Məhkəmə qərarları › İş №e-2(006)-2479/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2479/2023

24.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2479/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o cavabdehə qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında xx.xx.2008-ci il tarixdə 658 nömrə ilə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, birgə nikahdan xx.xx.2009-cu il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X3 onun himayəsində qalması, birgə nikahdan xx.xx.2009-cu il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər bir uşağa hər ay sabit pul məbləğində 170 manat məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-3240/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ilə X6 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 658 nömrə ilə qeyd edilmiş nikahın pozulması, Cavabdeh yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 179 manat olmaqla 340 manat sabit pul məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Bildirir ki, həmin məbləğ çox aşağıdır, eyni zamanda uşaqların təhsil və digər tələbatlarını ödəmir. Belə ki böyük oğlu X9 Vİİİ sinifdə, kiçik oğlu X8 isə İİ sinifdə oxuyurlar. Hər ikisi Bakı şəhəri 258 nömrəli tam orta məktəbin şagirdidirlər. Onların keyfiyyətli təhsil alması üçün uşaqlar bir çox dərsliklərlə təmin edilməlidirlər. Həmin dərsliklərin bir qismi dövlət tərəfindən verilsə də digər qismi valideynlər tərəfindən təmin edilməlidir. Lakin cavabdeh bu təminatlardan kənarda qalmışdır. Könüllü olaraq uşaqlara heç bir diqqət və qayğı göstərmir. Demək olar ki, uşaqlarla heç maraqlanmır. Ancaq alimentlə kifayətlənir. Onu da gecikdirməklə verir. Nəticədə azyaşlı X9 və X8 uşaqlar üçün Azərbaycan Respublikası 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununda göstərilən təminatlardan məhrum olur. Özü hazırda heç bir yerdə işləmir, valideynlərinin köməyilə uşaqların sağlamlığı və təhsili ilə bağlı çəkilən bütün xərclər bu günə kimi o qarşılayır. Cavabdehin verdiyi aliment isə indiki vaxtda uşaqların sağlamlığı, təhsili və digər tələbatlarını qismən də olsa ödəmir. Cavabdeh könüllü olaraq uşaqların sağlamlığı, təhsili üçün çəkilən xərclər ilə bağlı ona əlavə olaraq köməklik etmir. Bundan əlavə verilən aliment hazırki bazar qiymətləri ilə uyğun gəlmir. Cavabdehin aylıq gəliri yetərincədir. Bugünki gündə alimentin artırılması cavabdehə heç bir maddi çətinlik törətməyə bilər. X1 və X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh ona könüllü olaraq kömək etmədiyindən o alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mediatorun arayışından göründüyü kimi ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı tərəfindən 50 manat mediasiyaya ödənilmişdir.

3. Göstərilənlərə əsasən birgə nikahdan olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh alınıb ona verilməli olan aliment məbləğinin artırılaraq hər ay, hər uşaq üçün sabit pul məbləğində 220 manat müəyyən edilməsi və tərəfindən 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, rəsmi iş yeri olsa da, təyin olunmuş alimentdən artıq məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur, həmçinin iddiaçının özünün də işləyir və ailəlidir. Uşaqların saxlanması təkcə atanın deyil həm də ananın vəzifəsidir. O bir ata kimi üzərinə düşən öhdəliyi icra edir. Təyin olunmuş alimenti hər ay vaxtı vaxtında və tam məbləğdə ödəyir. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3240/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi; Cavabdeh ilə X6 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 658 nömrə ilə qeyd edilmiş nikahın pozulması; xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-cü il təvəllüdlü X3 anaları X2 yanında qalmasının müəyyən edilməsi; Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, 340 manat sabit pul məbləğində alimentin tutularaq X4 xeyrinə ödənilməsi qət edilmişdir.

8. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7541/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsi; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 3240/2020 saylı qətnaməsinin alimentin məbləği hissəsində dəyişdirilməsi; xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

9. Mülki işin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə MŞB/2-02587/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər arasında mövcud mübahisə üzrə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilməmiş, Cavabdeh tərəfindən razılıq verilməmiş, yəni tam mediasiya sessiyasında keçid baş verməmiş və barışıq sazişi əldə edilməmişdir.

10. Mülki işin materiallarında olan Kapital Bankın ödəniş kartı üzrə çıxarışından görünür ki, İddiaçı bank hesabına xx.xx.2020-xx.xx.2023-cü illər ərzində aliment ödənişləri edilmişdir.

11. Elektron İnformasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh "X7 Kompani" MMC-də bölmə rəhbəri vəzifəsində işləyir və onun vəzifə maaşı 700 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin rəsmi nikahlarından iki övladları anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3240/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-cü il təvəllüdlü X3 anaları X2 yanında qalmasının müəyyən edilmiş, cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, 340 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7541/2020 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3240/2020 saylı qətnaməsinin alimentin məbləği hissəsində dəyişdirilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda həmin məbləğ uşaqların saxlanılmaları üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılmasını tələb edir. Cavabdeh isə iddianı qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Hazırki mübahisə ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aliment məbləğinin müəyyən olunması ilə bağlı məsələyə baxarkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7541/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş hallar bir daha nəzərə alınmalı, hazırkı məhkəmə mübahisəsi ilə bağlı iddianın mahiyyəti ilə dolayısı ilə əlaqəsi müəyyənləşdirilməlidir.

14. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 7541/2020 saylı 14 ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3240/2020 saylı qətnaməsinin alimentin məbləği hissəsində dəyişdirilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən aliment ödəməli olan cavabdehin qazancı və gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim olunmadığından və cavabdehin qazancı və gəlirləri barədə iş materiallarında olan yeganə sübut cavabdehin məhkəməyə təqdim etdiyi arayışlar olduğundan, aylıq qazancı 372 manat olan cavabdehdən hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində aliment tutulması əsaslı deyil. Həmçinin məhkəmə qeyd etmişdir ki, məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, alimentin hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində müəyyən edilməsi qanuni və ədalətlidir.

15. Hazırda məhkəmə hesab edir ki, eyni tərəflər arasında mövcud olan mübahisə ilə bağlı daha öncə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi olduğundan hazırki iş üzrə də həmin mövqe yanaşı nəzərə alınmalıdır.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

18. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

19. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

20. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

21. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

23. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh hal-hazırda işləyir, əmək haqqı məbləği isə 700 manat təşkil edir.

25. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

26. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

27. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsini, həmçinin apellyasiya instansiyası məhkəməsinin mövqeyini də nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin bundan öncəki vəzifə maaşı 400 manat, hazırki vəzifə maaşı isə 700 manat olduğundan təyin edilən alimentin müvafiq olaraq miqdarı artırılmalı, lakin bu zaman cavabdehin digər qazanc və gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim olunmaması, həmçinin cavabdehin maddi vəziyyəti və işin digər diqqətəlayiq halları nəzərə alınaraq Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

28. Məhkəmə hesab edir ki, iddiaçının “mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul” tələbi hissəsində təmin edilməli, Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

30. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

31. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

32. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

33. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. (400-260=140 AZN. 140 x 12 = 1680 AZN. 1680- 1000=680. 680 x 1% = 6,80 AZN. 30+6,80 = 36,80 AZN)

34. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

35. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 36,80 AZN məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7541/2020 saylı qətnaməsi ilə tutulan aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 36,80 AZN (otuz altı manat, səksən qəpik) məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar