Məhkəmə qərarları › İş №e-2(006)-2273/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2273/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2273/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında notarial qaydada 30 noyabr 2021-ci il tarixli, 3M-178 reyestr nömrəli “kredit (borc) müqaviləsi”nin ləğv edilməsi, Cavabdeh 30 noyabr 2021-ci il tarixində notarial qaydada təsdiq edilmiş 3M-178 reyestr nömrəli “kredit (borc) müqaviləsi” üzrə yaranmış 15.000 (on beş min manat) manat pulun, 1.200 (bir min iki yüz manat) manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat xidmət haqqının və 139.40 (yüz otuz doqquz manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi 16.356,65 (on altı min min üç yüz əlli altı manat altımış beş qəpik) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 30 noyabr 2021-ci il tarixində notarial qaydada təsdiq edilmiş (reyestrdə, 3M-178 nömrə ilə qeyd edilmiş) “kredit (borc) müqaviləsi” imzalanmışdır. Sözügedən “kredit (borc) müqaviləsi”nə əsasən Cavabdeh (“borc alan”) 15.000 (on beş min manat) manat pulu İddiaçıdan (“borc verən”) 30 mart 2022-ci il tarixinədək qaytarmaq şərti ilə faizsiz olaraq borc almışdır. Belə ki, sözügedən borc müqaviləsinin 2-ci bəndinə əsasən “borc alan” krediti 30 mart 2022-ci il tarixinədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının son günündən bir ildən çox vaxt keçməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliyini bugünədək yerinə yetirməmişdir. Dəfələrlə iddiaçı tərəfindən qeyd edilən borc məbləği Cavabdeh tələb edilsə də, cavabdeh borcu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır, pulun qaytaracağı tarixlə bağlı çox sayda vədlər vermiş, lakin hər dəfəsində yalan danışdığı müəyyən edilmişdir. Bundan sonra, İddiaçı yaranmış mübahisənin, daha dəqiq desək “borc verən”in (iddiaçının) pozulmuş hüququnun bərpasının qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə qaydasında həll edilməsini qərara almışdır. Tərəflər arasında imzalanmış 31 may 2022-ci il tarixli kredit (borc) müqaviləsinin 8-ci və 9-cu bəndlərinə uyğun olaraq hesab edir ki, cavabdehin öhdəliyini icrasını tələb etmək üçün məhkəməyə müraciət edilməlidir. Hüquqi yardım göstərilməsi ilə bağlı iddiaçı ilə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə arasında xx.xx.2023-cü il tarixində 000150423/576 nömrəli müqavilə bağlanılmış və 1200 manat (bir min iki yüz manat) pul Bakı şəhəri 6 saylı VB-nin hesabına ödənilmişdir (xx.xx.2023-ci il tarixli, ********** əməliyyat nömrəli qəbz). Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, Surxay ona pul veribdir. Aldığı borcu notariusa gedərək rəsmiləşdirmişlər. Surxay o pulu oğlunu hərbiyə düzəltmək üçün vermişdi. O da bu pulu tanışı Çingizə verdi. Çingiz də başqa adama verib. Daha sonra Çingizin pul verdiyi adam yoxa çıxıb. Pul da batıb. Burada onun heç bir təqsiri yoxdur. Pulu o yeməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə Cavabdeh məhkəmə iclasına dəvət edilmiş, lakin qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 30 noyabr 2021-ci il tarixli borcverən İddiaçı və borcalan Cavabdeh arasında bağlanan kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Mirişov X1 Pərviz Xudu oğluna 15.000 manat məbləğində pulu notariusun bankdakı depozit hesabı vasitəsilə ilə borc verməyi, borcalan krediti xx.xx.2022-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, **********№-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 139.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan Hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 1200 manat məbləğində xidmət haqqı ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, iddiaçı tərəfindən nümayəndə və vəkilə etibarnamə verilməsi üçün 17.25 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh 15.000 manat məbləğində borc pul verilmiş, Cavabdeh həmin vəsaiti xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda İddiaçı həmin borc məbləği geri qaytarılmadığı üçün hazırki tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabeh Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı kredit almış, ayrılmış kredit məbləğini vaxtında qaytarılması barədə öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini icra etməmişdir. Belə ki, əvvəlki məhkəmə iclasında izahatı alınan Cavabdeh borc olaraq aldığı pulu başqa adama verdiyini qeyd edərək, onun heç bir təqsirinin olmamasını bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi tərəflərin arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə yaranmış 15.000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində təmin edilməli və tərəflərin arasında notarial qaydada bağlanmış kredit (borc) müqaviləsi ləğv edilməli və cavabdehdən iddiaçının xeyrinə 15.000 manat məbləğində borc pulun əvəzi tutulmalıdır. İddianın hüquqi yardıma görə ödənilmiş cəmi 1200 manat və etibarnamə verilməsinə görə ödənilmiş 17.25 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia vəkil xərci hissəsində qismən, digər hissədə isə təmin olunmalı və hüquqi yardım xərcinin əvəzi ağlabatan həcmdə, yəni 600 manat və etibarnamənin verilməsinə görə 17.25 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, iddianın dövlət rüsumu olaraq ödənilmiş 139.40 manat məbləğində pulun cavabdehdən alınması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin olunmalı, dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada 30 noyabr 2021-ci il tarixli, 3M-178 reyestr nömrəli kredit (borc) müqaviləsi ləğv edilməli, Cavabdeh 30 noyabr 2021-ci il tarixində notarial qaydada təsdiqlənmiş 3M-178 reyestr nömrəli kredit (borc) müqaviləsi üzrə yaranmış 15.000 manat pul, 600 manat hüquqi yardım göstərilməsi xərci, etibarnamə verilməsinə görə 17,25 manat xidmət haqqı və 139,40 manat dövlət rüsumu olmaqla, cəmi 15.756,65 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında notarial qaydada 30 noyabr 2021-ci il tarixli, 3M-178 reyestr nömrəli kredit (borc) müqaviləsi ləğv edilsin. Cavabdeh 30 noyabr 2021-ci il tarixində notarial qaydada təsdiqlənmiş 3M-178 reyestr nömrəli kredit (borc) müqaviləsi üzrə yaranmış 15.000 (on beş min) manat pul, 600 (altı yüz) manat hüquqi yardım göstərilməsi xərci, etibarnamə verilməsinə görə 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat xidmət haqqı və 139,40 (yüz otuz doqquz manat, qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 15.756,65 (on beş min yeddi yüz əlli altı manat, altmış beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar