Məhkəmə qərarları › İş №e-2(006)-2238/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2238/2024

06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2238/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsinə iddia icraatı qaydasında baxılaraq, cavabdehin nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclaslarında iştirak etməzsə belə təqdim etdiyi məlumatlar nəticəsində 100 AZN qəbzlər üzrə naməlum ödəniş, məhkəmə xərcləri olan dövlət rüsumu 30 AZN ona dəymiş maddi ziyana və 870 AZN mənəvi ziyana, ümumilikdə 1000 AZN məbləğində dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xaricdən əldə etdiyi «Toyota» markalı nəqliyyat vasitəsi daşıyıcı şirkət tərəfindən Azərbaycana gətirilib və gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2023-cü tarixində müvafiq orqana təqdim edilmişdir. Bu tarixdən öncə yolunu gözlədiyi nəqliyyat vasitəsinin gəlib-gəlməməsinə görə gömrük ərazisindəki dayanacaqlara arabir baş çəkib baxırdı. Dayanacaqları ziyarət etdiyi vaxtlar oranın işçiləri ilə ünsiyyətdə olurdu və dayanacaq ətrafında göstərilən xidmətlərə dair informasiya lövhəciyi olmadığı üçün işçilərdən əraziyə aid rüsumları soruşmuşdu. Cavabında günü 10 AZN olduğu bildirilmişdi və eyni qiyməti mediada şikayətçi vətəndaşlardan da eşitmişdi. Buna görə vaxtı çatanda xərclərini əvvəlcədən hesablayıb gömrük və DYP işlərini bitirib dayanacağa yaxınlaşmışdır. xx.xx.2023-cü il tarixində təxminən 15:30 radələrində dayanacaqda ödəniş edib ərazini tərk etmək zamanı çatmışdı. Dayanacağın xəzinədarı gözlədiyi kimi ona 6 gün üçün 60 AZN bildirdikdən sonra ona gözlənilməz əlavə 100 AZN məbləği ödəməli olduğunu bildirmişdi. Xəzinədara bu ödənişi hansı xidmətin müqabilində ödəməli olduğunu soruşanda isə cavabında bildirilmişdi ki, əlavə məlumatı dayanacağın ərazisində 4-cü otaq var orada ona izah edəcəklər. 4-cü otaqda konkret nəyə görə 100 AZN ödəməli olduğunu izah edə bilmədiklərinə görə xahiş etdi ki, qeyd edilən müəssisə ərizə yazısını qəbul etsin. Ərizə yazsa da belə əlavə 100 AZN ödəməsə nəqliyyat vasitəsinin girov qalacağı bildirilmişdi. Buna baxmayaraq, ərizəsində ona məxsus məlumatları qeyd edib xahiş etdi ki, nəqliyyat vasitəsini girov saxlamasınlar və 100 AZN nəyə görə ödəməli olduğunu yazılı izah etsinlər, hüquqşünaslarla məsləhət etsin, sonra lazımsa ödəsin və ya münasibətlərinə məhkəmədə aydınlıq gətirsinlər. Buna baxmayaraq nəqliyyat vasitəsini girov saxlamağa qərar verdilər. Baş verən hala görə DİN 102 xidmətinə iki dəfə müraciət edib kömək istəmişdir. Bir müddət sonra yaxınları onu axtararaq gəlib məcbur 100 AZN ödəyib girovluqdan azad etdilər. Heç bir xidmət göstərmədən pul tələb etmək, tələb edilən ödəniş üçün rəsmi açıqlama verməmək, ərazi üzrə göstərilən xidmətlərə dair qiymət lövhəsi vurmamaq, ödənişin açıqlaması tələb edənin əmlakını girov götürmək hüququnun pozulmasıdır. Dayanacağın fəaliyyəti və qeyri-qanuni əməllərinə görə Daxili İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nazarət Dövlət Xidmətinə müraciət etmişdir. Müraciətlərə verilən cavablardan görünür ki, ondan əlavə 100 AZN alan qurum özünün gömrük orqanının bir üzvü kimi göstərsə də əslində adi dayanacaq xidməti göstərir. Bunu gömrük orqanı rəsmi cavabında göstərmişdir. Əmlakını girov saxlamaqla ondan məcbur 100 AZN vəsaitin almağını “rəsmiləşdirmə” kimi qələmə verir. Dayanacaq olaraq nəqliyyat vasitəsi dayanacağa girərkən qeydiyyata alıb gömrük və DYP rəsmiləşdirilməsi bitdikdən sonra tərk etmək istəyərkən dayanacağı tərk etmək saatı ilə dayanacağın 6 gün üçün rəsmiləşdirmə prosesi bitir və bu xidmətə görə 60 AZN ayrıca ödəmişdir. Məlum olduğu kimi cavabdeh üzərinə düşən öhdəlik üçün aldığı 60 AZN-dən əlavə iddiaçını 100 AZN ödəməyə məcbur edərək, 100 AZN məbləğində maddi və altı aydır ki, nə ona nə də ki rəsmi orqanlara açıqlama verməməklə mənəvi ziyan vurmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh şirkətə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 100/01/004 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərterminalkompleks” Birliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumdur. “Azərterminalkompleks” Birliyinin əsas fəaliyyət istiqamətlərindən biri gömrük nəzarəti zonalarında gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin, o cümlədən yüngül minik avtomobillərinin dayanacaq məntəqələrində yerləşdirilməsi və dayanacaq xidmətlərinin təşkil edilməsindən ibarətdir. Vətəndaş İddiaçı müraciətində qeyd olunan dayanacağın Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə aidiyyəti yoxdur. Odur ki, sözügedən dayanacaq məntəqəsində göstərilən hər hansı bir fəaliyyətə görə “Azərterminalkompleks” Birliyi məsuliyyət daşımır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan 12 mart 2024-cü il tarixli, 3-21-1/2-4371/2024 saylı məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən Dövlət Xidmətinə xx.xx.2024-cü il tarixində daxil olmuş məktubda iddiaçının ödədiyi 100 (yüz) manat məbləğində vəsaitin nəqliyyat vasitəsinin terminalda rəsmiləşdirilməsi üçün alındığı və adıçəkilən MMC-yə dəvət edilərək bu haqda iddiaçıya məlumat verildiyi bildirilmişdir. Cavabdeh MMC-nin mövqeyi ilə razılaşmadığı təqdirdə hüquq-mühafizə və ya məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı ondan qanunvericiliklə nəzərdə tutulan məbləğdən daha çox pul alındığını iddia edərək, bununla ona maddi və mənəvi zərər dəyməsini bildirmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona maddi ziyan vurulması ilə ilə bağlı hazırki iddia tələbi ilə müraciət etsə də, bunun üçün məhkəməyə hər hansı bir sübut təqdim etməli idi. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İşin materiallarından görünür ki, iddiaçı ondan 60 və 100 manat deyil daha az məbləğ alınmalı olmasını qeyd etsə də, həmin məbləğin əslində faktiki olaraq nə qədər təşkil etməli olması ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Başqa sözlə, iddiaçı ödədiyi məbləğin ödənilməli olan məbləğdən artıq olmasını sübut edə bilməmişdir. İş materiallarında olan Gömrük İdarəsinin rəisi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub ilə terminaldakı ödənişlər ilə bağlı bildirilmişdir ki, həmin terminal Komitənin sisteminə daxil olan qurum deyil və göstərilən xidmətlərin növü, dəyəri sahibkarla terminal sahibi tərəfindən tənzimlənir. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair (ziyan vurulması ilə bağlı) sübutlar məhkəməyə təqdim edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Ödəniş qəbzindən görünür ki, məkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə tələbin mənəvi ziyan hissəsi ilə bağlı qeyd edir ki, bu ziyan maddi ziyanla əlaqələndirildiyindən və maddi ziyanla bağlı tələbin əsaslı olması müəyyən olunmadığından iddia mənəvi ziyana münasibətdə də əsassız sayılır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar