Məhkəmə qərarları › İş №e-2(006)-239/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-239/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-239/2023 13.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 2290.75 manat məbləğində əsas borcun, 253.67 manat məbləğində faiz borcunun və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45.45 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, iddiaçıdan xx.xx.2022-ci il tarixədək qaytarmaq və illik 27 % ödəmək şərti ilə aldığı 3100 AZN məbləğində krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə iddiaçıya ödəməli olduğu halda, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan borcun məbləği əsas borc üzrə 2290.75 manat, faizlər üzrə 253.67 manat təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Odur ki, borc məhkəmə qaydasında tutulmalıdır. İddiaçının tələbinin əsaslılığını təsdiq edən sənədlər kredit müqaviləsi və ona əlavə (ödəniş cədvəli), bank hesabından çıxarış, borc haqqında arayışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin ərizələrini nəzərdən keçirib, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, cavabdehin məhkəmə iclasının təxirə salınması xahişi məzmununda olan ərizəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh hər dəfə keçirilən məhkəmə iclasına gəlməyərək, xəstəliyi səbəbi ilə iclasın təxirə salınması xahişi ilə məhkəməyə müraciət edir. Cavabdehin xahişi nəzərə alınaraq işin baxılmasının təxirə salınması isə işin əsassız uzanmasına gətirib çıxarır. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh iddia tələbinə qarşı etirazını yazılı formada ifadə edə və etirazın dəlillərini yazılı formada məhkəməyə təqdim edə, bununla da məhkəmə iclasında iştirak etməsə də, iddia ərizəsinə etirazını məkhəməyə bildirə bilər. Buna görə də cavabdehin hər dəfə iclasın təxirə salınması xahişi ilə məhkəməyə müraciət etməsi onun öz hüququndan sui-istifadə kimi qiymətləndirilmiş və nəticə etibarilə işə mahiyyəti üzrə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, 019CASA192690001 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC sağlamlıq məqsədilə 36 ay müddətinə illik 27% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3100 AZN məbləğində krediti Cavabdeh istifadəsinə təqdim etməyi, Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 019CASA192690001 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2022 il tarixə əsas borc üzrə 2290.75 AZN, faiz borcu üzrə 253.67 AZN olmaqla, cəmi 2544.42 AZN məbləğində borcu vardır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 45.45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 019CASA192690001 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı sağlamlıq məqsədilə 36 ay müddətinə illik 27% ödəmək şərtilə 3100 manat məbləğində krediti cavabdehə vermiş, lakin cavabdeh həmin müqavilə üzrə iddiaçı qarşısında olan öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı müqavilə üzrə borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh öhdəliyini tam icra etməmiş, nəticədə onun xx.xx.2022-ci il tarixinə iddiaçıya 2290.75 manat məbləğində əsas, 253.67 manat məbləğində faiz borcu olmaqla, cəmi 2544.42 manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsində qeyd edilmişdir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 445.2 və 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Sözügedən Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün xx.xx.2019-cu il tarixli, 019CASA192690001 nömrəli kredit müqaviləsi üzrə 2290.75 manat əsas, 253.67 manat faiz borcu olmaqla, cəmi 2544.42 manat məbləğində kredit borcunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119cu maddəsinə əsasən, iş üzrə ödənilmiş 45.45 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2290.75 manat əsas borc, 253.67 manat faiz borcu olmaqla, cəmi 2544.42 manat məbləğində pul və ödənilmiş 45.45 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar