Məhkəmə qərarları › İş №e-2(006)-2324/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2324/2022

26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2324/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 12.09.2008-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan 24.10.2009-cu il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqları ilk illər tərəflərin münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Nəticədə, Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2013-cü il tarixli, 2(006)- 2128/2013 saylı qətnaməsi ilə aralarındakı nikaha xitam verilməsi, birgə nikahdan olan 24.10.2009-cu il təvəllüdlü X2 iddiaçının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh tərəfindən 15 aprel 2013-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda ata ilə uşaq arasında mövcud olmalı olan əlaqə və valideyn-övlad münasibətləri yox dərəcəsindədir. Uşağın tələbatları, təhsil xərcləri günü-gündən artsa da, cavabdeh onun maddi və mənəvi tələbatlarının ödənilməsində alimentdən başqa heç bir köməklik göstərmir. Həmçinin, “aliment miqdarının artırılması tələbi”nə dair mübahisə üzrə 17.03.2022-ci il tarixində nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirakla bağlı dəfələrlə dəvət olunsa da, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Onun aktiv əmək müqaviləsi üzrə aylıq əmək haqqının və əmək haqqına əlavələrin məbləğinin dəqiqləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 139 saylı 15.03.2022-ci il tarixli SS739196611AZ tranzaksiya nömrəli sorğu göndərilmiş və 18.03.2022-ci il tarixdə aidiyyatı ünvana çatdırılmışdır, lakin indiyədək cavab alınmamışdır. Göstərilənlərə əsasən, 24.10.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, hər ay 300 manat sabit pul məbləğində təyin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən “tələbin dəqiqləşdirilməsi barədə ərizə” ilə müraciət edilərək Cavabdeh aktiv əmək müqaviləsi üzrə aylıq əmək haqqının və digər qazanclarının məbləğinin cəminin 1200 (bir min iki yüz) manat olmasını iddiaçıya etiraf etməsini, aktiv əmək haqqı ilə aylıq gəlirinin 840 manat olmasına baxmayaraq, özünün etirafı ilə mövcud vəziyyət arasında ziddiyyət yaranmasını, cavabdehin rəsmiləşdirilməmiş əlavə qazancları olması faktı təsdiqini tapmasa da, faktiki olaraq real qazancının 1000 manat və ya yuxarı olması ehtimalının böyük olduğunu bildirmişdir. Buna əsasən, 24 oktyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 250 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, övladının artan xərcləri üçün alimentdən əlavə qeyri-rəsmi ödənişlər edir. Rəsmi iş yeri var və alimentin miqdarının 200 manatadək artırılmasına etiraz etmir. Bu səbəbdən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 07.01.2010-cu il tarixdə verilmiş AZ-İİ № 368946 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 24 oktyabr 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X1r. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2128/2013 saylı, 29.08.2013-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı X3 ilə Cavabdeh arasında 12.09.2008-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsində bağlanmış və 701 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan 24.10.2009-cu il təvəllüdlü X2 iddiaçının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 aprel 2013-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 08.11.2013-cü il tarixdə verilmiş AZ-İ № 179395 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 08.11.2013-cü il tarixdə 330 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Kərimova soyadı verilmişdir. İş materiallarında olan 27.04.2022-ci il tarixində “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən, Cavabdeh Bakı Dövlət Universitetində müəllim vəzifəsində çalışır və aylıq əmək haqqı 840 AZN təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin rəsmi nikah münasibətlərindən bir övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2013-cü il tarixli 2(006)-2128/2013 saylı qətnaməsi ilə aralarındakı nikaha xitam verilməsi, birgə nikahdan olan 24.10.2009-cu il təvəllüdlü X4 iddiaçının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh tərəfindən 15 aprel 2013-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən 250 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Belə olan halda məhkəmə uşağın mənafeyini, onun saxlanması üçün cavabdehdən 100 manat miqdarında alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq, hər ay cavabdehin aylıq qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında müəyyən edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Həmçinin, həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, cavabdehin rəsmi iş yeri və əmək haqqı olduğuna görə iddia qismən təmin edilməli və aliment Ailə Məcəlləsinin 76-cı maddəsinə müvafiq olaraq (1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında) tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 24.10.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 24.10.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar