Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2491/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********00 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1715.45 manat, faiz borcuna görə 0.26 manat olmaqla, cəmi 1715.71 manat borcun, ödənilmiş 37.16 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********00 saylı kredit müqaviləsinə əsasən ona 30 ay müddətinə 20 faiz dərəcəsi ilə 2200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. AZ-İİ seriyalı 153739 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X3 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. xx.xx.2021-ci il tarixində 2V-588 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən müəyyən edilmişdir ki, Cavabdeh X1 qanun üzrə vərəsəsidir. xx.xx.2020ci il tarixli, BPM**********00 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borca görə 1715.45 manat, faiz borcuna görə 0.26 manat olmaqla, cəmi 1715.71 manat borcu mövcuddur. Eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 37.16 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-3040/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.
a) Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini ekspert rəyi və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. "xxxx" ASC (borcverən) ilə X3 (borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********00 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 30 (otuz) ay müddətində (xx.xx.2022 tarixədək) 2200 (iki min iki yüz) manat məbləğində, kreditdən istifadəyə görə illik 20 (iyirmi) % ödəmək şərtilə kredit verməyi, Borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə həmin kreditdən şəxsi istehlak məqsədləri üçün istifadə etməyi öhdəsinə götürür. Kredit verilməsinə/rəsmiləşdirilməsinə görə borcalan borcverənə kreditin məbləğinin 1 %-i (minimal 20 manat) həcmində komissiya ödəyir. Müvafiq komissiya borcalanın borcverəndəki bank hesablarından borcverən tərəfindən akseptsiz qaydada tutulur.
7. xx.xx.2020-ci il tarixli BPM**********00 nömrəli məxaric orderindən görünür ki, X3 2.178 (iki min yüz yetmiş səkkiz) manat məbləğində vəsaiti təhvil almışdır.
8. Ölüm haqqında AZ-İİ seriyalı 153739 nömrəli şəhadətnamədən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
9. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli, 2V-588 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 102, mənzil 74 Yeni qaydalarla AZ1010, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi, 54.8 kv.metr olan mənzildən ibarətdir.
10. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, X1 vərəsəsi Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********00 nömrəli kredit müqaviləsi üzrə X1 banka yaranan borcunun ödənilməsi barədə xəbərdar edilmişdir.
11. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 37.16 (otuz yeddi manat on altı qəpik) manat rüsum ödənilmiş, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı ödənilmişdir.
12. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 ilə bağlanmış kredit müqaviləsi üzrə həmin tarixə 1.715,45 manat əsas, 0.26 manat faiz borcu olmaqla, cəmi 1715,71 manat məbləğində borc yaranmışdır.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5575 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli, BPM**********00 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməkə X1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan borcu xx.xx.2021-ci il tarixə (ölüm tarixinə olan borc üzrə) əsas borc üzrə 1,716.40 manat, faiz borcu üzrə 0,95 manat, xx.xx.2024-cü il tarixə (ölümündən sonra əsas borca hesablanmaması şərtilə) əsas borc üzrə 1,716.76 manat, faiz borcu üzrə 0,95 manat. Ekspert tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, xx.xx.2021-ci il tarixdə 1,64 manat ödəniş edilmiş və həmin məbləğ əsas borcdan silinmişdir.
14. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Babayev Zakirə istehlak məqsədləri üçün 30 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 2.200 manat məbləğində kredit verilmişdir. Müqavilə qüvvədə olduğu müddətdə - xx.xx.2021-ci il tarixdə Babayev Zakir vəfat etmiş, onun mirasını oğlu – hazırkı iş üzrə Cavabdeh qəbul etdiyindən, ona qanun üzrə vərəsəlik haqqında müvafiq şəhadətnamə (mənzilə dair) verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərərək, mərhum atasının banka olan borcunu ödəməsini tələb etmiş, lakin cavabdeh borcu ödəməmişdir.
16. Hazırda iddiaçı cavabdehin mərhum atası ilə aralarında olan müqavilə üzrə mərhumun banka yaranmış 1.715,45 manat əsas, 0,26 manat faiz borcu və məhkəmə xərclərinin mirası qəbul etmiş vərəsə kimi cavabdehdən tutulmasını xahiş edir; cavabdeh isə borcdan xəbərinin olmamasını və borcu ödəməyə imkanının olmadığını bildirir.
c) Məhkəmənin mövqeyi:
17. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı ilə X3 arasında kredit müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək, Babayev Zakirə müəyyən müddətə qaytarılmaq və faiz ödəmək şərtilə müəyyən məbləğdə kredit verməsi, Babayev Zakirin borcunu tam ödəyə bilmədən müqavilə qüvvədə olduğu müddət ərzində vəfat etməsi, onun vəfatından sonra vərəsəliyi oğlu – hazırkı iş üzrə Cavabdeh qəbul etməsi və miras kütləsinə daxil olan əmlaka (mənzilə) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni almasına baxmayaraq, mərhum atasının banka olan qalıq borcunu ödəməməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallardır.
18. Məhkəmə araşdırmaları zamanı iddia tələbi cavabdeh tərəfindən mübahisələndirildiyindən, məhkəmənin müvafiq qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi əsasında müəyyən edilmişdir ki, Babayev Zakirin ölüm tarixinə (xx.xx.2021-ci il tarixə) iddiaçıya 1.716,40 manat əsas, 0,95 manat faiz borcu olmuşdur. Ekspert rəyindən həmçinin, müəyyən edilir ki, mərhumun ölümündən sonra xx.xx.2021-ci il tarixdə 1,64 manat ödəniş edilmiş, lakin həmin məbləğ ekspert tərəfindən yanlışlıqla faiz borcu əvəzinə əsas borcdan silinmişdir. Məhkəmə hesab edir ki, həmin yanlışlığı sadə hesablama nəticəsində aradan qaldırmaq mümkündür. Belə ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilməli olduğundan, məhkəmənin qənaətinə görə mərhumun ölümündən sonra edilmiş ödəniş 0,95 manat faiz borcundan və 1.716,40 manat əsas borcdan silindikdən sonra iddiaçı tərəfindən tələb edilən tarixə mərhumun iddiaçıya 1.715,45 manat əsas borcu qalır.
19. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1.715,45 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, tələbin təmin edilən hissəsinin əsaslı olması mötəbər sübutlarla (kredit müqaviləsi, məxaric orderi, hesabdan çıxarış, ekspert rəyi) təsdiq edilir.
20. Bundan başqa qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh atasının vəfatından 3 il keçməsi səbəbindən iddia müddətinin tətbiq edilməli olmasını şifahi şəkildə bildirsə də, məhkəmə tərəfindən ona mülki qanunvericiliyin iddia müddətinin tətbiq edilməsi barədə ərizənin yazılı şəkildə təqdim edilməli olması barədə tələbi izah edilmiş, cavabdeh yazılı ərizə təqdim edəcəyini bildirsə də, aparılmış məhkəmə araşdırmaları dövründə bu barədə heç bir yazılı ərizəni məhkəməyə təqdim etməmişdir. Bun baxmayaraq, cavabdehin etirazının dəlili kimi məhkəmə bu məsələyə də qiymət verməyi zəruri sayır.
21. Məhkəmə qeyd edir ki, cavabdehin atası ilə bank arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 30 ay olmuşdur. Yəni müqavilənin müddətinin bitməsi xx.xx.2022-ci il tarixə təsadüf edir. Mülki Məcəllənin 378-ci maddəsinin tələbinə görə, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmadığından, məhkəmə iddia müddətinin adi qaydada hesablanması nəticəsində belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia müddəti ötməmişdir. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan (Mülki Məcəllə, maddə 373.2), iddia müddətinin axımının başlanğıc tarixindən (xx.xx.2022-ci il) bankın hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmə tarixinə qədər (xx.xx.2024-cü il) bank tərəfindən iddia müddəti ötürülməmiş, iddia ərizəsi iddia müddətinin axımının davam etdiyi dövrdə məhkəməyə təqdim edilmişdir. Buna görə də cavabdehin bu dəlili məhkəmə tərəfindən əsassız hesab edilir.
d) Tətbiq edilən hüquq və gəlinən nəticə:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı: - Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. - Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. - Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. - Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. - Azərbaycan Respublikası Mərkəzi X5 2008-ci il 18 noyabr tarixli 34 nömrəli Protokolu ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi” Qaydalarına uyğun olaraq hər bir bank kredit riski və kreditlərin verilməsi üzrə bankların daxili strategiya və qaydalarına dair minimum tələbləri müəyyən edən bankdaxili qaydalarında kreditlərin verilməsi meyarları, onların ödəniş müddətləri və şərtləri, borcun tutulması, ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrinin hesablanması, güzəştlər, kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçirilməsi halları və s. məsələləri tənzimləyən müddəalar nəzərdə tutmalıdır. Göründüyü kimi, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. - Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
26. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
27. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
28. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1.715,45 (bir min yeddi yüz on beş manat qırx beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASCyə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
29. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 37,16 (otuz yeddi manat on altı qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, həmçinin, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 1.715,45 (bir min yeddi yüz on beş manat qırx beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Ödənilmiş 37,16 (otuz yeddi manat on altı qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova