Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2445/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" X4 cavabdehlər LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı "xxxx" X7 cavabdehlər LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X5 vurulmuş 5084 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh2 idarə etdiyi **-CE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata minik” markalı avtomobil ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Bakı Şəhər İşığı” X5 məxsus 1 ədəd işıq dirəyini sıradan çıxararaq müəssisəyə 5084.00 manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı Xətai RPİ-nin Təhqiqat Şöbəsində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Sözügedən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara, Xətai rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı X11 Protokola və xx.xx.2023-cü il tarixli TP5948002 İnzibati tənbeh vermə haqqında qərara əsəsən, qeyd edilən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-CE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata minik” markalı avtomobilin sürücüsü Cavabdeh2 tanınmışdır. Hadisə zamanı **- CE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata minik” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası, hal-hazırda ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. Qeyd edirik ki, hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X4 balansına verilmişdir. Göstərilənlərə əsasən, iddia qanuni və əsaslı hesab edilməklə ki, müəssisəyə vurulmuş 5084.00 manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlər Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və Cavabdeh2 tutularaq "xxxx" X5 ödənilməlidir. Cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş, lakin onlar üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvedicisinə də rəsmi qaydada müraciət edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı "xxxx" X4 nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 məhkəməyə izahatında bildirmişdir ki, iddianın əsası yoxdur, iddianın predmeti də mövcud deyil. Onun subyektiv hüququnun olması üçün iddiaçı tərəf sübut etməlidir ki, onun əmlakına zərər dəyib. 4№-li forma arayış əlavə olunmayıb. Cinayət işinin rədd olunması qərarında idiaçı tərəfin adı çəkilmir. Qeyd olunur ki, maşın səkiyə dəyib, hər hansı işıq dirəyinə dəyildiyi yazılmayıb. 5084 manat tələbində iddia tələbi qoyulub. Qərarda digər maşına dəymə də qeyd olunub. Əgər iddiaçı sübut etsə ki, onun əmlakına zərər dəyib, onda burda proporsional bölgü olmalıdır. Bu 4 №-li forma arayış ilə müəyyən edilməlidir. Onlara hər hansı müraciət daxil olmayıb, amma istənilən vaxt müraciət edilə bilər. İddia tələbi natamamdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin qismən təmin olunmasına etirazının olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, “General Mehmandarov” küçəsində inşa edilmiş işıqlandırma sistemi əvəzsiz olaraq "xxxx" EŞM-in balansına təhvil verilmişdir. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, Hyundai Sonata minik markalı, ban nömrəsi KMHET41DP9A649511, buraxılış ili 2009, mühərriki G4KE8A009435, dövlət qeydiyyat nişanı 42CE787 olan avtomobili idarə etmək hüququ 3 il müddətinə Cavabdeh2 verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə aid xx.xx.2023-cü il tarixli Cavabdeh2 oğlnun izahatından görünür ki, 06 avqust təxminən saat 14 radələrində idarə etdiyi Hyundai markalı **-CE-*** dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu, 8 noyabr prospekti ilə Nargilə dairəsi istiqamətində yolun sağdan 1-ci hərəkət zolağı ilə təxminən saatda 60 km surətlə hərəkətdə olan Honda markalı avtomobilin arxasınan toqquşaraq idarəetməni itirmiş və səkiyə dəyərək dayanmışdır. Hadisə nəticəsində xəsarət almamışdır. Cinayət işinin başlanması haqqında 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə hadisəni törətmiş Cavabdeh2 əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından, barəsində cinyaət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Lənkəran rayonu, Boladi kəndində yaşayan Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. X11 xx.xx.2023-cü il tarixli 565465 saylı protokoldan görünür ki, Cavabdeh2 tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli ******* saylı qərardan görünür ki, Cavabdeh2 İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. "xxxx" X7 tərəfindən tərtib edilmiş smetadan görünür ki, Bakı şəhəri 8 Noyabr prospektində avtomobil yolunda **-CE-*** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobillə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərc 5084 manat təşkil edir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən "xxxx" X4 direktoruna ünvanlanan 22 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi "xxxx" X4 2025-ci il yerli xərclərinin, rüblük və aylıq bölgüsü barədə məlumatları göndərərək, 2024- cü il 27 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun imzalandığını rəhbər tutaraq əlavə olaraq bildirilir ki, məktubla göndərilən təsdiq edilmiş dövlət büdcəsinin göstəriciləri əsas götürülməklə, zərurət yaranarsa aparılmış satınalma planlarında bu göstəricilərə müvafiq dəqiqləşdirmələr edilməklə, 2025-ci ilin yanvar ayından başlayaraq satınalmaların maliyyələşdirilməsinin başlanılması ilə bağlı müvafiq sifarişlərin X1 idarələrinə təqdim olunmalıdır. Eyni zamanda bildirilir ki, idarənin xərc smetası, müəssisə və təşkilatların titul siyahısı qaydada tərtib edilməli və 2025-ci il 24 yanvar tarixinədək Baş Maliyyə idarəsinə təqdim edilməlidir. Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X7 tərəfindən Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin ləğvetmə komissiyasının sədrinə ünvanlanan xx.xx.2024 tarixli, 3-52-5/2-199/2024 saylı məktubuna əsasən mülki məsuliyyətinin icbari sığortası ləğv prosesində olan “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya” şirkətində sığotalanmış dövlət qeydiyyat nişanları qeyd olunan avtomobillərin yol nəqliyyat hadisəsi törətməsi nəticəsində müəssisəyə ümumilikdə 102773,83 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunan yol nəqliyyat hadisələri ilə bağlı “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya” şirkətinə müraciət olunmuş və bütün lazımi sənədlər sığorta şirkətinə təhvil verilmişdir. Lakin qeyd olunan yol nəqliyyat hadisələri üzrə müəssisəyə dəymiş zərərə görə sığorta ödənişi edilməmiş və bununla bağlı yazılı imtina verilməmişdir. Zərər dəyən əmlak dövlət əmlakıdır, istismarı və texniki xidmətinin təşkili məqsədilə müəssisənin balansına verilmişdir. Dövlət əmlakına dəymiş zərərin bərpa edilməsi məqsədilə qeyd olun yol nəqliyyat hadisələri üzrə sığorta ödənişinlərinin müəssisənin bank hesabına ödənilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Xətai Rayon Polis İdarəsinin TŞ tərəfindən verilmiş arayışın surətindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Xətai rayonu, 8 Noyabr prospekti ərazisində X2 idarə etdiyi **-CE-*** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobillə törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər İşığı Müəssisəsinə məxsus bir ədəd işıq dirəyi zədələnmişdir. Tətbiq edilən hüquq: «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. - 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. - 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 904.2-ci maddəsinə əsasən, sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, hazırki iş üzrə Cavabdeh2 tərəfindən idarə edilən Hyundai Sonata minik markalı, 42CE787 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onun tərəfindən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" X5 5084 manat məbləğində zərər vurulmuşdur. İddiaçı tərəfindən vurulmuş olan zərərin əvəzi qismində 5084 manat tələb edilməklə, həmin zərərin hər iki cavabdehdən müştərək qaydada tutulmaqla ödənilməsi xahiş edilmişdir. Lakin qeyd edilməlidir ki, yol-nəqliyyat hadisəsi Cavabdeh2 tərəfindən törədilmiş olsa da, sonuncunun mülki məsuliyyəti LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari qaydada sığortalanmışdır. Bununla da, törədilmiş olan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmiş zərərə görə məsuliyyət 5000 manat həddində sığorta şirkətinin üzərinə qoyulmalı, qalan hissəsi – 84 manat digər cavabdeh olan Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" X5 vurulmuş maddi ziyana görə 5000 manat məbləğində pul vəsaiti cavabdeh “LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 84 manat Cavabdeh2 tutularaq iddiaçı "xxxx" X5 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" X5 vurulmuş maddi ziyana görə 5000 manat məbləğində pul vəsaiti cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, 84 manat Cavabdeh2 tutularaq iddiaçı "xxxx" X5 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2445/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2445/2025
25.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver