Məhkəmə qərarları › İş №e-2(006)-2317/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2317/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2317/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı ASCnin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4675946B240 saylı kredit müqaviləsinə əsasən onun kartına 58 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 1500 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4675946B240 saylı kredit müqaviləsinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ bank tərəfindən 1500 manat müəyyən edilmişdir. Tərəflər razılığa gəlmişdirlər ki, müştəri bu müqavilənin 4.1-ci hissəsində qeyd edilən və ya sonradan banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış 15000 manat məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin, müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli GTZK6111998B299 saylı kredit müqaviləsinə əsasən onun kartına 24 ay müddətinə, illik 28.5 faiz dərəcəsi ilə 600 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiqi, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqavilələri, bu müqavilələr üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, cari hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanmış bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli BRCB4675946B240 saylı kredit müqaviləsinə əsasən 2000 AZN əsas; 375.2 AZN faiz; cəmi 2375.2 AZN borcu, xx.xx.2024-cü il tarixli GTZK6111998B299 saylı kredit müqaviləsinə əsasən 457.78 AZN əsas; 91.38 AZN faiz; cəmi 549.16 AZN, ümumilikdə 2924.36 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BRCB4675946B240 saylı kredit müqaviləsinə əsasən 2000 AZN əsas; 375.2 AZN faiz; cəmi 2375.2 AZN borcu, xx.xx.2024-cü il tarixli GTZK6111998B299 saylı kredit müqaviləsinə əsasən 457.78 AZN əsas; 91.38 AZN faiz; cəmi 549.16 AZN, ümumilikdə 2924.36 AZN borcun və ödənilmiş 49.24 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş Cavabdeh rəsmi qaydada – poçt vasitəsilə göndərilməklə yanaşı, cavabdehin xahişinə əsasən həm də “WhatsApp” vasitəsilə onun istifadəsində olan “+994-50-710-70-46” mobil nömrəsinə də “pdf” formatda göndərilmiş, lakin cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4675946B240 nömrəli birbank cashback kredit xətti müqaviləsindən görünür ki, bu müqaviləyə görə bank müştəriyə “Birbank Cashback” ödəniş kartı verir, həmin karta bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, müştəri isə kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Kredit xəttindən son istifadə tarixi xx.xx.2026-cı il müəyyən edilmişdir.

7. xx.xx.2023-cü il tarixli balansdankənar məxaric orderindən görünür ki, 416973******4731 nömrəli 1 ədəd plastik kart Cavabdeh təhvil verilmişdir.

8. “Birbank kartı” yaddaş vərəqi adlı sənəddən görünür ki, Cavabdeh BRCB4675946B240 nömrəli müqavilə üzrə verilmiş kartın kredit limitinin məbləği 1.500 manatdır, kartdan son istifadə tarixi xx.xx.2026-cı ildir, qeyri-taksit və güzəşt müddəti olmayan əməliyyatlar üzrə 30 % müəyyən edilmişdir.

9. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli GTZK6111998B299 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə görə bank istehlak məqsədilə müştəriyə 24 ay müddətinə illik 28,5 % ödəmək şərtilə 600 manat məbləğində kredit verir, müştəri isə kreditdən istifadə edib yaranmış borclarını (əsas, faiz, xidmət haqqı, dəbbə pulu və s.) geri ödəyir.

10. xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 600 manat məbləğində pulu İddiaçı ASC-dən təhvil almışdır.

11. “Kapital Bank» ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, o, kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir.

12. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 49,24 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

13. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə banka 2.000 manat əsas, 375,20 manat faiz borcu olmaqla, cəmi 2.375,20 manat; xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə banka 457,78 manat əsas, 91,38 manat faiz borcu olmaqla, cəmi 549,16 manat; ümumilikdə 2.924,36 manat məbləğində borcu yaranmışdır.

14. İş materiallarına, həmçinin, ödəniş qrafiki və hesablardan çıxarışlar əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı “Kapital Bank» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli kredit müqavilələrinə əsasən, iddiaçı tərəfindən cavabdehə məxsus karta köçürmə yolu ilə 2.000 manat və nağd qaydada 600 manat məbləğində kredit verilmiş, kartdan istifadə müddəti xx.xx.2026-cı ilədək olmuş, nağd kredit isə 24 ay müddətinə verilmiş, kartdan aparılacaq qeyri-taksit və güzəşt müddəti olmayan əməliyyatlar üzrə 27 % ödəniş, nağd kredit üzrə isə illik 28,5 % ödəmə şərti müəyyənləşdirilmişdir.

16. Cavabdeh kredit məbləğindən istifadə etsə də, müqavilə üzrə üzərinə düşən öhdəliyi iddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq, tam icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.

c) Məhkəmənin mövqeyi:

17. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur.

18. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam və vaxtında icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.

19. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, eləcə də icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 739.1-739.2. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 740.1-740.2. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 742.5, 742.5.2. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, BRCB4675946B240 nömrəli kredit müqaviləsi üzrə 2.000 (iki min) manat əsas, 375,20 (üç yüz yetmiş beş manat iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 2.375,20 (iki min üç yüz yetmiş beş manat iyirmi qəpik) manat; xx.xx.2024-cü il tarixli, GTZK6111998B299 nömrəli kredit müqaviləsi üzrə 457,78 (dörd yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat əsas, 91,38 (doxsan bir manat otuz səkkiz qəpik) faiz borcu olmaqla, cəmi 549,16 (beş yüz qırx doqquz manat on altı qəpik) manat; ümumilikdə 2.924,36 (iki min doqquz yüz iyirmi dörd manat otuz altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir.

23. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 49,24 (qırx doqquz manat iyirmi dörd qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir.

Nəticə:

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh: - xx.xx.2023-cü il tarixli, BRCB4675946B240 nömrəli kredit müqaviləsi üzrə 2.000 (iki min) manat əsas, 375,20 (üç yüz yetmiş beş manat iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 2.375,20 (iki min üç yüz yetmiş beş manat iyirmi qəpik) manat; - xx.xx.2024-cü il tarixli, GTZK6111998B299 nömrəli kredit müqaviləsi üzrə 457,78 (dörd yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat əsas, 91,38 (doxsan bir manat otuz səkkiz qəpik) faiz borcu olmaqla, cəmi 549,16 (beş yüz qırx doqquz manat on altı qəpik) manat; ümumilikdə 2.924,36 (iki min doqquz yüz iyirmi dörd manat otuz altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. İş üzrə ödənilmiş 49,24 (qırx doqquz manat iyirmi dörd qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar