Məhkəmə qərarları › İş №e-2(006)-2289/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2289/2024

10.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2289/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh vurulmuş ziyana görə 1198,92 (min yüz doxsan səkkiz manat 92 qəpik) manat, dövlət rüsumu olaraq ödənilmiş 34,99 (otuz dörd manat 99 qəpik) manat, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat olmaqla, cəmi 1533,91 (min beş yüz otuz üç manat 91 qəpik) pul vəsaitinin və eləcə də pul vəsaitini qanunsuz saxlamağa görə qətnamənin çıxarıldığı günə uyğun bank uçot dərəcəsi ilə faizin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində təxminən saat 21:00 radələrində iddiaçı özünə məxsus “Kia Cerato” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nərimanov rayonu Əhməd Rəcəbli və X2 küçəsinin kəsişməsində hərəkətdə olan zaman Cavabdeh sahiblik və istifadə hüququ olmadan idarə etdiyi “Lexus LX 570” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus avtomobili vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Qəzadan qısa müddət sonra hadisə yerinə Bakı Şəhər DYPİ-nin əməkdaşları gəlmiş, hadisə ilə əlaqədar olaraq onların – sürücülərin izahatı alınmışdır. Araşdırma nəticəsində Cavabdeh İnzibati Xətalar Məcəllənin 332.1 və 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair xx.xx.2024-cü il tarixli protokol və həmin protokol əsasında xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Bununla da hadisənin törədilməsində Cavabdeh günahkar olması öz təsdiqini tapmışdır. Hadisə nəticəsində iddiaçıya məxsus “Kia Cerato” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1755 manat məbləğində ziyan vurulmuş, dəymiş ziyan "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü tarixli akt ilə də öz təsdiqini tapır. Həmin ziyandan "xxxx" ASC sığorta şirkəti tərəfindən iddiaçıya 556.08 manat (beş yüz əlli altı manat 08 qəpik) məbləğdə pul geri qaytarılmışdır. Göründüyü kimi, sığorta şirkəti tərəfindən vurulan ziyan tam şəkildə qarşılanmadığı üçün iddiaçı ona məxsus maşının təmiri üçün əlavə olaraq 1198,92 manat (min yüz doxsan səkkiz manat 92 qəpik) məbləğində xərc çəkmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya məxsus pul vəsaiti xx.xx.2024-cü ildən saxlanılır, belə olan halda cavabdehdən 1198,92 manat (min yüz doxsan səkkiz manat 92 qəpik) məbləğin tutulması barədə qətnamə çıxarıldığı gün üçün bank uçot dərəcəsinə uyğun faizlər tutulmalıdır. Həmçinin, iddiaçı ona vurulan ziyanın ödənilməməsi səbəbi ilə hüquqi xidmət almaq və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən hüquqi xidmətin göstərilməsi üçün 300 manat və 34,99 manat dövlət rüsumu ödənilmiş və həmin məbləğlər də ona geri ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasına gələ bilməyəcəyini qeyd etmiş, onun iştirakı olmadan işə baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş; Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iddia ərizəsini və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 21:39-da baş vermiş hadisə zamanı etibarnaməsiz idarə etdiyi “Lexus LX 570” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi ilə hərəkət edən zaman Ə.Rəcəbli küçəsinin kəsişməsində yol ayrıcında gələn avtomobilləri gözləyib dayanmış, lakin 10 saniyə sonra yenidən hərəkətə başlayıb sola dönmə hərəkəti edərkən sağ tərəfdən düzünə hərəkətdə olan sürətlə gələn “Hyundai” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, həmin anda o sol tərəfdə olan “Kia Cerato” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli yekun aktdan görünür ki, “Kia Cerato” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələrinə görə 805 manat, görülən işlərə görə 950 manat olmaqla, cəmi 1755 manat zərər dəymişdir. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan, eləcə də həmin protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 21:39-da Rəcəbli küçəsi ilə Xoyski küçəsinin kəsişməsində “Lexus LX 570” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə yolayrıcının keçmə qaydalarının pozulması” nəticəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 80 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş İ-089/24 nömrəli sığorta ödənişi aktından görünür ki, ümumi zərər məbləği 5000 manatdan artıq olduğu üçün mütənasib qaydada hesablanmaqla, “Kia Cerato” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 1.755 manat zərərə görə İddiaçı 556,08 manat sığorta ödənişi edilmişdir. Zərər və sığorta ödənişinin məbləği ilə razılaşma barədə sığorta ödənişi aktına əlavədən görünür ki, İddiaçı “Kia Cerato” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin 1755 (bir min yeddi yüz əlli beş) manat müəyyən edilməsindən xəbərdardır və "xxxx" ASC tərəfindən ona ödənilməli olan məbləğin 556,08 manat sığorta ödənişi ilə tam razıdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 34,99 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:39-da Məlikov X1 Xətalar Məcəlləsinin tələblərini pozaraq, idarə etdiyi “Lexus LX 570” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə başqa bir nəqliyyat vasitəsi toqquşmuş, bu zaman cavabdehin avtomobili İddiaçı məxsus olan “Kia Cerato” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə də dəymiş, nəticədə iddiaçının mülkiyyətində olan avtomobilə 1,755 manat məbləğində ziyan dəymişdir. Hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə cavabdeh 80 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində avtomobillərə vurulmuş ümumi ziyanın məbləği 5.000 manatdan artıq olduğundan, cavabdehin idarə etdiyi avtomobili icbari qaydada sığortalamış sığorta şirkəti tərəfindən iddiaçıya mütənasib qaydada hesablanmaqla, cəmi 556,08 manat məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli yekun akta əsaslanaraq nəqliyyat vasitəsinə vurulmuş 1755 manat zərərin ödənilməmiş 1198,92 manat hissəsinin, elədə də pul vəsaitini qanunsuz saxlamağa görə qətnamənin çıxarıldığı günə bank uçot dərəcəsi ilə faizin və məhkəmə xərclərinin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iddia tələbinin “vurulmuş ziyana görə 1198,92 (min yüz doxsan səkkiz manat 92 qəpik) manat pulun cavabdеh Cavabdeh alınması” hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh tərəfindən iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi nəticəsində iddiaçıya zərər dəyməsi işin mübahisəsiz halını təşkil edir. Cavabdehin təqsiri nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği 1.755 manat müəyyən edildiyindən, zərərin 556,08 manat hissəsi isə "xxxx" ASC tərəfindən ödənildiyindən, qalan 1198,92 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə tələb məhkəmə tərəfindən əsaslı hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tələbin bu hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-1096.2, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, iddia əsassız hesab edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin “pul vəsaitini qanunsuz saxlamağa görə qətnamənin çıxarıldığı günə bank uçot dərəcəsi ilə faizin tutulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı bu tələbini əsaslandıran sübutları məhkəməyə təqdim etmədiyindən, tələb təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə bununla əlaqədar qeyd edir ki, cavabdehin özündə saxladığı pul vəsaitindən faydalanmasını təsdiq edən sübutların məhkəməyə təqdim olunmaması səbəbindən iddiaçının bu tələbi təmin edilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.198,92 (bir min bir yüz doxsan səkkiz manat doxsan iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “hüquqi xidmət xərci” və “dövlət rüsumu” hissələrinə münasibətdə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat pulun 200 (iki yüz) manat hissəsi ağlabatan hesab olunduğundan, həmin məbləğ və iddia tələbinin əsas hissəsi təmin edildiyindən, dövlət rüsumu olaraq ödənilmiş 34,99 (otuz dörd manat doxsan doqquz qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, hüquqi xidmət xərcinin qalan hissəsi iddiaçının özünə aid edilməklə, tələbin həmin hissəsi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.198,92 (bir min bir yüz doxsan səkkiz manat doxsan iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Hüquqi xidmət xərcinin 200 (iki yüz) manat hissəsi və dövlət rüsumu olaraq ödənilmiş 34,99 (otuz dörd manat doxsan doqquz qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar