏDV tutulmuşdur. Təhlükəsizlik kodunun göndərilməsinə əsas TikTok platformasından ödənişlə bağlı sorğunun olmasıdır. Kapital Bankın müvafiq bank sistemlərinin fəaliyyət jurnallarında təhlükəsizlik kodunun daxil edildiyi cihazlar göstərilməsə də, köçürmə əməliyyatı zamanı 43d4687428fb8a8b identifikatorlu Samsung SM-A505FN markalı mobil cihazdan mobil tətbiqə giriş edildiyini nəzərə alaraq, təhlükəsizlik kodunun da həmin cihazdan daxil edildiyini güman etmək olar. Telefonun zərərli proqram təminatına yoluxma ehtimalını nəzərə alaraq, müvafiq laboratoriyada texniki ekspertizadan keçirilməsi tövsiyə olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli baxış aktında göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazriliyinin Məhkəmə Ekspertizası Mərkəzini Sənədlərin texniki ekspertizası aparıcı eksperti Lamiə Süleymanova; Azərbaycan Respublikasının Mərkəzi Bankının İnformasiya və kibertəhlükəsizli departamentinin Təhlükəsizlik əməliyyat mərkəzi şöbəsinin rəisi Timur Hüseynov; Azərbaycan Respublikasının Mərkəzi Bankının Ödəniş xidmətləri və ödəniş sistemlə üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin Ödəniş xidmətləri və ödəni sistemlərinin inkişafı və siyasəti şöbəsinin mütəxəssisi Murad Tağıyev; Azərbaycan Respublikası Mərkəzi Bankının Təhlükəsizlik analitiki X4 Rayon məhkəməsinin 2(006)-3084/2024, 2(006)-2736/2024 və 2(006)-3346/2024 nömrəli mülki işlər üzrə təyin etdiyi məhkəm ekspertizasının keçirilməsi barədə qərardadına əsasən Cavabdeh ASC-nin baş ofisinə xx.xx.2025-ci il saat 15:00-da mütəxəssislərlə birgə gedilmişdir. Bu zaman “Kapital Bank ASC”-nin Təhlükəsizlik departamenti Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri X1 tərəfindən bankın ünvanın başqa məkana köçürülməsi və hal-hazırda İT əməkdaşlarının bir qisminin yerində olmaması səbəbindən məlumatların saxlandığı müvafiq sistemə baxış həmin gün təşkil edə bilməyəcəklərini bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli baxış aktından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Təhlükəsizlik analitiki X4 Rayon məhkəməsinin 2(006)- 3084/2024, 2(006)-2736/2024 və 2(006)-3346/2024 nömrəli mülki işlər üzrə təyin etdiyi ekspertiza keçirilməsi barəəd qərardada əsasən "xxxx" ünvanda yerləşən KapitalBank ASC-nin məlumatlar bazasına baxış keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 957.3-cü maddəsinə əsasən, müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər. - 957.4-cü maddəsinə əsasən, əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş ekspert rəyində göstərilmişdir ki, Kapital Bankın FİMİ sistemindən əldə edilən məlumata əsasən TikTok platformasına 2440 dollar (4185 manat) ekvivalentində ödəniş həyata keçirilmişdir. TikTok ölkədə qeyri-rezident platforma olduğuna görə bank tərəfindən ödənilən məbləğin 18%-i (753.47 manat) dəyərində ƏDV tutulmuşdur. Təhlükəsizlik kodunun göndərilməsinə əsas TikTok platformasından ödənişlə bağlı sorğunun olmasıdır. Məhkəmə qeyd edir ki, sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu onun ziyanınadır. Sübut etməli olan tərəfin irəli sürdüyü güman təkzib olunursa həmin tərəfin sübutu əks sübutdan üstün sübutetmə qüvvəli hesab edilə bilməz. İddiaçı cavabdehin təhlükəsizlik tədbirlərinin yetərincə görülməməsi səbəbindən pulun məhz ondan tələb edilməli olmasını qeyd etsə də buna dair iş materiallarında hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının kart məlumatlarının ələ keçirilməsinin cavabdehin bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməməsi səbəbindən baş verməsi öz təsdiqini tapmır, eyni zamanda iddiaçı həmin əməliyyatların onun xəbəri olmadan üçüncü şəxs tərəfindən aparılmasını bildirsə də, halhazırda bunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Beləliklə, məhkəmə iddiaçının cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədiyi qənaətinə gəlir, həmçinin göstərilənlər işin araşdırılmış halları ilə də müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu onun özünə aid edilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar