Məhkəmə qərarları › İş №e-2(006)-2519/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2519/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2519/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 may 2019-cu il tarixli ***-*******ƏNK230519-02 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 20 (iyirmi) faiz dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına və 14 noyabr 2024-cü il tarixli 12-5/2-A-41-4822/2024 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bu səbəbdən də Cavabdeh 23 may 2019-cu il tarixli ***-*******ƏNK230519-02 nömrəli kredit müqaviləsi üzrə 6 yanvar 2025-ci il tarixə banka ödənilməmiş cəmi 3.879,43 (üç min səkkiz yüz yetmiş doqquz manat 43 qəpik) manat borcu vardır. Bundan 2.641,62 (iki min altı yüz qırx bir manat 62 qəpik) manat əsas borc, 888,90 (səkkiz yüz səksən səkkiz manat 90 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 348,91 (üç yüz qırx səkkiz manat 91 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 %-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Yuxarıda göstərilənlərə əsasən, 23 may 2019-cu il tarixli ***-*******ƏNK230519-02 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 3.879,43 (üç min səkkiz yüz yetmiş doqquz manat 43 qəpik) manat məbləğində borcun-bundan 2.641,62 (iki min altı yüz qırx bir manat 62 qəpik) manat əsas borcun, 888,90 (səkkiz yüz səksən səkkiz manat 90 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 348,91 (üç yüz qırx səkkiz manat 91 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 58.79 (əlli səkkiz manat 79 qəpik) manat dövlət rüsumun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı1 Aşıq Səmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsi və bildiriş cavabdehə rəsmi qaydada – poçt vasitəsilə göndərilməklə yanaşı, cavabdehin iş yeri olan Maraqlı şəxs ASC-yə məxsus elektron kabinetə cavabdehə çatdırılması üçün xx.xx.2025-ci ildə yerləşdirilmiş, habelə cavabdehin xahişinə əsasən, istifadəsində olan “+**********54” mobil nömrəsinə də “PDF” formatda göndərilmiş, lakin cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***- *******ƏNK230519-01 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana istehlak məqsədilə 36 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 4.000 manat məbləğində kredit vermişdir.

7. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 4.000 manat məbləğində pulu bankdan təhvil almışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-130/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondunun bankın ləğvedicisi təyin edilməsi qərara alınmışdır.

9. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, ***- *******ƏNK230519-01 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xəbərdar edilmişdir.

10. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, ***- *******ƏNK230519-01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə banka 2.641,62 manat əsas, 888,90 manat faiz, 348,91 manat gecikdirilmiş vaxta görə hesablanan faiz borcu olmaqla, cəmi 3.879,43 manat məbləğində borcu yaranmışdır.

11. Elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənbilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 58,79 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

12. İş materiallarına ödəniş cədvəli və hesabdan çıxarış da əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK230519-01 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 20 % ödəmək şərtilə 4.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz öhdəliklərini razılaşdırılmış müddətdə tam şəkildə yerinə yetirməmişdir.

14. Müqavilə qüvvədə olduğu müddət ərzində - xx.xx.2020-ci il tarixdə İddiaçı1 ASC Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir.

15. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq edilmiş, lakin yenə də müqavilə üzrə qalıq borc ödənilməmişdir. Buna görə də iddiaçı tərəf hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış cəmi 3.879,43 manat məbləğində borcun cavabdehdən tutularaq banka verilməsini xahiş edir.

c) Məhkəmənin mövqeyi:

16. Məhkəmə hesab edir ki, İddiaçı1 ASC ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur.

17. Bank müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öhdəliklərini tam olaraq icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri (hərəkətsizliyi) öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (müqavilə bağlandığı vaxt qüvvədə olan redaksiyada). 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (müqavilə bağlandığı vaxt qüvvədə olan redaksiyada).

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2.641,62 (iki min altı yüz qırx bir manat altmış iki qəpik) manat əsas, 888,90 (səkkiz yüz səksən səkkiz manat doxsan qəpik) manat faiz borcu, 348,91 (üç yüz qırx səkkiz manat doxsan bir qəpik) manat gecikdirilmiş vaxta görə hesablanan faiz borcu olmaqla, cəmi 3.879,43 (üç min səkkiz yüz yetmiş doqquz manat qırx üç qəpik) manat məbləğində pul alınaraq LPO İddiaçı1 ASC-yə ödənilməlidir.

21. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 58,79 (əlli səkkiz manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq LPO İddiaçı1 ASC-yə ödənilməlidir.

Nəticə:

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 2.641,62 (iki min altı yüz qırx bir manat altmış iki qəpik) manat əsas, 888,90 (səkkiz yüz səksən səkkiz manat doxsan qəpik) manat faiz borcu, 348,91 (üç yüz qırx səkkiz manat doxsan bir qəpik) manat gecikdirilmiş vaxta görə hesablanan faiz borcu olmaqla, cəmi 3.879,43 (üç min səkkiz yüz yetmiş doqquz manat qırx üç qəpik) manat məbləğində pul alınaraq LPO İddiaçı1 ASC-yə verilsin. İş üzrə ödənilmiş 58,79 (əlli səkkiz manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq LPO İddiaçı1 ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar