Məhkəmə qərarları › İş №e-2(006)-2368/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2368/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2368/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01.04.2021-ci il tarixli, GTKR3527110A115 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 5700 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07.10.2017-ci il tarixli, **********01944115 saylı kredit xətti müqaviləsinə əsasən ona 60 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 3000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri əmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 17.03.2022-ci il tarixinə İddiaçı ASCyə 01.04.2021-ci il tarixli, GTKR3527110A115 saylı kredit müqaviləsinə əsasən 5478,99 AZN əsas, 1171,14 AZN faiz, cəmi 6650,13 AZN, 07.10.2017-ci il tarixli, **********01944115 saylı kredit xətti müqaviləsinə əsasən 248,69 AZN əsas, 51,43 AZN faiz, cəmi 300,12 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 01.04.2021-ci il tarixli, GTKR3527110A115 saylı kredit müqaviləsinə əsasən 5478,99 AZN əsas, 1171,14 AZN faiz, cəmi 6650,13 AZN mələğində borc, 07.10.2017-ci il tarixli, **********01944115 saylı kredit xətti müqaviləsinə əsasən 248,69 AZN, 51,43 AZN faiz, cəmi 300,12 AZN məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 89,50 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirmişdir ki, borcun olduğunu etiraf edir. Lakin borcu ödəmə imkanı yoxdur. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01.04.2021-ci il tarixli GTKR3527110A115 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 35 ay müddətinə, illik 27%-lə 5700 AZN məbləğində kredit limiti ayırmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

7. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07.10.2017-ci il tarixli, **********01944115 saylı kredit kartına dair müqaviləyə əsasən 60 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 3000 AZN məbləğində kredit verilmişdir. 8.İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01.04.2021-ci il tarixli, GTKR3527110A115 saylı kredit müqaviləsinə əsasən 17 mart 2022-ci il tarixinə onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 5478,99 AZN əsas, 1171,14 AZN faizi, cəmi 6650,13 AZN məbləğində borcu, 07.10.2017-ci il tarixli, **********01944115 saylı kredit xətti müqaviləsinə əsasən 248,69 AZN əsas, 51,43 AZN faiz, cəmi 300,12 AZN məbləğində borcu vardır. 9.İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı 10 dekabr 2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01.04.2021-ci il tarixli, KR3527110A115 saylı kredit müqaviləsinə əsasən cavabdehə 35 ay müddətinə, illik 27% dərəcəsi ilə 5700 AZN məbləğində kredit ayırmış, 07.10.2017-ci il tarixli, **********01944115 saylı kredit kartına dair müqaviləyə əsasən isə 60 ay müddətinə illik 25 % dərəcəsi ilə 3000 manat məbləğində kredit xətti ayırmış, borc alan isə həmin kreditlərdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğlərini banka ödəməkdən yayınmış və nəticədə onun 17 mart 2022-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 01.04.2021-ci il tarixli, KR3527110A115 saylı kredit müqaviləsinə əsasən 5478,99 AZN əsas, 1171,14 AZN faiz borc, 07.10.2017-ci il tarixli, **********01944115 saylı kredit kartına dair müqaviləyə əsasən 248,69 AZN əsas, 51,43 AZN faiz borcu olmaqla, ümumilikdə iki müqavilə üzrə 6950,25 AZN məbləğində borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 13.İş materiallarından göründüyü kimi tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün hüquqi əsas olan kredit müqaviləsi bağlanmışdır. Kreditor tərəf öhdəliyini yerinə yetirmiş, borclu tərəf isə öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 15.Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 17.Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 18.Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. 19.Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

20. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 89,50 AZN (səksən doqquz manat, əlli qəpik) məhkəmə xərci də cavabdehə aid edilməlidir.

22. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 01.04.2021-ci il tarixli, GTKR3527110A115 saylı kredit müqaviləsinə əsasən 5478,99 AZN (beş min dörd yüz yetmiş səkkiz manat, doxsan doqquz qəpik) əsas, 1171,14 AZN (bir min bir yüz yetmiş bir manat, on dörd qəpik) faiz borc, 07.10.2017-ci il tarixli, **********01944115 saylı kredit kartına dair müqaviləyə əsasən 248,69 AZN (iki yüz qırx səkkiz manat, altmış doqquz qəpik) əsas, 51,43 AZN (əlli bir manat, qırx üç qəpik) faiz borcu olmaqla, ümumilikdə iki müqavilə üzrə 6950,25 AZN (altı min doqquz yüz əlli manat, iyirmi beş qəpik) məbləğində borc və ödənilmiş 89,50 AZN (səksən doqquz manat, əlli qəpik) dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. 23.Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 26.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 01.04.2021-ci il tarixli, GTKR3527110A115 saylı kredit müqaviləsinə əsasən 5478,99 AZN (beş min dörd yüz yetmiş səkkiz manat, doxsan doqquz qəpik) əsas, 1171,14 AZN (bir min bir yüz yetmiş bir manat, on dörd qəpik) faiz borc, 07.10.2017-ci il tarixli, **********01944115 saylı kredit kartına dair müqaviləyə əsasən 248,69 AZN (iki yüz qırx səkkiz manat, altmış doqquz qəpik) əsas, 51,43 AZN (əlli bir manat, qırx üç qəpik) faiz borcu olmaqla, iki müqavilə üzrə ümumilikdə 6950,25 AZN (altı min doqquz yüz əlli manat, iyirmi beş qəpik) məbləğində borc və ödənilmiş 89,50 AZN (səksən doqquz manat, əlli qəpik) dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar