Məhkəmə qərarları › İş №e-2(006)-2443/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2443/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2443/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının katibliyi, Məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9 mart 2023-cü il tarixli, NRNPU-10907 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 11553,1 (on bir min beş yüz əlli üç manat on qəpik) manat, faiz borcuna görə 1207,67 (bir min iki yüz yeddi manat altmış yeddi qəpik) manat, dəbbə borcuna görə 2116,1 (iki min bir yüz on altı manat on qəpik) manat, cəmi 14876,87 (on dörd min səkkiz yüz yetmiş altı manat səksən yeddi qəpik) manat məbləğində pulun və 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 9 mart 2023-cü il tarixli, NRNPU-10907 saylı kredit müqaviləsinə əsasən illik 18 % (on səkkiz) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 13000 (on üç min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 9 mart 2023-cü il tarixli, NRNPU-10907 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 9 mart 2023-cü il tarixli, NRNPU-10907 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 9-dan gec olmayaraq hər ay 469,99 (dörd yüz altmış doqquz manat doxsan doqquz qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 9 mart 2023-cü il tarixli, NRNPU10907 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 11553,1 (on bir min beş yüz əlli üç manat on qəpik) manat, faiz borcuna görə 1207,67 (bir min iki yüz yeddi manat altmış yeddi qəpik) manat, dəbbə borcuna görə 2116,1 (iki min bir yüz on altı manat on qəpik) manat, borcun cəmi məbləği 14876,87 (on dörd min səkkiz yüz yetmiş altı manat səksən yeddi qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 9 mart 2023-cü il tarixli, NRNPU-10907 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 11553,1 (on bir min beş yüz əlli üç manat on qəpik) manat, faiz borcuna görə 1207,67 (bir min iki yüz yeddi manat altmış yeddi qəpik) manat, dəbbə borcuna görə 2116,1 (iki min bir yüz on altı manat on qəpik) manat, cəmi 14876,87 (on dörd min səkkiz yüz yetmiş altı manat səksən yeddi qəpik) manat pul tutulmalıdır. Tərəflərin iştirakı və izahatlar: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və mülki iş üzrə tələbin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesba etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, bankdan həmin məbləğdə kredit götürmüşdür. Bir neçə ay ödəniş etsə də,sonradan ödəniş etməyə imkanı olmamışdır. Hazırda həmin borcun yeni qrafiklə ödənilməsini xahiş etmişdir. İş materialları: Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin Ümumi şərtləri üzrə Lokal kartla kredit verilməsinə dair Əsas şərtlər- № NRPU-10907 Razılaşmadan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli, RB-02/PK-978 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, NRNPU-10907 saylı müqaviləyə əsasən 36 ay müddətinə, illik 18 % dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixinə əsas borcu 11553,1 manat, faiz borcu 1207,67 manat, cərimə borcu 2116,1 manat, cəmi 14876,87 manat təşkil etmişdir. İddiaçı ASC-nin RB-02/PK-910 saylı, xx.xx.2024-cü il tarixli bildiriş ilə Cavabdeh 11553,1 manat əsas, 1161,43 manat faiz, 1865,57 manat cərimə borcu olmaqla, cəmi 14580,10 manat borcun 3 iş günü müddətində banka ödənilməsi xahiş edilmişdir. Əks təqdirdə, müqavilənin şərtlərinə əsasən, həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə kredit məbləğini almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin faiz borcu ilə bağlı hissəsinə dair qeyd edir ki, iş üzrə borcluya göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdə faiz borcu 1161,43 manat qeyd edilməklə həmin andan etibarən faizin hesablanması dayandırılmalı idi. Lakin iddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində faiz borcunu 1207,67 manat göstərmişdir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli formalaşdırılan hüquqi mövqeyə əsasən müqavilə üzrə bir tərəfin digər tərəfə müqavilə öhdəliklərinin icrasına dair xəbərdarlıq edilməsi anından etibarən müqavilənin ləğvi müəyyən edildiyindən həmin andan etibarən borca görə faiz hesablana bilməz. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilir və həmin məbləğ 500 manat məbləğinədək azaldılmalıdır. Belə ki, 11553,1 manat əsas borc məbləğinə münasibətdə 500 manat məbləğində dəbbə pulunun tutulması daha məqsədəuyğundur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11553,1 (on bir min beş yüz əlli üç manat on qəpik) manat əsas borc, 1161,43 (min yüz altmış bir manat qırx üç qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 13214,53 (on üç min iki yüz on dörd manat əlli üç qəpik) manat borc və dövlət rüsumunun 120,15 (yüz iyirmi manat on beş qəpik) manat hissəsində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11553,1 (on bir min beş yüz əlli üç manat on qəpik) manat əsas borc və 1161,43 (min yüz altmış bir manat qırx üç qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 13214,53 (on üç min iki yüz on dörd manat əlli üç qəpik) manat borc və dövlət rüsumunun 120,15 (yüz iyirmi manat on beş qəpik) manat hissəsində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 14,85 (on dörd manat səksən beş qəpik) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar