Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2503/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı bank depozitinin qaytarılmnası tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30000 ABŞ dollarının Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı 30000 ABŞ dollarının ona qaytarılmasını tələb edir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırki iddianın qiyməti 51 000 manat təşkil etməklə, iddia ərizəsinə 243 manat məbləğində dövlət rüsumu əlavə edilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı ilə “X1” ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin 7-ci bəndinə əsasən, müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla və ya razılıq əldə olunmadıqda Azərbaycan Respublikasının məhkəmələri vasitəsi ilə həll edilir. İş materiallarından həmçinin görünür ki, xx.xx.2017-ci il tarixdə “X1” ASC-nin fəaliyyətinə xitam verilməklə onun hüquq və vəzifələri Cavabdeh ASC-yə keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən, iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı bank depozitinin qaytarılmnası tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2503/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2503/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver