Məhkəmə qərarları › İş №e-2(006)-2381/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2381/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2381/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMQBKT-yə qarşı zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Finca Azerbaijan” MMQBKT-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013 tarixli, №**********1***-******* zaminlik müqaviləsinin ləğv edilərək zaminliyə xitam verilməsi, ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Kredit Bürosu MMC-nin xx.xx.2023-cü il tarixli ona məxsus kredit məlumatlarının icmalı bölümündə zamin olduğu öhdəliyin məbləği manatla 0 (sıfır) olaraq qeyd edilmişdir. xx.xx.2025-ci il tarixində şəxsi sorğu üçün Azərbaycan Kredit Bürosu MMC-yə müraciət etdiyi zaman isə ona məlum olmayan səbəbdən həmin qrafada 7.813,30 manat məbləği peyda olmuşdur. Qeyd edilən çıxarışın 5-ci bölümündə borcalanın zamin olduğu öhdəliklər hissəsində aşağıdakı məlumatlar göstərilmişdir: məlumat təçhizatçısı: FİNCA Azərbaycan BOKT, kredit: 10.000 ABŞ dolları, hesab nömrəsi : **********1481, kreditin qalıq məbləği: 4.596,06 ABŞ dolları, faiz məbləği: 466 ABŞ dolları, kreditin verilmə tarixi: xx.xx.2013, kreditin müqavilə üzrə bitmə tarixi: xx.xx.2015. Təqdim olunan xx.xx.2025-ci tarixli kredit reyestri sənədindən də göründüyü kimi, kreditin müqavilə üzrə bitmə tarixi xx.xx.2015-ci il tarixidir və həmin tarixdən 10 il müddət keçməsinə baxmayaraq onun zaminlik öhdəliyi ilə bağlı qanuni qüvvəsini almış hər hansı bir məhkəmə qərarı mövcud deyildir. Bundan əlavə tələb etmə müddəti kreditor tərəfindən ötürülmüşdür. Məlumat üçün bildirmişdir ki, X6 FİNCA Azerbaijan MMQBKT-dan xx.xx.2015 tarixində 10.000 ABŞ dolları məbləğində kredit götürmüş, o və X9 ona zamin olmuşlar (zaminlik müqaviləsi №**********1***-*******). X6 2014-cü ilin avqust ayında vəfat etmişdir və onun tərəfindən dərhal kreditor məlumatlandırılmışdır. Lakin, o zaman iddiaçı qismində iştirak edən kreditor tərəfindən bu barədə məhkəməyə məlumat verilmədən 2015-ci ildə, birinci instansiya məhkəməsinə müraciət edərək onu, X7 və 2014-cü ilin avqust ayında vəfat edən X2 cavabdeh etmişdir. Siyəzən Rayon Məhkəməsi o zamankı cavabdehlərdən xəbərsiz iclas keçirmiş və 2(059)- 203/15 saylı xx.xx.2015-ci il tarixli qətnamə ilə kreditorun iddiasını təmin etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-08/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdehlərdən (borclu X6 və zaminlər İddiaçı və X4) 5050,06 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı FİNCA Azerbaijan MMQBKT-nin xeyrinə ödənilməsi barədə Siyəzən Rayon Məhkəməsinin 2(059)-203/15 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdehlərə qarşı borc tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı üzrə mübahisənin məhkəmədən kənar qaydada həllinə əməl edilmədiyi olmuşdur. Bundan əlavə, FİNCA Azerbaijan MMQBKT tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-08/2019 saylı xx.xx.2019 tarixli qərardadı ilə müəyyən edilmiş tələbləri yerinə yetirmək üçün heç bir tədbir görülməmiş, 2019-cu ildən bu günə qədər analoji kredit müqavilələri üzrə borclunun borc yükünü azaldacaq dövlət dəstəyindən faydalanmaq üçün borcluya yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edilməmişdir. Maraqlıdır ki, cavabdehin hərəkətsizliyi nəticəsində kredit bürosunda ona münasibətdə borc məbləği silinmir və o, hal-hazırda maliyyə təşkilatlarından kredit ala bilmir. Hesab etmişdir ki, qanunla nəzərdə tutulan tələb müddəti buraxıldığından o və X9 tərəfindən cavabdehlə bağlanılan xx.xx.2013 tarixli, №**********1***-******* zaminlik müqaviləsi ləğv edilməli zaminlik öhdəliyinə xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin qeyd etdi ki, cavabdeh təşkilatın məktubuna görə guya 2023-cü ildə texniki xəta baş vermişdir. Məktubda Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı haqqında heç bir qeyd yoxdur. Sanki belə məhkəmə qərarı yoxdur. Lakin iş materaillarından da göründüyü kimi 2018-ci ildə 110.000 manat, 2020-ci ildə də 60.000 manat, 2024-cü ilə qədər təxminən 200.000 manat kredit götürmüşdür. Bu illər ərzində MKR-də cavabdeh tərəfindən belə qeyd olmuş olsa idi ona ümumiyyətlə kredit ayrılmazdı. Bu da bir daha cavabdehin Azərbaycan Respublikası Mərkəz Bankını və onu aldatmaq, özünün qanunsuz əməlini haqlı çıxarmaqdan başqa bir şey deyildir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X1, İddiaçı və X4 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 4596.06 ABŞ dolları, faiz borcu üzrə 454 ABŞ dolları, cəmi 5050.06 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq Cavabdeh MMQBKT-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-08/2019 saylı qərardadının surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilməklə Cavabdeh MMQBKT-nin X3, İddiaçı və X8 qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. İş materiallarında olan Cavabdeh MMQBKT ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış **********1***-******* saylı zaminlik müaviləsinin surətindən görünür ki, zamin xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə X5 tərəfindən müqavilə öhdəliklərinə əmək olunmadığı hallarda borcun ödənilməsini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü -ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir birgə məsuliyyət və subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Zaminliyin xitamı əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında zaminlik müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanılmış, onun müddəti əsas müqavilənin icrası müddəti ilə (24 ay) müəyyən edilmişdir. Kreditor borcun tutulması ilə bağlı məhkəməyə müraciət etsə də, xeyrinə qəbul edilmiş qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2019cu il tarixdə ləğv edilməklə, iddia ərizəsi baxılmamış saxlanmış, sonradan müvafiq tələblə məhkəməyə müraciət edilməmişdir. Məhkəmə iddiaçının zaminlik müqaviləsi üzrə öhdəliyinə müddətin keçməsi səbəbindən xitam verilməli olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində qeyd olunan müddət hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün nəzərdə tutulmuş iddia müddəti olmamaqla zaminliyə xitam verilməsini nəzərdə tutan kəsici müddət olduğundan iddiaçı zaminliyə xitam verilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumunu tələb etdiyindən, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh MMQBKT ilə zamin İddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış **********1***-******* saylı zaminlik müqaviləsi üzrə öhdəliyinə xitam verilsin. Cavabdeh MMQBKT-dən ödənilmiş 100 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar