Məhkəmə qərarları › İş №e-2(006)-2359/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2359/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2359/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızı, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" KB ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehvərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 585,40 ABŞ dolları əsas, 11,19 ABŞ dolları faiz, cəmi 596,59 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 30,55 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə borclu X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 27% ödəmək şərtilə 585,40 ABŞ dolları məbləğində kredit verilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixinə "xxxx" KB ASC-yə 585,40 ABŞ dolları əsas, 11,19 ABŞ dolları faiz, cəmi 596,59 ABŞ dolları borcu yaranmışdır. Borclu-mərhum X1 vəfat etdiyi müəyyən olduğundan tərəfimizdən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 4 saylı ASAN xidmət notariat ofisinə məktubla müraciət olunmuşdur. Bakı şəhəri 4 saylı ASAN xidmət notariat ofisinə məktubu ilə X1 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ərizəsi əsasında ona vərəsəlik işi açılmış və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu səbədən kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehlərə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehlərə göndərilsə də, onlar iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 3810tkBKX/15 saylı “Kredit xətti və Bank Hesabı müqaviləsi”nə əsasən bank borcalana 84 ay müddətinə illik 27% dərəcəsi ilə 585,4 ABŞ dolları məbləğində kredit limiti ayırmağı və ona bank hesabı açmağı, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 ilə "xxxx" KB ASC arasında bağlanmış 3810tkBKX/15 saylı müqaviləyə əsasən xx.xx.2023-cü il tarixə onun "xxxx" KB ASC-yə 585,4 ABŞ dolları əsas, 11.19 ABŞ dolları cərimə, cəmi 596.59 ABŞ dolları borcu vardır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ 777022 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ağ ciyər ödemi, sol tərəfli ensudativ plevrit səbəbindən xx.xx.2015-ci il tarixdə vəfat etmiş və akt qeydləri kitabında 1395 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən "xxxx" KB ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 adına olan Ford Transit minik markalı, 90MB468 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2016-cı il tarixdə 2V-473 reyestr nömrəsi ilə qeydiyyat aparılaraq qızı Cavabdeh3, arvadı Cavabdeh1, oğlu Cavabdeh2 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. "xxxx" KB ASC-nin X2 ünvanladığı xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, X2 borcunun ödənilməsi ilə bağlı xabərdarlıq göndərilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30,55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 3810tkBKX/15 saylı kredit müqaviləsinə əsasən bank borc alana müəyyən məbləğdə kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə-banka qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə 585,4 ABŞ dolları əsas borcu yaranmışdır. X3 xx.xx.2015-ci il tarixdə öldüyündən bank hazırki iddia ilə haqlı olaraq onun qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəməyə müraciət etmişdir. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, əsas borc üzrə 585 (beş yüz səksən beş) ABŞ dolları 40 (qırx) sent, faiz borcu üzrə 11 (on bir) ABŞ dolları 19 (on doqquz) sent, cəmi 596 (beş yüz doxsan altı) ABŞ dolları 59 (əlli doqquz) sent və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat 55 (əlli beş) qəpik məbləğində pul cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 585 (beş yüz səksən beş) ABŞ dolları 40 (qırx) sent, faiz borcu üzrə 11 (on bir) ABŞ dolları 19 (on doqquz) sent, cəmi 596 (beş yüz doxsan altı) ABŞ dolları 59 (əlli doqquz) sent kredit borcu ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat 55 (əlli beş) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar