Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-229/2022 02.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «silinmiş vəsaitin geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «silinmiş vəsaitin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun 4127 2081 2046 6239 nömrəli əmək haqqı kartından tutulmuş 2.445 manat 99 qəpik məbləğində vəsaitin ona geri qaytarılması və vurulmuş mənəvi ziyana görə cavabdeh "xxxx" ASC-dən 10.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun 4127 2081 2046 6239 nömrəli əmək haqqı kartından tutulmuş 3.975 manat 84 qəpik məbləğində vəsaitin ona geri qaytarılması və vurulmuş mənəvi ziyana görə cavabdeh "xxxx" ASC-dən 10.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun 4127 2081 2046 6239 nömrəli əmək haqqı kartından tutulmuş 5.735 manat 76 qəpik məbləğində vəsaitin ona geri qaytarılması və vurulmuş mənəvi ziyana görə cavabdeh "xxxx" ASC-dən 10.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 14 mart 2019-cu il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləyir. Komitə tərəfindən ona "xxxx" ASC-nin 4127 2081 2046 6239 nömrəli əmək haqqı kartı verilmişdir. İddiaçı 19 fevral 2021-ci il tarixdə həmin kartın blok olunduğunu müəyyən etmişdir. Bu barədə məlumat almaq üçün iddiaçı 20 fevral 2021-ci il tarixdə saat 11:42-də 012 937 telefon nömrəsi vasitəsilə cavabdehə məxsus məlumat mərkəzinə zəng etmişdir. Məlumat mərkəzinin əməkdaşı məsələnin qısa müddət ərzində araşdırılacağı və ona məlumat veriləcəyini qeyd etmişdir. Lakin, 22 fevral saat 18:00-a qədər iddiaçı ilə əlaqə saxlayan olmamışdır. Belə olduğu təqdirdə isə iddiaçı həmin gün saat 18:57-də məlumat mərkəzi ilə yenidən əlaqə saxlamağa çalışmışdır. İddiaçının bu cəhdi də uğursuz alınmışdır və kartının bloklanmasının səbəbi barədə yenə heç bir məlumat əldə edə bilməmişdir. 23 fevral saat 10:03-də iddiaçı ilə +994 77 *** ** ** telefon nömrəsi vasitəsilə cavebdehin problemli kreditlər departamentinin əməkdaşı əlaqə saxlamışdır. Həmin əməkdaş iddiaçıya bildirmişdir ki, ona məxsus olan 2015-ci ildə vaxtı bitmiş kartda müəyyən borc yaranmış, bu səbəbdən iddiaçının kartı bloklaşdırılmış və bu əmək haqqı kartından iddiaçıya xəbər verilmədən müəyyən borc məbləği silinmişdir. 24 fevral 2021-ci il tarixdə iddiaçı aşkar etmişdir ki, 23 fevral 2021-ci il tarixdə onun əmək haqqı kartından 1.800 manat məbləğində vəsait silinmişdir. Bütün bunlara baxmayaraq iddiaçının cavabdehə borcunun olması barədə hər hansı məlumatı yoxdur və indiyə kimi bu barədə ona heç vaxt məlumat verilməmişdir. Sonradan, 2021-ci ilin fevral ayında iddiaçı əmək haqqı kartından silinmiş vəsaitin bərpa edilməsi tələbi ilə cavabdehə məktubla müraciət etmişdir. Həmin məktubun göndərildiyi tarixdən xeyli müddət keçməsinə baxmayaraq silinmiş məbləğ iddiaçıya hələ də geri qaytarılmamışdır. May ayının əvvəllində iddiaçının kartı yenidən bloklanmışdır. Bu dəfə, iddiaçı onun əmək haqqı kartı hesabından çıxarışın təqdim edilməsini xahiş etmişdir. Hesabdan çıxarış təqdim olunduqdan sonra iddiaçı müəyyən etmişdir ki, onun hesabından 18 fevral 2021-ci il tarixdə 4,44 manat, 23 fevral 2021-ci il tarixdə 1.800 manat, 12 aprel 2021-ci il tarixdə 26,55 manat, 03 may 2021-ci il tarixdə 615 manat, cəmi 2.445,99 manat məbləğində vəsait silinmişdir. Qeyd edilmişdir ki, iddiaçı əsas insan hüquq və azadlıqlarından biri hesab olunan mülkiyyət hüququna malikdir. Həmin mülkiyyət hüququ çərçivəsində adı çəkilən kart hesabından silinmiş məbləğ iddiaçının mülkiyyəti hesab olunur və qanunvericililikdə göstərilən qaydada qorunur. Kart hesabında olan məbləğ əmək haqqı hesab olunduğu üçün onlar nəinki mülki qanunvericiliyin, həmçinin əmək qanunvericiliyinin şərtləri çərçivəsində də qorunur. Hər iki qanunvericiliyin analoji məzmunlu tələblərini nəzərə alaraq qeyd edilmişdir ki, bank hesabındakı məbləğ yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda ilə iddiaçının mülkiyyətindən onun razılığı olmadan başqa şəxsin mülkiyyətinə keçirilə bilərdi. Borcun tutulması ilə bağlı hər hansı qüvvəyə minmiş məhkəmə aktı mövcud deyil. Əmək Məcəlləsinin aidiyyatı müddəasından göründüyü kimi, bank kartında olan vəsait əmək haqqı olduğundan, qanunla bu bank kartı hesabından vəsaitin akseptiz qaydada silinməsi qadağan edilmişdir. İddiaçı ilə cavabdeh arasında bank hesabına dair hər hansı müqavilə də mövcud deyil. Bütün bunlar əsas verir ki, cavabdehin iddiaçının bank kartından tutduğu məbləği qanunsuz və əsassız hesab edilsin. Deməli, iddiaçının mülkiyyətində olan əmlakı heç bir hüquqi əsas olmadan əldə etməklə, cavabdeh əsassız varlanmışdır. Bu isə özü-özlüyündə iddiaçıya cavabdehin onun əmək haqqı kartından tutduğu məbləği geri tələb etmək hüququ verir. Digər tərəfdən, cavabdeh delikt törətməklə, iddiaçıya mənəvi ziyan vurmuşdur ki, iddiaçının silinmiş vəsaitin geri qaytarılmasından başqa, cavabdehdən mənəvi ziyanın tutulmasını tələb etmək hüququ var. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 07 may 2021-ci il tarixli 23-5874/2021 saylı məktubdan görünür ki, İddiaçı "xxxx" ASC-yə ünvanladığı müraciətə baxılmışdır. İddiaçıya bildirilmişdir ki, ona "xxxx" ASC-də 10 yanvar 2014-cü il tarixdə ******************** saylı hesaba bağlı Visa Platinum kartı verilmişdir. Qeyd edilmiş kartdan müxtəlif tarixlərdə istifadə edilmişdir. Həmin kart vasitəsi ilə 11 yanvar 2015-ci il tarixdə edilmiş «Target 00022129~20150111~840~643.29~Brooklyn» təyinatlı əməliyyatların silinməsi 11.01.2015-ci il tarixdə baş verdiyi üçün ******************** saylı hesabda 1.243 ABŞ dolları 52 sent məbləğində mənfi balans (texniki overdraft) borcu yaranmışdır. Onun tərəfindən ödəniş edilmədiyindən isə mənfi balansa görə 2.469 ABŞ dolları 05 sent faiz hesablanmışdır. - 05 may 2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, pul əməliyyatlarının tarixi, vaxtı, əməliyyatın təsviri və s. göstəricilər qeyd olunmaqla, hesabatlılığa ciddi riayət olunmuşdur, əməliyyatların təyinatı aşkardır; - Transaksiya tarixi 02 iyul 2021-ci il, saatı 10:58:12 olan pul əməliyyatından (transferindən) görünür ki, iddiaçının kart hesabından (göndərən), ******************** saylı hesaba (qəbul edənə) 56 manat 66 qəpik pul vəsaiti köçürülərək, silinmə aparılmışdır; - Transaksiya tarixi 08 iyul 2021-ci il, saatı 11:50:15 olan pul əməliyyatından (transferindən) görünür ki, iddiaçının kart hesabından (göndərən), ******************** saylı hesaba (qəbul edənə) 1.703 manat 26 qəpik pul vəsaiti köçürülərək, silinmə aparılmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2021-ci il tarixli 4/1647 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair 10.01.2014-cü il tarixli müqavilədə «müştərinin imzası» qrafasındakı imza; Bank hesablarının açılması üçün 25041 nömrəli ərizədə «İmza (lar)» qrafasındakı imza; Fərdi sahibkarların (fiziki şəxslərin) 10.01.2014-cü il tarixli imza nümunələri vərəqəsində «İmza nümunələri» qrafasındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. - 10 yanvar 2014-cü il tarixli bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bank kartının alınması və onlardan istifadə edilməsinə dair müqavilə imzalanmış, müqavilədə müqavilənin məqsədi və predmeti, həmçinin digər şərtlər, öhdəlik və vəzifələr aydın şəkildə göstərilmişdir. - 06 aprel 2015-ci il tarixli əmək haqqı kartının alınması və onlardan istifadə edilməsi haqqında müqavilədən görünür ki, müqavilənin 2.1-ci bəndinə əsasən bank plastik kartların əldə edilməsi və onlardan istifadə olunması şərtləri ilə sifarişçinin işçilərini tanış etməyi öz üzərinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçinin işçisi plastik kartların alınması və onlardan istifadə olunması şərtləri ilə tanış olduqdan və həmin şərtlərin yerinə yetirilməsi haqqında üzərinə öhdəlik götürdükdən sonra, sifarişçinin müraciətinə əsasən bank onun hər bir işçisi üçün müvafiq bank hesabı açır. - 31 iyul 2018-ci il tarixli əmək haqqı kartları üzrə hesabların açılması və əmək haqqı kartlarından istifadə haqqında müqavilədən görünür ki, müqavilə şərtləri razılaşdırılmaqla, tərəflər iradə ifadələrini sərbəst şəkildə həyata keçirərək, müqaviləni imzalamışlar. Müqavilənin 1.1.5-ci bəndi Texniki overdraft-ın anlayışını açıqlayır. Müqavilənin 3.3.13-cü bəndi pul vəsaitlərinin kart hesabından akseptsiz qaydada (kart sahibinin sərəncamı olmadan) silinməsi məsələlərini tənzimləyir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (hesabdan silinmələrin qanunsuz aparılmasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, tərəflər arasında müqavilə münasibətləri mövcuddur və silinmələr müqaviləyə uyğun şəkildə aparılmışdır. Müqaviləni müqavilə tərəfləri imzalamış, şərtləri ilə razı olduqlarını bildirmiş və sərbəst şəkildə iradə ifadələrini rəsmiləşdirmişlər. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «silinmiş vəsaitin geri qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «silinmiş vəsaitin geri qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-229/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-229/2022
02.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver