Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-223/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək qanunsuz sahibliyində saxladığına görə Cavabdeh 51110 manat məbləğində əldən çıxmış fayda kimi zərərin, qeyri-yaşayış sahəsində ona məxsus olan əmlakların Cavabdeh dövlət orqanlarına yaranmış borcuna görə satılmasına dair məhkəmə qərarları qəbul olunduğu üçün həmin əmlakların dəyəri olan 5300 manat real zərərin, əmlakın icarə haqqının qiymətləndirilməsi üçün ödənilmiş 100 manat məbləğində pulun, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində xidmət haqqının və 260,19 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixindən etibarən ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir. Qeyd olunan əmlak onun mülkiyyətiə keçməmişdən öncə əvvəlki mülkiyyətçi tərəfindən 31 oktyabr 2016-cı il tarixli İcarə Müqaviləsinə əsasən Cavabdeh 31 yanvar 2017-ci il tarixə kimi aylıq icarə haqqı 500 manat olmaqla icarəyə verilmişdir. İcarə obyekti restoran fəaliyyəti göstərməsi üçün mülkiyyətçi tərəfindən bütün zəruri avadanlıqlarla (həmçinin mətbəx avadanlıqları ilə də) təmin edilmiş və müasir interyerə malik şəkildə icarəçiyə təhvil verilmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin qeyd olunan bəndinə əsasən icarə müddəti bir neçə dəfə uzadılmış, əmlak mülkiyyətinə keçdikdən (xx.xx.2020-ci il tarixindən) sonra da icarə münasibətləri 31 oktyabr 2016-cı il tarixli İcarə Müqaviləsinə əsasən davam etdirilmişdir. Müqavilənin müddəti sonuncu dəfə xx.xx.2021-ci il tarixində daha 1 il müddətinə uzadılmışdır. Əvvəlki bir neçə ay ərzində icarəçi aylıq icarə haqqını hər ay vaxtında ödəmişdir. Lakin xx.xx.2020-ci il tarixindən etibarən icarəçi Cavabdeh tərəfindən icarə haqqı müxtəlif bəhanələrlə ödənilməmiş və xx.xx.2022-ci il tarixinə qədər olan 20 ay ərzində onun icarəyə verənə 10000 manat icarə haqqı borcu yaranmışdır. Həmçinin icarə obyektinə gedərkən bir neçə dəfə orda digər şəxslərin də fəaliyyət göstərdiyinin şahidi olmuş, həmin şəxslərin dairəsini müəyyən edə bilməmişlər. Bütün bu hallar isə Cavabdeh tərəfindən icarə obyektinin üçüncü şəxslərə subicarəyə verilməsini təsdiq edir. Halbuki 31 oktyabr 2016-cı il tarixli İcarə Müqaviləsinin 7-ci bəndinə əsasən "icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz". Belə olan halda müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərin icarəçi tərəfindən kobud şəkildə pozulmasını və vaxtında yerinə yetirilməməsini nəzərə alaraq müqavilənin müddətinin uzadılmaması qərarına gəlmiş və müqavilənin 3-cü bəndinə əsasən icarə müddətinin bitməsinə 1 ay qalmış icarə müddətinin uzadılmayacağı barədə icarəçiyə yazılı bildiriş göndərmişdir (Bildiriş cavabdehə rəsmi qaydada xx.xx.2021-ci il tarixində çatdırılıb). Həmçinin bildirişdə icarə obyektinin xx.xx.2022-ci il tarixində qarşılıqlı təhvil-təslim aktına əsasən boşaldılaraq təhvil verilməsi tələb olunmuşdur. Artıq xx.xx.2022-ci il tarixdə müqavilənin müddətinin bitməsinə baxmayaraq icarəçi icarə obyektini boşaldaraq icarəyə verənə təhvil verməmiş və icarə obyekti Cavabdeh qanunsuz sahibliyində qalmışdır. Bu səbəbdən də Cavabdeh qarşı "mülkiyyət hüququna yaradılmış maneələrə son qoyulması və icarə haqqının tutulması" tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən "mülkiyyət hüquqlarına maneələrə son qoyulması və Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılması, həmin qeyri-yaşayış sahəsinin təhvil-təslim aktına əsasən İddiaçı təhvil verilməsi; Cavabdeh xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan dövrdə ödənilməmiş icarə haqqına görə 11250 manat, icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 843,75 manat, cəmi 12093,75 manat məbləğində pul vəsaitinin və 122,25 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh İddiaçı və digərlərinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixə kimi müqavilənin qüvvədə olması, 10.000 manat qabaqcadan ödədiyi 20 aylıq icarə haqqının, 3.435 manat təmir xərclərinin, həmçinin də iddia üzrə cavabdehlərin hər birindən 6.000 manat əldən çıxmış qazancın və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 1596/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilərək, ilk iddia üzrə Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205,9 kv.metr olan qeyriyaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq ilk iddia üzrə İddiaçı təhvil verilməsi, Bakı şəhəri 3 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli 3M-658 reyestr nömrəli icarə müqaviləsi üzrə yaranmış 11.250 manat borc və icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 843,75 manat əldən çıxmış fayda olmaqla, cəmi 12.093,75 manat pulun ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8007/2022 saylı, 29 dekabr 2022-ci il qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1779/2023 saylı qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8007/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qeyd olunan iş üzrə icra vərəqəsi verilmiş və Yasamal rayon İcra şöbəsi tərəfindən icra vərəqəsi xx.xx.2023-cü il tarixində icra edilərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq həmin tarixdə ona təhvil verilmişdir. Göründüyü kimi xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh qanunsuz sahibliyində qalmış və həmin müddət ərzində o, xüsusi mülkiyyətində olan əmlakdan istifadə edərək gəlir götürmək hüququndan məhrum edilmişdir. Bunun müqabilində isə Cavabdeh bu müddət ərzində qeyd olunan əmlakı qanunsuz sahibliyində saxlamaqla oranı restoran kimi istifadə etməyə davam etmiş və gəlir götürmüşdür. Yuxarıda qeyd olunan qanunvericilik normaları, xüsusilə də Mülki Məcəllənin 157.5 və 1092.1.1-ci maddələri mülkiyyətçinin əşyanın onun sahibliyində olmadığı müddətdə əldən çıxmış faydanı əsassız varlanmış qanunsuz sahibdən tələb etmək hüququnu müəyyən etmişdir. Belə ki, həmin maddələrə görə əşya üzərində hüquqa malik olan şəxsin tələbi ilə qanunsuz sahibin əşyanın onda olduğu vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirləri qaytarmaq və ya əvəzini ödəmək, əşyanın onda olması ilə bağlı yaranan zərərlərin əvəzini ödəmək vəzifəsi müəyyən olunmuşdur. Bu səbəbdən də hesab etmişdir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh əldən çıxmış fayda kimi zərər məbləği tutulub ona ödənilməlidir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 38 saylı "İcarə haqqının orta bazar dəyərinin müəyyən edilməsi barədə HESABAT"ından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 2022-ci ilin əvvəlindən bugünə qədər aylıq icarə haqqının orta bazar dəyəri 3400 manat təşkil edir. Əvvəlki məhkəmə mübahisəsi zamanı məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə 2022-ci ilin fevral və mart aylarına görə hər ay üçün 500 manat, aprel ayının birinci yarsına görə də 250 manat olmaqla cəmi 1250 manat məbləğində pul Cavabdeh onun xeyrinə tutulmuşdur. Beləliklə hesab etmişdir ki, 2022-ci ilin fevral və mart aylarına görə hər ay üçün 2900 manat, aprel ayı üçün 3150 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək hər ay üçün 3400 manat olmaqla cəmi 51110 manat məbləğində əldən çıxmış fayda kimi zərərin, əmlakın icarə haqqının qiymətləndirilməsi üçün ödənilmiş 100 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməlidir. Həmçinin qeyri-yaşayış sahəsi ona təhvil veriləndən sonra məlum olmuşdur ki, qeyri-yaşayış sahəsi vergi ödəyicisi olan Cavabdeh tərəfindən restoran kimi istifadə edilən zaman Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerin yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna 11784.99 manat, İcbari Tibbi Sığorta Fonduna isə 505,87 manat borcu yaranmışdır. Qeyd olunan borc məbləğləri ödənilmədiyindən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən xx.xx.2022 tarixli Qərarlar qəbul edilərək Cavabdeh icarəsində olan qeyri-yaşayış sahəsində ona məxsus 5300 manat məbləğində əmlak siyahıya alınmışdır. Daha sonra isə vergi orqanı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakların satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərarları ilə vergi orqanının iddiası təmin edilmiş və həmin qərarlar qanuni qüvvəsini almışdır. Göstərilənlərdən məlum olur ki, Cavabdeh bu yolla da ona 5300 manat məbləğində real ziyan vurmuşdur. Bu səbəbdən də hesab etmişdir ki, həmin məbləğ də ondan tutulub ödənilməlidir. Cavabdeh Rəfail oğlu iddiaya etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi olan boş sahəni əmlakın ilkin mülkiyyətçisi X1 xx.xx.2016-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürmüş və ayda 500 manat icarə haqqı ödəmişdir. O, icarəyə götürdüyü mübahisə predmeti olan qeyri-yaşayış sahəsində iaşə obyekti kimi fəaliyyət göstərmişdir, 6 nəfər işçi hökümət portalında qeydə alınmışdır, əmək haqqı almaqla orada çalışmışdır. Onlar üçün Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Vergi Xidmətinə ödənişlər etmişlər. Məhkəmənin nəzərinə çatdırmışdır ki, o, ünvan 2 ünvanda yerləşən 205,9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini boş vəziyyətdə icarəyə götürmüş, sonradan öz vəsaiti hesabına 1 ay müddətinə icarə haqqı ödəməsinə baxmayaraq fəaliyyətinə uyğun təmir etdirmiş və avadanlığlarla təchiz edərək noyabr 2017-ci ildən fəaliyyətə başlamışdır. Uzun müddətdir ki, həmin iaşə obyektində fiziki şəxs kimi fəaliyyəti göstərmiş sahibkar kimi vaxtlı-vaxtında vergi ödəmiş və digər komunal ödənişlər etmiş, icarə haqqı vermişdir. Bundan sonra yeni mülkiyyətçi hazırki iş üzrə iddiaçı X5 ona qarşı iddia ərizəsi ilə Bakı şəhər Yasamal rayon Məhkəməsində qeyri-yaşayış sahəsinin boşaldılmasına dair iddia qaldırmışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, onun ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 205,9 kv.m olan qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması, həmin qeyri-yaşayış sahəsini boşaldaraq iddiaçı X3 təhvil verməsi, xx.xx.2016-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış ümümilikdə 12093,75 manat məbləğində pulun ondan tutularaq iddiaçı X3 ödənilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icra olunmaq üçün icra şöbəsinə göndərilmişdir. Qətnamənin pul tələbinə aid hissəsi Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinə, qeyri yaşayış sahəsinin boşaldılması hissəsi isə Bakı şəhər Yasamal rayon İcra Şöbəsinə tapşırılmışdır. Bakı şəhər Yasamal rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında Qərarının surətindən görünür ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin e-2(004)-1596/2022-022 saylı xx.xx.2022-ci il tarixli İcra Sənədi xx.xx.2022-ci il tarixində icra məmurunun icraatına daxil olmuş və həmin icra sənədinə əsasən icra məmuru xx.xx.2022-ci il tarixində İcraata başlamaq Haqqında Qərar qəbul etmişdir. Bakı şəhər Yasamal rayon İcra Şöbəsi cavabdeh (borclu) kimi ona göndərdiyi bildirişin surətindən görünür ki, xx.xx.2022-ci ildə icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra edilməsi tələb olunur. Bakı şəhər Nəsimi rayon İcra Şöbəsi cavabdeh (borclu) kimi onun iş yerinə göndərdiyi borcun tutulmasına dair məktubun surətindən görünür ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin e-2(004)- 1596/2022-022 saylı xx.xx.2022-ci il tarixli İcra Sənədi əsasında onun əmək haqqının 50 % miqdarında 12093,75 manat borc tutularaq hazırki iddiaçı X3 ödənilməsi və 846,56 manat icra xərcinin Nəsimi rayon İcra Şöbəsinə ödənilməsi xahiş olunmuşdur. Məhkəmənin nəzərinə çatdırmışdır ki, Nəsimi rayon İcra Şöbəsinin icraata başlamaq haqqında Qərarına Əsasən onun əmək haqqından 2022-ci ildən borc tutulur. Mülki hüquq pozuntusunu görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Qanunun tələbinə görə bu üç şərt məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməli mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər, törədilmiş əməlin hüquqa zidd olması; törədilmiş əməl nəticəsində başqa şəxsə zərər və ya ziyan vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Qanunun tələbindən də göründüyü kimi digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildisə şəxsin məsuliyyəti istisna edilir. Belə ki, zərərin əvəzinin ödənilməsi üçün zəruri olan hüquqi əsaslardan biri zərər vuran şəxsin təqsirli olmasıdır. Hesab etmişdir ki, iddiaçının iddia tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında qismən icra olunmamasına görə onun təqsiri olmadığından iddia tələbi rədd olunmalıdır. Mülki işin materiallarından və təqdim etdiyi sübutlardan da görünür ki, ilkin iddia üzrə cavabdeh kimi, o, hüquqlarından istifadə edərək Bakı şəhər Yasamal rayon Məhkəməsinin e-2(004)- 1596/2022 saylı qətnaməsindən narazı olduğundan qanunvericiliyin tələbi ilə kassasiya və apellyasiya şikayətləri etmişdir. Məhkəmənin yekun aktı çıxarıldıqdan sonra icra məmuru tərəfindən qətnamə icra olunmuş, onun tərəfindən qətnamənin icrasına heç bir maneələr yaradılmamışdır. Lakin iddiaçı X5 ilkin iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə iddia verməmişdən öncə hüququndan sui-istifadə edərək, heç bir məhkəmə aktı qəbul edilmədən, xx.xx.2022-ci il də "xxxx" ASC-yə müraciət edərək icarəyə götürdüyü ünvan 4 ünvandakı qeyri-yaşayış sahəsinə enerjinin verilməsini dayandırmışdır. Digər tərəfdən yenədə iddiaçı hüququndan sui-istifadə edərək “Azərqaz” İB-yə etibarnamə üzrə nümayəndəsi Anar Bəhirli vasitəsi ilə 05 yanvar 2022-ci ildə ərizə ilə müraciət edərək, guya qaz xəttinin yararsız olduğunu bildirməklə obyektə təbii qazın verilməsini dayandırmışdır. Göründüyü kimi hazırki iş üzrə iddiaçı X5 hüququndan sui-istifadə edərək obyektə qaz və işiq verilməsini qərəzli olaraq dayandırmaqla obyektin fəaliyyətinə imkan verməmişdir. Bunun nəticəsin də 8 nəfər işçi işsiz qalmış, onun xeyli miqdarda DVX-nə və DSMF-yə borcu yaranmışdır. Eyni zamanda Yasamal Rayon Məhkəməsinin qətnaməsi borc hissəsində icra olunarkən o, hüququndan istifadə edərək qeyd etdiyi kimi, apellyasiya və kassasiya şikayətləri etmişdir. Bu haldada o, hüququndan sui-istifadə etməmişdir. Qanunla ona verilən hüququndan qanunvericiliyin tələbinə daxilində istifadə etmişdir. Belə ki, qətnamə qismən icra olunmuş və tam icra olunması onun təqsiri üzündən olmamışdır, qanunvericiliyin tələbləri əsasında olmuşdur. Lakin, iddiaçı qanunla ona verilən hüquqlardan sui-istifadə edərək, guya qaz-işıq xəttində nasazlıq olması maneəsi ilə obyektə təbii qaz verilməsini və işığın verilməsini dayandırmışdır. Yuxarıda qeyd etdiklərini, qanunvericiliyin tələblərini rəhbər tutaraq iddia tələbinə etiraz edir və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Həmçinin izahatında qeyd etdi ki, tərəflər arasında olan müqavilə 500 manat məbləğində bağlanmışdır. Ekspertin rəyində göstərilən məbləğ real görünmür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan icarəyə verən X6 ilə icarəçi Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, həmin müqavilə icarəyə verənin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsinin aylıq 500 manat ödənilməklə icarəçiyə verilməsi haqqında bağlanmışdır. Müqavilənin 3-cü bəndində tərəflər müqavilənin pozulmasına dair təklif irəli sürməzsə icarə müddətinin daha 1 (bir) il müdəttinə uzadılmış hesab edilməsi razılaşdırılmışdır. İş materiallarında olan DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)-1596/2022 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq ilk iddia üzrə İddiaçı təhvil verilməsi, Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli 3M-658 reyestr nömrəli icarə müqaviləsi üzrə yaranmış 11250 manat borc və icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 843,75 manat əldən çıxmış fayda olmaqla, cəmi 12093,75 manat pul ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X7 və X4 qarşı “cavabdehlərə müqavilənin qüvvədə olma müddətinin bitənə qədər fəaliyyətinə yaradılmış və yaradılacaq maneələrin qadağan edilməsi və pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)-1596/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh ünvanlanmış məktubda göstərilmişdir ki, ünvan 5 yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüquq əsasında İddiaçı məxsus olmaqla "xxxx" ASC-də istehlakçı olaraq həmin mülkiyyətçi qeydiyyat alınmışdır. Qeyri-yaşayış sahəsinə verilən elektrik enerjisinin dayandırılması İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən həyata keçirilmişdir. Əlavə olaraq, onunla "xxxx" ASC arasında elektrik enerjisinin verilməsi ilə bağlı hər hansı müqavilənin olması müəyyən edilməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, araşdırma nəticəsində qeyd olunan obyektin səhmdar cəmiyyətin elektron bazasında 04/57- 697 nömrəli abunə kodu ilə İddiaçı adına qeydiyyata alınmasına dair məlumat vardır. İddiaçı tərəfindən abunə kodunun passiv edilməsi ilə bağlı “ASAN Kommunal” Mərkəzi vasitəsilə "xxxx" ASC-yə daxil olan 08 yanvar 2022-ci il tarixli müraciətə əsasən qeyd olunan abunə kodu üzrə elektrik enerjisi verilişi dayandırılmış və 14 iyun 2023-cü il tarixli müraciətə əsasən elektrik enerjisi verilişi bərpa edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış məktubda göstərilmişdir ki, uçot baza məlumatlarına əsasən Cavabdeh (VÖEN: **********) məxsus ünvan 6 ünvanda yerləşən “Kafe nişantaşı” adlı **********-13001 kodlu təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması barədə məlumat müəyyən edilməmişdir. Təsərrüfat subyektinin (obyektinin) fəaliyyəti aktiv vəziyyətdədir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış məktubda göstərilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin Cavabdeh (VÖEN: **********) məxsus təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması və hazırki tarixə vergi borcu barədə məlumatın verilməsinə dair xx.xx.2023-cü il tarixli **********555500 nömrəli məktubuna Bakı şəhəri X8 üzrə Baş idarəsində baxılmışdır. xx.xx.2023-cü il tarixə olan uçot-baza məlumatlarına əsasən Cavabdeh məxsus AZ1073, ünvan 6 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin hal-hazırda aktiv vəziyyətdə olması barədə məlumat mövcuddur. Müraciətlə bağlı onu da qeyd etmişlər ki, şəxsi hesab vərəqəsi üzrə məlumatlara əsasən fərdi sahibkarın cari tarixə dövlət büdcəsinə ödənilməmiş vergi borcu və icbari tibbi sığorta haqları yoxdur. Eyni zamanda bildirilmişdir ki, Sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqəsi üzrə məlumatlara əsasən vergi ödəyicisinin cari tarixə - Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan və Muzdla işləyənləri işə götürən sığortaedənlər(MDSS) üzrə ümumilikdə 12221,62 manat borcu vardır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru, tələbkarın nümayəndəsi və hal şahidlərinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsi əşyalarla birlikdə tələbkara təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş hesabatda ünvan 6, 500-cü məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin 2022-ci ilin əvvəlindən bu günə qədər aylıq icarə haqqının orta bazar dəyərinin 3400 manat təşkil etməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında müqavilə”nin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə vəkil Nümayəndə 220 manatın ödənilməsi barədə qarşılıqlı razılığa gəlinmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 205.9 kv.m olan qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 3000 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Məhkəmə ilk öncə iddia tələbinin “ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək qanunsuz sahibliyində saxladığına görə Cavabdeh 51110 manat məbləğində əldən çıxmış fayda kimi zərərin tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi ləğv edilmiş, icarə obyekti sahibinə təhvil verilmişdir. Hazırda mülkiyyətçi icarə obyektini ona təhvil verilənədək əldən çıxmış faydanı tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Məhkəmə hesab edir ki, iddiaçı obyektin icarəçi tərəfindən qeyri-qanuni olaraq saxlandığı müddət üçün kompensasiya tələb etməkdə tamamilə haqlı olmuşdur. Lakin, kompensasiya iddiada qeyd edilən məbləğdə tutulmamalır. Belə ki, iddiaçı əldən çıxmış fayda kimi qeyd etdiyi məbləğin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü (obyektin təhvil veridiyi gün) il tarixinədək hər ayı üçün 3400 manat hesablanmaqla tutulmalı olduğunu qeyd etmişdir. Halbuki, qanuni qüvvədə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində 2020-ci ilin iyun ayından icarə müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixədək olan müddət üçün icarə haqqı və icarə predmeti olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən qaytarılmadığı üçün 2022-ci ilin fevral, mart və aprel ayının birinci yarısına görə də icarə haqqı məbləğində (843.75 manat) kompensasiyanın tutulması qət edilmişdir. Beləliklə, kompensasiya 2022-ci ilin aprel ayının ikinci yarısından xx.xx.2023-cü il tarixindək hesablanmaqla iddiaçıya ödənilməlidir. Məhkəmə kompensasiyanın hər aya görə tutulmalı olan məbləğinə gəldikdə Məhkəmə Ekspertiza Mərkəzinin rəyini əsas götürməklə ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 205.9 kv.m olan qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının orta bazar qiymətinin təxminən 3000 manat müəyyən edilməsini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 2022-ci ilin aprel ayının ikinci yarısından xx.xx.2023-cü il tarixinədək (14 ay) müddətinə hər aya görə 3000 manat hesablanmaqla 42 000 manatın tutulmalı olması qənaətinə gəlir. Məhkəmə cavabdehin etirazında “iddiaçı X2 hüququndan sui-istifadə edərək obyektə qaz və işiq verilməsini qərəzli olaraq dayandırmaqla obyektin fəaliyyətinə imkan verməməsi” dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmənin sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən əldə edilmiş məlumata ünvan 6 ünvanda yerləşən “Kafe nişantaşı” adlı **********-13001 kodlu təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması barədə məlumat müəyyən edilməmiş, Yasamal rayonu, Mikayıl Müşfiq ev 12 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin xx.xx.2023-cü il tarixə olan məlumata əsasən aktiv vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəmə cavabdehin etirazında “Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qeyri-yaşayış sahəsinin boşaldılması barədə icra sənədinin hərəkətsiz qalmasında onun heç bir təqsirinin olmaması” dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi ləğv edildikdə o artıq icarə obyektinin təhvil verməli olduğunu bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə iddianın “qeyri-yaşayış sahəsində ona məxsus olan əmlakların Cavabdeh dövlət orqanlarına yaranmış borcuna görə satılmasına dair məhkəmə qərarları qəbul olunduğu üçün həmin əmlakların dəyəri olan 5300 manat real zərərin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsinə dair iddiaçı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, göstərilənlər işin hər hansı halı ilə sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın “əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 100 manatın cavabdehdən onun xeyrinə tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddiaçı öz tələbini və istinad etdiyi halları sübut etmək məqsədi ilə əmlakın qiymətləndirilməsini həyata keçirməklə ödədiyi məbləğ onun özünə aid edilməlidir. Məhkəmə iddianın “hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində xidmət haqqının tutulması” hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 220 manat ödənişlər edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 220 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddianın “260.19 manat dövlət rüsumunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X9” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq (42 220 manat) ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 216.66 manat tutulmalı, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh icarə obyektini qanunsuz olaraq özündə saxlamasına görə 42 000 manat kompensasiya, hüquqi yardıma görə xidmət haqqı olaraq ödənilmiş 220 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 216.66 manat tutularaq İddiaçı ödənilməli, ödənilmiş 260.19 manat dövlət rüsumunun qalan 43.53 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh icarə obyektini qanunsuz olaraq özündə saxlamasına görə 42 000 manat kompensasiya, hüquqi yardıma görə xidmət haqqı olaraq ödənilmiş 220 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 216.66 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 260.19 manat dövlət rüsumunun qalan 43.53 manat hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-223/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-223/2024
16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver