Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2287/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 mart 2022-ci il tarixli notariat qaydada bağlanmış kredit müqaviləsi üzrə 18000 (on səkkiz min) manat və 16 mart 2022-ci il tarixli notariat qaydada bağlanmış kredit müqaviləsi üzrə 6100 (altı min yüz) manat, dövlət rüsumu kimi ödənilmiş 163 (bir yüz altmış üç) manat, ümumilikdə 24263 (iyirmi dörd min iki yüz altmış üç) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi cavabdehin üzərinə götürmüş olduğu öhdəliyi lazımi qaydada və vaxtında icra etməməsi ilə bağlıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasnda 11 mart 2022-ci il tarixli və 16 mart 2022-ci il tarixli borc müqavilələri bağlanmışdır. 11 mart 2022-ci il tarixli borc müqaviləsi Bakı şəhəri 44 saylı notariat ofisində 1 (bir) il müddətinə, yəni 11 mart 2023-cü il tarixinə kimi icra edilməli olmaqla predmeti 18000 (on səkkiz min) manat təşkil etmişdir. 16 mart 2022-ci il tarixli borc müqaviləsi isə Bakı şəhəri 41 saylı notariat ofisində 1 (bir) il müddətinə, yəni 13 mart 2023-cü il tarixinə kimi icra edilməli olmaqla predmeti 6100 (altı min yüz) manat təşkil etmişdir. Ümumilikdə (18000 (on səkkiz min) manat + 6100 (altı min yüz) manat) 24100 (iyirmi dörd min yüz) manat pul vəsaitinin cavabdeh tərəfindən bu günə kimi qaytarmaması onun müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi icra etməməsi deməkdir. İddiaçı tərəfindən müqavilələrin tələblərini icra etmədiyi üçün cavabdehə müvafiq qaydada bildiriş (pretenziya) göndərilmişdir. Lakin heç bir müsbət addım atılmamışdır. Belə olan halda iddiaçı qanunun vermiş olduğu imkanlardan istifadə edərək öz hüququnun məhkəmə qaydasında təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edib bildirdi ki, onun iddiaçıya birinci müqavilə üzrə 18000 manat borcu var, lakin 16 mart 2022-ci il tarixli ikinci kredit müqaviləsi üzrə 6100 manat borcu yoxdur. Belə ki, o, iddiaçının əvəzinə onun “Beynəlxalq Bank”dakı və “Kontakt Home”dakı kreditlərini ödəmiş və 6100 manat borcu bağlamışdır. Müqavilələri bağlayarkən ona heç bir təzyiqin olmadığını bildirərək, iddianın 6100 manat hissəsində təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, vəkilin çıxışını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 11 mart 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı borcalan Cavabdeh 18000 manat 00 qəpik (on səkkiz min manat sıfır qəpik) məbləğində pul borc vermiş, borcalan krediti bu müqavilənin müddətinin bitdiyi tarixədək, 11 mart 2023-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin müddətinin 11 mart 2023-cü il tarixdə bitməsi razılaşdırılmışdır. Mülki işin materiallarında olan 16 mart 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı borcalan Cavabdeh 6100 manat 00 qəpik (altı min yüz manat sıfır qəpik) məbləğində pul borc vermiş, borcalan krediti bu müqavilənin müddətinin bitdiyi tarixədək, yəni 16 mart 2023-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin müddətinin 16 mart 2023-cü il tarixdə bitməsi razılaşdırılmışdır. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 163 manat (qəbzin nömrəsi: **********) məbləğində rüsum ödənilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı tərəflərin izahatları və mülki işin materialları əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh notarial qaydada təsdiqlənmiş 11 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə 18000 manat, 16 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə 6100 manat məbləğində borc pul vermiş və cavabdeh borc aldığı 18000 manat pulu 11 mart 2023-cü il tarixinə kimi, 6100 manat pulu isə 16 mart 2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdehdən borcun qaytarılmasını dəfələrlə tələb etsə də, müqavilənin müddətinin bitməsinə baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə 18000 manat və 16 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə 6100 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbini 18000 manat hissəsində qəbul edir, iddiaçıya 6100 manat məbləğində borcunun olmadığını bildirir. Belə ki, iş üzrə keçirilmiş əvvəlki məhkəmə iclaslarından birində cavabdeh həmin borcun yoldaşı tərəfindən iddiaçının əmisinə ödənilməsinə dair aralarında müqavilə bağlandığını bildirmiş, daha sonra iddiaçının adına “Beynəlxalq Bank”da və “Kontakt Home”da olan kredit ödənişlərinin onun tərəfindən ödənildiyini qeyd etmiş, bu barədə sübutları məhkəməyə təqdim edəcəyini əlavə etsə də, dəlillərini əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilələr üzrə öhdəliyini yerinə yetirərək, cavabdehə 1 il ərzində geri qaytarılması şərtilə cəmi 24100 manat məbləğində borc pul vermiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, nəticədə iddiaçıya borclu qalmışdır. Mülki qanunvericiliyin tələbləri baxımından cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələb əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin halları əsasında müəyyən edilir ki, 11 mart 2022-ci il və 16 mart 2022-ci il tarixli kredit müqavilələri üzrə cavabdeh 1 (bir) il müddətində geri qaytarmaq şərtilə iddiaçıdan müvafiq olaraq 18000 (on səkkiz min) manat və 6100 (altı min yüz) manat məbləğində borc pul almış, lakin müqavilələrin müddətinin bitməsinə baxmayaraq, aldığı pulu geri qaytara bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehin iddiaçıya 18000 manat borclu olmasına dair iddia tələbini qəbul və etiraf etməsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin etirafı müvafiq qaydada araşdırılaraq məhkəmə tərəfindən belə qənaətə gəlinmişdir ki, cavabdehin iddianı qismən qəbul etməsinə dair etirafında qanunazidd və ya başqa şəxslərin maraqlarına toxunan hal aşkar edilmədiyindən, etiraf məhkəmə tərəfindən qəbul edilməlidir. Cavabdehin iddiaçıya 6100 manat məbləğində borcunun olmamasına dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh öz etirazını məhkəmədə müvafiq qaydada sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh 6100 manat məbləğin iddiaçıya (iddiaçının əmisinə və ya adına olan kredit ödənişlərinə) ödənilməsinə dair sübutları məhkəməyə təqdim edəcəyini bildirsə də, həmin sübutları təqdim etməmiş, yəni iddiaçıya 6100 manat məbləğində borcunun olmamasını müvafiq qaydada sübuta yetirə bilməmişdir. Halbuki, işin materialları və tərəflərin izahatları əsasında müəyyən edilir ki, iddiaçının notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6100 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək geri qaytarılması şərtilə cavabdehə borc verməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, həmin müqavilə yazılı şəkildə tərtib olunmuş və tərəflərin bilavasitə iştirakı ilə notarial qaydada təsdiq edilmiş, müqavilə tərəflərinə notarius tərəfindən onların hüquq və vəzifələri izah edilmişdir. Müqavilənin şərtləri müqavilədə aydın şəkildə göstərilmiş və tərəflər müqavilə şərtləri ilə razı olduqlarını və müqavilənin bağlanıldığını öz imzaları ilə təsdiq etmiş, habelə müqavilədə onların real vaxt rejimində çəkilmiş fotoşəkilləri də əks olunmuşdur. Müqavilədə, həmçinin, qeyd edilmişdir ki, tərəflər heç bir şəxsin, o cümlədən notariusun təsiri və təzyiqi altında qalmadan öz iradələrinə və həqiqi niyyətlərinə uyğun olaraq müqavilənin tərtib edilməsini təsdiqləyirlər. Cavabdehin iddiaçıya 6100 manat borcunun olmamasına dair gətirdiyi mübahisəli dəlilləri ilə əlaqədar nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır və Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 324.1-ci maddəsinə görə mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 425.1-ci maddəsinə əsasən hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə görə gər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2 və 445.2.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, hazırki iş üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda istinad edilən normalarıdır və cavabdehin etirazında qeyd etdiyi dəlillərlə iddianın əsaslı olması aradan qalxmır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 11 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə 18000 (on səkkiz min) manat və 16 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə 6100 (altı min yüz) manat, ümumilikdə 24100 (iyirmi dörd min yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 163 (bir yüz altmış üç) manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə 18000 (on səkkiz min) manat və 16 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə 6100 (altı min yüz) manat, ümumilikdə 24100 (iyirmi dörd min yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 163 (bir yüz altmış üç) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2287/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2287/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver