Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2290/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı borcun ləğv olunması və borc hesablanmasının qadağan edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2023 il tarixli BRCB2626319B182 №-li Birbank Cashback kredit xətti müqaviləsinə əsasən 416973******5856 №-li kredit kartı hesabından silinən 6124 manata görə onun adına kredit borcunun, kredit faizin və dəbbə pulunun hesablanmasının cavabdeh "xxxx" ASC-yə qadağan olunması, hesablanmış borcun ləğv edilməsi və iddianın verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Tovuz filialı ilə bağladığı xx.xx.2023-cü il tarixli BRCB2626319B182 №-li kredit xətti müqaviləsinə əsasən bank tərəfindən ona 416973******5856 №-li kredit kartı verilmişdir. Bu kartdan heç vaxt pul çıxarmamış və internet vasitəsilə onlayn alış-veriş etməmiş, kart məlumatlarını kənar şəxslərə ötürməmişdir. xx.xx.2023-cü ildə saat 07.52-də evdə olarkən mobil telefona Cavabdeh-dan mesaj gəlmiş və hesabından xəbəri olmadan pul silindiyi ona məlum olmuşdur. Dərhal Bankın 196 Qaynar xəttinə zəng etmiş və onunla danışan bank əməkdaşı bildirmişdir ki, kredit kart hesabından ümumilikdə 6124 manat Tiktok sosial şəbəkəsi vasitəsilə çıxarılmışdır. Bank əməkdaşından həmin kartın bloklanmasını xahiş etmiş və sonra isə DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Onun müraciəti əsasında Tovuz rayon prokuroru tərəfindən xx.xx.2024-cü ildə AR CM-in 177.2.3-1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və istintaq aparılması üçün Tovuz RPŞ İB-ə göndərilmişdir. Cinayət işi hazırda Tovuz RPŞ İB-nin müstəntiqi, polis kapitanı Amil Qurbanovun icraatındadır. Kredit xətti müqaviləsinin 4.1 bəndinə görə müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 1000 manat müəyyən olunur. Həmin məbləğ bu bənddə göstərilən qaydada artırılmamışdır. Müqavilənin 9.4 bəndinə görə müştəri kartla aparılan dələduzluq (phishing, skimming və s. hallar) əməliyyatlarından qorunur. Buna görə müştəri kredit xəttindən ilkin olaraq istifadə edilən anda, ilkin istifadə edə biləcəyi məbləğin (yəni bu müqavilənin 4.1 bəndinin ilk cümləsində nəzərdə tutulan məbləğin) 0.35%-i məbləğində pul vəsaitini banka ödəməlidir. Kartla aparılan əməliyyatlar zamanı risklərin azaldılması, ... və kartda mövcud olan pul vəsaitinin təhlükəsizliyinin təmin olunması məqsədilə bank birtərəfli qaydada kartın istifadəsinə dair gündəlik limitləri tətbiq edir. Limitlər çərçivəsində dələduzluq əməliyyatları nəticəsində baş verə biləcək maliyyə itkilərinin müştəriyə qaytarılmasını bank təmin edir. Müqavilənin 1.1 bəndinə görə dələduzluq əməliyyatları – müştərinin xəbəri olmadan ona məxsus kartla üçüncü şəxslər tərəfindən aparılan əməliyyatlardır. Göründüyü kimi, bank tərəfindən müqavilənin 4.1 və 9.4 bəndlərində göstərilən limitlər tətbiq olunsaydı, 6124 manat pulun hesabdan çıxarılması mümkün olmazdır. Bundan başqa, bank onun müraciətlərinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda “Birbank” mobil tətbiqində köçürmə limitləri ölkəxarici əməliyyatlar üçün gündəlik 1710 manat müəyyən olunmuşdur. Əgər ölkəxarici əməliyyatlar üçün gündəlik 1710 manat müəyyən olunubsa, gün ərzində bir dəfəyə 6124 manat pulun hesabdan çıxarılması necə baş verib? Bu sualın cavabı qeyd olunan məbləğdə pulun kredit kart hesabından silinməsində onun təqsirinin olmadığını bir daha təsdiq etmişdir. Onu da bildirmək istəmişdir ki, xx.xx.2023-cü ildə ona məxsus 416973******6167 №-li debet kart hesabından xəbəri olmadan pul silinməsi cəhdi olmuş, lakin hesabda kifayət qədər vəsait olmadığı üçün silinmə baş tutmamış və o, bu barədə banka məlumat verərək həmin kartı bağlatdırmışdır. Debet kart hesabından uğursuz silinmə cəhdi barədə banka verdiyi məlumat kredit kartının təhlükəsizliyinin qorunması üçün banka siqnal olmalı idi. Lakin, bank həmin hesabın təhlükəsizliyi üçün lazımi tədbirləri görməmiş, o cümlədən müqavilənin 4.1 və 9.4 bəndlərində göstərilən limitləri tətbiq etməmişdir. Cavabdeh ASC kredit kartı hesabından xəbəri olmadan qanunsuz çıxarılan 6124 manat pulu onun kredit borcu kimi qəbul edərək ona kredit faizi və dəbbə pulu hesablayır. “Birbank” mobil tətbiqində xx.xx.2024-cü il tarixə 513.20 manat məbləğində borcunun olduğu görünür və bu məbləğ hər gün artmaqda davam edir. Kredit kartı hesabından 6124 manat xəbəri olmadan qanunsuz, yəni oğurluq yolu ilə çıxarıldığı, bu barədə faktla bağlı cinayət işi başlandığı və həmin məbləğin hesabdan çıxarılmasında təqsirinin olmadığı üçün həmin məbləği və ona hesablanan faizləri banka ödəmək öhdəliyi də yoxdur. Müavilədə mübahisənin həllinin pretenziya qaydasına əməl olunması nəzərdə tutulmasa da, mübahisəni məhkəmədən kənar həll etmək üçün cavabdehə müraciət etsə də, lakin cavabdehin həmin müraciətə verdiyi cavab qaneedici deyildir. Odur ki, məhkəmədə iddia qaldırmağa məcburdur. Məhkəmənin əvvəlki iclasında cavabdehin nümayəndəsi X1 təqdim etdiyi yazılı izahatda qeyd edilmişdir ki, iddia ərizəsində kart hesablarından pulun oğurlanmasının Bank tərəfindən təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar baş verməsini bildirsə də, nəzərə almaq lazımdır ki, kart sahibi tərəfindən kart və digər şəxsi məlumatların üçüncü şəxsə ötürülmədiyi və ya üçüncü şəxslərə onlar tərəfindən həmin məlumatların və kodların əldə edilməsinə şəraitin yaradılmadığı və ya həmin şəraitin yaradılmasına imkan verilmədiyi təqdirdə kart ilə qeyd olunan əməliyyatların aparılması mümkün deyildir. Bu səbəbdən həmin əməliyyatların aparılmasına görə məsuliyyəti ərizəçinin özü daşıyır və burada Bank tərəfindən təhlükəsizliyin təmin edilməməsi əsas gətirilə bilməz. İddiaçı həmin əməliyyatların onun xəbəri olmadan həmin əməliyyatların üçüncü şəxs tərəfindən aparılmasını, yəni oğurluq edilməsini bildirsə də, hal-hazırda bunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Belə ki, bununla əlaqədar ərizəçi tərəfindən əlavə edilmiş sənədlərdən də göründüyü kimi, onun müraciəti əsasında həmin məsələ ilə əlaqədar Tovuz rayon Polis şöbəsində araşdırma aparılır. İddiaçı kart hesabından oğurluq edilməsi ehtimalı öz təsdiqini tapsa belə həmin cinayət əməli nəticəsində zərər çəkmiş şəxs özü olduğundan Bankdan deyil, əməli törətmiş şəxsdən ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olacaqdır. Həmçinin, nəzərə alınmalıdır ki, hazırki şikayətə əlavə edilmiş tərəflər arasında bağlanmış BRCB2626319B182 nömrəli xx.xx.2023-cü il tarixli Birbank Cashback Kredit Xətti Müqaviləsinin 7.2.6-cı bəndinə əsasən kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır). Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçının kart hesabları ilə qeyd olunan əməliyyatların aparılmasına görə məsuliyyəti Bank deyil, ərizəçinin özü daşıyır. İddiaçı iddia ərizəsində müqavilənin 4.1-ci bəndinə əsaslanaraq kredit xəttindən istifadə oluna bilinəcək məbləğin 1000 manat məbləğində müəyyən olunmasını və həmin məbləğin (limitin) onun tərəfindən artırılmamasını bildirmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, İddiaçı ilə Bank arasında xx.xx.2023-cü il tarixdə BRCB2626319B182 nömrəli xx.xx.2023-cü il tarixli kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma bağlanılmış və kredit xəttinin məbləği artırılaraq 10000 manat məbləğində müəyyən olunmuşdur. Bundan başqa, iddiaçı köçürmə limitlərinə istinad edir, halbuki onun kart hesabında aparılan əməliyyat(lar) TikTok-a edilən ödəniş əməliyyatıdır, köçürmə əməliyyatı deyildir. Ödəniş əməliyyatlarının aparılması zamanı həmin limitlər tədbiq edilmir. Məhz elə bu səbəbdən həmin əməliyyata 18 % ƏDV komissiyası tətbiq olunmuşdur. Buna səbəb qeyrirezident olan TikTok ilə elektron ticarətin aparılmasıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Qanunvericiliyin tələbinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Həmçinin nəzərə alınmalıdır ki, həmin ödəniş əməliyyatı iddiaçının qeydiyyatda olan mobil nömrəsinə 3D Secure kodunun göndərilməsi və həmin kodun təsdiq edilməsi yolu ilə aparılmışdır. İddiaçı iddia ərizəsində kredit borcunun, kredit üzrə faizlərin və dəbbə pulunun hesablanmasının Bank qadağan edilməsini tələb edir. Qeyd olunan maddi hüquq normalarından və tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin şərtlərindən müəyyən edilir ki, kredit alan tərəfindən kreditdən xəttindən istifadə edildiyi və yaranmış kredit borcu ödənilmədiyi təqdirdə kredit borcunun, həmin borca görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi kredit alanın öhdəliyidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2023 il tarixli BRCB2626319B182 №-li Birbank Cashback kredit xətti müqaviləsin 9.4-cü bəndinə və Bank tərəfindən onun limitlər ilə bağlı müraciətinə cavab olaraq ona təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubuna əsaslanaraq bildirir ki, ölkəxarici əməliyyatlar üçün gündəlik limit 1710 AZN olmuşdursa, 416973******5856 №-li kredit kartı hesabından gün ərzində 6124 manat məbləğində pulun çıxarılmasının necə baş vermişdir? xx.xx.2023 il tarixli BRCB2626319B182 №-li Birbank Cashback kredit xətti müqaviləsin 9.4-cü bəndinə əsasən müştəri Kart ilə aparılan Dələduzluq ("phishing”, "skimming” və s. hallar) əməliyyatlarından qorunur. Buna görə Müştəri Kredit xəttindən ilkin olaraq istifadə edilən anda, ilkin istifadə edə biləcəyi məbləğin (yəni bu Müqavilənin 4.1-ci bəndinin ilk cümləsində nəzərdə tutulan məbləğin) 0,35 (sıfır tam yüzdə otuz beş) %-i məbləğində pul vəsaitini Banka ödəməlidir. Kartla aparılan əməliyyatlar zamanı risklərin azaldılması, Kart itirildikdə potensial itkilərin minimal həddə endirilməsi və Kartda mövcud olan pul vəsaitinin təhlükəsizliyinin təmin olunması məqsədilə Bank birtərəfli qaydada Kartın istifadəsinə dair gündəlik limitləri tətbiq edir. Limitlər çərçivəsində Dələduzluq əməliyyatları nəticəsində baş verə biləcək maliyyə itkilərinin Müştəriyə qaytarılmasını Bank təmin edir. Kartda gündəlik istifadə limitləri Müştəri tərəfindən dəyişdirilə bilər. Amma Müştəri tərəfindən limitlərə hər hansı dəyişiklik edilərsə, Bankın bu bənddə nəzərdə tutulan maliyyə itkilərinin Müştəriyə qaytarılması vəzifəsi qüvvədən düşmüş hesab edilir. Müştəri tərəfindən ödənilməli olan pul vəsaiti Kartla ilk əməliyyat aparıldığı zaman "güzəşt müddətli” borc kimi yaranaraq Müştərinin öhdəliyinə çevirilir. İddiaçının əsaslandığı Bank tərəfindən onun limitlər ilə bağlı müraciətinə cavab olaraq ona təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, “Birbank” mobil tətbiqində köçürmə limitləri ölkədaxili əməliyyatlar üçün gündəlik limit 4000 AZN, ölkəxarici əməliyyatlar üçün isə gündəlik limit 1710 AZN müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının əsaslandığı Bank tərəfindən onun limitlər ilə bağlı müraciətinə cavab olaraq ona təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda “Birbank” mobil tətbiqində köçürmə limitləri barədə məlumat verilmişdir. Sözügedən iddiaçı tərəfindən mübahisələndirilən əməliyyat isə “Birbank” mobil tətbiqi vasitəsi ilə deyil, kart vasitəsi ilə kart məlumatlarından istifadə edilməsi, 3D Secure kodunun göndərilməsi, həmin kodun təsdiq edilməsi yolu ilə TikTok platformasında onlayn qaydada edilən ödəniş əməliyyatıdır, köçürmə əməliyyatı deyildir. Ödəniş əməliyyatlarının aparılması zamanı həmin limitlər tədbiq edilmir. Məhz elə bu səbəbdən həmin əməliyyata 18 % ƏDV komissiyası tətbiq olunmuşdur. Buna səbəb qeyrirezident olan TikTok ilə elektron ticarətin aparılmasıdır. Həmçinin nəzərə alınmalıdır ki, belə əməliyyat iddiaçı tərəfindən deyil, üçüncü şəxs tərəfindən aparılmışdırsa belə, həmin əməliyyatın aparılması iddiaçının təqsiri ucbatından baş vermişdir. Belə ki, həmin əməliyyatın aparılması üçün tələb olunan məxfi saxlanılmalı olan məlumatların və təhlükəsizlik kodlarınının üçüncü şəxsə verilməsinə və ya üçüncü şəxs tərəfindən həmin məlumatların əldə edilməsi üçün şəraitin yaradılmasına görə məsuliyyəti iddiaçı, yəni bank hesab sahibi daşıyır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Tovuz rayon PŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X2 xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, İddiaçı izahatına əsasən 30 noyabr 2023cü il tarixdə saat 07:52 radələrində "xxxx" ASC-də olan plastik kart hesabından naməlum şəxs və ya şəxslər tərəfindən ümumilikdə 6124 manat məbləğində pulu oğurlanmışdır. xx.xx.2024-cü il tarixdə fakta görə Tovuz rayon prokuroru, baş ədliyyə müşaviri X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün Tovuz RPŞ-nin İB-nə göndərilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubun surətindən görünür ki, plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə banklar məsuliyyət daşımır. Müştərilərin daha diqqətli olmaları üçün Bank tərəfindən sosial paylaşımlar edilir. İddiaçı istifadəsində olan 416973******5856 №-li plastik kart məlumatları əsasında 30 noyabr 2023-cü il tarixdə icra edilmiş 3024 USD (milli valyutada ekvivalenti 5186,16 AZN, əməliyyat üzrə tutulmuş 18% ƏDV məbləği 933,51 AZN, əməliyyat üzrə İD **********, TİKTOK, SİNGAPORE, SG/nP 10) məbləğdə əməliyyatın araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət edə bilər. Plastik kart məlumatları əsasında icra edilmiş ödənişə dair hüquq mühafizə orqanlarından qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olan sorğular Bankın aidiyyəti struktur bölməsi tərəfindən cavablandırılır. Əlavə olaraq bildiririk ki, əməliyyatın sığorta hadisəsi kimi qəbul edilib- edilməməsinin araşdırılması üçün İddiaçı sığorta polisinin nömrəsini (M-PSİ-0014/23) təqdim etməklə "xxxx" ASC-yə (qısa nömrə *7000) müraciət edə bilər. Müraciətdə qeyd edilən əvvəlki hadisə ilə bağlı bildiririk ki, 416973******6167 №-li plastik kart məlumatları əsasında 12 noyabr 2023-cü il tarixdə əməliyyatın icra edilməsinə cəhd edilmiş, cəhd uğursuz olmuş və İddiaçı müraciəti əsasında eyni tarixdə qeyd edilən kart bağlanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Tovuz filialı ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış birbank cashback kredit xxətti müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Bankın Müştəriyə “Birbank Cashback” ödəniş kartının verməsi, həmin Karta bağlı bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xəttinin ayırması, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açması, müştərinin isə Kartdan və (və ya) kredit xəttindən istifadə etməsi, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəməsi haqqında bağlanmışdır. Həmin Müqavilənin 8.2-ci bəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilənin üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus 416973******5856 №-li kart üzrə 6119.67 manat “800|Free/TAX_Q_rezident XİDMET üzrə 18%ƏDV TİKTOK, SİNGAPURE,SG” ünvana məxaric qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən iddiaçı kartla bağlı xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açması, müştərinin isə Kartdan və kredit xəttindən istifadə etməsi, yaranmış borclarını habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəməsini öhdəsinə götürmüşdür. Hazırda isə iddiaçı həmin müqavilə üzrə faizlərin və cərimənin hesablanmasının qadağan edilməsini və onun ləğv edilməsini xahiş etmişdir. Halbuki, hesab kartından məbləğin bankın səhvi nəticəsində məxaric edilməsinə dair heç bir mötəbər sübut tədim etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının kart məlumatlarının ələ keçirilməsinin cavabdehin bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməməsi səbəbindən baş verməsi öz təsdiqini tapmadı, eyni zamanda iddiaçı həmin əməliyyatların onun xəbəri olmadan üçüncü şəxs tərəfindən aparılmasını, yəni oğurluq edilməsini bildirsə də, halhazırda bunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Beləliklə, məhkəmə iddiaçının cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədiyi qənaətinə gəlir, həmçinin göstərilənlər işin araşdırılmış halları ilə də müəyyən olunmadı. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun ləğv olunması və borc hesablanmasının qadağan edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2290/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2290/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver