Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2317/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 09 dekabr 2007-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 26 iyun 2011-ci il təvəllüdlü X7 və 24 mart 2013-cü il təvəllüdlü X8 adlı iki övladları dünyaya gəlmişdir. Lakin, sonradan aralarında ailə münasibətləri pozulmuş, Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayəsində saxlanılması, aliment tutulması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 7403/2017 saylı iş üzrə 27 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə xx.xx.2007ci il tarixdə bağlanmış 607 saylı nikahın pozulması, 26 iyun 2011-ci il təvəllüdlü X7 və 24 mart 2013-cü il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılması və xx.xx.2017-ci il tarixindən başlayaraq X7 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin xeyrimə tutulması barədə qətnamə qəbul edilmişdir. Daha sonra alimentin məbləğinin artırılması tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış, məhkəmənin 2(006)-2354/2020 saylı iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsi ilə aliment məbləği artırılaraq 340 manat təşkil etmişdir. Halhazırda övladlarının birinin 12, digərinin isə 10 yaşı var. Sözügedən qətnamədə qeyd olunan aliment məbləği uşaqların həyat fəaliyyətinin minimum səviyyəsinin təmin edilməsi üçün kifayət etmir. Belə ki, uşaqlar orta məktəbdə təhsil alır və hal-hazırda böyüdüyünə görə geyimə, yeməyə və qayğıya olan tələbatlarının qarşılanması üçün çəkilən məsrəflər yetərincə artmışdır. Uşaqların həmin vaxtda tələb olunan ehtiyacları əsas götürülməklə təyin edildiyi nəzərə alınsa, həmin aliment məbləği uşaqların saxlanılması üçün hazırki vəziyyətdə azlıq təşkil edir. Uşağın bütün qayğısını tamamilə iddiaçının özü çəkir. Böyüdükcə onun saxlanması ilə bağlı məsrəfləri artsa da, cavabdeh övladına qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçı üçün olduqca çətindir. Yetkinlik yaşına çatmayan övladına qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi üçün bəlli maddi vəsait tələb etdiyindən və iddiaçı bu xərcləri təkbaşına təmin edə bilmədiyindən, birgə nikahdan olan uşaqların saxlanması üçün cavabdeh də, valideynlik vəzifələrini həyata keçirməli və alimentin məbləği artırılmaldır. Bundan başqa, alimentin tutulmasına dair qətnamə qəbul edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş, yəni uşaqların saxlanılması üçün tələb olunan məbləğ kifayət qədər artmışdır. Ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Bir sözlə, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Yuxarıda qeyd olunanlara əsasən hazırda uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin digər valideyndən – cavabdehdən tutulmasına əsas yaradır. Göstərilənlərə əsasən, birgə nikahdan olan 26 iyun 2011-ci il təvəllüdlü X7 və 24 mart 2013-cü il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün hər ay 440 (dörd yüz qırx) manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, birgə nikahdan olan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment ödəyir. Bundan başqa, onun başqa nikahdan da uşağı vardır. Ona da hər ay 160 manat aliment ödəyir. Onun rəsmi maaşı 350 manatdır. Hal-hazırda alimentin artırılaraq 220 manat olması aliment məbləğini ödəyəcəyini çətinləşdirəcəkdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yazılı vəsatət ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsi və vəkilinin yazılı vəsatətini nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2354/2020 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 26 iyun 2011-ci il təvəllüdlü X7 və 24 mart 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarının artırılaraq hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin, Cavabdeh iştirak etməmişdir (Mediator:M.Gəray). İşin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-195/2020 saylı qətnaməsinə əsasən Cavabdeh iddiaçı X1 xx.xx.2019-cu il tarixdə doğulmuş uşaqların atası olmasının müəyyən edilməsi, xx.xx.2019-cu il təvəllüdlü uşaqların doğum qeydi kitabının “ata adı” qrafasında “Şükür”, “soyadı” qrafasında müvafiq olaraq “Hüseynov” və “Hüseynova” kimi qeydiyyatın aparılması, xx.xx.2019-cu il tarixdə X1 doğulmuş uşaqların iddiaçı X1 doğulmuş uşaqların iddiaçı X2 yanında qalmasının müəyyən edilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin hər ay alınaraq X4 verilməsi qət edilmişdir. İşin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-109/2021 saylı qətnaməsinə əsasən iddiaçı X2 Cavabdeh qarşı xx.xx.2019cu il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)- 195/2021 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarının artırılaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir. İşin materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh aylıq əmək haqqının məbləği 350 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladları anadan olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 29006)-7403/2017 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və aliment təyin edilmişdir. Sonradan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2354/2020 saylı qətnaməsi ilə 26 iyun 2011-ci il təvəllüdlü X7 və 24 mart 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarının artırılaraq hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda həmin məbləğ uşaqların saxlanılmaları üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və aylıq hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin alimentin tutulması haqqında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 29006)-7403/2017 saylı qətnaməsinin qəbul edilməsindən 3 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, həmçinin cavabdehin yenidən ailə qurmasını, ikinci nikahdan da azyaşlı uşaqlarının saxlanması kimi vəzifəsinin olmasını, rəsmi sənədlər əsasında onun 350 manat maaş aldığı nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 29006)-7403/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği qismən artırılaraq 26 iyun 2011-ci il təvəllüdlü X7 və 24 mart 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2354/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2317/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2317/2023
12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver