Məhkəmə qərarları › İş №e-2(006)-2270/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2270/2024

27.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2270/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin artırılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin miqdarının artırılaraq hər ay hər uşağa 350 manat olmaqla, ümumilikdə 700 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(006)-5265/2018 nömrəli qətnaməsi ilə iddiaçı Nəbiyeva (Dəmirova) Səidə Rafiq qızı və Cavabdeh arasındakı nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 anaları Nəbiyeva (Dəmirova) Səidə Rafiq qızının yanında qalmaları müəyyən edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 avqust 2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində aliment məbləğinin tutularaq Nəbiyeva (Dəmirova) Səidə Rafiq qızına verilməsi qət edilmişdir. Hal-hazırda uşaqlarının ehtiyacları artmış, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmədiyini bildirmişdir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Onu da qeyd etmişdir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkmişdir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərməmişdir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə iddiaya etiraz təqdim edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, uşaq üçün ayda 235 manat müəyyən edilməsini nəzərə alınmaqla, alimentin artırılaraq, hər ay, hər uşağa 235 manat məbləğində alimentin ödənilməsi ilə razıdır, qalan hissədə isə iddia ərizəsində göstərilənlərin əsassız, həqiqətə uyğun olmadığını və təmin edilməməli olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi şər, yalan, uydurma və həqiqəti əks etdirməyən hallar, onun yalan və intriqalar üzərində qurulmuş xarakterinin təbiəti və mahiyyətinin göstəricisidir və eyni zamanda iddiaçının psixi sağlamlığı ilə bağlı şübhələr yaradır. Cavabdeh iddiaçı haqqında bildirmişdir ki, məlum olan səbəblərdən, iddiaçının maddi durumu ona nisbətən dəfələrlə yaxşıdır və maddi cəhətdən iddiaçı heç bir çətinlik çəkmir. Belə ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur, qadın salonları açmış, şəxsi biznesi vardır və qazancı imkan verir ki, o ən bahalı avtomobillər və daşınmaz əmlaklar alsın. O isə dövlət xəstəxanasında həkim vəzifəsində işləməklə, məlum olan həkim maaşını alır və şəxsi biznesi yoxdur. Bu halı qeyd etməklə o bildirmək istəyir ki, iddiaçının cavabdehin maddi yardımına ehtiyacı yoxdur. Məqsəd isə qəsdən iddiaçını münaqişəyə cəlb etməkdir. İddiaçı yaşadığı həyat tərzi, uşaqların baxımsız, digərlərin himayəsində saxlanılması, İddiaçı hazırda öz valideynlik hüquqlarından (uşaqların onun yanında qalmasından) suiistifadə edib uşaqları atalarına qarşı düşmənçilik ruhunda böyütməsi, onları atalarından gizlədib, ünsiyyətdə olmasına imkan verməməsi, uşaqların düzgün humanizm və əxlaqi prinsiplər əsasında vətənpərvər tərbiyə alınması, uşaqların savadlı, hərtərəfli inkişaf etməsi, onların sağlam və psixi inkişafı imkanlarından məhrum edilməsini uşaqlara zərərli təsir göstərə biləcək əməllər olduğunu qeyd etmişdir. Hətta, İddiaçı onu öz valideynlik hüquqlarını qanunla nəzərdə tutulmuş qaydada məhkəmələrdə müdafiə etməkdən yayındırmaq üçün, qəsdən münaqişə yaratmaq məqsədilə, müxtəlif orqanlara sistematik olaraq əsassız şikayətlər etməklə, iddiaçının telefonuna zəng etməklə, iş yerinə gəlib təhqir etməklə, rahatlığını pozmaqla, qəsdən onu münaqişəyə cəlb etməyə çalışır. Bununla əlaqədar iddiaçının dəfələrlə prokurorluğa və polis orqanlarına müraciət etməsinə baxmayaraq, heç bir tədbir görülməmiş və cəzasız qalan İddiaçı öz əməllərinə davam etmişdir. Göstərilənləri nəzərə alaraq, o, İddiaçı iddiası qismən təmin olunmaqla, yetkinlik yaşına çatmayan uşaqların - xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5265/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan Səadət Sarayı (Bakı nikah evi) tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 521 nömrə ilə qeyd alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan X3 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 avqust 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa 154 manat, cəmi 308 manat məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00201 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi, xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 3-cü ilin ödənişi olaraq 1400 manat və 1260 manat olmaqla "xxxx" MMC-nə ödənişlər edilmişdir. Cavabdehin təqdim etdiyi “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli 18-1-3/3-1084/2024 nömrəli arayışında qeyd edilmişdir ki,Nəbiyev X2 şöbəsinin həkim-uroloq vəzifəsində çalışır və əmək müqaviləsinə əsasən aylıq gəliri 1407 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Tərəflərin əvvəllər rəsmi nikahda olması, onların birgə nikahdan iki övladının olması, nikahın pozulması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən hər uşağa 154 manat olmaqla, ayda cəmi 308 manat sabit pul məbləğində aliment tutulması işin mübahisələndirilməyən hallarıdır. Hazırda iddiaçı uşaqların tələbatlarının artmasını əsas gətirərək tutulan aliment məbləğinin hər uşağa 350 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində müəyyən edilməsini və ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. İddiaçı fərdi əməklə məşğul olmaqla, övladlarının təhsil haqqlarını və onların tələbatlarını təkbaşına ödəməsini bildirərək, aliment məbləğinin artırılması zərurətini bildirmiş, cavabdeh isə öz növbəsində iddiaçının maddi vəziyyətinin ondan daha yaxşı olmasını və aliment məbləğinin 700 manata artırılmasının əsassız olduğunu əsas gətirərək alimentin artırılaraq, hər ay, hər uşağa 235 manat məbləğində ümumi 470 manat sabit pul məbləğində alimentin ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının hər bir uşağın saxlanması üçün 350 manat məbləğində olmaqla, cəmi 700 manat sabit pul məbləğində alimentin, ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin tutulması tələbini və cavabdehin isə iddiaçının maddi vəziyyətinin ondan daha yaxşı olmasını və aliment məbləğinin 700 manata artırılmasının əsassız olduğuna görə alimentin yalnız artırılaraq, hər ay, hər uşağa 235 manat məbləğində, ümumi 470 manat sabit pul məbləğində alimentin ödənilməsinin yolverilən olmasına istinad etməsini, ümumilikdə uşaqların saxlanmasında hər iki valideynin bərabər məsuliyyət daşımasını və bütün bunların fonunda isə yetkinlik yaşına çatmayanların üstün mənafeyinin gözlənilməsini və əvvəlki maddi vəziyyətlərinə təsiri nəzərə alır. Məhkəmə həmçinin 2024-cü ildə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğini nəzərə alaraq hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat aliment tutulmasının mümkünlüyünü nəzərə alır və hər bir halda alimentin miqdarının artırılmasını məqsədəuyğun hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5265/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment və ödənilmiş 50 manat məbləğində mediasiya xərci tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (470-308=162 manat, 162 x 12 = 1944 manat, 1944- 1000=944; 944 x 1% = 9,44; 30+9,44 = 39,44 manat) 1000 manatdan çox olduğundan, cavabdehdən 39,44 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5265/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 39,44 (otuz doqquz manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar