Məhkəmə qərarları › İş №e-2(006)-2538/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2538/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2538/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı X1 qanuni nümayəndəsi İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı X1 qanuni nümayəndəsi İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «kompensasiyanın ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «kompensasiyanın ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, 16.000 (on altı min) ABŞ dolları Əmanət və həmin Əmanətə görə hesablanmış 3200 (üç min iki yüz) ABŞ dolları faizlər olmaqla, cəmi 19 200 (on doqquz min iki yüz) ABŞ dolları vəsaitin qorunan əmanət hesab edilməsi və həmin 19 200 (on doqquz min iki yüz) ABŞ dolları pulun, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 (iki yüz) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 187,92 (yüz səksən yeddi manat doxsan iki qəpik) manat pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, PTD.233773.001 nömrəli “Güvən” əmanət müqaviləsinə əsasən, X9 16.000 ABŞ dolları məbləğində pul vəsaitini əmisi qızı X1 xeyrinə AZ67AMRA******************** nömrəli depozit hesaba qoymuşdur. Müqavilənin 2.1 və 2.2-ci bəndlərindən göründüyü kimi, Əmanət 36 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixədək və illik 12% dərəcəsi ilə hesaba yerləşdirilmişdir. Müqavilənin 6.1-ci bəndinə müvafiq olaraq həmin tarixdə əmanət götürülmədiyindən, müqavilə daha 36 ay müddətə, yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Lakin xx.xx.2018-ci il tarixdə Əmanət Bank tərəfindən depozit hesabından qanunsuz olaraq silinmişdir. Bununla bağlı İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli 2(006)-1150/2019 nömrəli qətnaməsi ilə Bank tərəfindən 16.000 ABŞ dolları vəsaitin silinməsi qanunsuz hesab edilərək həmin vəsaitin Əmanətçinin hesabına qaytarılması qərara alınmışdır. Bank tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sözügedən qətnaməsi xx.xx.2020-ci il tarixdən etibarən qanuni qüvvəyə minmişdir. X14 Heyətinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bankın bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)- 130/2020 nömrəli qərarı ilə Bank müflis elan edilərək, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən Fonda depozitin qaytarılması üçün ərizə ilə müraciət edilmiş və Fond tərəfindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubunda vəsaitin xx.xx.2022-ci il tarixdə Əmanətçinin depozit hesabına qaytarıldığı bildirilmişdir. Lakin məktubda tələbin kreditor tələblərinin reyestrinə daxil edildiyi və “Banklar haqqında” Qanunun 82-ci maddəsində göstərilən növbəlilik qaydasında həyata keçiriləcəyi qeyd edilmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Fonda yenidən müraciət edərək, Əmanət qorunan əmanət olduğundan ona əmanətə görə kompensiyanın ödənilməsini xahiş etmişdir. Fond tərəfindən xx.xx.2023-cü il tarixdə yenidən oxşar məzmunlu cavab verilərək, kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Əmanət qorunan (sığortalanmış) əmanətə aiddir. Qeyd edilməlidir ki, sığorta hadisəsi baş verdiyi tarixdə, yəni xx.xx.2020-ci ildə Müqavilə qüvvədə olmuşdur. Müqavilənin 5.1-ci bəndinə əsasən, Fondun iştirakçısı kimi Bankın həmin Müqaviləyə əsasən cəlb etdiyi Əmanət “Əmanətlərin sığortalanması haqqında” Qanun ilə müəyyən edilmiş qaydada, həcmdə və şərtlərlə sığortalanır. Hazırkı iş üzrə Əmanət “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2-ci maddəsində təsbit edilmiş qorunan əmanətlərə aid edilməyən əmanətlərin heç birinə aid deyil. Müqavilənin 2.1-ci bəndindən göründüyü kimi, Əmanət cəlb edildiyi günə, yəni xx.xx.2015-ci il tarixə Əmanətin illik faiz dərəcəsi 12% təşkil etdiyi üçün həmin tarixdə X3 müəyyən etdiyi illik faiz dərəcəsi həddini aşmamışdır. Göründüyü kimi, Əmanətin qorunan əmanətə aid olmasını istisna edən hər hansı bir hal mövcud deyildir. Odur ki, sığorta hadisəsi baş verdiyi tarixdə Əmanət həm Müqavilənin bəndlərinə, həm də qanunvericiliyin tələblərinə əsasən qorunan (sığortalanmış) əmanət statusunda olmuşdur. Qorunan əmanətə görə Fond tərəfindən kompensasiya ödənilməlidir. Qorunan əmanətlə bağlı kompensasiya tələbləri “Banklar haqqında” Qanunun 82-ci maddəsində nəzərdə tutulan kreditor tələbləri kimi növbəlilik qaydasında deyil, əmanətçinin müraciəti əsasında ən geci 90 gün ərzində ona ödənilməlidir. Sığorta hadisəsi baş verdiyindən Əmanətçiyə Fond tərəfindən 19.200 ABŞ dolları məbləğində (16.000 ABŞ dolları məbləğində Əmanət və 3200 ABŞ dolları məbləğində faizlər) kompensasiya ödənilməlidir. İddiaçı bankdan əmanət üzrə illik faizlər üzrə hesablanan məbləği 3 il müddətində (xx.xx.2018-ci il tarixədək) əldə etmişdir. Müqavilədən görünür ki, əmanət 16.000 ABŞ dolları təşkil edir. Əmanət üzrə faizlər isə illik 12% və buna müvafiq olaraq aylıq 1% dərəcə ilə hesablanmaqla, 3200 ABŞ dolları təşkil edir. Belə olan halda xx.xx.2018-ci il tarixdən sığorta hadisəsinin baş verdiyi günədək, yəni xx.xx.2020-ci il tarixədək 1 il 8 ay (20 ay) ərzində aylıq 160 ABŞ dolları (16.000:100x1=160) olmaqla, cəmi 3200 (160x20=3200) ABŞ dolları faizlər hesablanmalıdır. Odur ki, Fond tərəfindən Əmanətçiyə 16.000 ABŞ dolları məbləğdə Əmanətə görə, 3.200 ABŞ dolları məbləğdə isə faizlərə görə olmaqla, cəmi 19.200 ABŞ dolları məbləğində kompensasiya ödənilməlidir. Kompensasiya Əmanətçinin valideyni olan İddiaçı ödənilməlidir. Əmanətçi olan X8 məhdud fəaliyyət qabiliyyətli olduğundan və İddiaçı onun valideyni (anası) kimi əmanət hesabı üzərində sərəncam vermək hüququna malik olduğundan kompensasiya İddiaçı ödənilməlidir. Hazırki işlə əlaqədar, İddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsinə görə vəkilə 200 manat ödəniş edilmişdir. Eyni zamanda, müvafiq iddia ərizəsi verilməsi üçün İddiaçı tərəfindən 187.92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, göstərilən hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat pulun, habelə dövlət rüsumu olaraq ödənilmiş 187.92 manat pulun cavabdehlərdən tutularaq İddiaçıya ödənilməsi barədə tələbin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsinə etiraz təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia tələbində birbaşa Fonddan pul vəsaitinin tutulması xahiş edilmişdir. Lakin sığorta hadisəsi baş verən anadək olan dövr ərzində əmanət qorunmayan hesab edildiyi üçün Əmanətlərin Sığortalanması Fonduna ödənilməli olan haqlar belə ödənilməmişdir. Qanuna əsasən ödənilə də bilməzdi. Bundan əlavə, əmanət 12 faizlə yerləşdirilmiş və əmanət üzrə müddət bitdikdən sonra əmanət eyni şərtlərlə uzadılmışdır. Bank, müqavilənin əsas şərtlərindən biri olan faiz dərəcəsində əmanət yerləşdirənin iradə ifadəsi olmadan birtərəfli qaydada dəyişiklik həyata keçirə bilməzdi. Həmçinin, hazırki iş üzrə iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, iş üzrə iddiaçı məhz X6r. Xüsusatlara və qanunvericiliyin müvafiq müddəalarına əsasən iş üzrə ümumiyyətlə aidiyyət düzgün müəyyənləşdirilməmişdir. Bakı Apellyasiya Məhkəməsində baxılmalı olan və tələb banka qarşı olmalıdır. Belə ki, hazırki iddia tələbi üzrə ləğv prosesində olan Bankla əmanətçi arasında olan münasibətlər tənzimlənir, çünki əmanət bankda sığorta hadisəsi baş verdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən qorunmayan statusda olmuşdur. Ləğv prosesində olan Banka qarşı kreditor tələbinə Apellyasiya Məhkəməsində baxıldığından aidiyyəti üzrə sözügedən məhkəməyə yönəldilməsi tərəfə tövsiyyə olunmalıdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «kompensasiyanın ödənilməsi və s.» tələbinə dair 2(006)-2538/2023 nömrəli iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil cavabdehin etirazına dair mülahizə təqdim edərək, etirazda qeyd edilən dəlillərin rədd edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, əmanət və onun faizləri qorunan əmanətdir. Belə ki, iddia olunan əmanət üzrə bank əmanəti müqaviləsi xx.xx.2015ci il tarixdə bağlanmış və müqavilənin obyekti olan əmanət məbləği bank tərəfindən cəlb edilmişdir. xx.xx.2018-ci il tarixdən isə həmin müqavilə 3 il müddətinə uzadılmışdır. Əmanət cəlb edildiyi günə, yəni xx.xx.2015-ci il tarixə əmanətin illik faiz dərəcəsi 12 % təşkil etmişdir və həmin tarixdə Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddi aşılmamışdır. Əmanətin cəlb edildiyi tarix bank hesabına vəsaitin mədaxil edildiyi xx.xx.2015-ci il tarixdir, müqavilənin uzadıldığı xx.xx.2018-ci il tarix isə əmanətin cəlb edilməsi tarixi hesab edilə bilməz. Çünki sonuncu tarixdə heç bir vəsait cəlb edilməmiş, cəlb edilmiş vəsaitə görə bank tərəfindən faiz ödənilməsi müddəti uzadılmışdır. Belə ki, mülki qanunvericiliyə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müqavilə şərtlərinə və xarakterinə əsasən əmanətin cəlb edilməsi (banka təqdim edilməsi) və geri qaytarılması prosesi bir dəfə baş verir. Faizlərin ödənilməsi isə müqavilənin qüvvədə olduğu müddətdə davam edir. Yəni, 2018-ci ildə müqavilənin müddətinin uzadılması bank tərəfindən faizlərin ödənilməsinin davam etdirilməsinə əsas olmuşdur. xx.xx.2018-ci tarixdə əmanət qoyan tərəfindən vəsaitin yenidən banka təqdim edilməsi (cəlb edilməsi) baş verməmiş, həmin tarixdə baş verən hadisə (müqavilənin uzadılması) əmanət üzrə faizlərin ödənilməyə davam edilməsi ilə nəticələnmişdir. Odur ki, sözügedən əmanət və faizlər qorunan əmanət hesab edilir. Əmanətə görə kompensasiya tələb etmək hüququ İddiaçı məxsusdur. İddiaçının qızı sözügedən bank əmanəti üzrə əmanətçidir və bank əmanəti üzrə sərəncam verməyə müstəsna hüququ vardır. Əmanətçi olaraq sözügedən əmanət üzərində sərəncam vermək hüququ X4 məxsus olsa da, sonuncu məhdud fəaliyyət qabiliyyətli olduğundan həmin hüququ realizə etmək qabiliyyəti yoxdur. Odur ki, iddiaçı valideyn (ana) kimi əmanət hesabı üzərində sərəncam vermək hüququna malikdir və bu səbəbdən kompensasiya ona ödənilməlidir. Təsvir edilənlərlə yanaşı, iddia üzrə məhkəmə aidiyyəti apelyasiya instansiya məhkəməsi deyil, məhz mülki işlər üzrə (ümumi məhkəmə üzrə) birinci instansiya məhkəməsidir. Belə ki, hazırkı iddia tələbi qorunan əmanətə görə kompensasiya ödənilməsi barədədir və bu səbəbdən cavabdehin işin apelyasiya instansiya məhkəməsində baxılması barədə dəlili tamamilə əsassızdır. İddiaçı vəkili-nümayəndəsi Vəkil vəsatət təqdim edərək, iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini, İddiaçı işə iddiaçı X1 qanuni nümayəndəsi qismində cəlb edilməsini, X1 əsl iddiaçı kimi tanınmasını və anası (qanuni nümayəndəsi) İddiaçı ilə əvəz edilməsi, əmanətçi kimi kompensasiya məbləğinin əsl iddiaçı X1 qanuni nümayəndəsi (anası) İddiaçı ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: AA41155546 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə doğulmuşdur. AZE seriyalı 10746481 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Şərifova Nuray xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında Şərifov Rizvan, anası qrafasında İddiaçı qeyd edilmişdir. "xxxx" ASC (bank) ilə X9 (əmanətçi) arasında bağlanmış 06 avqust 2015-ci il tarixli, PTD.233773.001 nömrəli “Güvən” əmanət müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “Bank” “Əmanətçi”dən 16000.00 (on altı min) USD məbləğində pul vəsaitini Azərbaycan Respublikasının vətəndaşı olan X8 xeyrinə AZ25AMRA******************** saylı hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini “Əmanətçi”yə qaytarmağı və onun üçün illik 12.00 (on iki) faiz dərəcəsi ilə faizlər ödəməyi öhdəsinə götürür. Bu müqavilə 36 (otuz altı) ay müddətinə, 07 avqust 2018-ci il tarixinədək bağlanır. Əgər müqavilənin müddətinin sonuncu günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır. Bu müqaviləyə əsasən xeyrinə əmanət qoyulmuş üçüncü şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan əmanət üzrə sərəncam vermək hüququ qazanır və bu müqavilə üzrə “Əmanətçi”yə aid bütün hüquq və vəzifələr ona aid edilir. Həmin vaxtdan bu müqaviləni bağlamış şəxs əmanət üzrə sərəncam vermək hüququndan məhrum olur və artıq müqavilə üzrə “Əmanətçi” hesab edilmir. Bu müqavilənin müddəti sona çatdıqdan sonra Əmanətçi əmanəti geri götürmürsə və bankla yeni əmanət müqaviləsi bağlamırsa, bu müqavilə 2.2-ci bənddə göstərilən müddətə, lakin bankda mövcud olan şərtlərlə uzadılmış hesab edilir. Bu zaman əmanət üzrə faizlər uzadılma tarixinə bankda qüvvədə olan faiz tariflərinə müvafiq olaraq hesablanır. Əvvəlki müddətdə hesablanmış faizlər əmanət məbləğinə əlavə olunmur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1150/2019 saylı 15 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, "xxxx" ASC ilə X9 və X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021015/138523/G nömrəli əmanət girovu müqaviləsi və "xxxx" ASC ilə X9 və X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 141015/138523/G nömrəli əmanət girovu müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2015-ci il tarixli “Güvən” əmanət müqaviləsi əsasında X1 xeyrinə açılmış əmanət hesabından "xxxx" ASC tərəfindən 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin silinməsinin qanunsuz hesab edilməsi və həmin məbləğin X1 əmanət hesabına qaytarılması, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13395/2019 nömrəli, 20 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2019-cu il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4311/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, övladının səhhətinə, həyat yoldaşı rəhmətə getdiyinə, tək ana olduğuna və özü şəhid bacısı olduğuna görə depozitin növbəsiz qaytarılmasını xahiş etmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli **********231 nömrəli cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-1150/2019 saylı qətnaməsinə, Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən xx.xx.2022-ci il tarixdə X1 depozit hesabına qaytarılmış və kreditor tələblərinin reyestrinə daxil edilmişdir. X1 tələbi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. İddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, övladı X4 məxsus "xxxx" ASC-də AZ67AMRA******************** nömrəli depozit hesabda olan 16000 ABŞ dolları məbləğində əmanətə görə kompensasiyanın (faizlər də daxil olmaqla) rekvizitləri ərizəyə əlavə olunan bank hesabına ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli **********941 nömrəli cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-1150/2019 saylı icra sənədinin icrası LPO "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tam olaraq icra edilmiş və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qəbul edilmiş tələblər siyahısına daxil edilmişdir. X1 tələbi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 200 manat məbləğində pul “Güvən” Vəkil Bürosunun hesabına mədaxil edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 187,92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Zərurət olduğundan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi barədə mövcud bütün qərarlarının təsdiq edilmiş surətinin, xx.xx.2018-ci il tarixində "xxxx" ASC-də mövcud olan əmanət müqavilələrinin faiz tarifləri barədə ətraflı məlumatın (müvafiq təsdiqedici sənədlər, o cümlədən idarə heyətinin qərarı və s. əlavə edilməklə), "xxxx" ASC ilə X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli PTD.233773.001 nömrəli “Güvən” əmanət müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən sonra həmin müqavilənin 6.1-ci bəndinə müvafiq olaraq müqavilənin hansı şərtlərlə (hansı faiz tarifləri ilə) uzadılması barədə ətraflı məlumatın (uzadılma və ya müqavilənin şərtlərinin dəyişdirilməsi barədə müraciətlərin olub-olmaması barədə məlumatın, olduğu təqdirdə həmin müraciətlərin təsdiq olunmuş surətlərinin), qeyd edilən əmanətin kompensasiya qismində ödənilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciətin olub-olmaması barədə, olduğu təqdirdə tarixi barədə məlumatların (ərizələrin təsdiq olunmuş surətləri təqdim edilməklə), Fondun "xxxx" ASC-yə münasibətdə sığorta hadisəsinin baş verməsi barədə mediada kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verməsi və bildiriş dərc etdirməsini təsdiq edən müvafiq sənədlərin (dərc edilmə tarixi qeyd edilməklə) təsdiq olunmuş surətinin təqdim edilməsi LPO "xxxx" ASC-dən və Əmanətlərin Sığortalanması Fondundan tələb edilmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu sorğuya cavab təqdim edərək, iddia tələbinə etirazı nəzərə alaraq icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli qərardadla əlaqədar olaraq bildirilmişdir ki, milli və xarici valyutada olan qorunan əmanətlərin yuxarı həddinin müəyyən edilməsinə dair bu əmanətin təsir dairəsinə düşən mart 2016 və iyul 2019-cu illərdəki dəyişiklik edilməsinə dair ƏSF Himayəçilik Şurasının qərarları təqdim edilir. xx.xx.2018-ci il tarixində hazırda LPO "xxxx" ASC-də olan əmanət müqavilələri üzrə faiz tarifləri barədə (idarə heyətinin, müşahidə şurasının) qərar aşkar edilməmişdir (aidiyyəti şəxs tərəfindən cavab maili təqdim edilir). xx.xx.2018-ci il tarixində mübahisəli əmanət müqaviləsinin hansı şərtlərlə uzadılmasına dair suala əsasən bildirilmişdir ki, əmanət yerləşdirənin hər hansı iradə ifadəsi olmadığından yerləşdirilmiş şərtlərlə əmanət müqaviləsi uzadılmışdır (əlavədə mail təqdim edilir). Kompensasiya ödənilməsinə dair ilk müraciət xx.xx.2022-ci il tarixində olmuşdur (müraciət əlavə edilir). X15 tərəfindən üçüncü şəxsin adına yerləşdirilmiş, yəni Nuray Şərifovanın adına idi. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-1150/2019 nömrəli qətnaməsinə, Nəsimi rayon İcra və Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən 16788 USD tələbi kreditorların reyestrinə daxil edilib (kredit borcu və əmanət bərpa edilib). xx.xx.2020-ci il tarixində əmanətçilər KİV-lər vasitəsilə məlumatlandırılmışlar (elan əlavə edilir). Sorğuya cavaba əlavə edilmiş: Qərardan çıxarışdan görünür ki, Himayəçilik Şurasının üzvləri tərəfindən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz saxlanılmaqla, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 % müəyyən edilmiş, qərarın Mərkəzi Bankla razılaşdırılması və xx.xx.2016-cı il tarixdən qüvvəyə minməsi, icrasının Fondun icraçı direktoru A.Cavadova tapşırılması qərara alınmışdır. Qərardan çıxarışdan görünür ki, X5 tövsiyəsinə uyğun olaraq, xx.xx.2019-cu il tarixindən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 10 %, xarici valyutada 2,5 % müəyyən edilmişdir (yekdilliklə). “Xəbərlər” bölməsində yerləşdirilmiş xx.xx.2020-ci il tarixli elandan görünür ki, Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC və "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. “Xəbərlər” bölməsində yerləşdirilmiş xx.xx.2020-ci il tarixli elandan görünür ki, lisenziyası ləğv edilən "xxxx" ASC və "xxxx" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi barədə məlumat dərc edilmişdir. Məlumatda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi X10 xx.xx.2020-ci il tarixli qərarı ilə "xxxx" ASC və "xxxx" ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq "xxxx" ASC və "xxxx" ASC-də sığorta hadisəsi günü xx.xx.2020-ci il müəyyən edilib. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, "xxxx" ASC və "xxxx" ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində "xxxx" ASC seçilmişdir. "xxxx" ASC və "xxxx" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada "xxxx" ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcəkdir. Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kompensasiya olunacaq. "xxxx" ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq: xx.xx.2020-ci il tarixindən başlayaraq "xxxx" ASC və "xxxx" ASC-də 30000 manat ekvivalentinədək (30000 manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi; xx.xx.2020-ci il tarixindən başlayaraq 30000 manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi. “Xəbərlər” bölməsində yerləşdirilmiş xx.xx.2020-ci il tarixli elandan görünür ki, ləğv prosesində olan “"xxxx" ASC-nin kreditorlarının nəzərinə” başlıqlı bildiriş dərc edilmişdir. Toğrul Surxaylıya ünvanlanmış “mail”dən görünür ki, xx.xx.2018-ci il tarixdə “"xxxx" ASCdə mövcud olan əmanət faiz tarifləri barədə İdarə Heyəti və Müşahidə Şurasının qərarları tapılmamışdır. X9 ilə xx.xx.2015-ci il tarixli PTD 233773.001 “Güvən” əmanət müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdə heç bir müraciət olmadan müqavilənin 6.1-ci bəndinə əsasən uzadılmışdır. 2(006)-7899/2017 nömrəli mülki işin materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı X1 xeyrinə bağlanmış “Güvən” əmanət müqaviləsi üzrə onun əmanətçi hüquqlarının tanınması, əmanət müqaviləsindən irəli gələn bütün hüquqların, o cümlədən əmanətçi hüquqlarının qeydə alınması və rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1161/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7899/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinin cavabdeh "xxxx" ASC-yə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X9 arasında bağlanmış 06 avqust 2015-ci il tarixli, PTD.233773.001 nömrəli “Güvən” əmanət müqaviləsinə əsasən, bank X2 16000 ABŞ dolları məbləğində pul vəsaitini X1 xeyrinə qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini X7 qaytarmağı və illik 12 % dərəcəsi ilə faizlər ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 36 (otuz altı) ay müddətinə, 07 avqust 2018-ci il tarixinədək bağlanmışdır. Müqavilə bağlanarkən əmanət qorunan əmanət olmuşdur. Müqavilə qüvvədə olduğu müddətdə xx.xx.2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 % müəyyən edilmişdir. Bu zaman iddiaçı tərəf (əmanətçi) müqavilənin şərtlərinin dəyişdirilərək əmanətin qorunan əmanət hesab edilməsi üçün banka müraciət etməmişdir. Müqavilənin müddəti 07 avqust 2018-ci il tarixdə bitmiş, əmanətçi tərəfindən əmanətin qaytarılması barədə müraciət olmadığından müqavilənin müddəti 36 ay müddətinə, xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xx.xx.2019-cu il tarixdən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyutada 2,5 % müəyyən edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)- 130/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilərək, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin müddətinin uzadıldığı 07 avqust 2018-ci il tarixdən bankın lisenziyası ləğv edilən tarixə qədər olan dövrdə də əmanətin qorunan əmanət olması əsası ilə ona kompensasiya verilməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə müqavilənin müddətinin uzadıldığı 07 avqust 2018-ci il tarixdə iddiaçının banka müvafiq müraciətinin olmaması səbəbindən müqavilənin bağlandığı şərtlərlə uzadıldığını, həmin şərtlər çərçivəsində isə əmanətin qorunan əmanət olmadığını bildirir. Məhkəmə iddia tələbini müvafiq qaydada araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, 06 avqust 2015-ci il tarixli müqavilə üzrə illik 12 % dərəcəsi ilə banka xarici valyutada qoyulan əmanətin qorunan əmanət olması, müqavilənin qüvvədə olduğu müddət ərzində, yəni xx.xx.2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3 % müəyyən edilməsi, lakin bu zaman iddiaçı tərəfin (əmanətçinin) müqaviləyə dəyişiklik edilməsi barədə banka müraciət etməməsi, 07 avqust 2018-ci il tarixdə müqavilənin müddətinin bitməsi və yenidən 36 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək uzadılması, müqavilə qüvvədə olduğu müddətdə isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-130/2020 nömrəli qərarı ilə "xxxx" ASCnin müflis elan edilməsi ilə sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halını təşkil edir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 2021-ci il 5 aprel tarixinədək tam sığortalanır. 4.1-ci maddəsinə əsasən, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. 5-ci maddəsinə görə, Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinin tələbinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə görə, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Hazırkı işdə işin mübahisəli halı sığorta hadisəsi baş verən anda iddiaçının əmanətinin qorunan (sığortalanmış) olub-olmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəf nə müqavilə müddəti ərzində, nə də müqavilə müddəti başa çatdıqdan sonra əmanətin qorunan əmanət hesab olunması üçün əmanət müqaviləsinə dəyişikliklər edilməsi barədə müraciət etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə bank müflis elan edilmiş, bununla da sığorta hadisəsi baş vermişdir. Sığorta hadisəsi baş verən anda əmanət müqaviləsi üzrə 12 faiz ödənilməsi barədə müqavilənin şərti qüvvədə olmuşdur. Belə ki, müqavilənin müddəti uzadılarkən qorunan əmanətlər üzrə illik faiz dərəcəsi tətbiq olunmamış və bank bunu birtərəfli qaydada etməyə səlahiyətli olmamışdır. Məhkəmə burada qeyd etməyi zəruri hesab edir ki, müqavilə müddəti ərzində və müddəti bitdikdən sonra müqavilə, tərəflərin qarşılıqlı razılaşması yolu ilə dəyişdirilə və sığortalı faiz dərəcəsi tətbiq oluna bilərdi. Lakin hazırki işdə əmanətçinin (qanuni nümayəndəsinin) həmin müddət ərzində müqavilə şərtlərinin dəyişdirilərək qorunan əmanətlərə uyğunlaşdırılmasına dair tələblə banka müraciət etməsi halı müəyyən edilməmişdir. Müqavilə eyni şərtlərlə, eyni müddətə uzadılmış hesab olunmuşdur. Müqavilənin müddəti uzadılarkən bankda mövcud şərtlər və qaydalara dair sənədlər məhkəmə tərəfindən tələb edilmiş, lakin bank tərəfindən həmin dövrdə İdarə Heyəti və Müşahidə Şurasının qərarlarının olmaması bildirilmişdir. Müqavilə eyni şərtlərlə uzadıldığı üçün əmanət artıq qorunan əmanət hesab olunmamışdır. Çünki müqavilə 2015-ci il tarixdə 12 % şərtilə bağlanmış, 2016-cı ildə yuxarı hədd 3 % müəyyən edilmişdir. Nə qədər ki, əmanət müqaviləsi eyni tarixə uzadılmış hesab olunur, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsində nəzərdə tutulan depozitin “cəlb edildiyi gün” müqavilənin eyni tarixə uzadıldığı gün hesab olunur. Əks təqdirdə həmin qanunun 8.1.20-ci maddəsi öz əhəmiyyətini itirmiş olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-390.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-421.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.2-ci maddəsinə görə, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. 2.1.2.6-cı maddəsinin tələbinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. 2.1.11-ci maddəsinə görə, kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. 8.1.20-ci maddəsində qeyd edilmişdir ki, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Məhkəmə qeyd edir ki, əmanət müqaviləsinin bağlanması üçün həmin müqaviləni fiziki şəxslə bankın səlahiyyətli şəxsi (əgər bankın filialıdırsa, o zaman bankın verdiyi etibarnamə əsasında filial müdiri) tərəfindən imzalanması tələb olunur. Bankın səlahiyyətli şəxsləri tərəfindən əmanətin fiziki şəxsdən qəbul edilməsi barədə mədaxil qəbzinin tərtib edilərək, bankın müvafiq möhürü ilə təsdiq edildiyi andan bankın Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən əmanəti qaytarmaq öhdəliyi yaranmış olur. Eyni zamanda, qeyd edilməlidir ki, müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlılığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə qeyd edir ki, qanunvericilik əmanətlərin tam sığortalanmış əmanətlər statusuna keçmə anını bu müqavilələrdəki illik faiz dərəcələrinin Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsinə uyğunlaşdırılmasına dair dəyişikliyin edildiyi tarixə bağlamışdır. Müqaviləyə dəyişikliklərin edilməsi isə Mülki Məcəllənin 423.1-ci maddəsində müəyyən edilmiş qaydada buna dair yazılı şəkildə qarşılıqlı razılığın imzalanması yolu ilə edilir. Nəhayət, qorunan əmanət kimi kompensasiya ödənilməsi barədə tələbin Fonda qarşı yönəlməsi üçün əmanət qorunan əmanət olmalı və müqavilə müddəti ərzində sığorta hadisəsi baş verməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb əsassızdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «kompensasiyanın ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş pul iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0, 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 qanuni nümayəndəsi İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «kompensasiyanın ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar