Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2455/2025 20.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli 1/50/71880277 USD nömrəli kassa-məxaric orderindən görünür ki, xx.xx.2014-cü il il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 8.000 ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 8.000 ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna sahib olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Hazırda Bank tərəfindən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 8.000 ABŞ dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. Kassa-məxaric orderi- nağd vəsaitin kassadan məxaricini sübut edən sənəddir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X3rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir. Göründüyü kimi, Cavabdeh bankın ümumilikdə 8.000 ABŞ dolları məbləğində pulunu əldə edərək əsassız varlanmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh əsas borcu 5.240,52 manat təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən, cəmi borcu 5.240,52 manat əsas borcun və iş üzrə ödənilmiş 72,41 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 3.Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ödənişlərin edilməsi ilə bağlı xəbərdarlıq iddiaçı tərəfindən ona göndərilməmişdir. O, cavabdehdən həmin məbləğin illərə bölünməsini və ödənişin bu şəkildə edilməsini xahiş etmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 6.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan 10 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 mart 2017-ci il tarixli, KM037T03170043S01 saylı kredit müqaviləsi üzrə 07 fevral 2025-ci il tarixinə yaranmış tələb: müqavilə üzrə əsas borc 5240,52 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 3548,57 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 4050,20 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 762,85 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 13602,14 manat. 8.Mülki işin materiallarında olan hesabdan çıxarış məlumatları. 9.Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli 1/50/71880277 USD nömrəli kassa-məxaric orderindən görünür ki, xx.xx.2014-cü il il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 8.000 ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 8.000 ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. 10.Mülki işin materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh borcalan Cavabdeh və zamin X2 ünvanlanan 15 yanvar 2025-ci il tarixli bildirişdən görünür ki, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə 13584.62 manat məbləğində borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə Bank tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə qabaqcadan xəbərdar edilmişdir. 11.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli Problemli Kreditlərin kompensasiyası haqqında sənəddən görünür ki, Cavabdeh İkram qızının LPO Dəmir Bank ASC-yə ödəməli olduğu 5240.52 manat əsas kredit borcunun restrukturizasiya olunması təklif olunur. 12.Mülki işin materiallarında olan ********* saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə Əlavə Saziş № 02 dən görünür ki, Cavabdeh Əlikram qızının kreditor İddiaçı ASC qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1.4 AZN) 8349.35 (səkkiz min üç yüz qırx doqquz manat, otuz beş qəpik) AZN təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 5895.27 AZN əsas borc, 2275.97 AZN faiz borcu və 178.11 AZN cərimə borcu təşkil edir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh arasında bağlanan xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 8.000 ABŞ dolları məbləğində pul verilmiş, bundan sonra xx.xx.2017-ci il tarixdə xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 02 nömrəli Əlavə saziş bağlanmış, həmin sazişə əsasən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 8349.35 manat təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 5895.27 manat əsas borc, 2275.97 manat faiz borcu və 178.11 manat cərimə borcu təşkil edir. Hazırda iddiaçı Bank məhkəməyə müraciət edərək, cəmi borcu 5.240.52 manat əsas borcun və iş üzrə ödənilmiş 72.41 manat dövlət rüsumunun tutulmasını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlərgöstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən (köhnə redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 15.Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş olmasına baxmayaraq, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər lazımı qaydada icra olunmamışdır. Bununla da kreditor müqavilə bağlanılması zamanı nəzərdə tutulmuş ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. 16.İddiaçı tərəf bildiriş göndərərək cavabdehdən müqavilə üzrə öhdəliyini icrasını tələb etmiş, edilmədiyi təqdirdə öhdəliyin məcburi icrası üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Lakin bildirişin cavabdehə təqdim edildiyi tarixdən cavabdeh tərəfindən hər hansı bir cavab verilməmişdir. 17.Göründüyü kimi cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, iddiaçıya olan borcu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. 18.Odur ki, qeyd edilənlərə əsasən iddiaçı tərəf hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 19.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanan xx.xx.2017-ci il tarixli “xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə” 02 nömrəli Əlavə sazişə əsasən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 8349.35 manat təşkil etmiş, həmin sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibi 5895.27 manat əsas borc, 2275.97 manat faiz borcu və 178.11 manat cərimə borcu müəyyən edilmişdir. Borcalan, yəni cavabdeh isə həmin məbləği də ödəməmiş, bununla da Bank qarşısında yaranmış öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasında cavabdeh müqavilə üzrə ödənişləri həyata keçirdiyini bildirsə də, buna dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən isə həmin hallar aşkar edilməmişdir. Bundan əlavə, Bank isə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən humanizm göstərərək cavabdehdən faiz və cərimə borcu olmadan, əsas borc üzrə isə 5240.52 manat məbləğində borcun tutulmasını tələb etmişdir. Məhkəmə, araşdırma zamanı qeyd edilən halı nəzərə alaraq hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini zəruri hesab etməmişdir. 20.Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi 5240.52 manat məbləğində əsas borcun tutulması hissəsində əsaslı hesab edilməklə təmin edilməlidir. 21.Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 22.Odur ki, iddia tələbi tam təmin edildiyindən ödənilmiş 72,41 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 23.Məhkəmə bundan əlavə, cavabdeh tərəfindən təqdim edilən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə isə qeyd edir ki, cavabdeh hazırki iş üzrə iddiaçı tərəfindən müddətin ötürülməsini iddia etsə də, işin araşdırılan hallarından göründüyü kimi ərizə əsassızdır. Belə ki, iddiaçı tərəfindən müddət ötürülməmişdir. 24.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 25.Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 26.Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 27.Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 28.Hazırki iş üzrə də tərəflər arasında bağlanan xx.xx.2017-ci il tarixli Əlavə Sazişin 1.1-ci bəndinə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. İddiaçı tərəfindən isə iddia müddətinin bitməsinə 23 gün qalmış məhkəməyə müraciət edilmişdir. Beləliklə də göründüyü kimi cavabdeh tərəfindən verilən iddia müddətinin tətbiqinə dair ərizə əsassız hesab edilməli və təmin edilməməlidir. 29.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 30.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 59- 62-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5.240,52 (beş min iki yüz qırx manat, əlli iki qəpik) əsas borc və ödənilmiş 72,41 (yetmiş iki manat, qırx bir qəpik) dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2455/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2455/2025
20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver