Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2373/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəli 10 yanvar 2022-ci il tarixdən (mediasiyaya müraciət edilən gün) hesablanmaqla birgə nikahdan olan uşaqları 29.12.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh alınıb verilməli olan aliment məbləğinin miqdarının artırılaraq, hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi, mediasiya xərci 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.09.2014-cü il tarixli 2(006)-3476/2014 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş 29.12.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin X1 ödənilməsi qət edilmişdir. Sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli 2(006)-5142/2018 saylı qətnaməsi ilə 29.12.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulan 103 manat sabit pul məbləğində alimentin miqdarı artırılmış, Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Lakin, Cavabdeh tərəfindən ödənilən aliment 29.12.2011-ci il təvəllüdlü X2 tələbatının ödənilməsi üçün kifayət etmir. Həmçinin son illərdə ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumu da artırılmışdır. Uşağın maddi tələbatlarını ödəmək tək qadın olaraq İddiaçı çox çətindir. İddiaçı bu məsələ ilə bağlı mediasiyaya da müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, iddiaçının vəkilnümayəndəsi Nümayəndə “AZEMİS”- Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, əvvəlcədən başqa məhkəmə iclası təyin edilməsi səbəbindən məhkəmədə iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının vəkilinümayəndəsinin ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.10.2018ci il tarixli 2(006)-5142/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.09.2014-cü il tarixli 2(006)-3476/2014 saylı qətnaməsi ilə X3 ilə Cavabdeh arasında 24.10.2010-cu ildə Bakı Nikah Evi tərəfindən bağlanmış, bağlanması barədə həmin tarixdə akt qeydləri kitabında 2633 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra yetkinlik yaşına çatmamış 29.12.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X1 ödənilməsi qət edilmişdir. Sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.09.2014-cü il tarixli 2(006)-3476/2014 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq Cavabdeh 29.12.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı 2 saylı Mediasiya təşkilatının “ilkin mediasiya sessiyasının iştirak edilməməsi barədə” arayışından görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli 2(006)-5142/2018 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan uşağın saxlanılması üçün cavabdehdən hər ay 154 manat sabit pul məbləğində aliment tutulur. Hazırda uşağın saxlanılması üçün tutulan alimentin uşağın tələbatının ödənilməsi üçün kifayət etmədiyini və ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun artırıldığını bildirərək 29.12.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin miqdarının artırılaraq, hər ay 193 manat müəyyən edilməsini tələb edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı əvvəllər müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını tələb etmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli 2(006)-5142/2018 saylı qətnaməsi ilə 29.12.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını, uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə uşaq böyümüş və ehtiyacları artmışdır. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehin maddi vəziyyətinin yaxşı olmaması onun qanunla müəyyən edilmiş uşaqların lazımi səviyyədə saxlaması vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaq qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsun. Uşağın iddiaçının himayəsində qalması uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən-cavabdehdən tutulmasına əsas ola bilər. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, əvvəli 10 yanvar 2022-ci il tarixdən (mediasiyaya müraciət edilən gün) hesablanmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli 2(006)-5142/2018 saylı qətnaməsinə əsasən tutulan aliment məbləğinin artırılaraq tutulmasını tələb edir. Lakin məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarını əsas götürərək hesab edir ki, miqdarı dəyişdirilmiş alimentin tutulması iddiaçının tələb etdiyi mediasiyaya müraciət edilən gündən deyil, aliment məbləğinin artırılması barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, tərəflərin birgə nikahından olan uşağın anasının himayəsində olmasını, 2022-ci il üzrə uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddinin 193 manat olmasını, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, uşağın mənafeyini, uşağın böyüdüyünü, onun saxlanması üçün cavabdehdən hər ay 154 manat sabit pul məbləğində alimentin tutulmasının hazırki dövrdə kifayət etmədiyini, nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli 2(006)-5142/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 29.12.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə mediasiya xərci ilə bağlı belə qənaətə gəlir ki, müvafiq qanuna uyğun olaraq, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Aliment məbləği artırılaraq, tərəflərin birgə nikahlarından anadan olmuş 29.12.2011ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2373/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2373/2022
17.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver