Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2278/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ayvacı Basriyə qarşı «borcun ödənilməsi» tələbinə dair ilk iddiası; Ayvacı Basrinin İddiaçı qarşı «kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ayvacı Basriyə qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ayvacı Basridən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 23.000 (iyirmi üç min) manat məbləğində borcun və ödənilmiş 159 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ayvacı Basri İddiaçı qarşı «kredit müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında bağlanmış 13 iyun 2022-ci il tarixli kredit müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ayvacı Basri Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında bağlanmış 13 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə onun öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 13 iyun 2022-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmış və borcalana xx.xx.2022-ci il tarixədək 23.000 manat məbləğdə borc verilmişdir. Lakin borcalan həmin borc üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq və pretenziya məktubu göndərilmiş və onun qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Müqavilənin şərtlərinə əsasən borc alan müqavilə ilə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Eyni zamanda müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək tələbkarın hüququdur. İddiaçı iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 159 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC olaraq qeydiyyatdan keçmiş kafeyə şərik olmaq məqsədilə Cavabdeh müraciət etmişdir. Tərəflərin razılaşmasına əsasən, İddiaçı tərəfindən 45.000 manat məbləğində pul qoyuluşu həyata keçirilməli idi. Lakin Rəhimov tərəfindən 10.000 manat, 5.000 manat və 5.000 manat olmaqla, cəmisi 20.000 manat məbləğində pul verilmişdir. Həmin pul vəsaiti kafenin avadanlıqlarının – 2 ədəd soyuducu, 2 ədəd televizor, manqal dəsti; hazırlıq dəsti, kabab şişləri və s. alınmasına, havalandırma sisteminin quraşdırılmasına, elektrikləşmə işlərinə, səhnənin düzəlişinə və s. xərclənmişdir. Bundan əlavə, reklam işləri ilə bağlı İddiaçı 3.000 manat məbləğində pul ödədiyini A.Basrıya bildirmişdir. İddiaçı kafeyə şərik olaraq qoyduğu pul vəsaitinin notarial qaydada borc müqaviləsi adı altında sənədləşdirilməsini təklif etmiş, Cavabdeh isə buna etiraz etməmişdir. Belə ki, 13 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, guya borc verən İddiaçı borc alan Cavabdeh 23.000 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə borc verir. Borc alan krediti xx.xx.2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Əslində isə tərəflər arasında heç bir borc münasibəti olmamış, İddiaçı tərəfindən A.Basrıya borca pul verilməmişdir. Müqavilənin tarixinin 13 iyun 2022-ci il olduğunu və 01 iyul 2022-ci il tarixinədək ödəmək öhdəliyinin olduğunu nəzərə alsaq, 17 gün müddətinə 23.000 manat məbləğində pulun qaytarılmasının qeyri-mümkünlüyü müqavilənin özüözlüyündə real müqavilə olmadığını göstərir. Göründüyü kimi, 13 iyun 2022-ci il tarixli kredit müqaviləsi yalan əqd olmaqla əslində tərəflər arasında olan işgüzar münasibətləri (birgə fəaliyyət müqaviləsi və ya əməkdaşlıq müqaviləsi) pərdələmək üçün bağlanmışdır. Bundan sonra, 2022-ci ilin avqust ayında sözügedən 20.000 manat məbləğində pul vəsaitinin əvəzi olaraq Cavabdeh tərəfindən kafe bütün avadanlıqları və yaxşılaşdırma işləri ilə birgə İddiaçı təhvil verilmiş, "xxxx" MMC ləğv edilmiş, Cavabdeh uzaqlaşmış və kafenin yerləşdiyi icrarə obyektinə dair İddiaçıla icarə müqaviləsi bağlanılmışdır. Bu zaman hətta İddiaçı A.Basrının yanında sözügedən kredit müqaviləsini cıraraq, tərəflərin hər hansı pul münasibətlərinin qalmadığını bildirmişdir. Lakin bir müddət keçdikdən sonra İddiaçı hazırki əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbini əsaslandıran mötəbər sübutlar – şahid ifadələri, avadanlıqların alınmasına dair sənədlər, "xxxx" MMC-nin ləğvi ilə bağlı bütün vergi sənədləri mövcuddur və iş materiallarına əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, ...mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti olmamış, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin sırf görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verilməmişdir. Nəzərə alınmamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli Qərar). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında göstərilir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd – tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Qarşılıqlı iddia üzrə iddiaçı yuxarıda qeyd olunanlara istinad edərək hesab edir ki, qarşılıqlı iddia tələbim tam əsaslıdır və təmin edilməlidir. İddia tələbinin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçının iddia tələbi ilə razı deyildir və hesab edir ki, əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Bildirir ki, İddiaçı "xxxx" MMC olaraq qeydiyyatdan keçmiş kafeyə şərik olmaq məqsədilə ona müraciət etmişdir. Tərəflərin razılaşmasına əsasən, İddiaçı tərəfindən 45.000 manat məbləğində pul qoyuluşu həyata keçirilməli idi. Lakin İddiaçı tərəfindən 10.000 manat, 5.000 manat və 5.000 manat olmaqla, cəmi 20.000 manat məbləğində pul verilmişdir. Həmin pul vəsaiti kafenin avadanlıqlarının – 2 ədəd soyuducu, 2 ədəd televizor, manqal dəsti, hazırlıq dəsti, kabab şişləri və s. alınmasına, havalandırma sisteminin quraşdırılmasına, elektrikləşmə işlərinə, səhnənin düzəlişinə və s. xərclənmişdir. Bundan əlavə, reklam işləri ilə bağlı R.Rəhmov 3.000 manat məbləğində pul ödədiyini ona bildirmişdir. İddiaçı kafeyə şərik olaraq qoyduğu pul vəsaitinin notarial qaydada borc müqaviləsi adı altında sənədləşdirilməsini təklif etmiş, o, isə buna etiraz etməmişdir. Belə ki, 13 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, guya borc verən İddiaçı borc alan Cavabdeh 23.000 manat məbləğində pulu notariusun banka açılan depozit hesabı vasitəsi ilə borc verir. Borc alan krediti xx.xx.2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Sözügedən pul vəsaitinin əvəzi olaraq onun tərəfindən kafe bütün avadanlıqları və yaxşılaşdırma işləri ilə birgə İddiaçı təhvil verilmiş, "xxxx" MMC ləğv edilmiş, o, uzaqlaşmış və kafenin yerləşdiyi icarə obyektinə dair İddiaçıla icarə müqaviləsi bağlanılmış, bununla da 13 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlik tam icra edilmişdir. Bu zaman hətta İddiaçı onun yanında sözügedən kredit müqaviləsini cıraraq, tərəflərin hər hansı pul münasibətlərinin qalmadığını bildirmişdir. Lakin bir müddət keçdikdən sonra İddiaçı hazırki əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbilərini əsaslandıran mötəbər sübutları – şahid ifadələri, avadanlıqların alınmasına dair sənədlər, "xxxx" MMC-nin ləğvi ilə bağlı bütün vergi sənədləri mövcuddur və iş materiallarına əlavə olunmuşdur. Göründüyü kimi, o, 13 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etdiyindən öhdəliyə xitam verilməlidir. Yuxarıda qeyd olunan faktiki hallara və maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, qarşılıqlı iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Öncəki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməmiş, ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq ərizə təqdim edərək qeyd etmişdir ki, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 13 iyun 2022-ci il tarixli kredit müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, qarşılıqlı iddia ərizəsində iddiaçının tələbi üzrə iddia müddəti keçdiyinə görə həmin iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçının xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin yalan əqd hesab edilərək bağlandığı andan etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi iddiaçı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, əqdin etibarsız hesab edilməsi tələbi üzrə iddia müddətinin bir il olduğunu və iddiaçının həmin müddət başa çatdıqdan sonra məhkəməyə müraciət etdiyini nəzərə alaraq, hesab edirəm ki, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddia müddətinin keçməsi ilə əlaqədar olaraq, iddiaçı Cavabdeh İddiaçı qarşı 13 iyun 2022-ci il tarixli Kredit müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması barədə tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi və ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak etmədiyini, ilk iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılaraq ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, məhkəmə iclasında dindirilmiş Kenan Yıldırım öz ifadəsində bildirmişdir ki, sözügedən kafeni daha əvvəllər o işlətmişdir. Ayvacı Basriyə də kafenin işlənməsi ilə bağlı bəzi köməkliklər etmişdir. Sonradan həmin kafeyə Ramiz müəllim şərik olmuş, onun verdiyi pulla müəyyən avadanlıqlar alınmışdır. Daha sonra aralarında narazılıq olduğuna görə pulun əvəzinə kafeni tələb etmiş, Cavabdeh daha öncə buna razı olmasa da, sonradan həmin kafeni avadanlıqları ilə birlikdə ona təhvil vermişdir. Hətta həmin kafeyə Cavabdeh tərəfindən xeyli məbləğdə xərc də qoyulmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid Salman adlı şəxs isə bildirmişdir ki, kafeyə qoyulan pulun əvəzinə kafenin təhvil verilməsi qərarına gəlinərkən o da həmin söhbətdə iştirak etmişdir. Belə ki, onun da mərkəzdə kafesi olduğundan Ramiz bəy, oğlu Toğrul və Basri bəy birlikdə onun kafesinə gələrək onunla birgə əyləşmiş və Ramiz bəy tərəfindən qoyulan pulun əvəzinə Ayvacı Basri tərəfindən kafenin təhvil verilməsi ilə bağlı onun yanında razılığa gəlmişdirlər. Məhkəmə iclasında dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, sözügedən kafedə barmen işləyib. Bar da kafenin mərkəzində quraşdırıldığından hər şey onun gözünün önündə baş vermişdir. Belə ki, dəfələrlə Toğrul və atası (adını unutduğu şəxs) kafeyə gələrək ya pulun ödənilməsini tələb etmiş, ya da əvəzində kafenin onlara təhvil verilməsini istəmişdirlər. Ayvacı Basri kafeyə əlavə xərclər çəkdiyinə görə kafeni ilk öncə təhvil vermək istəməmiş, daha sonra ona qarşı təzyiqlər, hədə-qorxular olduğuna görə kafeni təhvil verib uzaqlaşmalı olmuşdur. Məhkəmə iclasında dindirilmiş X1 da Ayvacı Basriyə pulun qaytarılması və ya əvəzində kafenin verilməsi ilə bağlı təhdidlər olduğunu təsdiq etmişdir. Belə ki, şahid öz ifadəsində qeyd edir ki, axşam kafeyə təmizlik üçün gələn zaman 2 nəfər Ayvacı Basriyə hücuma gəlmiş, pulun və ya kafenin verilməyəcəyi təqdirdə onu vuracaqları ilə hədələmişlər. Bütün bunlar onun gözünün önündə olmuşdur. X4 vurulacağından qorxaraq bacısına telefon zəngi etmiş, ondan kömək istəmişdir. Sonra isə Ayvacı Basri məcbur qalıb kafeni təhvil vermişdir. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı iddia tələbini əsaslandıran yalnız 1 notarial müqaviləyə istinad etsə də, qarşlılıqlı iddiaçı olaraq tərəflərindən bütün sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, qarşılıqlı iddia tələblərini əsaslandıran mötəbər sübutları – şahid ifadələri, avadanlıqların alınmasına dair sənədlər, "xxxx" MMC-nin ləğvi ilə bağlı bütün vergi sənədləri mövcuddur və iş materiallarına əlavə olunmuşdur. Hesab edir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən yalnız yazılı sübutlara deyil, digər sübutlara da, o cümlədən şahid ifadələrinə də hüquqi qiymət verilməli və daxili inam əsas götürülməlidir. Eyni zamanda, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, öncəki məhkəmə iclaslarında verilmiş tərəflərin nümayəndə və vəkillərinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, şahid Selman Esmer məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o da restoran işlədir və bir-birilərini tanıyırlar. Bu məsələ ilə bağlı onları öz restoranına dəvət etmiş və onlar “Şah Garden” restoranına gəlmişlər. Onların razılaşa bilmədikləri bir məsələ var idi. Birinin alacağı var idi restorana şərik olmuşdular. O adamın alacağına qarşı onlar restoranı həmin adama vermişlər. O, əvvəllər Basrinin müştərisi olmuşdur. Onun yanında Ramiz Toğrul, İsak Təməl və Basri danışıqlar aparmışlar ki, arada narahatçılıq olmasın. Onun eşitdiyi qədəri ilə Basri pul müqabilində Ramizi restorana şərik etmişdir. Daha sonra onlar arasında pul mübahisəsi olmuş və o da tərəfləri öz restoranına dəvət edərək, danışıq aparmalarına şərait yaratmışdır. O, Basrinin restoranı onlara verdiyinə və onların da bunun qarşılığında puldan imtina etmələrinə şahid olmuşdur. Ramiz Basri ilə razılaşmış və əl sıxmışlar. Daha sonra nə olduğunu bilmir. Şahid Kenan Yıldırım məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, tərəflər biryerdə şərik obyekt götürmüşlər. Həmin obyektin əvvəlki sahibi odur. İşlətməsi üçün o, Basriyə kömək etmişdir. Onların ortaq dostu vardır Salman İsak. İddiaçı Salman İsakın dostudur. Salman İsak onlara bildirmişdir ki, belə adam var şərik olmaq istəyir. Sonra iddiaçı hissə-hissə şərik olmağa başlamışdır. İddiaçı Basriyə 5.000, 5.000 və 10.000 manat obyektə xərcləmək üçün pul vermişdir. O, bir dəfə 5.000 pul verdiyinin şahidi olmuşdur. Basri havalandırma sistemi düzəltdirmiş televizor və mətbəxə əşyalar almışdır. Bunlardan başqa 20.000 pul xərclənmişdir Basri bildirmişdir ki, şərik olmaq üçün 25.000 pul verilməlidir. Daha sonra Ramazan ayı gəlmiş, həmin restoranda içki verildiyi üçün Ramazan ayında işlər zəifləmiş və ziyan edilmişdir. İddiaçı bildirmişdir ki, o, ziyana şərik deyildir. Bundan sonra iddiaçı bildirmişdir ki, onların pulunu versin. Basri bildirmişdir ki, halhazırda pulu verə bilmir. İddiaçı və Basrı öz aralarında söhbət etmişlər, aralarında razılaşma olmamışdır. Onlar Basriyə demişlər ki, “ya bizim pulu, ya da restoranı ver”. Basri bildirmişdir ki, restoranı verə bilməz. Bu işdə 20.000 manat onlar, 6.000-7.000 Basri xərcləmişdir. Basri onlara demişdir ki, “gözləyin pulunuzu ödəyəcəm”. Onlar da Basriyə demişlər ki, “gedək borc müqaviləsi bağlayaq və biz səni gözləyək”. Müqavilə bağlandıqdan sonra onlar pulu istəməyə başlamışlar. Sonra Basri aralarında olan söhbətin bağlanması üçün obyekti onlara vermiş və aralarında razılıq əldə edilmişdir. İsak və Salam bildirmişlər ki, Basri obyekti verdikdən sonra iddiaçı Basriyə 3.000-4.000 manat pul verəcəkdir. Basri öz üzərinə düşəni etmiş və obyekti onlara vermişdir. Daha sonra Basriyə məhkəmədən çağırışla bağlı bildiriş gəlmişdir. Şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, bir gün Basri usta ona demişdir ki, digər restoranda xadimə işdən çıxdığı üçün o gəlib bu restoranda təmizlik işlərinə kömək etsin. O, “Dürümçü Dayı” restoranında işləyir. O, işdə olarkən gecə saat 22:00 və ya 23:00 olardı, 4 nəfər restorana gəlmişlər. Ata, onun oğlu, İsak və başqa bir nəfər idi. Usta ilə biryerdə oturmuşlar. Onlar ustadan pul istəmişlər. Usta bildirmişdir ki, halhazırda pulu yoxdur, olan pulunu da obyektə xərcləmişdir. Daha sonra İsak ustanın üstünə hücüm etmiş və digər şəxslər də qışqırmağa başlamışlar. O, bacısına zəng edərək qorxduğunu bildirmiş, bu insanların ustanı vuracaqlarından ehtiyat etmişdir. Bacısı gəlmiş və o, çıxıb getmişdir. Onlar ustadan obyekti istəmişlər, lakin usta obyekti vermək istəmirdi. Bu danışdıqları bir il bundan qabaq baş vermişdir. Şahid məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Basri bəyin yanında barmen kimi işləmişdir. Bu insanlar arasında mübahisələr yaranmışdır. Aralarında pul mübahisəsi var idi. Onlar gəlib pullarını istəyirdilər. Ceyhun müəllim Basri ustaya pul iddiası qaldırmışdır. Basri ustaya pul verilib şərik olmaq üçün, lakin borc verilməmişdir. Basri bəy deyirdi ki, pulun müqabilində restorana alınmış ləvazimatları götürün. Həmin pulla havalandırma sistemi, soyuducu və s. alınmışdır. Onlar da səbrsizlik edib pullarını istəyirdilər. Avadanlıqlara nə qədər pul xərcləndiyini bilmir. Basri bəy restoranı təhvil vermiş və çıxmışdır. Bu hadisə keçən ilin qışdan yaya doğru gedən vaxtda baş vermişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 46 saylı Notariat ofisində bağlanmış və təsdiq edilmiş 13 iyun 2022-ci il tarixli 3M-556 reyestr saylı kredit müqaviləsindən görünür ki, Ayvacı Basri 01 iyul 2022-ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı 23.000 manat borc almışdır. 13 iyun 2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 23.000 manat pul vəsaiti notariusun məktubuna əsasən "xxxx" ASC-də olan müvafiq hesaba mədaxil edilmişdir. Hesabdan çıxarışdan göründüyü kimi, Ayvacı Basri tərəfindən həmin 23.000 manat pul vəsaiti məxaric edilmişdir. İş materiallarına əlavə olunmuş 23 yanvar 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 23.000 manat məbləğində borcun 7 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə sonuncunu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, ilk iddia üzrə iddiaçı tərəfindən 159 manat dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən sənədlər ilk iddianın əsası kimi istinad edilən hallara dair sənədlər olub, ilk iddia üzrə iddiaçı həmin sənədlərə əsasən cavabdehdən borc məbləğinin və dövlət rüsumunun onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələbinə görə, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinin tələbinə görə, bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, ilk iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçıdan 13 iyun 2022-ci il tarixdə 23.000 manat borc götürmüş, həmin pul vəsaitini 01 iyul 2022-ci il tarixdə qaytaracağına dair ilk iddia üzrə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin borcu vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, bu səbəbdən ilk iddia üzrə iddiaçı cavabdehə pretenziya məktubu, daha sonra isə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair qiyməti işçiliklə birlikdə 6.200 manat, 1.400 manat, 1.900 manat, 2.700 manat, 6.650 manat olan müxtəlif əşya və avadanlığın 15 aprel 2022-ci, 25 aprel 2022-ci və 20 may 2022-ci il tarixlərdə "xxxx" MMC-yə satılması barədə sənədləri, 26 aprel 2022-ci il tarixdə "xxxx" MMC-nin təsərrüfat subyekti kimi qeydiyyata alınması, eləcə də həmin MMC-nin 05 avqust 2022-ci il tarixdə ləğv edilməsinə dair sənədləri məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehdən kredit müqaviləsində qeyd edilən borc məbləğini bundan daha öncə ortaq işə yatırmaq üçün götürdüyünü, müqavilənin sonradan bağlandığını bildirsə də, 13 iyun 2022-ci il tarixdə 23.000 manat borc vəsaitini "xxxx" ASC-də olan müvafiq hesabdan məxaric etməsini izah edə və əsaslandıra bilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının bildirdiklərinə inanılsa, onda qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehə 23.000 manat deyil, daha artıq borcu mövcud olmasına dair təəssürat yaranar. Lakin bu təəssürat yanlışdır. Çünki, qarşılıqlı iddia üzrə iddiaçı kredit müqaviləsi bağlanandan sonra notariusun müvafiq məktubuna əsasən bankdakı müvafiq hesaba mədaxil edilmiş 23.000 manat pul vəsaitini məxaric etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İş materiallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərin onunla qarşılıqlı iddia üzrə cavabdeh arasında sonradan yaranmış borc müqaviləsi üzrə münasibətlərə aidiyyatı yoxdur. Bu səbəbdən, qarşılıqlı iddia təmin edilə bilməz. Məhkəmə dindirilmiş şahid ifadələrinə münasibətdə də qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələr sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Azərbaycan Respublikasının MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə hesab edir ki, iş üzrə şahidlər qarşılıqlı iddia üzrə iddiaçının tanışı, keçmiş işçiləri olması onların işin nəticəsində maraqlı olması ilə yanaşı ifadələri də işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, həmin şahidin ifadəsi, əgər ifadəsi ilə bağlı mötəbər sübut təqdim edilsəydi digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənaətə gəlməsi üçün faydalı ola bilərdi. Lakin qarşılıqlı iddia üzrə iddiaçı tərəfin şahidlərinin ifadələri heç bir sübut əhəmiyyəti kəsb etməyən ifadə kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Ayvacı Basriyə qarşı «borcun ödənilməsi» tələbinə dair ilk iddiası təmin edilməli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 23.000 (iyirmi üç min) manat məbləğində borc və ödənilmiş 159 manat dövlət rüsumu cavabdeh Ayvacı Basridən İddiaçı xeyrinə tutulmalıdır. Ayvacı Basrinin İddiaçı qarşı «kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Ayvacı Basriyə qarşı «borcun ödənilməsi» tələbinə dair ilk iddiası təmin edilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 23.000 (iyirmi üç min) manat məbləğində borc və ödənilmiş 159 manat dövlət rüsumu cavabdeh Ayvacı Basridən İddiaçı xeyrinə tutulsun. Ayvacı Basrinin İddiaçı qarşı «kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2278/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2278/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver