Məhkəmə qərarları › İş №e-2(006)-2374/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2374/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2374/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kreditə görə hesablanan faizlərin dayandırılması, xx.xx.2023-cü il tarixdən kreditə görə hesablanan faizlərin silinməsi və əsas borcun faizsiz ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kreditə görə hesablanan faizlərin dayandırılması, xx.xx.2023-cü il tarixdən kreditə görə hesablanan faizlərin silinməsi və əsas borcun faizsiz ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdə 18%-lə, 36 ay müddətinə 7.500 manat məbləğində götürdüyü kreditə görə hesablanan faizlərin dayandırılması, xx.xx.2023-cü il tarixdən kreditə görə hesablanan faizlərin silinməsi və əsas borcun faizsiz ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə cavabdeh Əmanətlərin Sığortalanması Fondu olaraq X8 "xxxx" ASC-dən götürdüyü kreditə görə hesablanan faizlərin dayandırılması, xx.xx.2023-cü il tarixdən kreditə görə hesablanan faizlərin silinməsi və əsas borcun faizsiz ödənilməsi barədə qətnamə çıxarılması üçün ərizə ilə müraciət etmişdir. "xxxx" ASC Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərdiyi mülki işə baxılması üçün hakim Aygün Həsənova təyin olunmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsində e-2(011)-3753/2024 nömrəli iş yekun məhkəmə aktı çıxarılaraq geri qaytarılmışdır (Nəticə: Geri qaytarıldı, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə). Bu səbəbdən müraciətinə baxılması üçün, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirmək istəyir ki, "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdə 18%-lə, 36 ay müddətinə 7.500 manat məbləğində işçi krediti götürmüşdür. Krediti götürdüyü müddətdən xx.xx.2023-cü il tarixə kimi, kredit ödənişlərini ödəyə bilirdi. Lakin xx.xx.2023-cü il tarixdən X8 "xxxx" ASC-dən Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işdən çıxdığı üçün və digər şəxsi problemlərə görə kredit ödənişində problem yaranmışdır. Bildirmək istəyir ki, xx.xx.2022-ci il tarixdə 18%-lə, 36 ay müddətinə 7.500 manat məbləğində götürdüyü kredit işçilərə verilən kredit məhsulu idi. xx.xx.2024-cü il tarixə qeyd olunan kreditə görə 3.392,41 manat məbləğində kredit borcu var. Kreditə güzəşt olunması üçün, Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə rəsmi olaraq müraciət məktubları göndərmişdir. Müraciət məktubunda kreditə görə hesablanan faizlərin dayandırılmasına, xx.xx.2023-cü il tarixdən hesablanan faizlərin silinməsinə, əsas borcun faizsiz və güzəşt müddəti verilməklə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin Əmanətlərin Sığortalanması Fondu müraciət məktubuna cavab olaraq bildirilmişdir ki, müraciətinin qismən qəbul olunması haqda qərar qəbul olunmuşdur. Onu da bildirmək istəyir ki, 2012-ci ildən "xxxx" ASC-də işə başlamışdır. Həmin ildən bəri "xxxx" ASC-də müxtəlif sahələrdə işləmişdir. Son vəzifəsi xx.xx.2023-cü il tarixə kimi, X8 "xxxx" ASC-də Kredit Şöbəsinin müdiri vəzifəsində işləmişdir. "xxxx"da işlədiyi dövr ərzində "xxxx"dan dəfərlərlə kredit götürmüşdür və ödənişlərində heç bir problem olmamışdır. Onu da əlavə etmək istəyir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-7541/2019 nömrəli qətnaməsi ilə hər ay qazancının (başqa gəlirlərin) 1/2 hissəsi miqdarında və 3 uşağa görə (xx.xx.2011, xx.xx.2014 və xx.xx.2019 cu il təvəllüdlü) yetkinlik yaşlarına çatanadək saxlanılması üçün, hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində aliment ödəyir. "xxxx"da işlədiyi dövrdə hər ay əmək haqqından 787 manat məbləğində alimentə görə pul çıxılırdı. Lakin hal-hazırda aliment ödənişlərində də çətinlik çəkir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərdiyi iddia ərizəsinə baxılması üçün e-2(006)-2269/2024 nömrəli iş üzrə hakim Ceyhun Tağıyev təyin olunmuşdur. Hakim Ceyhun Tağıyev iddia ərizəsi ilə tanış olmuş və e-2(006)-2269/2024 nömrəli iş üzrə yekun qərardadda bildimişdir ki, iddiaçı "xxxx" ASC-dən kredit götürdüyünü, ilk başlarda ödənişlərini həyata keçirmək iqtidarında olduğunu, lakin sonradan işdən çıxarıldığına görə kredit ödənişlərində problemlər yarandığını qeyd etsə də, mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədilə hazırki tələbi ilə əlaqədar ilk öncə cavabdeh qismində cəlb etdiyi banka müraciət etməsinə dair hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.4, 150.0.7-ci maddələrinin tələbinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən məlumat iddia ərizəsində göstərilməli və bu barədə sənəd iddia ərizəsinə əlavə olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-cı maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd etdiyi kimi, "xxxx" ASC Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 2-3(103)- 54/2023 saylı qərarı ilə müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Bu səbəbdən Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rəsmi olaraq müraciət məktubları göndərmişdir. Müraciət məktubunda kreditə görə hesablanan faizlərin dayandırılmasına, xx.xx.2023-cü il tarixdən hesablanan faizlərin silinməsinə, əsas borcun faizsiz və güzəşt müddəti verilməklə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin Əmanətlərin Sığortalanması Fondu müraciət məktubuna cavab olaraq xx.xx.2024-cü il tarixdə göndərdiyi cavab məktubunda bildirmişdir ki, müraciətinin qismən qəbul olunması haqda qərar qəbul olunmuşdur. Qeyd etmək istərdi ki, həm özü tərəfindən Əmanətlərin Sığortalanması Fonduna göndərdiyi ərizələri, həm də Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona göndərilmiş cavab məktubunu əvvəlki iddia ərizəsində təqdim etmişdir. Yenidən məhkəməyə təqdim edir. Əlava olaraq 100 manat məbləğində olan dövlət rüsumunun ödəniş qəbzini də məhkəməyə təqdim edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, tələbini qeydiyyata aldırmışdır, 190 gündən çox görünür məzuniyyət günləri. İstifadə edilməmiş məzuniyyət günlərinə görə hesablanmış vəsaitin banka olan borcu ilə əvəzləşdirilməsinə heç bir etirazı yoxdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə faizlərin hesablanmasının dayandırılmasını xahiş edir. Tələbini isə maddi imkanının olmaması, işsiz olması və aliment öhdəliyinin olması ilə əsaslandırır. Lakin bu hallardan heç biri kredit müqaviləsi üzrə faizlərin hesablanmasının dayandırılması üçün əsas kimi qəbul edilə bilməz. Sonradan iddiaçı təklif irəli sürərək istifadə edilməmiş məzuniyyət günlərinə görə ona ödəniləcək vəsaitin banka olan borcu ilə əvəzləşdirilməsini xahiş etmişdir. Lakin qeyd edir ki, əgər istifadə edilməmiş məzuniyyət günlərinə görə məbləğin ödənilməsi bankın ləğv edilmədiyi dövrə təsadüf edirsə həmin vəsaitin təminatsız kreditor tələbi qismində növbəlilik qaydasında ödənilməsi mümkündür və hazırki məqamda borc tələbi ilə əvəzləşdirilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 21 fevral 2022-ci il tarixli İPP/21/028/000002 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC-dən 30 yanvar 2025-ci il tarixə kimi illik 18 % hesablanmaq şərtilə 7.500 manat məbləğində kredit almışdır. Müqaviləyə 1 saylı Əlavədə ödənişlərin tarixləri, ödənişin növü, ümumi ödəniş, əsas məbləğ və faiz, cari balans dəqiq şəkildə göstərilmişdir. - İddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə yazılmış 07 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdə 18 %-lə, 36 ay müddətinə 7.500 manat məbləğində işçi krediti götürdüyünü, krediti götürdüyü müddətdən xx.xx.2023-cü il tarixə kimi kredit ödənişlərini ödəyə bildiyini, lakin xx.xx.2023-cü il tarixdən X8 "xxxx" ASC-dən Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işdən çıxdığı üçün və digər şəxsi problemlərə görə kredit ödənişində problem yarandığını, xx.xx.2022-ci il tarixli 18 %-lə, 36 ay müddətinə 7.500 manat məbləğində götürdüyü kredit işçilərə verilən kredit məhsulu olduğunu, xx.xx.2024-cü il tarixə qeyd olunan kreditə görə 3.396 manat məbləğində (əsas borc üzrə 3.392,41 manat, faiz üzrə 1,70 manat) borcu olduğunu, 2012-ci ildə "xxxx" ASC-də işə başladığını, həmin ildən bəri "xxxx" ASC-də müxtəlif sahələrdə işlədiyini, son vəzifəsinin xx.xx.2023-cü il tarixə kimi X8 "xxxx" ASC-də Kredit Şöbəsinin müdiri vəzifəsində işlədiyini, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-7541/2019 nömrəli qətnaməsi ilə hər ay qazancının (başqa gəlirlərin) 1/2 hissəsi miqdarında və 3 uşağa görə (xx.xx.2011, xx.xx.2014 və xx.xx.2019-cu il təvəllüdlü) yetkinlik yaşlarına çatanadək saxlanılması üçün, hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində aliment ödədiyini, "xxxx"da işlədiyi dövrdə hər ay əmək haqqından 787 manat məbləğində alimentə görə pul çıxıldığını, "xxxx" ASC-nin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə müflis elan edildiyini, barəsində iflas proseduruna başlanıldığını və Əmanətlərin Sığortalanması Fondunun Bankın ləğvedicisi təyin edildiyini nəzərə alaraq, kreditə görə hesablanan faizlərin dayandırılmasına və əsas borcdan güzəşt olunmasına köməklik göstərilməsini xahiş etmişdir. - İddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə yazılmış 23 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ƏSF-ə göndərdiyi ərizəyə əlavə olaraq xx.xx.2023-cü il tarixdən X8 "xxxx" ASC-dən Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işdən çıxdığını, ailə problemi olduğunu, hal-hazırda işsiz olduğu üçün və məhkəmə qərarına əsasən hər ay 787 manat məbləğində aliment ödədiyi üçün, qeyd olunan kreditə heç bir ödəniş edə bilmədiyini nəzərə alaraq, xx.xx.2023-cü il tarixdən kreditə görə hesablanan faizlərin dayandırılmasına, həmin tarixdən hesablanan faizlərin silinməsinə, əsas borcun faizsiz və güzəşt müddəti verilməklə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - LPO "xxxx" ASC-nin ləğvedicisi ƏSF-nin 29 fevral 2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli İPP/21/028/000002 nömrəli istehlak krediti müqavilələri üzrə güzəşt olunması barədə ərizəyə baxılmışdır. Bildirilmişdir ki, ƏSF-nin Kredit Komitəsinin 296 saylı Protokol qərarı ilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixdə İPP/21/028/000002 nömrəli istehlak krediti müqavilələri üzrə illik faiz hesablanması 12 faiz dərəcəsində təyin edilmiş, bu məsələ üzrə barışıq sazişi imzalanaraq BƏS-də olan qalıq borcunun kredit müqaviləsinin bitmə tarixinədək illik faiz hesablanmaqla, növbəti aylar isə faiz hesablanması dayandırılaraq ilk 24 ay müddətində bərabər hissələrə bölünməklə tam ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Göstərilən şərtlərə (fors major hallar istisna edilməklə) 2 ay ərzində əməl edilmədiyi halda qərar qüvvədən düşmüş hesab edilir və güzəştlər ləğv edilir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 2(008)- 7541/2019 saylı qətnaməsindən görünür ki, X2 İddiaçı qarşı «nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment» tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədinə əsasən hazırki iş üzrə iddiaçıdan T.Mehdiyevanın xeyrinə hər ay təyin edilmiş aliment məbləği tutulmalıdır. - Kreditor tələblərinin qeydiyyatı barədə 05 dekabr 2023-cü il tarixli 0892 saylı qəbzdən görünür ki, İddiaçı 196 gün istifadə olunmamış məzuniyyətə görə LPO "xxxx" ASC qarşısında kreditor tələbi qeydə alınmışdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı məhkəməyə «kreditə görə hesablanan faizlərin dayandırılması, xx.xx.2023-cü il tarixdən kreditə görə hesablanan faizlərin silinməsi və əsas borcun faizsiz ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət etsə də, əslində istifadə etmədiyi məzuniyyət günlərinə görə ona ödənilməli olan pul vəsaitinin banka mövcud olan borcunun eyni hissəsi ilə əvəzləşdirilməsini istəyir. İddiaçının cavabdehə yazdığı ərizələrdən, eləcə də, həmin ərizələrə cavabdeh tərəfindən göndərilən cavab məktubundan görünür ki, cavabdeh iddiaçının «kreditə görə hesablanan faizlərin dayandırılması, xx.xx.2023-cü il tarixdən kreditə görə hesablanan faizlərin silinməsi və əsas borcun faizsiz ödənilməsi» xahişinə adekvat cavab vermiş, ƏSF-nin Kredit Komitəsinin 296 saylı Protokol qərarı ilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixdə İPP/21/028/000002 nömrəli istehlak krediti müqavilələri üzrə illik faiz hesablanması 12 faiz dərəcəsində təyin edilmiş, bu məsələ üzrə barışıq sazişi imzalanaraq BƏS-də olan qalıq borcunun kredit müqaviləsinin bitmə tarixinədək illik faiz hesablanmaqla, növbəti aylar isə faiz hesablanması dayandırılaraq ilk 24 ay müddətində bərabər hissələrə bölünməklə tam ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Qeyd olunmalıdır ki, iddiaçı ilə bank arasında kredit müqaviləsi bağlanmış, iddiaçı bankdan kredit almış, həmin krediti vaxtında və tam şəkildə ödəyəcəyinə dair üzərinə öhdəliklər götürmüşdür və üzərinə götürdüyü öhdəlikləri icra etməlidir. Hazırki iddia, iddiaçının əsl niyyəti kreditə görə hesablanan faizlərin dayandırılması, xx.xx.2023-cü il tarixdən kreditə görə hesablanan faizlərin silinməsi və əsas borcun faizsiz ödənilməsinə nail olmaqdırsa, təmin edilə bilməz. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə güzəştlər tətbiq etməyə məcbur edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, LPO "xxxx" ASC-nin kreditorlar qarşısında olan öhdəliklərinin icra edilməsinin ardıcıllığı və növbəliliyi qanunvericilikdə təsbit olunmuş qaydada icra edilir. İddiaçıya istifadə edilməmiş məzuniyyətə görə ödənilməli pul vəsaitinin ödənilməsi növbəsi çatmamışdır. Cavabdeh tərəf isə qanunvericiliyin tələbinə görə, iddiaçı ilə müvafiq əvəzləşdirmənin aparılmasına məcbur edilə bilməz. Bankın iddiaçı qarşısında istifadə olunmamış məzuniyyət günlərinə görə ödəməli olduğu pul məbləğinə görə öhdəliyi ilə iddiaçının bank qarşısında kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik iki fərqli, birbirinə bağlı olmayan öhdəliklərdir. Həmin pul vəsaitinin iddiaçının bank qarşısında olan borcuna mütənasib hissəsinin əvəzləşdirilməsi isə tərəflərin qarşılıqlı razılığı ilə həll edilə bilər. Məhkəmə tərəflərə barışıq üçün vaxt verərək, mübahisənin barışıq sazişi bağlanması yolu ilə həll edilməsinə şərait yaratmış, tərəflərə öz aralarında danışıqlar apararaq razılığa gəlmələri üçün vaxt vermişdir. Lakin barışığa nail olunmamışdır. Belə ki, cavabdeh və üçüncü şəxs bu cür əvəzləşdirilmənin həyata keçirilməsinə razı deyillər. Bu səbəbdən, iddia təmin edilə bilməz. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblərlə bağlı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia irəli sürmək hüququ da olmamışdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçının cavabdeh Əmanətlərin Sığortalanması Fondu ilə kredit müqaviləsi bağlamadığı, bununla da Əmanətlərin Sığortalanması Fondunun iddiaçı qarşısında hər hansı bir öhdəliyinin olmadığı, iddiaçının subyektiv hüquqa malik olmamaqla irəli sürdüyü iddia tələbləri əsassız olduğundan iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kreditə görə hesablanan faizlərin dayandırılması, xx.xx.2023-cü il tarixdən kreditə görə hesablanan faizlərin silinməsi və əsas borcun faizsiz ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kreditə görə hesablanan faizlərin dayandırılması, xx.xx.2023-cü il tarixdən kreditə görə hesablanan faizlərin silinməsi və əsas borcun faizsiz ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar