Məhkəmə qərarları › İş №e-2(006)-2277/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2277/2022

19.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2277/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.000 ABŞ dollarının ödəmə tarixinə məzənnə üzrə manatla, iddia ərizəsinin təqdim olunmasına görə ödənilmiş 37 manat dövlət rüsumu, müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizənin təqdim olunmasına görə ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 Dubay şəhərindən «iPhone» markalı mobil telefon cihazın alınması üçün Cavabdeh ilə 27.03.2021-ci il tarixdə Bakı şəhəri Tofiq Bəhramov adına stadionun yanında göruşub sonuncuya 1.000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh ondan pulu götürərək 10 gun ərzində BƏƏ Dubay şəhərindən ona «iPhone» markalı mobil telefon cihazın alıb gətirəcəyini söz versə də, onu aldatmış və arasından uzun müddət vaxtın keçməsinə baxmayaraq, cavabdeh nə mobil telefon cihazını alıb ona təqdim etmiş, nə də ki, pulunu qaytarmışdır. Dəfələrlə cavabdehə edilmiş şifahi və yazılı («WhatsApp» mobil tətbiq vasitəsilə) xəbərdarlıqların nəticəsi olmamışdır. Cavabdeh mənimsədiyi pulu qaytaracağını söz versə də, sözünü tutmamışdır. Bu səbəbdən o, hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Təhqiqat zamanı Cavabdeh Bakı şəhəri Nərimanov RPİ 18-ci Polis Şöbəsinə aparılmış və izahatı alınmışdır. Cavabdeh izahatında həqiqətən ondan 1.000 ABŞ dolları almasını etiraf etmişdir. Cavabdeh Quliyev X1 RPİ 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Emin Quliyevə onun pulunu qaytaracağını söz versə də, yenə də öz sözünü tutmamışdır. Nəticədə material araşdırılması üçün Nərimanov RPİ İstintaq Şöbəsinə göndərilmişdir. Nərimanov RPİ 18-ci Polis Şöbəsinin 29.01.2022-ci il tarixli «Materialın aidiyyəti üzrə göndərilməsi barədə» Qərarına əsasən, «təhqiqat zamanı Cavabdeh qeyd edilənləri təsdiqləyərək həqiqətən İddiaçı ona Dubay şəhərindən «iPhone» markalı mobil telefon almaq üçün 1.000 ABŞ dolları pul aldığını etiraf etməsi» öz təsdiqini tapmışdır. Hazırda material Nərimanov RPİ İstintaq Şöbəsinin müstəntiqi Kənan Məmmədzadənin icraatındadır. Araşdırmanın nəticəsindən asılı olmayaraq hesab edir ki, Cavabdeh ondan mənimsədiyi 1.000 ABŞ dolları məbləğində pul mülki mühakimə icraatı qaydasında ona qaytarılmalıdır. Beləliklə, qanunvericiliklə onun cavabdehdən pulunu geri tələb etmək hüququ vardır. Cavabdeh ondan 1.000 ABŞ dolları məbləğində pul alaraq mənimsəməsi Nərimanov RPİ 18-ci Polis Şöbəsinin 29.01.2022-ci il tarixli qərarı ilə sübuta yetirilir. Bu səbəbdən də, hesab edir ki, Cavabdeh 1.000 ABŞ dolları məbləğində pul, ödəmə tarixinə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə alınıb ona ödənilməlidir. Həmçinin, hazırkı iddia ərizəsinin verilməsinə görə ödədiyi 37 manat və hazırkı iddia ərizəsi ilə birgə verilən müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizənin verilməsinə görə ödədiyi 10 manat dövlət rüsumları məbləğləri də Cavabdeh tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nərimanov RPİ 18-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Emin Quliyevin HK-1/191 saylı ərizə əsasında toplanmış materialın aidiyyəti üzrə göndərilməsi barədə 29 yanvar 2022-ci il tarixli qərarından görünür ki, aparılmış təhqiqat zamanı Quliyev X2 Ruslan Arif oğlunun ərizəsində qeyd edilənləri təsdiqləyərək, həqiqətən İddiaçı sonuncuya Dubay şəhərindən «iPhone» markalı mobil telefon almaq üçün 1.000 ABŞ dolları pul aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, cavabdeh iddiaçıdan telefon gətirəcəyinə vəd verməklə 1.000 ABŞ dolları məbləğində pul almış, iddiaçıya telefon alaraq gətirməmiş, pulu qaytarmayaraq, 1.000 ABŞ dolları məbləği həddində əsassız varlanmışdır. Bu səbəbdən, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1.000 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, iddia ərizəsinin təqdim olunmasına görə ödənilmiş 37 manat dövlət rüsumu, müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizənin təqdim olunmasına görə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.000 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, iddia ərizəsinin təqdim olunmasına görə ödənilmiş 37 manat dövlət rüsumu, müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizənin təqdim olunmasına görə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar