Məhkəmə qərarları › İş №e-2(006)-2535/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2535/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2535/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 1226.49 (bir min iki yüz iyirmi altı dollar, 49 sent) ABŞ dolları-bundan 356.78 (üç yüz əlli altı dollar, 78 sent) ABŞ dollar əsas, 82.70 (səksən iki dollar, 70 sent) ABŞ dolları faiz, 734.41 (yeddi yüz otuz dörd dollar, 41 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.60 (əlli iki dollar, 60 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 40.86 (qırx manat, 86 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə “dövriyyə vəsaitlərinin artırılması” məqsədilə 12 ay müddətinə illik 32 % dərəcəsi ilə 1900 (bir min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişlərə əsasən Kredit restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1543.42 (bir min beş yüz qırx üç dollar, 42 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1USD=1.40AZN məzənnəsi əsas götürməklə qəbul edilmişdir. Kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********451 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 41 (qırx bir) AZN məbləğində ödəniş etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 1226.49 (bir min iki yüz iyirmi altı dollar, 49 sent) ABŞ dolları təşkil edir. Bundan 356.78 (üç yüz əlli altı dollar, 78 sent) ABŞ dolları əsas, 82.70(səksən iki dollar, 70 sent) ABŞ dolları faiz, 734.41 (yeddi yüz otuz dörd dollar, 41 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.60 (əlli iki dollar, 60 sent) ABŞ dolları faiz borcu təşkil edir. Cavabdeh2 etiraz təqdim edərək, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əsasında İddiaçı1 ASC-dən 1900 ABŞ dolları məbləğində kredit götürmüş və müqavilə öhdəliklərini vaxtında yerinə yetirmişdir. Onun iradəsindən kənar bankın ləğv edilməsi və hesablarının bağlanması səbəbindən 356 ABŞ dolları əsas borcu banka ödəyə bilməmişdir. Hazırda o, vicdanlı müqavilə tərəfi olaraq banka 356 ABŞ dolları əsas borc, 82 ABŞ dolları faiz borcunun olmasını qəbul edir. İddia ərizəsində göstərilən cərimə 734 ABŞ dollarını və gecikməyə görə müəyyən edilmiş 50 ABŞ dollarını qəbul etmir, belə ki, onun əsas hadisədə heç bir təqsiri olmamışdır. Göstərilənlərə əsasən, LPO İddiaçı1 ASC-nin iddia tələbinin əsas borc 356 ABŞ dolları, faiz borcu 82 ABŞ dollarının təmin edilməsi, qalan tələbin əsassız olduğu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edib, etirazın məzmununa uyğun izahat verərək, iddianın əsas və faiz borcu hissəsində təmin, qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, pulu Cavabdeh2 götürdüyündən, özü də ödəyib borcu bağlamalıdır. Sadəcə zamin olduğunu qeyd edərək, iddianın ona münasibətdə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iddia ərizəsini, etirazı və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı1 ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən, müqaviləyə Əlavə № 1-dən və ödəniş cədvəlindən görünür ki, bu müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kredit və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Müqaviləyə əsasən İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə 12 (on iki) ay müddətinə aylıq 187.16 USD (sonuncu ay 187.12 USD), illik 32 (otuz iki) % ödəmək şərtilə 1900 (bir min doqquz yüz) USD məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 məxsus 2856 dəyərində olan daşınar əmlakın girovu göstərilmişdir. İddiaçı1 ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 430007024/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmetini ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Cavabdeh2 tərəfindən bank qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir. Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı1 ASC tərəfindən ayrıldığı vəsaitdir. Zaminliklə təmin edilmiş öhdəliklərin həcmi müqavilənin 2-ci bəndində göstərilmiş, müqavilənin 4-cü bəndində isə qeyd edilmişdir ki, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyırlar. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 ********* usD saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1900 ABŞ dollarını təhvil almışdır. “430007024 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə” xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə Sazişdən görünür ki, borcalan Cavabdeh2 kreditor "xxxx" ASC qarşısındakı kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 1543.42 (bir min beş yüz qırx üç dollar qırx iki sent) ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 873.2 (səkkiz yüz yetmiş üç dollar, iki sent) USD əsas borc, 390.8 (üç yüz doxsan dollar səkkiz sent) USD faiz borcu və 279.42 (iki yüz yetmiş doqquz dollar qırx iki sent) USD cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən 8 (səkkiz) % ödənilir. “430007024 saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə” xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə Sazişlərdən görünür ki, zamin(lər) bu Əlavə Sazişi imzalamaqla ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3194/17 saylı, xx.xx.2017 tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsinin təmin edilməsi, İddiaçı1 ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanılması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı1 ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, onlar kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişlər. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "xxxx" ASC-yə 356.78 (üç yüz əlli altı dollar, 78 sent) ABŞ dolları əsas, 82.70 (səksən iki dollar, 70 sent) ABŞ dolları faiz, 734.41 (yeddi yüz otuz dörd dollar, 41 sent) ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 52.60 (əlli iki dollar, 60 sent) ABŞ dolları faiz borcu, cəmi 1226.49 (bir min iki yüz iyirmi altı dollar, 49 sent) ABŞ dolları borcu vardır. Dövlət Vergi Xidmətinin “İnternet Vergi İdarəsi”ndən çıxarışdan görünür ki, Cavabdeh2 adına uyğun VÖEN müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 40.86 (qırx manat, səksən altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, VÖEN-i yoxdur, lakin krediti biznes məqsədi ilə götürmüşdür. Məsələnin məhkəmə aidiyyətini dəqiq müəyyən etmək məqsədilə aidiyyəti dövlət orqanına müvafiq sorğu verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində Cavabdeh2 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan isə görünür ki, uçot baza məlumatlarına əsasən Cavabdeh2 (FİN: xxxxxxx, AZE *******) hazırda və əvvəllər vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 krediti biznes məqsədilə götürdüyünü bildirməsinə baxmayaraq, əvvəllər və hazırda vergi ödəyicisi qismində qeydiyyata alınmadığından, məhkəmə hesab etmişdir ki, mübahisə mülki xarakterlidir və mübahisəyə mahiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı1 ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 12 ay müddətinə, illik 32 % ödəmək şərtilə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə bank arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Sonradan tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə Sazişə əsasən, Cavabdeh2 bank qarşısındakı kredit öhdəliyinin 1543.42 ABŞ dolları məbləğində qalıq borcu restrukturizasiya edilmiş və kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Lakin Cavabdeh2 kredit məbləğini və ona hesablanan faizləri ödəmək barədə öhdəliyini razılaşdırılmış müddətdə yerinə yetirməmişdir. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq edilmiş, lakin borc ödənilməmişdir. Buna görə də iddiaçı tərəf hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış cəmi 1226.49 ABŞ dolları məbləğində borcun cavabdehlərdən müştərək qaydada tutularaq banka verilməsini xahiş edir. Cavabdehlərdən Cavabdeh2 iddianı əsas və faiz borcu hissəsində qəbul edir, digər hissədə isə rədd edilməsini məhkəmədən xahiş edir. Digər Cavabdeh1 iddia tələbini qəbul etmir və bildirir ki, borcu Cavabdeh2 götürdüyündən onun özü də ödəməlidir. İşin faktiki hallarına və işdə olan sübutlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1 ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Bu hal işdə olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, onun əsas və faiz borcunu etiraf etməsi halı və hər iki tərəfin diqqətəlayiq mənafeləri nəzərə alınmaqla, bank tərəfindən tələb edilən 734.41 ABŞ dolları məbləğində cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilərək, Cavabdeh2 tutulmalı olan cərimə borcunun miqdarı azaldılmalıdır. Beləliklə, bankın ona qarşı irəli sürdüyü iddia tələbi qismən təmin edilməli, 356.78 ABŞ dolları əsas borc, 82,70 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə borcu, 52,60 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 512,08 ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) LPO "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə yuxarıda istinad edilən hüquq normalarının hazırki işə tətbiqi nəticəsində hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia tələbinə münasibətdə isə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə” xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə Saziş üzrə tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 36 ay müddətində, yəni xx.xx.2020-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı zaminlər Cavabdeh3 və Cavabdeh1 qarşı xx.xx.2021-ci il tarixinədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, yəni əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində onlara qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, bu müddətin tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 356.78 (üç yüz əlli altı dollar, yetmiş səkkiz sent) ABŞ dolları əsas borc, 82,70 (səksən iki dollar, yetmiş sent) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları cərimə borcu, 52,60 (əlli iki dollar, altmış sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 512,08 (beş yüz on iki dollar, səkkiz sent) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 40,86 (qırx manat, səksən altı qəpik) manat dövlət rüsumunun 17 (on yeddi) manat hissəsi Cavabdeh2 tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli, qalan 23,86 (iyirmi üç manat, səksən altı qəpik) manat hissəsi isə ləğv prosesində olan "xxxx" ASC-yə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 356.78 (üç yüz əlli altı dollar, yetmiş səkkiz sent) ABŞ dolları əsas borc, 82,70 (səksən iki dollar, yetmiş sent) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları cərimə borcu, 52,60 (əlli iki dollar, altmış sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 512,08 (beş yüz on iki dollar, səkkiz sent) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 40,86 (qırx manat, səksən altı qəpik) manat dövlət rüsumunun 17 (on yeddi) manat hissəsi Cavabdeh2 tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin, qalan 23,86 (iyirmi üç manat, səksən altı qəpik) manat hissəsi isə ləğv prosesində olan "xxxx" ASC-yə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar